"Biz anamızın döşündən alkoqol yox, süd əmmişik"- Səlim Babullaoğlu
Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına şair, tərcüməçi Səlim Babullaoğlu cavab verir.
Nərgiz soruşur:
- Quranda şairlər haqqında deyilib ki, “o şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)”. (Şüəra, 26/224-226). İndi bu sözlərə uyğun gəlməyən şairimiz varmı? Varsa, kimdi?
- Və gəlin, sualınıza cavab vermək üçün ayələri bir də xatırlayaq. Çünki əslində sualınızın cavabı orda var:
“221- (Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222- Onlar hər bir yalançıya, günahkara nazil olarlar.
223- (Şeytanlar mələklərdən oğrun – oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!
224 – (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!
225 – Məgər görmürənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşarlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!)
226 – Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!)
227 – Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!”
Bütün dünya xalqlarının ədəbiyyat tarixləri boyunca, o cümlədən bizim də ədəbi tarximizdəki bədii-poetik mətnləri saf çürük edəndə görürsən ki, böyük əksəriyyət “Şüəra” surəsinin 227-ci ayəsinə qədərki səciyyədədirlər.
Mən həmin adamlara böyük polyak şairi Çeslav Miloşun “ARS Poetika” şeirini oxumağı tövsiyyə edirəm. Və həmin şeirdən bəzi parçaları xatırlayıram:
“Ziyanlı şeylərin daha qiymətli olduğu bizim zamanda
mənim sözlərimi, əlbəttə, zarafat sayacaqlar...
Vaxt vardı bizə dərdə və bədbəxtliyə səbri öyrədən
müdrik kitabları oxudurdular yalnız.
Amma bu, dəlixanadakı minlərlə səhifəni
Oxumaqla, vərəqləməklə eyni şey deyil...
Bütün bu dediklərim, razıyam, şeir deyil,
şeirlər nadir hallarda və istənilmədən yazılır,
çox böyük təzyiq altında və ümidlə ki,
bədxah yox, xeyirxah ruhların ötürücüləri olacaqlar...”
-Son vaxtlar o dəhşətli hadisədən sonra intiharın rəngi də dəyişib sanki. Qaralıqdan çıxıb qırmızıya çalmağa başlayıb. Bu şəxsən məni çox qorxudur və öz payıma çıxış yolu axtarıram. Sizcə, bizi bu dünyaya bağlayan doğmalarımızdan və ümidlərimizdən başqa nə var?
- Sizə hörmətim böyükdür, bunu bilirsiz, amma deməliyəm ki, sualınızın ilk cümləsini anlamadım. Belə mövzular çox çətin mövzulardır. Biz “ bu dünya” ilə kifayətlənməməliyik düşüncələrimizdə. Nə qədər ki, bu belədir biz heç bir suala doğru-dürüst cavab ala bilməyəcəyik. Ən azı həqiqətin yarısını itirmiş olacağıq.
Heç nə göründüyü kimi, gündəlik mətbuatda, mediada, sosial şəbəkələrdə dartışıldığı, yazıldığı kimi deyil.
İstəyirəm sizin sualınıza böyük ingilis şairi Eliotun bir şeiri ilə cavab verim:
“Yaz və payız, doğuluş və ölüm!
Niyyətdən əmələ sonsuz təkrarlar;
Rahatlıq deyil, hərəkəti,
Sükut deyil,nitqi ,
Kəlam deyil, yalnız sözləri öyrədən
Sonsuz axtarışlar və kəşflər;
Öyrəndiklərimiz bizi bilgisizliyə yaxınlaşdırır,
Bilgisizlik bizi ölümə yaxınlaşdırır,
Allaha deyil,ölümə.
Hanı həyatda itirdiyimiz Həyat?
Hanı bilikdə itirdiyimiz müdriklik?
Hanı statistikada itirdiyimiz bilgi?”
- Bəzən deyirlər ki, yaradıcı insan üçün xarakterin necəliyi elə də önəmli deyil. Məsələn, biz bilmirik Nizami Gəncəvi necə adam olub. Qalıcı olan yaradıclıqdı. Bu məsələ ilə bağlı sizin düşüncəniz necədi?
- Biz heç atamızı, oğlumuzu, sevgilimizi, yəni o kəsləri ki, illərlə onlarla bərabər yaşamışıq, heç onları axıradək tanıya bilmərik. O ki qaldı 800-900 il bundan əvvəl yaşayan bir insan ola. Amma əlbəttə ki,yazıların düzgün, bir daha təkrar edirəm düzgün oxunması, onu yazan barədə müəyyən və dürüst təsəvvürlər yarada bilər. Yəni, mən vizuallıqdan danışmıram. Nizami üçün şairlik, şeir yazmaq o qədər də önəmli məsələ olmayıb. Yəni birinci məsələ olmayıb. Onun üçün daha vacib məqamlar və işlər vardı. Bilirsiz, deyir Napoleon olmağı düşünməyən əsgər general olmur. Mən bunu əlbəttə şərtiliklə deyirəm. Sualınıza gəlincə isə, şəxsiyyəti ilə yazdıqları araında uçurum olan adamların əsərləri populyar ola bilər, amma hökmən ziyanlı olacaq. Bu əslində ilk sualdakı mövzunun davamıdır: “onlar etmədikləri şeyləri deyirlər!”.
- Bu mənə də belə gəlirdi. Sonra bir neçə nəfərdən də eşitdim. Şeirlərinizi oxuyanda sizin ruhən 1850-1930-cu illərin Rusiyasına yaxın olduğunuzu düşünürlər. Sizi o dövrlə nə bağlayır ki?
- Hə, yəni sizə də, o yoldaşınıza da elə gəlir ki, mən bir qədər arxaikəm. Ola bilsin. Amma sadəcə bölgünü başa düşmədim. Çünki rus poeziyasının dediyiniz o dövründə o qədər fərqli şairlər olub ki, Tütçev, Fet, sonra Blok, Qumilyov, Yesenin, Mayakovski, Mandelştam və sair və ilaxır. Fərqli-fərqli şairlər. Amma yenə də deyirəm, hansısa xüsusi arxaiklik və ya arxaik məqam varsa da, mən buna etiraz eləmirəm.
- Bizim gənc yazarların çoxu mətnlərində davamlı olaraq içki, qadın, siqaret "üçlüyündən" istifadə edirlər. Yaradıcılıqla bu "üçlüyün" hansısa formada bağlantısı varmı?
- Əgər kimsə düşünür ki, siqaret və içki yazmağa, yaradıcılığa kömək edir, yanılır. Siqareti və içkini peşəkarcasına tanıyan və onlardan vaz keçən adam kimi bunun belə olmadığını bilirəm. Biz anamızın döşündən alkoqol yox, süd əmmişik. Udduğumuz havanın isə tüstü ilə bir əlaqəsi yoxdur. Bunlar ziyanlı vərdişlərdir.
Qaldı qadın məsələsinə, qadının bu ziyanlı vərdişlərlə bir siyahıda olması mənə doğru görünmür. Qadın bizim anamız, sevgilimiz-həyat yoldaşımız, qızımızdır, dostumuzdur.
Tural soruşur:
- Hər şey bəzən o qədər pis gəlir ki, adama, həm yazdıqların mənasız gəlir, həm oxuduqların bəzən. Necə edək ki, yaşamaqdan dərin zövq alaq?
- Bu dediyiniz məsələnin pozitiv tərəfləri var. Deməli, yazdığınız, dərk etdiyiniz, oxuduğunuz, qənaətiniz son deyil. Demək, hələ yenə nəsə var...məncə bu cür baxmaq inkişafa kömək edə bilər. Ümumiyyətlə, fikrimcə düşünən adamın zaman-zaman bu cür hissləri yaşaması normaldır. Əksinə bunun olmaması anormal və pis olardı.
Amma başqa məsələ də var. Yadınızdadır, nağıllarda qəhrəmanların üz tutduqları istiqamətlər olardı. Yaxud, ithürən, işıqgələn səmtlər vardı...Bunları niyə xatırlayıram. Deyim. Sual düzgün qoyulmayanda cavab düzgün olmur. İnanmaq lazımdır.
- Gəncləri oxuyursuz, dəstək olursuz, qaçmırsız onlardan. Gənclərdə nələr sizi qane eləmir? Gənc şair və yazarlarımızda nələr çatışmır?
- Gənclər... Hə...İstedadlı gənclər var. Ən yenilər... Ömər Xəyyam, Aqşin Evren, Azər Elşadoğlu, Elvin Paşa, Seymur Su, Amin Sükut, Elşən Mehdi, Anar Adil, Pərviz... mən oxuduqlarım hər halda...kimlərisə indi xatırlamadım yəqin...Nə qədər ki, gənc idim öyrətmək istədiyim bir qocanı axtarırdım. İndi qocalmışam və öyrənmək istədiyim bir gənci axtarıram... Deyəsən, Brextin sözüdür. Ya da Svayqın. Belə bir ifadə də var.Rusca oxumuşam. Molodost znala bı, starost mogla bı. Gənclik bilsəydi, qocalıq edə bilsəydi.
Ümumiyyətlə, gənclərin də, elə bizim də bir ciddi qüsurumuz var. Elə bilirik ki, ağızdan nəyisə eşidib öyrənə bilərik. Kitab oxumağa tənbəlik.
- Ədəbiyyat adamlarının üzərində dərin bir kədər obrazı hökm sürür sanki. Niyə belə oldu? Həmişə belə idimi?
- Məncə bu həmişə belə olub. Baxın, Svetayevanın dəfələrlə tərk etdiyi, Yesenin və Mayakovskinin ömürlərinin sonuna qədər rahatlıq tapmadıqları, öldürüldükləri, Pasternakın və Axmatovanın əziyyət çəkdikləri Rusiyaya pənah aparmışdı Nazim Hikmət. Nazimin pənah apardığı Rusiyada İosif Brodski təklənmiş, sonra da Qərbə, Amerikaya mühacirət etmişdi. XX əsrin önəmli şairlərindən olan böyük polyak Çeslav Miloş da Amerikanı seçmişdi. Azadlıq rəmzi o Amerikanı ki, Eliotun ustad adlandırdığı Ezra Paundu həbs etmişdilər orda. Eliot Amerikadan İngiltərəyə köçəndən sonra geri qayıtmaq arzusunda olmamışdı. Amma böyük ingilis şairi Oden Avropa və Amerika arasında qalsa da, Avstriyada yaşamışdı ömrünün son illərini. XX əsrdəki iki dünya müharibəsini böyük yazıçı və şair fəhmi ilə öncəgörən Herman Hesse isə Almaniyanı tərk etmişdi. Görəsən, bütün bunlar niyə baş verirdi? Bəlkə biz doğurdan da "sevinc dolu uşaqlıq adlı məmləkətdən” qovulmuşuq? Hesse haqlıydı bəlkə: “Bu gözəl dünya dınqıltı əvəzinə- musiqi , əyləncə əvəzinə-sevinc, pul əvəzinə-mənəvi aləm, yalançı inilti-sızıltı əvəzinə- əsl iztirab istəyən adamlar üçün heç vaxt həqiqi vətən ola bilməzdi…”
Məncə cavab hardasa burdadır, Tural...
- Filankəs yaxşı şairdir deyirlər arada. Sizin üçün yaxşı şairin hansısa bir tərifi varmı? Yaxşı şair üçün mütləq olanlar nələrdir?
- Mən yaxşı şeiri tanıyıram. Onun koordinatları var. Amma yaxşı şair...Tural, blirsiz, mən Nərgiz xanımın suallarına cavab verəndə “Şairlər” surəsi barədə danışdım. Yaxşı da, pis də ordadır. Mənimçün hər halda.
- Qadınlar biz kişiləri nə qədər anlayırlar sizcə?
-Tanımağı,anlamağı bilmirəm, amma məncə qadınlar bizi çox yaxşı hiss edirlər. Və bu bəs edir...
MANERA.AZ,
BRİFİNQ.AZ