manera.az
manera.az

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə Aysel Əlizadə/ MANERA.AZ

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə Aysel Əlizadə/ MANERA.AZ


Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına yazar Aysel Əlizadə cavab verir.

“Bir qadın, bir kişi soruşur”- Ortaq layihədə Aysel Əlizadə/ MANERA.AZ


Nərgiz soruşur:

-Azərbaycanda ilk evliliyi uğursuz alınan əksər qadınlarda tək qalmaq qorxusu yaranır. Bu vəziyyətlə qarşı-qarşıya qalan insanlara nə tövsiyə edərdiniz?

- Heç nədən qorxmasınlar. Ciddi, azad və ağıllı olsunlar. Qalanı düzələcək.

-Bizim cəmiyyətdə bir qadın seçildi, tanındı, önə çıxa bildisə, onunla bağlı gözünü yumub, ağzını açanların sayı da artır. Hələ bu qadın gözəldisə, söz söhbət 10 qat artır. Maraqlıdı, haqqınızda sizi mat qoyan hansı şaiyəni eşitmisniz?

- İctimai televiziyada işləyirdim. Gənclərlə uşaq evlərinə gedib çəkiliş etmişdim. Evlərin birindəki uşaqlar elə gözəl idilər ki, özümə gələ bilmirdim. Necə gözəl qızcığazlar var idi, bir bilsəz. Montajda heyranlıqla baxırdım onlara. Onda subay idim. Bir də eşitdim söz gəzir ki, Ayselin qızı olub, uşaq evinə qoyub. Məəttəl qaldım. Ədəbi mühitdə də buna bənzər şaiyələr olub. İyrəncdi. Bu işlərlə məşğul olan adamların beynindən pis qoxu gəlir.

-Musiqiyə yaxınsınız, teleaparıcılığa da. Bu iki sahədə də çox məşhurlaşa bilərdiniz. Məşhurluq çox bağlı qapıları insanın üzünə açır. Amma bu sahələri arxa plana atdınız. Özünüzü Azərbaycanda cəfadan başqa bir şey verməyən yazı-pozunun ucsuz-bucaqsız yollarına saldınız. Əminəm ki, "niyə"si çox adama maraqlıdır.

- Buna diqqət kəsildiyinizə görə sizə təşəkkür edirəm. Çünki mən çox yerin qapısını açan o məşhurluğu qoyub ədəbiyyata sığınanda zamanla dəhşətli məyusluq yaşadım. Peşmanlıq yox ha, məyusluq. Elə bir qənaət var sanki fikir, söz adamları, ədəbiyyata bağlı olanlar ruhu daha təmiz qalanlar, daha dürüstlərdi. Əksini gördüm. Burda özümə qarşı elə faciəvi qısqanmalar, dışlanmalar, söz qoşmalar gördüm ki, ömrü boyu narazı olduğum televiziyada belə görməmişliklə üz-üzə gəlməmişdim. Yaxın dostların bir-biri ilə ictimai söyüşmələri, paxıllıqlar, dedi-qodu nə qədər olarmış. Hərdən fikirləşirdim bunlar ki, saatlarla kafelərdə oturub qeybət edirlər, bəs nə zaman yazırlar? Nə zaman oxuyurlar? Nə zaman ədəbiyyat qayırırlar? Mən elə bilirdim əlçatan şöhrəti atıb onların yanına gəldiyim üçün dost əllərini uzadacaqlar. Əksi oldu. Gah dedilər, özü yazmır, gah dedilər, reklam olunur, gah dedilər şəklinə görə oxunur, gah dedilər çox oxunan saytda yazır ona görə oxunur. Nə qədər ac, görməmiş kişi yazar gördüm, ilahi. Uzun müddət “yaza billmir” şaiyəsi yaymaqla başqalarını buna inandırmağa çalışanlar gördüm. Yazının nə demək olduğunu dərindən anlamayan adamların içində buna inananlar da oldu. Çünki ədəbiyyatın qarşısında heç bir məsuliyyət daşımırlar. Başa düşmürlər ki, belə demək qeyri peşəkarlıqdı, belə olmur. Yazı elə bir fazadı ki, orda şəkil-məkil keçmir, orda yalnız fakt özü hakimdi. Üstəlik, mən kütləvi yazara da çevrilmədim. Konkret auditoriyası formalaşan imza oldum. Yazdığım saytın rəhbərliyinə onun yazılarını verməyin deyən də olub, facebook səhifəsində ünvanıma atmacalar atan da, səbəbsiz yerə özündən mənə düşmən qayırmaq istəyən də, prinsipial olaraq haqqımda olan xəbərləri verməyənlər də. Elə bil dəlixanaya düşmüşdüm. Gecə-gündüz çalışırdım, yazırdım, araşdırma aparırdım, kitabla məşğul olurdum, üstəlik uşaq saxlayırdım. Heç vaxt heç bir qruplaşmada olmamışam. Tənha tipəm. Yaxından tanıyanlar bilir. Kompaniya sevmərəm, kollektivlikdə özümü diskomfort hiss edərəm, günlərlə evdən çıxmaya bilərəm və qətiyyən darıxmıram. Özümçün bitməmişəm. Hər gün içimdə yeni tunellərdən keçib qəribə yerlərə çıxıram. Sərhədsizlikdə azıb qalıram, bir də ayılıram ki, saatlar, günlər keçib. Gözəl olmağı da bilirəm, fikir söyləməyi də, üsyanı da, susqunluğu da. Zamanla arınır hər şey. Başqalarına köklənmədən yalnız öz işinlə məşğul olursan, yalnız yazıyla sevişirsən, yalnız yazıyla dalaşıb barışırsan, bir də başını qaldıranda görürsən ki, sən gələndə “onlar” hardaydılarsa, elə orda da qalıblar. Həm təfəkkür, həm imza, həm də obraz olaraq. Mən yazını ona görə seçdim ki, bunu əlimdən heç kim ala bilməz. İçimdə fikirlər, konfliktlər burulğanı var. Bütün bunları yalnız özünə aid fəzada ifadə etmək üçün yazıdan komfortlu üsul yoxdu.

-İnciməyin, haqqınızda belə bir fikir var ki, xasiyyətiniz çətindi. Çətin xasiyyətli xanımın yaşamı da asan olmamalıdı. Hər şeydə öz mövqeyi olur ən azından. Bu qorxulacaq vəziyyətdirmi?

- Hə, çətinəm. Niyə də asan olmalıyam axı?

-Tariximizə baxanda görürük ki, bizdə qadınların yaratdığı ədəbiyyat o qədər də uğurlu alınmayıb. Sizcə, yazdıqlarınız ədəbiyyatımızın səhifəsinə çevriləcəkmi?

- Yanlış. Çox uğurlu alınıb. Kim uğursuzdu? Drammaturq Səkinə Axundzadə? Mədinə Gülgün? Əzizə Cəfərzadə? Sadəcə, bəlli səbəblərdən qadın ədiblərimiz az olub. Mənə gəldikdə, yüzlərlə publisistik yazı, esse, iki şeir kitabı, bioqrafik yazılar, iki roman və s. müəllifi və ədəbiyyat haqda az-çox qənaətlərə gələn biri kimi artıq əlimi ürəyimə qoyub rahatlıqla deyə bilərəm. Bütün bunlar Azərbaycan ədəbiyyatında cddi yazı nümunələri kimi qalacaq. Bütün düşüncə, hiss, münasibət və intellektimlə bütövlükdə bir yaradıcılıq kompleksi inşa etmişəm. Şeirlə deyə bildiyimi şeirlə, yazıyla deyə bildiyimi yazıyla demişəm. Məni bütünlükdə anlamaq üçün bu yaradıclıq bütövlükdə təhlil olunmalıdı. Bunu edəcək peşəkarlar nə yazıq ki, bizdə yoxdu. Bizdən Dostoyevski istəyirlər. Biz də sual veririk. Hanı Belinskiy? Vaqif Yusifli və Əsəd Cahangirdən başqa çağdaş yazarların əsərləri ilə əlləşən, döyüşən tənqidçi görmürəm. Yazıçıların özləri ilə döyüşənlər görürük.

Tural soruşur:

-Sizcə, uğurlu insan obrazı üçün xüsusi qaydalar mövcuddurmu?

- Bilmirəm,düzü. Hər kəs üçün uğurun ölçü parametrləri fərqli ola bilər. Mənə görə uğurlu insan zəhmətkeş, dözümlü və özünü şəxsən özü yetişdirə bilən insandı. Bura anlayış diapazonu, toxluq, dürüstlük, caymamaq, şax dura bilmək, yavşaq, dəymədüşər olmamaq kimi cəhətlər aiddi, mənə görə. Hədəfin varsa yan –yörəyə önəm vermədən çalış, çatacaqsan. Buna inanıram. Əsas hədəfdi. İnsan hara getmək istədiyini bilmədən gedib harasa çıxmaz.

-Yazmaq mənəvi tələbatdır, yoxsa daim xatırlanmaq eqosunun məhsulu?

- Mənim yazılarım daim xatırlanmaq eqosu ilə yazılmayıb. Əksinə, təhlükəli yazılardı və onları yazandan sonra daha çox itmək lazım olur.
Məsələn, "Qadın Peyğəmbər"i çox da üzə çıxarmamağa çalışdım. İlk yayımında ümumiyyətlə tanıdığım adamlara hədiyyə verdim, satışı olmadı. Çox PR etmədim. Bu kitab haqda Azərbaycanın ölü tənqidi də susur. Çünki oxumayıblar, çünki bütün günü başlarını qaşımaqla məşğuldular. Hələ bir tənqidçi deməyib ki, kitabı göndər oxuyum. Ədəbiyyat yox, ədəbazlıqla məşğuldular. Heç kimə yararı olmayan ədəbazlıqla.

-Öz yazdıqlarınızdan imtina edə bilərsizmi?


- Bir neçə yazıdan bəlkə də.

-Keyfiyyətli əsəri ayırmaq üçün nələri bilmək lazımdır?

- Mənə görə keyfiyyətli əsər oxucunun beynində başqa yeni bir əsər yazır.

-Oxucularınızla ünsiyyətiniz hansı səviyyədə olur?

- Sosial şəbəkədə yazışırıq, şərhlərinə cavab verirəm, onlar üçün yazıram. Ancaq gərək görüşlər keçirim. Arada mütləq göz – gözə gəlməliyik.

MANERA.AZ,
BRİFİNQ.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031