manera.az
manera.az

Əbülfət Mədətoğlu - Şeirlər

📅 19.01.2018 17:34

Əbülfət Mədətoğlu - Şeirlər

Bitdi, səni ağrıdan
O, acı sevgi bitdi!
Ürək saldı taxtından -
O tacı, sevgi bitdi!



Günü səpib hədərə
Boyun əydi qədərə...
Yeddi qardaş kədərə -
Bir bacı - sevgi bitdi...

Sənə oldu baş qatmaq
Onu başdan başlatmaq
Əbülfəti yaşatmaq -
Əlacı - sevgi bitdi!..

lll

Sən bütün ümidlərin
Qapısın kilidlədin.
Qopmuş vərəqlərini
Topladın, cilidlədin -
kədərin...

Sübhün kirpiyindəki
Şehi mənə qurutdun.
Nələr yaşatdığını
Bilə-bilə unutdun -
kədərin...

Baxdım, ölçdüm, düşündüm
Gözüm yolda bozardı.
Mən həsrətdən üşəndim
Yanaqları qızardı -
kədərin!

Bu sevginin hər anı
Məni aldı qoynuna.
Yerdə qoyma bu qanı
Sən onu yıx boynuna -
kədərin...

lll

Halım, günüm ortadadı,
Gün verəydin, gün görəydim.
Hallandıqca orda adım,
Könlü necə güldürəydim?!

Söylə görüm nə çin olub,
Olubsa, bəs neyçün olub?
Ürəyim ki, elçin olub,
Özgə kimi göndərəydim?!

Öz içində sıxılmayıb,
Künc-bucağa sığınmayıb.
Hələ dözür, yıxılmayıb -
Ürək, sənə bildirəydim!

lll

Allahım, yoruldum daha,
Dincəlmək keçir içimdən...
Yır-yığış eyləyən ruhum -
Sakitcə köçür içimdən!

Allahım, səsim də qırıq,
Dilim d işimə dolaşır.
Didilməkdən yaxam cırıq -
Dırnağıma qan bulaşır.

Allahım, üzümdəki qan,
Quruyur gözüm dibitək...
Sənindi bu sevdalı can -
Alıb götür, özünə çək!

lll

Gördüm ovcumun içitək
Gördüm bütünlüklə səni...
İçim qayğıyla doluydu -
Seçdim bu tünlükdə səni!

Bir-bir tanış cizgiləri,
Oxşadım, ovdum durmadan...
Mənə yad olan hisslərin -
Birin də üzə vurmadım!

Pərdəsin qaldırıb cismin
Ruhunun gözünə baxdım...
Kirpiyində damla idim -
Yanağın aşağı axdım...

lll

Uşaq kimi gülümsəyir -
Hamıdan öncə dan üzü!
Çiçəklərin ən gözəli -
Açılan qönçə, dan üzü!

Gecənin canın qoparır
Yuxusun alıb aparır.
Dünəndən sanki top alır -
Çəkilir küncə dan üzü!

İnsan gəlir görə-görə,
Min cürə dəyişir hərə...
Sevgisin anamız yerə -
Qoymur ki, dincə
Dan üzü!
lll

Bir umud ağacım var,
Yarpağı hələ yaşıl.
Sən də öz umuduna,
Gəl, dərib bələ yaşıl!

Uymadan fitnə-fəndə,
Öyünsün saçda dən də.
Bu dünyada heç bəndə
Görməyib belə yaşıl!

Bəxt öncədən yazılıb,
Sinəmizdən asılıb.
Üzümüzə açılıb -
Hər səhər gələ yaşıl!

lll

Məni “ah”ına tapşır,
Son günahına tapşır,
Uzaq uzaq tutacaq
Sən lap yaxına tapşır -
Üzünü görə bilim...

Məni qəzəbində boğ,
Sevgi əzabında boğ...
Küsmərəm, incimərəm,
Təki mən hamıdan çox -
Gözünü görə bilim...

Sən ağrıt, mən də dözüm,
Közün yandırsın közüm
İmkan ver axşam, səhər -
Gözünə baxsın gözüm
Özümü görə bilim...

lll

Kədərinə şükür et
Hamıdan boldu səndə.
Damarına su qaçdı -
O xoşbəxt oldu səndə!

Yazı, qışı bilmədi
Gözdən yaşı silmədi.
Demə yanlış ilmədi -
Yox, yaşıl yoldu səndə!

Özünə bax , ona bax
Səsindəki tona bax...
Ay Əbülfət, sona bax -
Gör nələr soldu səndə...

Əbülfət Mədətoğlu
Manera.az


Baxış sayı - 2 656 | Yüklənmə tarixi: 19.01.2018 17:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031