Bir də gördün fotodu - Ələkbər Salahzadənin şeirləri
Manera.az bənzərsiz şair Ələkbər Salahzadənin şeirlərini təqdim edir:
AXŞAM
Qanadlara qondu axşam–
yordu, yordu quşları.
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!
Küləklər axşam daşıdı,
küləklər yavaşıdı.
Axşam, axşam...
Qüdrətinə mat qalıb
öz yerində dondu axşam.
Gülüşlərin, sədaların
üzərində dondu axşam.
Adamlar, adamlar...
Çıraqları gur yandırıb
işığını itilədi, –
Kölgələri qapılardan itələdi.
Axşamüstü
axşam üstə
atam çəkic vurdu,
anam paltar ütülədi.
Biz əl verib görüşəndə
axşam sanki sıxılırdı,
çırpınırdı əlimizdə!..
Yarpaqlara qondu axşam –
silkələyin ağacları!
BEŞ YARPAQ
Kürəmiz
bir vaxt çoxyarpaqmış,
dünən altı yarpaqdı
kürəmiz.
Bu gün beşcə yarpaq qurumuz var.
Beş yarpaq körpəmiz var,
Beş yarpaq cavanımız.
Beş yarpaq həzin qocamız,
Beş yarpaq qarımız var...
Bir yarpaq qitəmiz –
buz yorğanda sətəlcəm;
ölü yatır kürəmizin dibində.
Diri yatır alimlərin fikrində.
Beş yarpaq qitəmiz yaşayır
Dünyanın budağında, –
Beş qitə sabahımız,
beş qitə ümidimiz,
beş qitə torpağımız,
beş qitə yarpağımız;
yaşılına
daraşır raketlər...
Dünən altı yarpaq vardı ağacımızda,
bu gün – beş.
QAR
Elə bil gün o gün, qar o qar,
haradasan?
O günə qar yağar,
o qara qar yağar –
şığıyar qara qar.
Qar o qar,
Yağar ha, ha yağar,
o saça, kirpiyə qar yağar,
ağarar, ağarar,
haradasan?
Söyüdlər qarıdı,
haradasan?
Saçları ağara-ağara
yayda da düşərəm o qara.
Qurudu, yerində qurudu,
dayanıb qapıda
o qara qarğıyar
bir qarı –
haradasan?
Qar o qar,
baxaram, gözlərim ağrıyar,
izlərim qar altdan çığırar, çığırar.
Çığırar – çığırmaz
üstünə qar yağar,
qar yağar o qara,
o günə qar yağar –
haradasan?!
MƏNSİZ GECƏ
Ulduzları mürgü döyən
sakit, heysiz bir gecədi.
Ay hardasa itib-batib,
yoxsa göysüz bir gecədi.
Öz-özünə axır keçir,
qədim, nəfis bir gecədi.
Bir az xəfə, bir az qəfəs
təngnəfəs bir gecədi.
Nə yaxşı ki, sonsuz deyil,
uzun, ensiz bir gecədi.
Bir az həzin, bir az qərib,
sanki mənsiz bir gecədi…
2000
BİR DƏ GÖRDÜN
Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.
Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.
Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu
GƏLƏCƏK
Nə bilirsən, dar günündə
o gələcək, bu gələcək?
Ağladıqca gözlərindən
göz yaşı yox, su gələcək.
Yalayacaq su üzünü.
o üzünü, bu üzünü.
Ağla, ağla yu üzünü,
ömrün boyu yu, gələcək
Bircə-bircə sal yadına
bir günahın düş oduna
Alışdıqca fəryadına
“qa” deməmiş qu gələcək.
Dolan çölü-biyabanı
axtar onu, ara bunu.
Gözlə, sınıq arabanı
aparmağa “TU” gələcək
AĞLAYIR
Yenə də mi bu dünyaya
uşaq gələndə ağlayır?
Hardan hara gəldiyini
bir gün biləndə ağlayır.
Tanıdıqca sol-sağını
qaralır da tez-tez qanı
Görür – bir dostu soğanı
yarı böləndə ağlayır.
Güləyən hər yandan gülür,
ağlayan var sonda gülür.
Kimi ağlayanda gülür,
kimi güləndə ağlayır…
2005
TƏMAS
Ona ağrıyırsan,
buna yanırsan,
yanıb yanaşırsan, yaralanırsan.
Nəyi dindirirsən,
simə toxunursan yaralanırsan;
niyə dindirirsən,
kimə toxunursan – yaralanırsan?
Bir kəlmə kəsməmiş peşman olursan,
pisə pis deməmiş düşmən olursan,
bomboz qəzəbindən qaralanırsan,
ən azı yüz ağac aralanırsan.
Toxa toxunmamış acı anırsan,
aca acıyarkən yaralanırsan.
Amandı, dəymə “tok”a
qorxusu yox – toxun yoxa!
2005
DÜZƏLMƏDİ
Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..
BİZİM KİMİMİZ VAR VƏTƏNDƏN AYRI
Yaxını sınadıq, dostu tanıdıq,
sözüm, kimimiz var Vətəndən ayrı?
Yenə öz odumuz, öz ocağımız,
közüm, kimimiz var Vətəndən ayrı?
İtməz vaxt içində yaxın uzağım,
Midiya sorağım, Qəbələ çağım...
O taylı- bu taylı təkmisən, dağım,
düzüm, kimimiz var Vətəndən ayrı?
Çayım, dənizin var, qayan var, daşım,
qüllə zirvələrdə çatılan qaşım.
Şahdağda taxtamı çıxmısan, qışım,
yazım, kimimiz var Vətəndən ayrı?
Naxçıvan nağıldan çıxa qarşına!
Tikil Qarabağın hər qarışına!
Yumulma bu yurdun bir qırışına,
Gözüm, kimimiz var Vətəndən ayrı?
Yaxınım, uzağa niyə yollanım,
yapma saqqalımı özüm yolanım...
Dünyanın yiyəsi çıxar yalanım,
düzüm, kimimiz var Vətəndən ayrı?
Zərdüşt məşəlimiz, Babək odumuz,
Nizami, Füzuli ulu adımız!
Cavanşir, Xətai qol-qanadımız,
Nəsimi zirvəmiz, Sabir qatımız...
bizim kimimiz var Vətəndən ayrı?
QAN
O güllə yağmurunda
onlar düşdülər oda.
Mən də ölə bilərdim o gecə,
sən də,
o da.
Mən qala-qala,
sən dura-dura
onlar şəhid oldular,
onlar gəldilər bura!
Bu yurdun bir çağında
hamıdan çox yandılar.
Olsa-olsa sağ qaldıq biz,
ömrü onlar qazandılar.
Onlar öldülər,
ölməz oldular, bildik.
Onlar öldülər, onlar,
bizsə öldük-dirildik...
Sən də ölə bilərdin o gecə,
Mən də,
o da.
Vətən oğul deyəndə
onlar düşəcək yada.
Mən ölmədim,
sən ölmədin,
onlar öldü.
Bəlkə bəxt
onların üzünə güldü?
Necə gəldi o gecə!
O gecə o gün gəldi.
Vətənin damarına
onların qanı uyğun gəldi!...
yanvar, 1990
MƏN BÖLDÜM BU DÜNYANI
Mən böldüm bu dünyanı;
yaxşısını seçdim,
ayırdım yamanından.
Qoymadım
əyrisini
düz bir ayrısının keçə yanından.
Mən böldüm bu dünyanı;
haram kefləri vardı,
halalca ağrısı xoş gəldi mənə.
Yalanından-palanından
doğrusu xoş gəldi mənə.
Mən böldüm bu dünyanı;
ağına ağ dedim,
qarasına qara.
Bütövünü bütöv gördüm,
parasını para.
Mən böldüm bu dünyanı;
ölkəsini bölmədim,
dərdini böldüm,
sevincini böldüm.
Düşmənini düşmən,
dostunu dost bildim—
mən böldüm bu dünyanı!
***
Sən mənə bir dəniz nəğməsi oxu,
ləpə-ləpə pıçılda,
dalğalar kimi oxu.
Nəfəsindən əyir, səsindən toxu.
en,
dön dənizə oxu,
sahilində məntək sənsizə oxu.
Uzaqdan-uzağa
ləpələn, oxu,
səsinlə yanğıma səpələn oxu,
məlhəmi ağrıya, mən bilən, oxu.
Sən mənə bir dəniz nəğməsi oxu,
en,
dön dənizə oxu,
sahilində məntək sənsizə oxu...
***
Yanımdan keçirlər,
Piyadalar, maşınlılar,
Dərdlilər keçir önümdən
Pərişanlar keçir
Taleyilə, qismətilə barışanlar keçir.
Vaxt axıb gedir altdan-altdan,
Gün keçib gedir,
Bir yerimə toxunmadan,
Gözümə də dəymədən.
Mən də keçib gedirəm,
Yanımdan ötüb keçənlərin önündən,
Hardasa yeyib-içən gedənlərin önündən.
Bəlkə də ölümün yanından ötür,
Üstündən adlayıb keçirəm.
***
Bu axşam mən qəribəm;
qəribədən qəribə.
Səhər sanki Şərqdə idim,
indi də üzü Qərbə.
Sozalmışam, saralmışam,
bənzəyirəm qüruba.
Bir obayam - yazı solmuş,
payıza qərq bir oba.
Xəyalları sınıq, qırıq,
İçimdə bir xaraba.
Atları atıb getmiş
arabayam, araba.
Bu axşam - həm qəribəm,
həm də bir az qəribə;
Səhər üzü gündoğana,
axşam isə qüruba...
2000-ci il
Tural Adışirinin təqdimatında