İbrahim İlyaslı: “Ömrümü bir qəlbə yol tapmağa həsr etmişəm” – Müsahibə | MANERA.AZ
![]()
manera.az
Manera.az-ın bu dəfəki müsahibi şair İbrahim İlyaslıdır.
Salam İbrahim müəllim, necə varsınız?
- Əleyküm-Salam! Yaxşı varam.
Sevmək gözəldir, bəs sevilmək çətin deyil ki?
- Heç sevildiyim olmadı ki... Hardan bilim çətin olub-olmadığını?
Allahın hisslərinizlə oynadığı olubmu?
- Hiss dediyiniz Allahın əmanətidi... Özü bilən məsləhətdir. Mən şükranlığımdan qalmadım heç zaman.
Şair olmaq üçün oxumaq lazımdır, ya oxumaq üçün şair olmaq lazımdır?
- Heç biri lazım deyil... Sadəcə şair doğulmaq lazımdır.
Yaxınlarda Çingiz Aytumatovun hekayələrini tərcümə etmisiniz.Gənc yazarlardan hansının yaradıcılığı, üslubu ilə Aytumatov arasında oxşarlıq tapmısınız?
- Mən Aytmatovun bənzərini heç zaman və heç yerdə görmədim.
Cümlə qurluşuna qarşı çox diqqətcilsiniz. Hətta qurulan cümlədə bircə sait belə düşsə onun fərqində olursunuz. Bəs insan xarakterinin qurluşuna necə? Belə diqqətcilsinizmi?
- Mən ana dilimizə bütün varlığıyla bağlı biriyəm. Həssaslığım da burdan qaynaqlanır. İnsanlarla mənim işim olmaz. Onların işinə qarışmağı da heç xoşlamıram. “Hərə bir kişidi özünə görə!”
Sevgi azaddır deyirlər. Bəs azadlıq nədir?
- Həyatda mütləq azadlıq yoxdur. Heç onun nə olduğunu bilən də yoxdur. Sevgi isə Allahın insan qəlbinə əmanətidi. Ora özündən bir zərrə ötürdüyünə görə müqəddəsdir.
Gözlə görünməyən, əllə tutulmayan şeylərin varlığına inanırsınızmı?
- Əlbəttə... İnsanın bilə biləcəyi çox az şeylər var.
Məsələn?
- Deyəmmərəm.
Mən Allah olmaq istəmirəm, amma Allahın olmaq istəyirəm. Siz?
- Küllü-kainat Allahındır. Allahlıq iddiasına düşənlərin aqibəti bəllidir. Yaradanın layiqli bəndəsi olmaq yetərlidi...
Çayı o taya adlaya bilmək üçün axına qarşı üzməyi örrənmisiniz ya elə siz də o sınıq körpüdən keçmisiniz?
- “Sınıq Körpü” bizim Qazaxda həm də “Qırmızı Körpü”nün bir adıdır. Mən isə “Hamı bir körpüdən keçir” adlandırmışam ilk kitabımı. Mənə elə gəlir bu sualın cavabı mənim o kitabımdadır.
Darıxmaq nədir?
- Darıxmaq elə darıxmaqdır. Bu sözü ehtiva eləyən mənanın fərqinə varmaq lazımdır sadəcə. Əlbəttə, bədii bir şeylər quraşdırıb cavablandıra da bilərdim bu sualı. Amma hesab edirəm ki, buna lüzum yoxdur.
O “zalım” vardı haa, indi necədi?
- O zalım həmişəki kimi zalım və gözəldir!
Bütün bədbəxtliklərimiz həyatımızın içindən keçən əsas anlayışlar haqda bilgimizin olmamasındanmı baş verir?
- Yox... Bu mənada bilgi boş şeydir. Hissiyatımızın zəifliyindən doğa bilir.
Akif Səmədi öldürən dostlar İbrahimlə necə dolanır?
- Mənim onlarla dolanacaq halım və həvəsim yoxdur.
Həyatda bacarmadığınız şey nədir?
- Səmimi olmamaq.
Yuxunuza söykənmiş adam özü oyaqmı barı?
- Quş yuxusu yatar, qazdan ayıq olar.
Könlünüzə çoxmu yalan danışıbsınız?
- Könlümə heç zaman yalan danışmadım... Ancaq adamlara danışdım.
Bu işlərin axırı necə olacaq?
- Əzəlində olduğu kimi gözəl olacaq...
Şəklinizi nöqtə boyda çəkən olubmu?
- Bu bir az ağır söhbətdir. Zamanı gələndə olacaq.
Hamı bir könüldən keçərkən siz min könüldən keçirsiniz. Çətin deyil ki?
- Mən bircə könüldən keçmək istəyirəm.Amma onun heç həndəvərinə belə yaxın düşə bilmirəm.
Siz bir söz bilirsiz. O hansı sözdür ki, onu bilməklə bu qədər xariqələr yaratmısınız?
- Mən heç bir xariqə yaratmamışam. Mən ömrümü bir qəlbə yol tapmağa həsr eləmişəm. Onu da hələ ki, bacarmamışam.
Dünyanın o halal adamı hardadı indi?
- Halallığın bərqərar olduğu yerdədir. Əl çatmazda, ün yetməzdədir.
Gənclərdən sizə gəncliyinizi xatrladan varmı? Varsa kimdir?
- Taleh adında bir gənc şair var. Qazağın Salahlı kəndində yaşayır. Hərdən sizin ortalıqda da görünür, hərdən də yoxa çıxır. Taleh Mansur. Bir dəfə bir məclisdə çıxış edirdi. Elə bildim özüməm, ilk gəncliyimi xatırlatdı mənə.
Getdiyiniz yol sizi hara aparır?
- Bilmirəm. Amma çox istərdim ki, mübarək könüllərin bir küncünə aparıb çıxartsın.
Bildiyimə görə, sizi kanalların biri verlişə dəvət etmək istəyib, sonra fikrini dəyişib. Səbəb isə bu olub ki, İbrahim İlyaslı ya Türkiyə türkcəsində danışır, ya da Qazax ləhcəsində. Yəni anladığım bu oldu ki, verliş xatirinə də olsa rola girməyi bacarmırsınız. Bəs belə yaşamaq çətin deyil ki?
- Qətiyyən... Mövlana həzrətləri söyləmiş: “Ya olduğun kimi görün, ya göründüyün kimi ol!” Mənim üçün könüllərin kanalı var, televiziyaların yox. Hərçənd ki, yazıda Azərbaycan türkcəsininin ədəbi dil normalarını birə-bir qoruyuram.
Türkiyə türkcəsiylə, Qazax ləhcəsiylə danışan İbrahim İlyaslı bəs hansı türkcəylə düşünüb, hansı ləhcəylə qərarlar verir?
- Orhon-Yeniseydəki, Gültəkin abidələrindəki türkcəylə düşünüb, Dədəm Qorqud ləhcəsiylə qərarlar verirəm. Bu günlərdə Kazaxstana mübarək bir səfərim oldu. Üfüqləriylə göy qübbəsini xatırladan kıpçak çöllərinin yovşan ətrinə bürünüb at çapdım. Bir daha əmin oldum ki, mən o böyük çölü görməyə-görməyə belə qan yaddaşımın gücünə düzgün qərarlar verirəmmiş.
Manera.az-a sözünüz?
- Toplumunuzda istedadlı türk gəncləri bir araya gəlib. Hərdən qanınızın ətrini duyun. Görün yovşan ətri gəlirmi ordan?! Dünyanın ən qüdrətli millətinin övladları olduğunuzun fərqinə varın. Dilinizdən, sözünüzdən və özünüzdən muğayat olun! Tanrı Türkü qorusun!
Söhbətləşdi: Çinarə Ömray
Manera.az