manera.az
manera.az

Qərib dağların quzeyi - Anam üçün

Qərib  dağların quzeyi - Anam üçün
Yaşar Bünyad

QƏRİB DAĞLARIN QÜZEYİ

(Romandan bir parça)


Qonaq otağımızın divarındakı qara çərçivəyə salınmış iri portretə gözucu baxanda belə quruyub yerindəcə qalırdın: Dipdiri Stalin! Damarda qan donduran zəhmli baxışı, oxunası mümkün olmayan sirli , bir az da zəhərli təbəssümü adamda elə vahimə, qorxu yaradırdı ki !..Onda balacaydım.Gizlətməyəcəm onu ilk görəndə şalvarımı islatdığımı.Yazıq anam, rəngi solmuş taxta döşəmədə sidik gölməçəsini görəndə nədənsə , ağız büzsı də, mənə əsəbiləşməmişdi, atasının, əmisinin qatilini (Stalini) lənətləyərək onun portretini evə gətirən atamın qarasına o ki var deyinmişdi .Hə, bir də , o gündən, biz qorxmayaq deyə,atam evdə olmayanda (o səhər gedib evə axşamlar gələr, çox vaxt bazar günləri də evdə tapılmazdı), portretin üzünü nimdaş yaylığıyla örtər, atam gələnə yığışdırardı və hər axşam o nimdaş yaylığın arxasında “gizlənmiş” Stalin divardan çıxıb otağımıza soxulardı.

Portretin aşağı künclərində ana babamın, nənəmin, müharibədə itkin düşmüş əmilərimin balaca, əzik-üzük şəkilləri pərçim edilmişdi.Aşağıdan baxanda adama elə gəlirdi ki, Stalin, bu repressiya qurbanlarının , heç qara kağızı da gəlməyən itkin əmilərimin balaca şəkillərini orden kimi sinəsinə taxıb və bununla qürür duyur!
Atamızın zəhmindən çox onun varlığı rahat nəfəs dərməyimizə imkan vermirdi.Sanki evimizdə gözəgörünməz , qəzəbli ruh məskən salmışdı.Bəzən mənə elə gəlirdi ki, o, gecələr çərçivədən çıxır, oğrun-oğrun qaranlıq otaqları gəzir, necə yatdığımıza, hətta, hansı yuxuları gördüyümüzə nəzarət edir! Nədənsə, təkcə talonumuza düşən daş kimi qara kərpic çörək qarnımızı doyurmayanda bu ruh yoxa çıxırdı və bu , neçə illər davam etdi. Atam demiş, ONUN hər yerdə qulağı var !Amma bu haqda nəinki danışmaq, heç düşünmək belə mümkün deyildi.Hamının əvəzinə O düşünür, qurduğu ölkəsini, yaratdığı dünyasını öz bildiyi kimi idarə edirdi deyə, hamı düşünmədən başını aşağı salıb işləyir və xoşbəxt yaşayırdı.
Böyük bacım ahənginə, məzmununa uyğun gəlməyən tərzdə, əzilə-əzilə, Səməd Vurğunun “Rəhbərə salam” şeirini oxuyanda üzünü portretəsarı çevirmirdi, çünki üzünü çevirən kimi dili topuq vurur, Onun zəhmindən əzbər bildiklərini unudurdu.Sonralar , Stalin ailəmizin bir üzvünə çevrildikcə mən böyüyürdüm, daha ondan qorxmur, əlbət ki, şalvarımı da islatmırdım ...
Bir gün... O, öldü ! Heç kim inanmasa belə...
Qəribədi, bütün ölkədə onun heykəlləri, nəhəng portretləri qurulduğu kimi də sürətlə məhv edilib, adını çəkmək belə yasaq olub, ancaq atam , bu portreti çıxarıb tullamırdı. Heç olmasa gizlədə bilərdi...
Anam neçə dəfə demişdi ki, özün dövlət qulluğundasan, kommunistsən, qorxmursan kimsə çatdırar yuxarılara? Onda halımız necə olar, bilirsən? Onlar cəhənnəm, heç olmasa özümüzünkülərin narahat ruhuna hörmət elə?!
Atam isə heç kimə məhəl qoymadan evimizin köhnə “sakinini” yerindən tərpətmirdi ki, tərpətmirdi.
Ancaq bir gün məktəbdən qayıdanda qonaq otağında kiminsə, daha doğrusu, nəyinsə çatışmadığını hiss etdim.Bütün otaqları ələk-fələk eləyirdim ki, anam təlaşımı duyub gülümsədi, divardakı boş yeri göstərib soruşdu:
-Onu gəzirsən?
“ Həə” deməyə imkan tapmamış o, boynumu qucaqlayıb məni həyətə apardı, qurumuş alça ağacının altındakı ocaq yerində tüstüləyən qara çərçivəyə baxa-baxa:
-Od vurdum ona!-dedi.-Mənim də gücüm buna çatdı...
İlk dəfəydi anamı belə xoşbəxt görürdüm.
Portret yanıb külə dönsə də, qara çərçivə hələ də tüstülənirdi. ONDAN əsər-əlamət belə qalmamışdı. Közü tüstülənən çərçivəni hirslə ayaqladım.Acı tüstü gözlərimi ovurdu.Sanki bu , Onun ruhuydu və havaxtsa dönmək üçün göylərə qalxıb gözdən itəcəkdi.
Sonradan anlamışdım ki, anam , təkcə, portreti divardan çıxarıb yandırdığına görə deyil, nəhayət ki, özündə güc tapıb atamın hegemonluğuna qarşı çıxdığından, ona üsyan , bəlkə də müharibə elan etdiyindən xoşbəxt idi. Əfsus ki, onda qürur hissi doğuran bu üsyan gözlədiyi inqilabı doğurmadı; atam evə gələndə , portretin boş qalmış yerinə gözucu nəzər yetirdi, heç nə olmayıbmış kimi otağına keçərək yuxuya getdi.
Bir yaz yağışından sonra döğan , körpə qəlbimi riqqətə gətirən rəngarəng göy qurşağı kimi göründü və yox oldu anamın xoşbəxtliyi. O gündən ta evimizi tərk edənəcən onu sevinən, gülüb –danışan çox gördüm, amma “od vurdum ona!” deyərkən işıq saçan gözlərində , lalə kimi qızarmış yanaqlarında , yarıaçıq dodaqlarında oynaşan xoşbəxtliyi heç vaxt duymadım. Çünki həmən gün atamdan üsyana qarşı üsyan gözləyirdi. Stalinin yanmış portretinə görə dava-dalaş salmağını istəyirmiş ki,o da nəhayət illərlə içində boğduğu kinini üzə çıxarsın, ürəyini boşaltsın...Bəlkə də portretə yox, atamın ona qarşı olan biganəliyinə, soyuqluğuna , xəyanətinə münasibətiydi “od vurdum ona” ?!...
Bu , illərlə yığılıb qalmış nifrətin doğurduğu kiçik partlayışa bənzəyirdi. Anam indiyə qədər neçə xəyanətə göz yummuşdu, bilmirəm, amma iki il əvvəl atamı yaxından tanıyanda , anama , doğrudan da yazığım gəlmişdi.
Doqquzun içindəydi yaşım. Anam , iki məhəllə aşağıda yaşayan xalamgilə göndərdi ki, get, xalan alça turşusu verəcək, tez gətir, qovurma bişirirəm, turşum qurtarıb, atan da turşusuz qovurmanı dilinə vurmaz.Belə xırda iş dalınca böyük bacımı yollayardı həmişə.Amma gec idi, qış olduğundan hava tez qaralmışdı, həm də atamdan sonra evin başıpapaqlısı mən idim axı?!
Qulaqlı papağımı başıma qoyub gödəkcəmi geydim, yolda sürüşüb yıxılmayım deyə rezin sapoqumu ayağıma keçirdim.Doqqazdan təzəcə çıxmışdım , anam dalımca səsləndi ki, küçə qaranlıqdı, itlərdən özünü gözlə.Əlcəklərimi taxmamışdım, geri qayıtmağa ərindim, amma ac küçə itlərindən qorunmaq üçün küçə qapımızın küncünə söykədiyim çomağı götürdüm. Belə şaxtalı havalarda çomaqla buzu şappıldatmağa adət etmişdim . Sanki qorxunu qovurdum...
Tinimizi təzəcə dönmüşdüm, Piri əmiylə rastlaşdım. Yenə də kefliydi. Qaranlıqda paltosunun ciblərini eşələyir, nəyisə axtarırdı. Bütün məhəllə Arizə müəlliməyə hörmət edib ona “alkaş” deməzdi.Böyüklərdən eşitmişəm ki, içməsə, quzu kimidi, heç kimlə işi olmaz. Sərxoş adamlardan zəhləm getdiyindən cınqırımı çıxarmadan ötüb keçmək istədim. Piri əmi məni tanıyıb salam verdi. Pərt oldum.Bu dəm, iki-üç it hürüşə-hürüşə ona yaxınlaşırdı. Çomağımı havada fırladıb “ay it, rədd ol!” deyə çığırdım.Piri əmi gülümsədi, əyilib qartopu düzəltdi, onlara tulamazladı, “sən yolunnan qalma,gejdi, olar məni tanıyır” dedi.Doğrudan da, itlər mırıldayıb uzaqlaşdılar.
Yubanmadan xalamgilə götürüldüm. O, qapı ağzında məni gözləyirmiş, əlində də qəzetə bükülü turşu qurusu. Üşüyürdüm, hal-əhval tutmağa həvəsim yox idi. Bükülünü götürüb geri qayıdırdım, Arizə müəllimənin qəzəbli səsini eşidəndə yerişimi yavaşıdım:
-Dünya dağılmadı ki, açıraaam...Sındırma qapınııı !
Sən demə ,bayaqdan ,Piri əmi,nə illah eləyib açarı qıfılın deşiyinə sala bilmədiyindən taxta qapını döyəcləyir, hey deyinirdi:
-Bu xarabanın qapısını ...niyə qıfıllamısan axı?...Aççç!..
Ürəyimdə onun halına gülsəm də, yazığım gəldi kişiyə. Özümə bərk-bərk söz verdim ki, böyüyəndə, dünya dağılsa da o zəhrimarı içmərəm!
Arizə müəllimə qapını açıb ərini içəri buraxandan sonra, nədənsə, başını qaranlıq küçəyə çıxarıb oğrun-oğrun ətrafa baxdı ,elə qapını arxasınca örtmüşdü ki, küçəyə baxan pəncərə açıldı.Soyuq iliyimə işləyir, ayaq barmaqlarım gizildəyirdisə də, maraq məni durdurdu. ”Pəncərəni bu soyuqda kim açmış ola? Axı Piri əmigilin uşağı yox idi, özü də həyətə indicə girmişdi.Bəlkə oğru-zaddı?” Bunu fikirləşirdim ki, pəncərədən iri gövdəli bir kişi guruppultuynan pəncərənin altındakı kolluğa tullandı , zarıltısından hiss etdim , deyəsən bərk əzilmişdi.
Qorxumdan elə qaçırdım ki, havaxt evə girdim, xəbərim olmadı. Rəngimin ağardığını görən anam məni bağrına basdı, qəzet bükülüsünü əlimdən alıb bacıma verdi, sapoğumu çıxardıb barmaqlarımı ovmağa başladı.
-Can bala,-dedi,- itdən qorxmusan?.. Donmusan ki?!..Gərək , mən canıölmüş,özüm gedəydim...Uffff...Keç peçin böyrünə, qızın...
Balaca bacım corablarımı çıxardı. Odun peçinin istisi vurduqca bədənimin keyi gedirdi. Birdən qapı açıldı.Gələn atam idi.Adətən o içəri girəndə, anam ona yaxınlaşmamış balaca bacım üstünə cumar, atam da onu qucağına götürüb “mənim şeytan qızım” deməyincə yerə düşməzdi.Bax, sonra hamımızın keyfini soruşar, dərslərimizlə maraqlanar,anamdan onu incidib-incitmədiyimizi xəbər alardı. Amma bu dəfə elə olmadı. Hamımız yerimizdə donub qalmışdıq; atamın sifəti, paltosu, kostyumu, hətta qalstuku da pis gündəydi.Dyəsən bir az axsayırdı da. Anam iki əllli ağzını qapayıb təşvişlə soruşdu:
-Bu...bu nə haldı? Yıxılmısan?...Gör üst-başın nə gündədi, elə bil...elə bil kolluqda eşələnmisən...Keç, keç dəyiş paltarını, yuyun...
O, elə bil anamı eşitmrdi.Tərs-tərs onu süzüb dilucu dedi:
-Sürüşdüm...
Nədənsə, anamın “yıxılmısan?” kəlməsi beynimdə ilişib qaldı və nədənsə, Arizə müəlliməgilin pəncərəsindən tullanan qaraltı gəlib durdu gözümün qənşərində...
Birazdan anam atamın paltosunu gətirib böyük bacıma verdi ki, itburnu tikanları doludu üstündə, təmizləsin.
Səhəri dirigözlü açdım və bütün gecəni allaha yalvardım ki, nolardı, orada itburnu-zad olmayaydı!.. Hava açılar-açılmaz geyinib evdən çıxdım. Beş dəqiqədən sonra Arizə müəlliməgilin pəncərəsinin altındakı əzilmiş qızılgül kolunun qənşərində dayanmışdım.
O gün ilk dəfə bildum ki, ürək necə ağrıyarmış...

MANERA.AZ






Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930