On üstəgəl bir...- Əbülfət Mədətoğlu yazır

Əbülfət MƏDƏTOĞLU
Bu dünyadı mənə dözən
Həyat qəribəliklərlə doludu. Hansı tərəfə baxırsansa orda mütləq bir rəngin, bir çaların, bir qeyri-adilyin və yaxud da insanın əsəbini oynadan, ürəyini sındıran, dünyasını qaraldan nəyəsə rast gəlmək mümkündü. Elə buna görə də dünya doyulmaz olub, adamlar bu qədər qəribəliyin içərisində hər şeyi öyrənməyə, hər şeyi əxz eləməyə, hər şeydən baş çıxarmağa macal tapmırlar. Və istəyirlər ki, bir az artıq öyənsinlər, bir az çox bilsinlər, bir az da artıq dərinliyə baş vursunlar. Bax, bu istəklər, bu "bir az”lar sonda dünyanın doyulmaz olduğunu, ömrün qısalığını gətirib qoyur göz önünə…
Doğrudu, bəzən adamlar, elə mənim özüm də içimdən keçirirəm, dilimə gətirirəm dünyadan doyduğumu, yaşamaqdan yorulduğumu. Amma tam səmimi deyirəm ki, həmin o dünyadan doymaq çox az insanın alın yazısıdı, istəyidi. Hətta bu az insanın içərisində dediyim həmin nəticəni, həmin qərarı dilinə gətirənlər bir anın, bir stressin yaşantısını ifadə edirlər. Bəlkə də üstündən saat ötəndən sonra o qərar, o nəticə öz əhəmiyyətini itirir…
Bütün bu dediklərim elə-belə pafoslu fikirlər, fəlsəfi yanaşmalar deyil - bugünümüzün, xüsusilə mənim yaşadığım günün gerçək bir tərəfidi. Mən o gerçəkliyin içində onu da anlayıram ki, sən demə, bu qəribə dünyada həm də çox qəribə bir hava da var. Elə bir hava ki, hamının sümüyünə düşmür. Və yaxud da elə bir hava ki, hamını oynamağa məcbur edir…
Hə, bu gün səhər açılandan qaç-qovdayam. Özü də hara qaçdığımı, niyə qaçdığımı lap unutmuşam da. Bu özümü, düşüncələrimi yaddan çıxardığım, unutduğum məqamda köməyimə çatan bir telefon zəngi oldu. O zənglə öyrəndim ki, sözlərimə yazılmış yeni bir mahnı artıq lentə köçürülüb. Studiyada artıq bu mahnının xeyir-duasını veriblər, özü də İlqar Muradovun ifasında!
Mən bu sevinci yaşamaq istədim. Amma yaşaya bilmədim. Ona görə ki, günün daşı ağırdı. O qədər ağırdı ki, çiyinlərim ona tab gətirmir. Lakin dözmək mütləq lazımdı. Axı, bu dözüm mənim ayaqda qalmağım deməkdi. Və mənim həyatımın önəmli məqamlarını, önəmli tarixlərini ziyarət etmək, o tarixlərin həyatımda, ürəyimdə vurduğu naxışları, xatirələri təzələmək deməkdi. Mən də elə bu niyyətlə, bu istəklə necə deyərlər, dişimi dişimə sıxıb həyatımın önəmli anlarımın pərvanəsi olmağa çalışıram. Çalışıram ki, pərvanəsi olduğum anların içərisində dünyanın həm də sevgi üzərində dayandığını, insanların həm də sevgi ilə, sevgi naminə yaşadıqlarını təkcə sübut etməyim. Bu sübutla yanaşı, özümün örnək olduğumu da ifadə edim. Axı, mən hələ onda yazmışdım ki:
Hər günümdə bir damla
Yaş kirpikdə üzərlik…
Gözlərimdə qorunur -
Yar, səndəki gözəllik!..
Qarşımda dayanmağın
Xoşbəxtliyi ölçüsüz…
Könlümdəki arzunu -
Qoy mən deyim elçisiz!..
Sarıl mənə, sən elə
Sarıl ki, biz tam olaq…
İkimiz bir doğulmuş -
Bütöv bir adam olaq!..
İndi bildinizmi ayaqda qalmağımın, israrla yaşamaq istəyimin şirəsi, canı, qanı, bütövlükdə mayası hardan gəlir, nədən qaynaqlanır?! Bax, bunu mən özüm üçün artıq kəşf etmişəm, dəqiqləşdirmişəm və hərdən də bu qərarıma dostları, doğmaları səcdə etməyə dəvət edirəm. Guya ki, mənim həyatımın önəmli anı, önəmli tarixi onlar üçün də əzizdi, önəmlidi. Bəlkə də bu heç belə deyil. O qohumlar, doğmalar sadəcə etika xatirinə, mənim qəlbimi ağrıtmamaq naminə sözlərimlə fikirlərimlə razılaşırlar. İç dünyalarında isə mənə gülürlər…Olsun! Mən onsuz da kimin içində günün hardan, necə doğduğunu az-çox bilirəm.
***
Hə, indi ilin-günün qorabişirən çağıdı. Və ilin-günün bu qorabişirən ayında hər kəs əli çatan, ünü yetən, cibi imkan verən bir istiqaməti seçib. Kimi ailəsi ilə, kimi dostu ilə, doğması ilə, kimi də təkbaşına çəkilib sakit, sərin bir guşəyə. Mən isə oturmuşam iş otağımda və yazmağa çalışıram. İstinin, qorabişirənin təsirinə əhəmiyyət vermədən. Düzdü, gördüyüm iş bəlkə də kimlərəsə lazım deyil, hətta gərəksizdi. Amma seçdiyim sənət və Allahın verdiyi, içimdə göyərən sözlər məni qələmdən, kağızdan uzağa çəkib apar bilmir. Mən də həmin o könül verdiyim sözün, yazının qəlbini şad etmək, yerini uca tutmaq üçün həmişə bacardığım kimi tərpənirəm, hərəkət edirəm, yəni sözü urvatlı tuturam. Və beləcə, həyatımın ən böyük, ən mənalı sözlərindən biri olan istək, sevgi, eşq, məhəbbət deyilən hər nədisə qoluma girir. Mənimlə yoldaşlıq, çiyindaşlıq edir. Yəqin sona qədər də belə olacaq. Çünki bu həyatın sevgi adlanan ən möhtəşəm duyğusu, hətta mən deyərdim varlığı, ürəyimə rahatlıq vermir, ürəyimi məndən alır. Və mən də elə ürəyimə sığınıb yazıram ki:
Bəxtim gətirmədi
bilirsən niyə?
Öncə
səsini eşitməyə,
sonra
üzünü görməyə,
gözünü öpməyə
gecikdim…
amma
bil ki,
səsini,
üzünü,
gözünü -
bütövlükdə özünü
öncə görə bilsəydim
nə vardı indi
sevə-sevə ölməyə?!
Bu şeir mənim üçün bir az önəmlidi. Çünki özümü ifadə edir, öz yaşantımı hopdurubdu misralarına. Və mən də yazımın öncəsində dediyim kimi dünyadan doymaq, dünyadan bezmək məqamının biri də bax elə hər şeyi bilib, hər şeydən doymaqdı.
***
Bəzən elə hallar olur ki, günü, saatı, hətta bəlli tarixi adam unudur, qarışıq salır. Və yaxud da həmin bəlli deyilənlərə əhəmiyyət vermir. Bu mənada mənim də yaddaşımda, xatirəmdə xüsusi işarə ilə qeydə alınmış tarixlər, məqamlar var. Onların arasında doğum günləri xüsusilə fərqli mənaları, mahiyyətləri ifadə edir. Çünki doğum əslində dünyaya gəliş olmaqla yanaşı, həm də dünyaya iz qoymaq mahiyyətini də özündə ifadə edir. Şəxsən mən dünyaya gələn hər insanın mütləq bir iz qoyub getdiyinə inanıram. Ən azından o insan öz ətrafının yaddaşında nə iləsə qalır. Bu da o ətrafın yaşadığı müddətdə xatirəsi qalanın izinin yaşaması deməkdi. O adamların ömür səhifələrini bir-birinə əlavə edəndə isə böyük bir zaman kəsiyi ortaya çıxır. Deməli, izsiz, naxışsız bu dünyadan köçüb getmək mümkün deyil.
Mən doğum gününü bir də ona görə xüsusi vurğulayıram ki, sevginin də, nifrətin də, xoşbəxtliyin də doğum tarixi var. Hansı gün onunla qarşılaşırsansa, onu öz iç dünyana qəbul edirsənsə, deməli, sevgi də doğulur və elə həmin andaca onun kağızı yazılır. Bax, bu mənada mən öz sevgimin doğum tarixini heç vaxt unutmuram. Hər il onun təzələnən yaşı ilə mənim də yaşım elə bil ki, təzələnir və artır. Tutaq ki, sevginin yaşı ondusa, onun üstünə bir də əlavə olunur. Və yaxıd əllidisə, onun da üstünə bir əlavə olunur. Elə bu yazının da bir mahiyyəti, bir nüansı məhz sevgi ilə bağlı olduğundan mən təxmini də olsa öz fəhmimlə sevginin yaşını xatırlayıram. Xatırladıqca da üzü geriyə çevrilən təqvim vərəqlərinin arasından bir şeir boylanır mənə. Qəribə, bir az da nostalji bir şeir. Onda mən yazmışam ki:
Pərvanə tək dolandım,
Görmədin amma məni…
Varlığımı qəbul et –
Sən Allah, danma məni!
Titrəyir ruhun simi
Üst-üstədi dərd çimi!
Axan bir ulduz kimi -
Heç zaman anma məni!..
Kərpic düşmüş sarayam
Səsəm, ünəm, harayam..
Yarımçığam, parayam -
İnsaf et, tamla məni!
***
Mən yazımın əvvəlində vurğuladım ki, bu dünya qəribəliklərlə, rəngarəngliklərlə zəngindi. Bax, elə həmin o qəribəliklərdən biri də mənim sizlərə yazdığım və sizlərin də bəzən məcbur qalıb oxuduğunuz yazılar, şeirlərdi. Ona görə bunu xüsusi vurğulayram ki, mənim yaşımı, başımı bilənlər, mənə irad tutanlar heç olmasa indi məni anlasınlar. Bilsinlər ki, bu qəribəliklərlə dolu dünyada mənim kimisinin də öz yeri, öz işi-gücü var. Və mən də özüm kimilərin nələr çəkdiyini, nələr yaşadığını bildiyimdən onlara müraciət formasında yazmışam. Əslində isə özüm barəsində demişəm:
Ürək dəlisiyəm, ağıl dəlisi
Dərdim dinlənilməz, dərdim çözülməz…
Mən özüm cəhənnəm -
Hətta sevgim də -
Dözülməz olubdu, Allah, dözülməz!
Bax, bu rəngarəng dünyanın qəribəliklərindən biri də elə dözülməz sevgilərdi. Mən də bu dözülməz sevginin bir daşıyıcısı. Deməli, hardasa mən də dözülməzəm. Bunu başa düşmək mümkün, amma etiraf etmək düzünü deyim ki, heç də asan deyil. Axı söhbət mənim dözülməzliyimdən gedir. Elə ona görə də bu dünya kimi qəribə yazını bir şərti adla – «On Üstəgəl Bir» adı ilə bitirib ona xeyir-dua da verirəm.
Səni düşünəcəm son ana qədər
Varlığım saralıb solana qədər…
Sən mənim əbədi olana qədər -
Səni düşünəcəm, bir də Allahı!