manera.az
manera.az

"Sevgi elə ölümə qədərki mərhələnin adıdır" - Müsahibə

"Sevgi  elə ölümə qədərki mərhələnin adıdır" - Müsahibə


Volterin "Kandid" əsərindəki suallara bizim tanınan simalar cavab verir. Müsahibimiz yazar Elmin Nuridir.

- Ürəyimizə yiyəlik edən, ruhumuzu qapsayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz götürək, bərk sevirsiz yoxsa, necə?

-Kandid fikrimcə, Ali Eşq, xəyali məkan, fərqli dünya axtarışında idi. Ali Eşq isə çox çətin yolları adladıqdan, özünüdərkə vardıqdan sonra çatımlı olur. O, bircə dəfə öpmək cəhdinə-əslində, estetik dəyərdən keçərək, özünəvarma istəyinə- görə 20 təpik yedi. Hələ, onu qarşıda çox məşəqqətlər gözləyəcəkdi...
Sevgi- bir-birindən ayrı düşən Vahid Ruh parçalarının toqquşduğu zaman yaranan ENERJİ DALĞASIDIR... Mənim tərifimdir... Fikrimcə, hər bir insan haradasa, hansı paralel aləmdəsə, əks cins nümayəndəsi ilə eyni RUHun tərkib hissəsi olub. ...Və onu da fikirləşirəm ki, özünün o biri parçasını mütləq tapır, mütləq onunla rastlaşır. Alınır-alınmır, ümumiyyətlə, kəlmə kəsilir, ya kəsilmir, bu, ayrı söhbətdir. Amma biz “para”mızı görürük... Sevgi-həmin paradan ( sevgili deyirik adına) istifadə etməklə ruhu bütövəşdirməyin bir yoludur...

- Sevgi öldürməyə qadirdir?

-Xeyr! Sevgi elə ölümə qədərki mərhələnin adıdır... Biz sevgiyə qədər natamam, ahəngsiz, qafil oluruq. Sevgi isə bu xüsusiyyətlərin qəbiristanlığıdır. Biz natamamlığı dəfn etməklə doğuluruq!

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq, sadəcə, istəkləmi törəyir?

-İcazənizlə, cavablar arasındakı məntiqi ardıcıllığı qoruyum. Yuxarıda dediyim natamamlığı dəfn edəndən sonrakı DİRİLİŞ bizi yeni Vətənə sakin edir. Düşünürəm ki, Azadlıq məhz həmin xəyali Vətənin özüdür. Hamının can atmaq istədiyi, xilas nöqtəsi kimi gördüyü Vətən!!!
Nadan qafillikdən qurtulur, azad olur və bu Vətənin sakininə çevrilir. Əsir boyunduruq altından xilas olaraq, istər-istəməz bu Vətənə adlayır. Bir xalq başqa xalqın əsarətindən çıxaraq nəhəng xəyali Vətənin – yəni, AZADLIĞIN tərkib hissəsinə çevrilir... Azadlıq- yaşadığımız dünyanın fövqündə olan fərqli bir dünyanın, böyük Vətənin özüdür.O bir zərurətdir!

- Yaşadığımız bu dünya mümkün ola biləcək dünyaların ən yaxşısıdırsa, onda, görəsən, o biri dünyalar nə haldadır?

-Əsərdəki bu yeri xatırlayıram. Amma bu, məni fikrimdən döndərməyəcək. Elə söz yerinə çəkdi, yuxarıdakı “paralel dünya” insan naqisliyindən, mürəkkəbliyindən, azğınlığından təmin olunan Azadlıq adlı xəyali Vətəndir. Kandid istər ilk öpüşlə, istər üzləşdiyi faciələrlə bu dünyanı özündən, əyinindən soyunub atmaq istəyir. O, özünəvarmanın növbəti aşamasına, mərhələsinə çatmağa can atır... Lakin qarşısında Çin səddi kimi tərəddüd dayanıb. Görəsən, o biri dünyalar nə haldadır? Kandid özünə doğru getdiyi yolda ikinci mərhələni keçəndən sonra- yəni, yeni dünyanı tanıyandan sonra bu suala cavab tapacaq. Hələlik, o yolunu getməlidir. Elə mən də...

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?


-Məntiqi ardıcıllığı qoruyaraq deyək ki, Yolda olan Kandid növbəti qata varır: onun üçün artıq bir maneə- dünya geridə, o biri isə irəlidədir. Keçilən, gedilən və varılacaq dünyaların hamısı onun ruhundadır. Sadəcə, “insan ruhundakı hansı dünyaya sakindir”, sualı ortaya çıxır. Şəxsən mən, Kandiddən daha ləng addımlayıram... Ruhumdakı dünyaların birindən o birinə adlamaq çox çətindir...

-Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

-Baxır hansı dünyada? Axı yuxarıda dedik, Ruhda mərhələlər şəklində qalaqlanmış dünyalar çoxdu. İbtidaisindən Alisinə doğru bir-bir qət edilir, yaxud, edilmir. XVIII əsrin Kandidinin ilk öpüşlə cəzalandırıldığı birinci dünyasında qeyri-bərabərlik mövcuddur. Amma o, usanmır, xarabalıqlardan adlayır, ölümdən xilas olur, rəzaləti görür və bütün bunlarla böyüyür. Böyümək isə olduğun məkana sığmamaq deməkdir. (Nəsimiyə min rəhmət). Ona görə də növbəti dünyaya gedir, daha doğrusu, daxilən böyüdükdən sonra Ruhunun, idrakının növbəti qatına transfer olunur. Sualı özümə yönəldim, mən o biri dünyaya “gedəcək” qədər böyümüşənmi? Təbii ki, xeyr! Buna görə də hələlik qeyri-bərabərliyin hakim olduğu məkan sakiniyəm...

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Bu sual artıq sakin olduğun dünyanın sərhədlərini aşa bilməmək bacarıqsızlığından törəyir. Yaşadığımız məkandan onun fövqündə olan və can atdığımız aləmə adlamaq mümkün olmur. Nəticədə əsas mahiyyətimiz olan vicdan gecə-gündüz bu dar dünyada sıxılır, əzilir, ağrayır. Yeganə xilas yolu kimi isə ölüm göstərilir. Xeyr! Ölüm vicdanımızı layiq olduğu dünyaya aparacaq nəqliyyat vasitəsi deyil. O, olduğumuz dünyaya uduzmaqdır...

- Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

- Dünyaları qət edə bilməmək, sıxılan vicdanın öldükdən sonrakı nişanəsi yaradır maddi və mənəvi yamanlıqları… Özünün üst qatına baxa bilməyən, olduğu dünyanın kiçikliyinə aludə olub get-gedə cılızlaşan insanın xislətinə toxum kimi düşür, böyüyür, yetişir…

- Başqalarının gözəllik tapdığı yerdə əyər-əskiklik axtarmağın adı və dadı nədir?

- Çox sadə cavabı var: dediyimiz başqalarının sahibləndiyi ruhi, idraki məqamda deyiliksə, onların daddığı gözəllikdən bizə pay düşməyəcək. İnsanın olduğu yer addımladığı məkan yox, idrakının oturduğu, ruhunun isə rahatlandığı yerdir. Milçək zibil üzərində, arı isə çiçəklər arasında öz rahatlığını tapır.
Ruhumuzun dərinliyində “Milçək”dən “Arı”ya gedilən yol bu əyər-əskiyi aradan qaldıracaq…

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- Doğrusu, nisbi məsələdir, faciələrə maraqla tamaşa etməyənlər də var. Yaxud, faciələri böyük maraqla oxuyanlar da... Məncə, faciələrə maraqla tamaşa etmək o faciədən kənarda olmağın ləzzətini yaşamaq duyğusundan irəli gəlir…

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, ikiüzlü olmuşlar?

- Zaman nisbi anlayışdır. Bütün insanlar yalnız özlərinin ən aşağı dünyasında (bayaq buna həm də ruhi mərhələ də demişdik) yalançı, ikiüzlü, fırıldaqçı, qorxaq ola bilirlər. Bu, XVIII əsrin Kandidində də, XXI əsrin Pirvəlisində də ola bilər. Əsas olan zaman deyil, əsas olan ruhdakı xəyali məkanları dəyişməkdir.

- Elmin cəsarətli adamdır, yoxsa Kandid?

- Əlbəttə ki, Kandid. Çünki o, məndən daha çox Yol qət edib və tam fərqli dünyalara vara bilib…

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930