Manera.az fəlsəfə tarixinin ən məşhur və düşündürücü suallarını bu günün tanınan simalarına ünvanlayır. Müsahibimiz fizik, araşdırmaçı yazar Yalçın İslamzadədir.- Özünüz haqqında təcrübələriniz daimi yanlışınızdırmı?- Heç bir təcrübə boşa getmiş sayılmamalıdır. Təcrübə səhv çıxmış və sınaqdan çıxmış metodların ümumiləşdirilməsidir. Əgər səhv etmisinizsə, bir alternativi sınayıb doğru olmadığını müşahidə etmisiniz. Əgər bəzi sınanmış prinsiplər atacağınız addımın ciddi risk daşıdığını deyirsə və bu risk gerçəkləşdiyində əvvəlki vəziyyəti bərpa edib, yenidən sınamaq mümkün olmayacaqsa, yəni, gerçəkləşən risk sistemi geri dönüşsüz dəyişdirəcəksə, diqqətli olmaq lazımdır. Nəticədə, apriori verilmiş doğrular yoxdur, səhvləri ələməklə yerdə nə qalırsa, ona doğru deyirik.
- Planetlərin bir gələcəyi varmı?- Planetlərin gələcəyi yəqin ki, orbitində fırlandıqları ulduzların gələcəyindən asılıdır. Ulduz daxili enerjisini xərcləyib kütləsi azaldıqca planetlərə təsir edən cazibə qüvvəsi də azalacaq və orbitləri böyüyəcək, buna bağlı olaraq günəşlərindən uzaqlaşdıqları üçün iqlimləri dəyişəcək. Bəlkə də, “ronin”-lordsuz samuray vəziyyətinə düşən planetlər bir-biriləri ilə toqquşacaqlar. Üzərində həyat olduğuna əmin olduğumuz hələ ki, yeganə palnet olan Yer kürəsinin gələcəyi isə, belə davam edərsə, yaxşı deyil. İnsanlar onsuz yaşaya bilməyəcəkləri təbiəti məhv etməyə çox yaxındırlar, davranışları dəyişməsə özləri də məhv olacaqlar.
- Zehin nədir?- Zehin, ya da onun tətbiqi deyə biləcəyimiz ağlın nəliyi mövzusu əsrlərlə fəlsəfəni məşğul edən, amma qaneedici cavabın verilmədiyi bir sualdır. Ənənəvi olaraq şüur məsələsi ilə məşğul olan filosofların zehni araşdırmaq üçün lazımlı vasitələri olmayıb. Təfəkkür, ya da içəbaxış isə heç də etibarlı metod deyil. Şüurun nə olduğuna indi bilologiyanın çıxarışlarına əsaslanan disiplinlər daha yaxşı cavab verirlər.
Əvvəla şüur yuxarıdan verilmiş, hər kəsdə eyni təzahür edən, tamamlanmış, dəyişməz bir xüsusiyyət deyil. İnsanın həyat kursu boyunca ətraf mühiti ilə qarşılıqlı təsirdə formalaşır. İkincisi, şüur beynin anatomiya və fiziologiyasından ayrı deyil. Tarixdə beyin zədələnməsinə məruz qalan bəzi insanlarda baş vermiş dəyişiklər diqqətlə qeydə alınıb. Şüur bütünlükdə yoxa çıxmır, beynin hansı bölgəsi zədələnirsə, o bölgənin həyata keçirdiyi funksiya aradan qalxdıqda, artıq fərqli insanla üz üzə qalırıq. Phineas Gage hadisəsi ən məşhur nümunələrdəndir. Şüur beynin fəaliyyətidir. Mürəkkəb təriflər çaşdırıcı olacaq. Eynşteyn nisbilik nəzəriyyəsini yaradanda “zaman nədir?” sualına özü üçün çox sadə cavab vermişdi, “zaman saatlarla ölçdüyümüz kəmiyyətdir”. Şüur təkamül tarixində sürünən beyni, məməli beyni və neokorteks kimi müxtəlif tarixləri və prioritetləri olan beyin bölgələrinin, problemləri həll etmək üçün birgə fəaliyyəti, bəzi hallarda isə konfliktə düşmələridir. “Social neuroscience” adlı yeni disiplin şüuru dərindən öyrənir. Ən yaxşı müqayisədə anlaşılır, şüur instinktiv, spontan davranışa qarşı, fasilə götürüb hansısa problem üzərində refleksiya etməkdir.
- Qurtuluş nədir?- Qurtuluş sözündə sanki tamamən çıxmaq, tərk etmək, hansısa bir haldan xilas olmaq mənaları gizlənir. Sanki fərd mühitə qarşıdır. Qurtuluş qopuş ola bilməz. Çünkü insan bilolojik olaraq ətraf mühitlə maddə mübadiləsindədir. Sosial canlı olduğu üçün də daima sosial çevrənin qarşılıqlı, maddi və simvolik təsirinə məruz qalmaqdadır. Psixoloji və sosioloji sağlamlığa, rəqabətdən doğan fərqindəliyə və digərləri ilə işbirliyinə ehtiyac duyur. Qurtuluş yanıldıcıdır, insanın fiziki və sosial çevrəsi ilə psixoloji sağlam olacağı balanslı, harmonik münasibət mənasında birgəyaşayış daha yaxşı yanaşmadır.
- Şübhə məntiqin yerinə keçə bilərmi?- Şübhə və məntiq eyni olmadıqları üçün bir-birilərini əvəz edə bilməzlər. Şübhə bir davranışdır, yanaşmadır, məntiq isə doğru premisləri analiz edərək nəticələri ortaya çıxarmaqdır. Məntiqin doğru nəticələr verməsi üçün premislərinin sağlam olması lazımdır. Şübhə duyaraq premislərin doğru olub-olmadığını araşdırmaq, doğru premislərə məntiqi ardıcıllığı tətbiq etmək olar. Bu halda şübhə və məntiq bir-birilərini tamamlayır.
- Təməl dəyərlər nələrdir?- Həyatın və təbiətin qorunmasıdır, insan potensialının, onun təbiətinin başqalarına zərər verən yönlərinin əhilləşdirilib insanlığı ucaldan yönlərinin gücləndirilməsinə, insanın özünün reallaşdırmasına kömək edən qurumlar, prinsiplər, qarşılıqlı anlaşmalardır.
- Azad iradə varmı?- Azad iradə sual altındadır. Təkamül psixologiyası və “social neuroscience” bizə göstərir ki, şüuraltı proseslər bir çox hallarda şüuru qabaqlayır. Biz qərar verir, sonra bunu rasionalizə edirik, əksi deyil. Sürətlə gələn bir maşından qaçırıq, ona görə yox ki hadisəni görüb qaçmağa qərar veririk. Ona görə ki, həyatda qalma instinkti bizi qaçmağa məcbur edir, ürək döyüntülərimiz qanı daha yaxşı paylamaq üçün artır. Təhlükə sovuşduqdan sonra ürək döyüntülərimizin artdığını anlayılr, bir təhlükədən xilas olduğumuzu başa düşür və ondan sonra qorxuruq. Qorxu davranışa səbəb olmayıb, ondan sonra şüura çıxıb. Əgər ağıl instinktləri və beynin açıq şüurdan kənar fəaliyyətini tam anlayıb, onları əhilləşdirsə və üzərində az çox nəzarət qazansa o zaman, nisbi azad iradəsi olar. Mühitin bir insanın aldığı qərarı icra etmək üçün tam əlverişli olmayacağı böyük ehtimal daxilindədir. Mütləq azad iradə yoxdur, insanın özünü tanıması və mühitin əlverişli olması azad iradə moduluna çox yaxın modullarda davranmamıza kömək edər.
- Kainatın bir başlanğıcı varmı?- Elm bu gün olduğunu deyir. Bəzi faktlarla da bu görüşü dəstəkləyir.
- Həyatın məqsədi nədir?- Ölümə hazırlaşmaq. Ölümü seçmək, dünyayla rahat üzülüşə bilmək. Dünyanı anlamış və özünü tanımış olaraq, öləndən sonra ən azından yaxın çevrəndə müsbət iz buraxmaq. O insanların ölümü pis seçilib ki, həyatları digər insanları geri salır, onlara yük olur. Doğru yaşanmış həyatın məntiqi nəticəsi olaraq ölüm... Həyatın məqsədi bioloji olaraq verilir, növün artırılması. Fərdi qaydada özünə məqsəd seçə bilmiş insanlar da vardır ki, bu halda onlar sadəcə növün davamında növbəti halqa deyil, həm də mədəniyyət yaradıcılarıdırlar.
- Mənlik nədir?- Mənlik- elə bir intellektual və davranış normları seçməkdir ki, əvvəla düşüncə ilə danışıq və davranış arasında tutarlılıq olsun. Təməl dəyərlərlə hörmət edən, mürəkkəb fərdi və ətraf mühit faktorlarının təsiri ilə formalaşan intellektual və davranış tutumu. Özünün fərqində olmaqla başlayır. İndiyə qədər canlılar arasında insanların, şimpanzelərin və delfinlərin özlərini tanıdıqları, güzgüdəki əkslərinin özlərinə məxsus olduqlarını bildikləri müşahidə olunub.
Tural İsmayılov
MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.