Könül buz bağlayıb, buzlaq yeridi...ŞEİRLƏR |MANERA.AZ

AFİQ MUXTAROĞLU
***
Könül buz bağlayıb, buzlaq yeridi,
İstisi şeirimə-sözümə çatmır.
Eşikdə qıy vurur yanvar soyuğu,
Nə olsun bu hava könlümə yatmır.
Asılıb könlümdən sükutun buzu,
Qıy vurur eşikdə, ulayır sazaq.
Qələmin ucunda donur misralar,
Ay şeir istəyən, bəs necə yazaq?
Üzünü göstərib utancaq qız tək,
Hərdən soyuq-soyuq gülümsəyir Ay.
Boyat misraların soyuqluğundan,
Çoxdan buz bağlayıb qabağımda çay.
Qoparmı qələmdən soyuq misralar,
Taparmı yerini kağızın üstə?
…didirəm könlümü soyuq havada,
Yamanca düşümüşəm yazığın üstə...
***
Nə gəlir başıma dilimdən gəlir,
Dillənsəm davadı, dinsəm davadı.
Gedib qayıtmasam, axtaran olmaz,
Qayıtsam davadı, dönsəm davadı.
Dilimi dişimlə sıxmışam daha,
Özümü təntidib, yıxmışam daha,
Mən yolun sonuna çıxmışam daha,
Gizlənsəm davadı, dansam davadı.
Səsimi içimdə qısıram olmur,
Danışıram olmur, susuram olmur,
Barışıram olmur, küsürəm olmur,
Buzlasam davadı, donsam davadı.
***
Bir az dadmaq dodağıyın dadını,
Bir az udmaq nəfəsiyin odunu,
Dönə-dönə pıçıldamaq adını, –
Nəfsim yanmış görsən nələr istədi.
Bəxt təpinib, yaman durur qəsdimə,
Çarə eylə üşütməmə, istimə,
Gəlib sərsən tellərini üstümə,
Görmürsənmi canım ölmüş xəstədi.
Sənsiz ürək ya odlanar, ya yanar,
Qəfil gəlmə sevincindən dayanar,
Dayandısa bir də çətin oyanar,
Gəl, gör əlim ürəyimin üstədi.
***
Düşünmə eləcə bir tikə ətdi,
Ya daşdı bir qırıq – sınar da, sınar.
Ayrıdı ürəyin məqamı, xanım.
Ürək sındıranı el-aləm qınar.
Sındırsan çatları çıxacaq üzə,
Belə davranmazlar ürəklə, xanım.
Ağlayan ürəyin istəyi ayrı,
Kiridə bilməzsən çörəklə, xanım.
Gəl qopar köksümdən yaxşısı budu,
Içmə qətrə-qətrə, içmə qanını.
Kaş qolaylayasan yalama bilib,
Biryolluq alasan bəlkə canını.
...könlündən keçirsə qoy düşsün elə,
Qoy düşüb qırılsın ürəyim yerə.
Qoy mən məğlub olum, sən də ki qalib,
Qoy dəysin eləcə kürəyim yerə..
***
Bir anın içində baş verir hər şey,
Baxırsan bir anda yıxılır adam.
Göz yumub açınca açılır güllə,
Sonra da deyirlər səhv olub edam.
Bir göz qırpımında oxunur hökm,
Bir anda qurulur dar ağacları.
Qış qəfil haqlayır adamı, qardaş,
Bir anda quruyur nar ağacları.
Bəyaza bürünür bir anda torpaq,
Yazılır bir günün bəxtinə bəyaz.
Ətrini köksünə çəkdiyin gülü,
Bir anın içində soldurur ayaz.
Qəfildən haqlayır adamı axşam,
Adamın üstünü kəsdirir qəfil.
Oluma bir anda başlamadınmı?
Ölüm də bir andı, ey dili-qafil.
***
Könül süfrədimi hər gələn baxa,
Baxıb küllüyünə çata qaşını;
Baxıb əyləndirə könlünü bir az,
Unuda dərdini, qata başını.
Könül süfrədimi sərəm ortaya,
Kədəri görünə, qəmi görünə?
Üzdən bilinərmi yüz baxsın naşı,
Işləyib kədərin kökü dərinə.
Könül süfrədimi deyirsən aç-tök,
Örtülü saxlana gərək bu andır.
Olanı danışsam çatarmı ömrüm?
Ömür də çox qısa – cəmi bir andır.
...Yerin yeri bəlli – bax, göyün altda,
Bilən varmı, adam, göy nəyin altda?..
Könül süfrədimi açam görünə,
Görünə hər dərdim köynəyin altda.
***
Bu dünya de məndə ağılmı qoyub?
Sən məndən hələ də ağıl umursan.
Etibar etmirəm ağlıma daha,
Sən məndən yenəmi nağıl umursan?
Bilinmir deyirəm behim-bazarım,
Birtəhər adamam, qoy deyim, canım.
Gizlənsən yaxşıdı uzaqlarında,
Gizləsən yaxşıdı özünü, xanım.
Canım od püskürüb, atəş yağdırır,
Özünü odumdan, közümdən qoru.
Ya çıxar gözümü, ov, qoy ovcuma,
Ya gizlə özünü, gözümdən qoru.
Mən oda salıram adamı, xanım, –
Boynuma alıram özüm suçumu.
...Yelimə uçursan bilirəm orda,
Axtarır əllərin hələ saçımı...
***
Kəsib dörd yanımı tənhalıq yenə,
nə vaxtdı qalmışam əlində əsir.
Yel vurub, yengələr oynayır elə,
Köksümün altında ürəyim əsir.
Könlümü yolunda atəşə verib,
Bir qara sevdadan, eşqdən gəlirəm.
Qıraqdan baxan da elə bilir ki,
Saraydan düşürəm, köşkdən gəlirəm.
Könlümün ağrısı üzümdə qırış,
Könlümün acısı dilimdə sözdü.
Gendən baxan yazıq nə bilsin, adam,
Ürəyim nə qədər yüklərə dözdü.
Nə gözəl görünür gözümə daha,
Nə də vaxt tapıram baxam çirkinə.
Bilmirəm könlümü nə vaxt batırdım,
Zamanın kirinə, vaxtın çirkinə?
***
Boranamı düşüb, qaramı düşüb,
Köksümün altında qışdımı, nədi?
Çırpılıb köksümə az qalır çıxa,
Çırpınan köksümdə quşdumu, nədi?
Səhərdən axşama döyür sinəmi,
Bircə an dayanmır, heç ara vermir;
Yoruldum demədən işləyir elə,
Haraya daşınır, köç ara vermir?
Köksümün altında davamı düşüb,
Köksümə sancılan oxdumu görən?
Fasilə vermədən döyünür elə,
Başqa işi-gücü yoxdumu görən?
...Bilmirəm köksümdən necə çıxarım,
Hər yanı götürüb yenə harayı.
Köksümün altında dustaqdımı ki?
Bayıra çıxmağa yol-iz arayır...
***
Könlümün ürgəsi çıxdı cilovdan,
Yenə dəmə qoydum xəyal plovu.
Tonqal qalamışam köksümdə yenə,
Qorxuram vuracaq üzə alovu.
Yenə üz tutmuşam xatirələrə,
Keçmişin yolunu tutub gedirəm.
Atım-atım edib yaddaşımıı mən,
Keçmişi yun kimi çəkib, didirəm.
Ömrün ucqarına gedib çıxmışam
Eşqin ilkinimi axtarır gözüm?
Gənclik havasına köklənən canım,
Guya dərdlərinə tapacaq çözüm.
Ömrün o başından gəlsə yanıma,
Görünsə gözümə eşqin nübarı;
Görən dəyişərmi ömrümdə nəsə,
Gedərmi könlümün acı qübarı?
...Keçmiş illərimin dolanbacında,
Çaşıram sağımı, solumu artıq.
Çəkib cilovunu xəyal atımın,
Salmışam geriyə yolumu artıq...
***
Basdırma eylədik eşq atəşini,
Küllədik üstünü, örtdük üstünü.
Güc-bəla ram edib saldıq qəfəsə,
Öldürdük alovu, odu, istini.
Gizlədik hamıdan eşqin odunu,
Biz bir-birimizə top atdıq elə.
Basdırma eyləyib neçə il qabaq,
Könül evimizə qapatdıq elə.
Kül altda odumuz külləmə oldu,
Qalarmı bu vaxta görən közümüz?
Gömdük könlümüzə qazıb qəbrini,
Ölüm fərmanını yazdıq özümüz.
Üstünü külləyib, gizlədik kimdən,
Qara gün üçünmü qoruduq onu?
...Hər adam eşqinə yağı kəsilir,
Beləcə bitirmiş hər eşqin sonu?..
***
Zülmət çöküb, gecədi
Görən saat neçədi?
Halın-günün necədi,
Dəlim, dəlindən ayrı?
Sənin əlin neynəyir?
Mənim əlim göynəyir,
Geyinib dərd köynəyi,
Əlim əlindən ayrı.
Gözüm hələ yol çəkir,
Gecə uzun – il çəkir.
Imza atır, qol çəkir,
Yolum yolundan ayrı.
***
Bir ev imiş ikqatlı,
Birdi üstü, birdi altı,
Mən piyada, dünya atlı,
Hərlənirəm hərləndikcə.
Əlim-ayağım güməşir,
Sönür könlümün günəşi,
Mən yazıq kimə gənəşim,
Bu şər vaxtı şərləndikcə?
Sinəmdəki acı göynək,
Qövr eyləyir, olsun neynək,
Ötən günlər kirli köynək,
Soyunummu kirləndikcə?
***
Harada itdi darağım,
Saçımı yellər daradı;
...Alnıma nədir yazılan? –
Oxunmur cızma-qaradı.
Boşuna yorub özümü,
İtirdim niyə vaxtımı?
Oxuyan-bilən olmadı,
Qınadım qara baxtımı.
yazılan nədi göstərdim,
rast gəldiyim hər yolçuya;
dedilər: çətin yazıdı,
lap apar, oxut falçıya.
...Oxunmur, canım, yazdığı,
Deyəsən, gecə yazılıb?!
Çağırın, yazan oxusun,
Bu yazı necə yazılıb...
***
Bu günün yağışı sabah xatirə,
Sabahın günəşi arzudur hələ.
Günəşin çıxmağı dəqiq ha deyil,
Könüldü eləcə fərz edir hələ.
Hələ ki, nəğd olan yağışdı elə,
Yağdıqca könlümü yuyur, paklayır.
Behi-bazarı yox, yağır durmadan,
Harada dayansam gəlib haqlayır.
Axtarır hər yanda günəşi gözüm,
Gözümdü göylərdə günəşi gəzən.
Yağışdan bezəndə gözlərim inan,
Günəşi axtarır, günəşi bəzən.
Çıxmır qismətimə hər deyən günəş,
Taleyimin payıdı, bu yağan yağış.
Gəl deyir arxadan qaranlıq dərə,
keçməyə yol vermir yöndəmsiz yoxuş.
***
Yaxşı bax, ay adam, qoyma gözündən,
Qalıbdı yanında bax, yarı canım;
Yarsını sən öldür, yarı can qalım,
Qoy batsın arada, qoy batsın qanım.
Canımın yarsını unudub bir vaxt,
Yanında qoymuşam, arada yoxla;
Can mənim olsa da, sənindi fərman,
Istəsən boğ öldür, istəsən oxla.
Məni öldürməyə əlinmi gələr? –
Ha durub gözləyim, döyüm gözümü.
Bilirəm sən mənə qıyan deyilsən,
Yüz dəfə öldürəm elə özümü.
...Onsuz da mənimki belə gətirib,
Canından keçmişin biriyəm axı.
Mən özüm almışam canımı burda,
Bilirəm yanında diriyəm axı...
***
adımı dilindən qoymaydı payız,
mənim adım oldu hey hecalanan...
qış imiş dayanan qapı dalında,
deyirəm gözümdü alacalanan.
payız məni qışa tapşırıb getdi,
əlində qalmışam mən qışın indi.
yeriyir dörd yandan qarı-çovğunu,
tutubdu hər yanı min qoşun indi.
yaxamdan yapışıb buraxmır məni,
qırovu dondurur neçə həftədi.
kefini çəkirsən, ay arsız canım,
soyuğu müftədi, qarı müftədi?
...mən yaxşı bilirəm işimi daha –
mən gərək hər şeyi daşdan çıxaram.
deyəsən, könlümü verdim soyuğa,
çətin ki, könlümü qışdan çıxaram.
***
Kədərin küləyi düşdü dalımca,
Yetirib özünü, sırıdı, neynim.
Sən mənim başımı burax, qadası,
Açılmır kədərdən, açılmır eynim.
Kədərin saçını kəsə bilmədim,
Gödəldə bilmədim uzun boyunu.
Yaxamı nə qədər çəkdim qırağa,
Gətirdi başıma yüz cür oyunu.
Çəpəri qüssədən, qalası qəmdən,
Içimin təpəri yenəmi bilər?
Sevincin dilində qıfıla dönüb,
Biçarə lal olub, dinəmi bilər?
...Girdi qılığıma bilmirəm nə vaxt,
Könlümdə özünə bir yuva qurdu;
Daha dörlü olub, qovsam da getməz,
Şenlənir günbəgün binəsi-yurdu...
***
Qaş-qabağı tökülü,
Tutulubdu göy nədən?
Küləyinmi səsidi,
Məni belə göynədən?
Göyün könlü sökülüb,
Kim oturub tikəcək?
Dindirmədim,.. bilirəm,
Himə bənddi, tökəcək.
Göyün payız payıdı,
Yağış-yağmur qoxusu.
Yarpaqların canında,
Qopub düşmək qorxusu.
Gəldi göyün çiskini,
Səsi çıxdı yağışın.
Bürünmüşdüm sükuta,
Daha durum, yığışım.
Kövrəlibdi göy nədən,
Kövrəlməyin yerimi?
...Yaman tutdu yağışı,
Ayaqlarım yerimir...
***
Şükür hələ Ay da batır,
Gün də çıxır şükür hələ.
Başım hələ üstümdədir,
Öldürməyib fikir hələ.
...Görüş yeri yeldöyəndə,
Tel didilir, saç yolunur.
Şükür hələ yağan yağış,
Yanılmayır öz yolunu.
Gözüm yenə yolçəkəndi,
Bəxt yolummu çözələnir?
Şükür gündə bir dərd tapıb,
Ömrüm-günüm təzələnir.
Şükür yenə yuva qurdum,
Gölməçədə, göl yerində.
Şükür, Tanrım, durur hələ,
Yer yerində, göy yerində.
MANERA.AZ