manera.az
manera.az

Uşaqlarıma səndən yaxşı ata yoxdu demişəm... MANERA.AZ

📅 21.02.2017 13:30

    Uşaqlarıma səndən yaxşı ata yoxdu  demişəm... MANERA.AZ
YAŞAR BÜNYAD

ATA


“Uşaqlarıma , səndən yaxşı ata yoxdu demişəm-onlar buna inanmasa da ...“


Səninlə ancaq yuxularımda danışdım. Ürəyimdən keçənləri, demək istədiklərimi yuxularımda uydurduğum həlim, xoşxasiyyət adamla bölüşdüm. Həmişə yanımda olsan da , o qədər uzaq idin ki? Bəzən elə bilirdim bizə qonaq gəlmisən, bir az qalıb gedəcəksən. Amma sən getmirdin. Böyüdükcə , başımda qarmaqarışıq düşüncələrim yeddibaşlı əjdaha kimi vicuduma hakim kəsilirdi; nə istədiyimi özüm də bilmirdim. Yeddibaşlı əjdaha məni atəşində qovurduqca fikirlərim haçalanır, qafamda nələr baş verdiyini anlamırdım. Özümü qərib, yad, atılmış, ən dəhşətlisi o idi ki, ögey hiss edirdim. Hər ad günlərimdə aldığın bahalı oyuncaqlar belə qəlbimi ovundurmurdu, çünki, məhəllədən keçəndə sənə hürməsin deyə qonşumuz Qrişa dayının itinə atdığın ət parçası kimiydi aldıqların. Bəlkə yox?! Elə deyildisə, niyə ən çox arzulayıb gözlədiyim velosipedi bir gün belə sürmədim? Məncə, bu, səni heç maraqlandırmadı da. On iki yaşından velosipedə nifrət etsəm də oğluma ilk böyük hədiyyəm üçtəkərli velosiped oldu... Yaşıdlarım gecə düşənəcən küçə-bacadan yığışmadığı halda mən, tez yatağıma girməyə tələsərdim, yuxularıma dönərdim, səninlə danışmaq, oynamaq, uşaq olmaq üçün!.. Əslində , sən mehriban, gülərüz idin, amma özgələriyçin. İsti qucağından, şaqraq gülüşündən, mehriban baxışından mənə pay düşmədi. Gündüzlər , o olmayanları dəqiqəbədəqiqə, saatbasaat içimə yığıb yuxularıma daşıyırdım –tamarzı qaldığından , qonşunun oyuncağını xəlvəti “çırpışdıran” uşaq kimi .
Sənə deyəsi o qədər sözüm , o qədər soruşub öyrənəcəklərim vardıki !..
Yadımdadı, çox yaxşı yadımdadı, on dördün içindəydim. İlk maşınını almışdın.”Moskviç”. Qıpqırmızı. Bir gün anama dedin ki, bazar günü Bakıya gedəcəm, işim var, uşağı da hazırla, özümlə aparacam.İnsafən, əlinlə saçımı sığallayıb “qoy uşağın gözü-könlü açılsın” da dedin. Sən demə , başım ovucuna sığırmış -yuxularımda gördüyüm kimi...
Bütün gecəni yatmadım. İlk dəfə Bakıya gedəcəkdim, özü də, atamla! Bacılarım məndən də çox sevinirdi.Anam təzə paltarlarımı ütüləyib yatağımım yanındakı kamodun üstünə düzmüşdü, mən səhərin açılacağını gözləyə-gözləyə , xəyalən , azı yüz dəfə o paltarları geyinib çıxarmışdım. Demə gözləməkdən pis heç nə yox imiş!
Anam Moskviçimizin arxasınca su atıb bizi yola salandan düz Biləcəri deyilən yerəcən sən, bir kəlmə də danışmadın. Mən dil boğaza qoiymurdun, min sual verir, amma cavab almırdım. Əslində heç cavab gözləmirdim, axı mən havayla danışmağa öyrəşmişdim...
Yol çox yorucu olsa da , sevindiyimdən yarıaçıq pəncərədən uzanıb gedən bozluğa tamaşa edir, arada yerimdəcə qıvrılıb maşını necə həvəslə idarə etdiyinə baxır, yuxularım gerçək olubmuş kimi, az qala atılıb sənin boynuna minmək, iri əllərindən bərk-bərk yapışıb sükanı birgə idarə etmək istəyirdim. O vaxtlar bu ən böyük arzum idi ! Amma sənin zəhmli baxışın yuxumu çilik-çilik eləmişdi...
Qara tüstü buraxıb fit verən qatarın sonuncu vaqonu gözdən itənəcən baxdığıma görə maşını yolun kənarında saxlamışdın. Mən əsl qatarı, relsləri uzandıqca uzanan dəmir yolunu ilk dəfə görürdüm axı.
-Bu yollarla bütün dünyanı dolanmaq olar,-dedin. Bunu elə dedin ki, sanki o qatarın içində olmadığına təəssüflənirdin.Bəlkə haralarsa səni özünə çəkirdi?.. İndi də aydınlaşdıra bilmirəm, bunu mənəmi deyirdin, yoxsa öz-özünlə danışırdın...
“Nazirlik” dediyin binaya çatanacan yolu iki dəfə qırmızı işıqda keçdin. Şəhərdə maşını yaxşı sürə bilmirdin. Birincidə, “bəxtimiz gətirdi” desən də, ikinci dəfə milis saxladı, nəsə yazmaq istəyəndə cibinə pul qoydun, müəllim, diqqətli olun, deyib buraxdı. Maşını hündür binanın tinində saxlayıb mənə heç nə demədən uzaqlaşdın. Geniş yolda şütüyən avtomobilləri, tranvayları,harasa tələsən adamları, hündür-hündür evləri darısqal maşının içində qəfəsdəki quş kimi seyr etməkdən başqa əlacım yox idi: qapıları kilidləmişdin. Guya açıq olsaydı, cürət edib maşından çıxacaqdım?
İki gombul qadın və bir kişiylə qayıtdın.Qadınlar , “ах ты, какой хoроший мальчик!” deyib, arxada əyləşdilər.Adımı soruşdular. Bilmirəm, dedim, ya yox. Salona kəskin ətir iyi doldu.(Anamdan belə iy gəlməzdi).Kişiyə nəsə verdin, o da uzaqlaşdı.On dəqiqədən sonra “Çinar” restoranının qarşısında saxlayıb arxa qapıları açdın, qadınların qolundan tutub düşməyə kömək etdin, gülərək , rusca nəsə dedin, onlar da gülüşdü, söyüdlükdə masa sifariş verdin, oturduz. Bunları maşından izləyirdim, çünki məni unutmuşdun. Yaxşı ki, qadınların bəstəboylusu məni göstərdi, heç yaxın da gəlmədin, əl edib çağırdın.Balıq kababı sifariş etmişdilər. Konyak da. Qəribə o idi ki, “nazirlikdə işləyirlər” dediyin , tanımadığım bu qadınlarla çox yaxın idin. Söhbətinizdən bir şey anlamasam da, anamla , belə danışdığını heç vaxt görməmişdim. Utandığımdan pörtdüm, başımı aşağa salıb gözlərimi qıçlarımın arasından masanın altına zillədim. Sənin, o yad qadınların qəhqəhələri başımda çatlayırdı.
Qadınlar konyak içirdi. Mənə limonad süzsən də boğazımdan keçmirdi. Bir tikə balığı da güclə yedim. Siz elə iştahayla yeyirdiz ki!
Hesabı verib duranda evimizə qayıdacağımızı düşündüm. Sən isə mikrorayonda beşmərtəbəli evin qənşərində saxladın. Qadınlar düşən kimi , “ beş-on dəqiqə gözlə, qayıdıram” dedin, sanki qaçacağammış kimi qapıları qıfıllayıb onların dalınca getdin. Sən ,on dəqiqəyə yox, bir saata , bəlkə, iki saata qayıtdın. Mən tualetə getmək istəyirdim. Bir ara qovrula-qovrula dözdüm.Moskviçin dəmir məngənəsində əsir olmuş uşağın belə ağrıya tab gətirməyi mümkün deyildi ;islanmış şalvarımdan süzülən sidiyimdən balaca gölməçə yarandı. Döyməsən də, danlağından qorxub onu nəyləsə qurutmaq istəyirdim ki, sən gəldin.Qapını açıb oturanda mən, balaca əllərimlə “cinayətimi” gizlətməyə çalışdım.Hələ soyumamış sidiyin iyini hiss edəndə mənə yazığın gəlmək əvəzinə , “ay fərsiz oğul, beşcə dəqiqə dözə bilməzdin?” dedin. “Beş dəqiqə yox, iki saat dözdüm”- deyə bilmədim. Ağladım. Məni ayağının altına salıb təpikləsəydin , ondan yaxşıydı!..
Hava qaralanda evimizə çatdıq. Düzdü, bazar günləri nazirliklərin işləmədiyini , gombul xalalarla yeyib –içib sonra hara, niyə getdiyini yetkinlik yaşıma çatanda anlasam da, hər bazar günləri nazirlik adıyla evdən çıxanda , heç də anamdan gözəl olmayan o qadınlar gözlərimin qarşısında dururdular və mənim anama yazığım gəlirdi...

***
Beş yaşlı oğlumla bulvarda gəzirdik. O, yoruldum deyib boynuma minməyini istədi. Əvvəlcə onu qollarımın arasına alıb dövrə vurdum, sonra boynuma mindirib toppuş ayaqlarını sinəmə sıxdım.O , boynumu elə qucaqlamışdı ki! Bulvardan çıxıb Funikulyora sarı gedirdik. Birdən çiynimdə, sinəmdə qəribə istilik hiss edib dayandım. Uşaq , şalvarını islatdığından xəbərsiz idi. Onu yerə qoyub üzünə baxdım ; pörtüb , turp kimi qızarmışdı. Heç nə olmayıbmış kimi bağrıma basmasaydım , yəqin ki zar-zar ağlayacaqdı .
-Hər şey yaxşıdı,-dedim.-Bilirsən...bilirsən, gəl sənə bir sirr açım, amma ikimizin arasında qalsın, bildin? Hə, mən də uşaq vaxtı şalvarımı islatmışdım axı, özü də atamın maşınında... Həm şalvarımı, həm də təptəzəcə maşınını batırmışdım...İ nanırsan?.. Onda...atamın heç vecinə də gəlmədi, məni öpdü, kişinin başına iş gələr, dedi...İnanırsan?! Bax belə demişdi...mənim atam...
Mənim uydurduğum bu yalanım ona təsəlli verdi, özümə əzab.Əsas oydu ki, o, gülümsədi. Heç beş dəqiqə keçmədi, unutduq hər şeyi .
İkimiz də necə xoşbəxt idik!







Baxış sayı - 1 671 | Yüklənmə tarixi: 21.02.2017 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031