Mənim şeirlərim qarabağlıdır - Şeirlər

Ruslan Dostəli
Hava qaralmamış qaralan bulud,
yaxşı hiss eləyir su yoxluğunu;
Görür ki, dünyanın ürəyi yanır,
istəyir yatırsın susuzluğunu...
Bəlkə yaşam verir, bəlkə can verir,
hər damcı torpağın bir giləsinə...
Buludlar ağaca bənzəməsə də,
damcılar bənzəyir nar dənəsinə...
Fikir ver, torpağın rəngi dəyişir,
göylərdən tökülən sirr... nə gözəldi!..
Sakitcə yağışın səsini dinlə,
Allahın bəstəsi... gör, nə gözəldi!..
Yolüstü kimisə qonaq aparır,
kiminsə könlünü sevindirməyə...
Yağır, analara yardım eləyir,
dəcəl uşaqları geyindirməyə...
Bu yağan yağışa otaqdan az bax,
Dur, aç pəncərəni, duy yağışları...
Qoyma, tökülsünlər ayağın altda,
öpüb gözün üstə qoy yağışları...
* * *
Neçə gündü ayaq açıb,
özü kimi gəzir görən?
Boylana-boylana qalıb,
gözü kimi gəzir görən?
Fikrim elə onda qalır,
yolda da, işdə də axı...
Telefondan başı çıxmır
götürə, işlədə axı...
İşə getməmiş baxıram,
durub başda, otaqdadı...
İşdən qayıdıb gələndə
görrəm başqa otaqdadı..!
Təkcə qalanda neyləyir,
bir gün pusacam şəklini...
Evimin divarı yoxdu,
göydən asacam şəklini...
* * *
Qoy olsun dünənkitək,
məni bu gün də görmə...
Yuxuma da gəlmə heç,
məni bu gündə görmə...
...Gözümüzü açmayaq,
gözümüzdən düşərik...
Güzgüyə də baxma heç,
qorxuram görüşərik..!
...Bir qara kölgəsi var,
çəkildəndi əllərim...
Divardan şəklin düşmür,
şəkildən də əllərim...
...Dörd divardı, bir də mən,
nə mey qalıb, nə badə...
birdən yenə...
yadıma
düşərsən ha, nə badə..!
* * *
Bu payız vaxtın eşqinə,
qaş-qabağınla yer süpür,
alnını qırışdır, getsin…
O buz otaqda az üşü,
göndərdiyim məktubları
yığ, topla, alışdır, getsin…
Divardakı mən deyiləm,
şəkildi də, kin saxlama,
bir söz de, danışdır, getsin…
Yenə səksəndim, ay dəli,
belə qəfildən yadıma
düşməyi… yığışdır, getsin…
* * *
Durum, öpüm, qucaqlayım,
bağrıma basım özümü...
Havam çatmır, bir kəndir hör,
havadan asım özümü...
Nə var ki, bu yer üzündə,
nə var göyün üzündədi...
Allahla aramızdakı
divar... göyün özündədi.
Onsuz da bu dünya beş-üç
günlükdür deyə, gedirəm.
deyirlər, torpağın altı
tünlükdü, göyə gedirəm...
...Anam, bu şerə adımı,
icazə versən, verərəm...
Dur, gətir dualarını,
Allahı görsəm, verərəm...
* * *
Bu pulun olmayan vaxtı,
deyrəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...
Qəm eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alnınsa... yaxşı olacaq..!
Fikrimi satışa qoymuşam,
alınsa yaxşı olacaq...
* * *
Hərə bir zümzümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır...
Məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isti saxlayır…
Gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə...
Mən də böyüməyə tərəf qaçardım,
qarğı atım vardı, – onun belində...
Gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə...
"Klas"a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə...
Deyimmi, xəlvətcə, ağac başına
çıxıb yuvaları yoxlamağımı;
Körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı..?
Canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı...
Sonradan səngərdə döyüşən gördüm,
taxta avtomatla “atdıqlarım”ı…
Götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi- gəlmədi –
Mənim uşaqlığım, ahh... uşaqlığım
kağız gəmilərdə batdı, gəlmədi...
* * *
Gözüm bir məzarın sehrinə dalıb,
Görürəm başdaşı ölüyə yükdü...
Bu adam daşından balaca qalıb,
Bu daş yiyəsindən yaşca böyükdü.
Hərənin bir daşa qarışıb başı,
Mən elə bilirəm burda hamı var!
Hər kəsin özünün öz doğma daşı,
Hər daşın özünün öz adamı var...
Daşlar br-birinin ardına düşməz,
Elə nə vaxt baxsan duruxan olar...
Hardasa bir adam heç yada duşməz,
Hansısa daş üçün darıxan olar...
Kişilər kişiynən, qadın qadınnan,
Yollara boylanar adam başları...
Gör necə dönərmiş adam adamdan,
Gör necə sevərmiş adam daşları...
Nə bilim, bəlkə də desəm, yeridi,
Vaxt keçir, qazanır daşla şan adam.
Bir ömür boyunca sənə yer edir,
Bir göz qırpımında daşlaşan adam...
İlahi hərəyə bir daş bağışlar,
Yazıb taleləri daşa, göndərib.
Bu soyuq baxışlar, bu daş baxışlar
Mənim ürəyimi daşa döndərib...
Yenə öz sirrində qal da, razıyam,
Üzünü göstərmə, bir səs ver, Allah!
Mənim nəfəsimi al da, razıyam,
Sən bu baş daşına nəfəs ver, Allah..!
* * *
Daha sözlərimdə ləzzət gəzməyin,
daha sözlərimin tamı da yoxdu.
İndi dadlı yemək hər evdə bişmir,
indi dadlı söz də hamıda yoxdu...
Nə gəzir gül ətri, çiçək qoxusu,
özün bil, istərsən oxuma daha...
Sözdən dəstə tutur baxma çoxusu,
bir ləçək də girmir yuxuma daha.
Sözləri nəzərə, gözə tez gəlir,
Qəlb döyüntüsünü duyan kəslərin...
Sizin ağlınıza təzə söz gəlir,
mənim qulağıma güllə səsləri...
O... “iyirmi faiz” nə boydadırsa,
Bu xalqın o boyda davası çatmır..!
Biz dağa qaçırıq hava almağa,
Şuşada dağların havası çatmır..!
Əli çənəsində qalan şairə
yurdunun tənəsi, gileyi gəlsin..!
Torpağı işğalda olan şairin
gərək sözlərindən qan iyi gəlsin!..
İndi təbim belə xoşuma gəlməz,
indi misralarım belə, zəlildi...
Mənim şeirlərim yeriyə bilməz,
hamısı “ikinci qrup əlil”di...
Tək adam adamla yaşıd olmurmuş,
eyni yaşdakılar gör nə qədərdi;
Ay mən yaşdakılar, bir dövrdənik,
bizimlə yaşıtdı Xocalı dərdi...
Daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı...
Oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!..
MANERA.AZ