Manera.az-ın “Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara Femida.az-ın baş redaktoru, jurnalist Günay Arda cavab verir:Niyə varsan?- Ağac bitdiyinə, yağış yağdığına görə özünə minnətdar ola bilmədiyi kimi bu təbii prosesdə rolum yoxdur.
Niyə yox olacaqsan?- Heç nə əbədi deyil. Kainat üçün zərrəcik də deyilik. Yox olmağımızla uzaqbaşı dünyadan bir daş azalar.
Niyə yazırsan?- Məni yaza bildiyimə inandırıblar. Uzunçuluq eləmədiyimə, saxtakarcasına bər-bəzək vermədiyimə görə oxunuram. Mən göyqurşağından, əbədi sevgidən yazmıram. Yazdıqlarımda sən də, mən də, o da var. Hamı özünü görə bilir. Ümumiyyətlə isə yazmaq patologiyadır.
Yaşamaq nədir?- Nazim Hikmət demiş, “Ciddiyə alacaqsan yaşamı. Yetmişində belə zeytun ağacı əkəcəksən. Başqalarına qalsın deyə yox, ölümə inanmadığın üçün.” Yaşamaq şansdır. Həyatın qanını sormaq lazımdır. Bu şans bəzən susuz adamın dənizi belə içə biləcək iştahı olduğu halda içə bilməməyinə çevrilir. İştah var, lazım olanlar yoxdur. Yaşamı uzun sürmək üçün çox sulara baş vurmaq lazımdır.
Ölüm nədir?- Ölümə inanmıram. Forma dəyişir. Hər şeylə olduğu kimi ölümlə də dirənmək lazımdır.
Ədalət nədir?- Fərq qoymamaq, ayrı-seçkilik salmamaq, öz maraqlarına görə başqalarına haqsızlıq etməmək, özünə rəva bilmədiyini özgələrinə sırımamaq.
Azadlıq nədir?- Hamının azadlığı da, həbsxanası da beynindədir, öz içindədir. Fikirləri azad olmayan, gərgin, natamamlıq kompleksindən azad olmamış insan üçün qaydasızlıq, pərakəndəlik azadlıq mənasını verir. Azad insan heç vaxt “mən azadam” deyib bunu isbatlamağa çalışmır, başını aşağı salıb, azad həyatını yaşayır. Ümumiyyətlə isə insana öz azadlığının çərçivəsini çizmək imkanı yaradılmalıdır. Azadlıq hər bir insanın təməl haqqıdır. Bu haqqı o, doğulduğu saniyədən qazanır.
Yaradıcılıq nədir?- Sevgi ilə görülən hər iş yaradıcılıqdır. Yazı yazmaq da, yemək bişirmək də, paltar tikmək də, ağac əkmək də...
İnsan kimdir?- Çoxalan, azalan, taleyi öz əlində olub, qeyri-məlum qüvvədən kömək gözləyən, bu günü ilə bacarmadığı halda gələcəyin taleyi üçün baş sındıran, beyni kosmosu idarə edən texnika yarada bildiyi halda susuz ölkələrin su təminatına gücü çatmayan dələdən aciz varlıq.
Tural İsmayılov,
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.