"Qanun"dan üç müasir türk romanı
Qanun Nəşrlər Evində üç müasir türk romanı çıxıb. Bunlar Hakan Gündayın “DAHA”, Mehmet Mollaosmanoğlunun “CƏNNƏT AYRICI” və Ayfer Tuncun “YAŞIL PƏRİ GECƏSİ” kitablarıdır.
Hakan Günday “DAHA” romanı
Dünyada heç bir insan doğulub-böyüdüyü ailəsini seçməyə qadir deyil. “Daha” romanının baş qəhrəmanı Qəza da başqa bir ailədə, mühitdə doğulsaydı həyatı tamamilə başqa cür ola bilərdi. Amma özünün dediyi kimi: “Atam qatil olmasaydı mən də qatil olmayacaqdım...” Atasının qanunsuz işlərinə alət etdiyi Qəza istəmədən, məcburi şəkildə atasının işlərinə ortaq olur. O da qatil kimi böyüyür və formalaşır. Yaşadığı həyat həm fiziki, həm də psixoloji baxımdan Qəzada dərin yaralar açır...
Roman, Qəzanın həyatının 9 yaşından 24 yaşına qədər olan müddətini əhatə edir. Baş verən hadisələri müəllif baş qəhrəmanın diliylə təsvir edir. Qəzanın başına gələn hadisələri rənglərlə müqayisə edən müəllif, İntibah dövrü rəssamlığındakı dörd prinsipin adlarını romanın müxtəlif hissələrinə başlıq kimi vermişdir. İntibah dövrünə aid olan bu prinsiplərdə rənglər öz tonunu, çalarını necə dəyişirsə Qəzanın həyatında baş verən hadisələr də öz çalarını o formada dəyişir. Qəzanın başına gələn hadisələr rənglər kimi gah buxara çevrilib bir-birinə qarışır, gah qəfildən bir rəngdən tamamilə başqa tonlu bir rəngə keçir...
Kitabın tərcüməsi Nərmin İsgəndərə məxsusdur.
Mehmet Mollaosmanoğlu “CƏNNƏT AYRICI” romanı
Şamanizmin iki müqəddəs elementi var: od və su… Od su ilə söndürülə bilməz, suya od atmaq olmaz. Od torpaqla söndürülür, su oddan uzaq saxlanır. Çünki od Göy üzünün, su isə Yer üzünün ruhudu… Göy üzünün ruhu Allahın, Yer üzünün ruhu isə Allahın yaratdıqlarının bir parçasıdı… İnsan oğlu səcdəyə dura-dura, biət eləyə-eləyə, heyranlıq duya-duya öz acizliyini qidalandırır, beləliklə, içindəki gücü öldürür. Həm də asanlıqla başqa bir gücün təsiri altına düşür. Şamanizm yox olmayıb, yalnız başqa adlar alıb.
Mehmet Mollaosmanoğlunun “Cənnət ayrıcı” romanı insanın öz içindəki gücə tapınması haqqında ağlagəlməz macəralarla dolu olan psixoloji əsərdir.
Tərcümə Nəriman Əbdülrəhmanlıya məxsusdur.
Ayfer Tunc “YAŞIL PƏRİ GECƏSİ”
Ayfər Tuncun bu romanı müasir dövrümüz haqqındadır. Romanda hadisələr gözəlliyini zəhərli sərmayə kimi istifadə edən gənc xanımın həyatdan intiqam almaq üçün soyunmağıyla başlayır. “Yaşıl pəri gecəsi”. Modern cəmiyyətin ikiüzlülüyünə, adət-ənənələrin, vərdişlərin vəhşiliyinə qarşı mübarizə aparan, hər şeydən xəbəri olan, buna görə də əzab çəkən bir qadının, anasıyla yola gedə bilməyən qızın hekayəsini oxumaqdan doymayacaqsınız. Bu əsəriylə ölkənin elit təbəqəsinin, orta sinfin can verən insanlarının üzləşdiyi qorxulu karnavaldan danışan müəllif cəmiyyətin və fərdin ruhunu bütün xırdalıqlarıyla qələmə almaqla, güclü təsvirləriylə Türkiyənin çürüyən tərəfinə ayna tutur.
Tərcümə Arzu Həsənliyə məxsusdur.