manera.az
manera.az

Adımı qulağına pıçıldamaz küləklər - Şeirlər

Adımı qulağına pıçıldamaz küləklər - Şeirlər
Manera.az tanınmış şair Ayaz Arabaçının şeirlərini təqdim edir:

HARDASAN

Könlümü göynədən xatirələrdən,
Gözümü kiminlə açım, hardasan?
Nə qədər hönkürüm şeir diliylə,
Nə qədər səninçün acım, hardasan?

Dilim heca-heca adında çaşır,
Məni sinəmdəki bu dağdan aşır,
Göz yaşım gözümdə Kür kimi daşır,
Baş alıb hayana qaçım, hardasan?..

Bu sevda tək əlnən çağlaya bilməz,
Qələm bu məktubu bağlaya bilməz,
Məni sənin kimi ağlaya bilməz,
Bəlkə də heç anam,bacım, hardasan?.

Günşəli-buludlu bir xəyal qurum,
Canımda nəfəsim, gözümdə nurum,
Gəlim, hansı söznən səcdənə durum,
Sultanım, kralım, racım, hardasan?.

Könül dəftərində bir əyri xəttəm,
Bir yığın sümüyəm, bir ovuc ətəm,
Dağılıb – talanmış bir məmləkətəm,
Taxtım hayandasan,tacım, hardasan?.

Özüm, öz oduma bürünüm mənim,
Yetərmi can versəm, bir ünüm mənim,
Hardasan şirindən-şirinim mənim,
Hardasan, acımdan-acım, hardasan?

VARIYDI

Bir zamanlar ürəyimin içində,
İsitdiyim bir gözəl ad varıydı.
İkimiz də bir yuvanın quşuyduq,
Onda hikkə,məndə inad varıydı.

Dağ desəydi külüng alıb çapardım,
Ondan ötrü mərc gəlmişdim,apardım,
Gözlərində nə istəsəm tapardım,
Balığa su,quşa qanad varıydı.

Ara-sıra səndən yoxdu deyirdim,
Saçlarını şərf əvəzi geyirdim,
Acı-şirin hər sözünü yeyirdim,
Dilində tam,sözündə dad varıydı.

Hər görəndə söz salırdı bibim də,
Arzularım lillənirdi dibimdə,
Bircə dəfə gül istədi cibimdə,
Cəmi-cümü iki manat varıydı.

Barışmışdı əvvəliynən-sonuynan,
Uçub getdi kəpənəkli donuynan,
İndi tapıb deyəmmirəm onuynan,
Ayrı ömür,ayrı həyat varıydı.

Onnan getdi damağım da,dadım da,
Kəbini yox,uşağı yox adımda,
O sevgidən nə qalıb ki, yadımda,
Qabaq yenə yadımda yad varıydı.

GƏTİRDİ

Uçub bir gün yolum üstə saldığın,
Lələk məni ayağına gətirdi.
Mən gəlmirdim eşq adında bir şirin,
Kələk məni ayağına gətirdi.

Demirəm ki,könlüm yetim deyildi,
Yaşayırdım,ölüm-itim deyildi,
Bu tək mənim cəsarətim deyildi,
Fələk məni ayağına gətirdi.

Can vermirdim,qol qoymurdum hər sözə,
Dayanmışdım min-min dərdnən göz-gözə,
Başım göynən gedən vaxtı bir gözəl,
Mələk məni ayağına gətirdi.

Lələ döndü barmağımı basdığım,
Pərqulandı daş yuxulu yastığım,
Buludların sinəsinə yazdığım,
Dilək məni ayağına gətirdi.

İllər məni sazaq kimi kəsirdi,,
Mən bilmərəm sən bilərsən nə sirdi,
Bütün günü sizə tərəf əsirdi,
Külək məni ayağına gətirdi.

Səndən cavab gəlməyincə ta ki mən,
Elə bilmə ürəyimə hakiməm,
Nə sözün var ürəyə de mən kiməm,
Ürək məni ayağına gətirdi.



***
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb,qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram..

Sağ deyil könlümün bir qarışı da..
Almıram vecimə qarı-qışı da,
Xətrimi istəyən dost-tanışı da,
Özümnən bərabər oda salıram.

Ötüb ayrılığın ilinnən,ötüb,
Bəminnən uzaşıb,zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb,
Dağlara-daşlara səda salıram.

Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri,Aralı keçib,
İçində adına ada salıram.

Axşamda-səhərdə tək deyiləm ki,
Ağuda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram..

YADA SAL

Qırov tutub saqqalımı-saçımı,
Üşüyürəm apar məni oda sal.
Bilirsən ki,iyrənirəm çiy ətdən,
Ürəyimi kabab elə,dada sal.

Məndən küsən gözün qaşın sağ olsun,
Bağın-bağçan,dağın-daşın sağ olsun,
Gələmmirsən canın-başın sağ olsun,
Bir məktub yaz,unutduğun ada, sal.

Qəfil dönüb göydə uçan quşa,gəl,
Payız könlüm iştah açıb turşa,gəl,
Eybi yoxdu qılınc-qalxan qurşa gəl,
Mənə bir də bəla gətir, qada sal.

Papirosum saçın kimi qoxuyur,
Dərd içimi ilmə-ilmə toxuyur,
Kimə necə sərf eləyir oxuyur,
Bu nəğməni bəyəndiyin “lad”a sal..

Vardan yoxa,yoxdan vara getmişəm,
Sınıq-sınıq,para-para getmişəm,
Bir də gördün “oppa”lara getmişəm,
Heç olmasa bircə dəfə yada sal..



* * *
Saxlar ürəyinin qızıl yerində,
Doyanda “mis”ləməz adam adamı.
Aparıb azdırmaz dumanda-çəndə,
Aldadıb sisləməz adam adamı.

Bu sevda ayrılıq donuna çıxar,
Bəxtdi də minindən onuna çıxar,
Sevəndə biryolluq sonuna çıxar,
Yandırıb hisləməz adam adamı.

Görüşə dağları yanıynan çəkər,
Hər yükü ruhuynan,canıynan çəkər,
Şəklini qəlbinin qanıynan çəkər,
Yalandan süsləməz adam adamı.

Barmaqlar bir həzin ney üstə küsər,
Dodaqlar küsəndə mey üstə küsər,
Bir dəfə bir ciddi şey üstə küsər,
Boş yerə “küs”ləməz adam adamı.

Sən mənə hər zaman gərəksən deyər,
Sevdiyim bu səssən, bu rəngsən deyər,
Öpüb aradabir ürəksən deyər,
Həmişə pisləməz adam adamı.

Biz ən “qıl körpü”nün üstəyik,lap ən,
Bir ucunda mənəm,bir ucunda sən,
Mən ölə bilərəm sevindiyimdən,
Belə çox istəməz adam adamı.



* * *
Çöldə min il yağsa nədi,kəssə nə,
Öz dolusu,öz yağışı könlümün…
Ən günəşli bahar gələ çəkilməz,
Bundan belə qarı-qışı könlümün.

Göz yaşımdan torpaq dəmdi,səma dəm,
Mən bir eşqin şərabından dəm,Adəm..
Həsrətindən nalə çəkib dəmadəm,
Gecə-gündüz yanar başı könlümün.

Ha işlənib təzə qalıb ümidi,
İki kəlmə sözə qalıb ümidi,
Bir bükümlük bezə qalıb ümidi,
Nə zəri var,nə qumaşı könlümün.

Mənim bəxtim başı üstə durubdu,
Haçan baxdım,hardan baxdım qürubdu.
Bir dilbilməz həsrət üstə qırıbdı,
Simlərini neçə naşı könlümün.

Köksüm altda alovlanar,qor-ahlar,
Biçər məni göyərdikcə oraqlar,
Uçub getmiş kəkliyini soraqlar,
Yetim qalmış dağı-daşı könlümün…



***
Qalıb arzu kimi gül olmaq arzun,
Könül qanatmaqda xara çəkmisən.
Dağımın üstündən dağ dikəltmisən,
Yaramın üstündən yara çəkmisən.

İçinə gizlənib, bu nə şəhərdi,
Havası qüssədi, suyu qəhərdi,
Özün çox gözəlsən dilin zəhərdi,
Qaçıb tez-tələsik mara çəkmisən.

Çoxları aparmır həsəd yaxşı ki,
Şikayət eləmir cəsəd yaxşı ki,
Düzəlib bu sərhəd,bu sədd yaxşı ki,
Yaxşı ki,ortadan ara çəkmisən.

Dayazdı,dərindi özün qazıbsan…
Məndən ayrılanda gedib azıbsan,
Dedilər adımı quma yazıbsan,
Dedilər şəklimi qara çəkmisən.

Qaldı o istəklər arxa planda,
İtdin and içilib, əl basılanda,
Sən də ordaymışsan bəxt yazılanda,
Götürüb üstümdən qara çəkmisən.

Boş ver əhdə dedin-ilqara dedin,
Get qurşan şəraba,siqara dedin,
Mən elə ağ dedim,sən qara dedin,
Tərslikdə bilmədim hara çəkmisən.



***
Mən gecəm deyəndə səni deyirdim –
Gündüzüm deyəndə səni deyirdim.
Göz nədi, lüğətdə adicə sözdü,
Mən gözüm deyəndə səni deyirdim.

Hökmüm də, əmrim də əlində idi,
Fərmanım deyəndə səni deyirdim.
Ürək dərmanımın vaxtı keçəndə,
Dərmanım deyəndə səni deyirdim.

Ləl kimi yanırdı gözümdə dünya –
Mərcanım deyəndə səni deyirdim.
Canıma gül olub qalmamışdım ha,
Mən canım deyəndə səni deyirdim.



***
Arada zəng elə gəlirəm denən,
Elə ömür boyu “sən gəl” olamaz.
Bizim kəbinimiz göydə kəsilib,
Anan bu sevgiyə əngəl olamaz.

Eşqimiz nə deyil, daha nə deyil?
Bəlkə xatirələr şəhanə deyil.
Uzaqlıq uğurlu bəhanə deyil,
Uzaqdı, uçağa min gəl,
olamaz!

Cücərib həsrətin şitili gəldi,
Qayıdıb yenidən it ili gəldi,
Budey, fevralın da tətili gəldi,
Verdiyin o sözə tən gəl, olamaz.

YAZ YAĞIŞI

Heç nəyi dəyişməz bu yaz yağışı,
Nə o Ay işıqlı xatirələri,
Nə də gözlərinə çökən kədəri.
Heç nəyi dəyişməz, amma ürəyi,
Aldada-aldada zorlamaq olar,
Həsrət şeirləri yazıb gecələr,
Beş-on ağ varağı korlamaq olar.

Heç nəyi dəyişməz bu yaz yağışı,
Alma çiçəyini töküb aparar,
Köhnə çəpərləri söküb aparar.
Heç nəyi dəyişməz bu yaz yağışı;
Nə acı həsrəti, nə də o ilki
İslaq tellərinin nərgiz ətrini,
Altında durduğun yarpaq çətrini,
Elə xatirimdə qalar, necə var,
Ovcumda titrəyən yanaqların da,
Moruq tamı verən dodaqların da.

Heç nəyi dəyişməz bu yaz yağışı,
Çıxıb, islanaram, iliyimədək,
sərxoş addımlarla dönərəm evə.
Kədərlə gizlənqaç oynayan ürək,
Təzədən, çətin ki, vurula, sevə.

Heç nəyi dəyişməz bu yaz yağışı,
Yadımda, necə var, qalar o axşam;
Sükutun, nəfəsin, göy gurultusu,
Yarpaqdan-yarpağa damcılayan su…
Aç, bu yaz gecəsi pəncərələri,
Səslə o illəri, geriyə çağır,
Heç nəyi dəyişməz bu yaz yağışı,..



***
Ürəyim qırılmış qanadlarından,
Durna lələyitək min-min ah salıb.
Daha bundan artıq tale neyləsin,
Bəxtimə dərd adlı kef-damaq salıb.

Nə mən şum yeriyəm,nə sən təzə dən.
Bizi xatırlamaz ömür bəzədən..
Neynirsən qayıdıb bir də təzədən,
Qara günlərimə ağ yamaq salıb?..

Çox keçib bu qəlbi dağlamağından,
Tel-tel açmağından-bağlamağından,
Gördüm hönkür-hönkür ağlamağından,
Sənin də gözünə yollar ağ salıb..

Köhnə bir şəkildə təzə baharsan!..
Bir də fürsət düşsə bir də yaxarsan,
Könlün istəyəndə gəlib baxarsan,
Həsrətin sinəmdə yaxşı bağ salıb.

Bu elmi ikimiz heçə bilmərik,
Doğru cavabları seçə bilmərik,
Neynəsək qayıdıb keçə bilmərik,
İllər aramıza neçə dağ salıb.

O gecə çıxmadın qəmər yerinə,
İlantək dolanım kəmər yerinə,
Bir oğlan toyunda nəmər yerinə,
İyirmi ildi ki,qaş-qabaq salıb.



***
Demişdin ki, saat 10-dan ordayam,
saat 10-dan 3-ə kimi gözlədim.
Day, gözləmək başqa nə cür olur ki,
bir adamsız küçə kimi gözlədim.

Fikirləşdim işi çıxıb, gecikir,
xəyalları xalı kimi toxudum.
O üzünə-bu üzünə çevirib,
bir qəzeti 50 dəfə oxudum.

Qovrulurdum, götürmüşdü şəhəri,
bu istidə qovurduğun ət iyi.
Siqar-siqar güllələdi ömrümü,
əlimdəki alışqanın tətiyi…

Yanğın üçün çağırışdı, haraydı,
bilirsən ki, mənim zəngim zəng deyil.
Zəng elədim götürmədin beş dəfə,
dedim, yəqin adamdı də, tək deyil…

Çox pis oldum,
sənə olan hisslərin,
gördüm daha kamançası çalınmır.
Heç olmasa iki kəlmə yazardın,
heç olmasa bilərdim ki, alınmır…

Gəlib-gedən, gedib-gələn baxırdı,
piltə-piltə sönüb gedən bu şama…
Ayrı vaxtı heç bu qədər dost-tanış,
qohum-qardaş rast gəlmirlər adama…

Çətin olur güc toplamaq sonralar,
adam gərək ilk görüşdən solmasın.
3-dən sonra səbrim tamam daraldı,
dedim gəlmir, gələn günü olmasın…
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031