Manera.az və Birifinq.az birgə “Bir qadın, bir kişi soruşur” layihəsində ölkə ədəbiyyatının və ictimai mühitinin tanınan simalarını fərqli suallarla tanımağa çalışacaq. Nərgiz Nənə və Tural İsmayılovun suallarına şair Aqşin Yenisey cavab verir. Nərgiz soruşur:-Xeyli qadın dostlarınız var. Üstəlik, bu yaxınlara qədər qadınlarla yola getmirdiniz. Yəni dost qalmaqlarımı yaxşıdı deyirsiniz? - Mənin heç vaxt qadın dostum olmayıb.
- Deyirlər, bir ara çox söyüşkən olmusunuz. Dilinizdən söyüş süzülüb, qələminizdən incəbel sözlər. İndi durub "söyüş söyüb, ürəyimi boşaltmasaydım, o gözəl sözləri də yaza bilməzdim" desəniz, təəccüblənmərəm açığı. Yoxsa, səhv düşünürəm? -Mən danışdığım yox, yazdığım sözlərə görə cavab verirəm.
- İnanmıram ki, bu suala səmimi cavab verəsiniz. Amma yenə də sualdı da, mən öz tarixi borcumdan çıxım, vəbalı qeyri-səmimi cavab verənin boynunda qalsın. Heç hansısa xanımın ürəyinə girmək məqsədilə şeir yazmısınız? Yazmısınızsa, hansıdı? - Girmək üçün qadının ürəyi ən asan yeridir və buna görə qadınlar haqqında yox, kişilər haqqında şeir yazmaq lazımdı. Şeirlə fəth olunan ürəklər ən etibarsız ürəklərdi.
- Danışanda bu şairlərin əksəri deyir ki, əsas məsələ qadının mənəvi gözəlliyidi. Di gəl ki, yazanda gözünə-qaşına vurulmaqdan danışırlar. Məsələn, "sənin ruhuna vurulmuşam, əxlaqını sevmişəm" kimi süsləmələrə rast gəlmirik. Şair saxtakarlığı bəşəriyyətin zövqünü oxşamaq üçündü? Tərif vermək bir az çətindi e... -Əxlaq və Azadlıq! Kimdə hansı yoxdursa, qarşısındakından onu tələb edir. Bu, bütün münasibətlərə aiddir.
- Bəzi gənc qızlar yazar tayfasına çox yaxın olmaq istəyirlər. Onların da çoxu bundan istifadə edir, ən azından etməyə çalışır. Məsləhətiniz nədir? Demək olar ki, hamısını tanıyırsınız. Hansı yazardan uzaq dursunlar? Bizim ədəbi cameədə köksündə Yucin ürəyi daşıyan kimdi? -Bu barədə heç nə bilmirəm.
Tural soruşur:- Şair, bəşəri problemlərdən yazılan nəzm nümunələri niyə sevgi şeirlərinə uduzur? Hamı rasionalizmdən danışır, amma deyəsən hisslər poeziyanın əsas ruporuna çevrilib. -Hisslər insanda yeganə təbiilikdir! Buna görədir, məncə.
- Sözün gücünə inamısan həmişə. Bəs kişi üçün xarakterik olan yumruq gücünə necə? İnanırsan? Hansı hallarda yumruğunun işləməyindən zövq almısan? - Qustav le Bon deyir ki, tarix ağlın yox, xarakterin yaratdığıdır. Xarakterin ağzında ən zəif söz də həqiqətə çevrilir. Frans Kafka isə bu məsələni belə izah edib: “Yaradıcılıq xarakter məsələsidir və məzmunca faciəvidir”. Yumruğa gəlincə, həmişə fiziki gücüm çatmayacağına əmin olduğum axmaqlarla bu dildə danışmışam. Bu, mənim yeganə avantürist tərəfimdir.
- Dadlı yeməkləri sevirik. Səncə yazan, yemək bişirən yoxsa bunların cəmindən də fərqli qadınlar toplum üçün daha xeyirlidir?- Mən bu barədə Nitsşe kimi sərt düşünürəm: kişi döyüşmək üçün yaradılıb, qadın isə ona nəvaziş göstərmək üçün.
- Kişi məclislərini 3- 4 cümlə ilə izah etsən, nələri qeyd eləmək istəyərsən? Məhlə söhbətləri, futbol, qadınlar... Başqa?- Vaxt itkisi!
- Darıxdığı üçün yazan insanlar qınanıla bilərmi? Ümumiyyətlə, yaradıcılıq elə darıxmanın məhsulu deyilmi?- Qınanan hiss deyil, o hissi gözdən salıb üzünü ucaltmaq istəyən zəiflikdir. Klassik sufi ədəbiyyatımızda insan iradəsi deyilən bir qüvvə var, bu, ruhun gücüdür. Şair ağlı ilə yox, ruhu ilə düşünən məxluqdur. Təəssüf ki, indi şairlər ala-bula şərfləri, aylarla ciblərində gəzdirdikləri prezervativ qutuları, nə bilim, müftə boşaltdıqları içki şüşələri ilə düşünməyə vərdiş ediblər. Tərgitmək lazımdır!
MANERA.AZ,
BRİFİNQ.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.