Ölü var ki, hörməti yox

Leyla Əfqan
Əfəndim, öncəliklə salam dualarımı qəbul ediniz. Və icazənizlə başlamaq istərdim bugünkü söhbətimə. Nağıl dili yüyrək olar.
Bizdən əvvəlkilər yaxşı deyiblər ki, “bir olana çarə yoxdur, bir də ölümə”. Əfəndim, sizlərə ömür, bu yaxınlarda biz tərəflərdə hüzür düşdü. Əzrayıl qardaş döydü qohum qapılardan birini, daxil oldu içəri, oldu dəvətsiz müsafir. Bir neçə saat oturdu, evdəkilərdən də hal-əhval tutdu. Hərləndi, fırlandı, qalxdı, oturdu və daha sonra nə oldusa, “dəvətsiz qonaq çox oturmaz” deyib bir də təzədən ayağa qalxdı ki, tərpənib yola düzəlsin. Başına döndüyüm gedərkən ev yiyəsindən birini də aldı apardı özü ilə.
Haşa! Əzrayılla bir işimiz yoxdur. Məlumdur ki, o da əmr quludur. Yenə də siz bəndələrin icazəsinə sığınır, hadisənin detallarına baş vurmaq öhdəliyindən özümü azad edirəm. Əfəndim, istərdim ki, sizlərə olub-bitmiş hadisənin gərək və lazım bildiyim məqamını əxz edəm.
Məqam gəlib çatdı, hüzür yerinə baş çəkməyə. Az getdik, üz getdik, dərə təpə düz getdik, gəldik, çatdıq çadırın qurulduğu, mərasimin başladığı, əzrayılın da daha əvvəl qonaq olduğu məkana. Qare, Həzrət Abbasa and olsun, yediyim çörək mənə qənim kəsilsin ki, əgər sizlərə yalan-palan nəsə deyirəmsə. Elə yol boyunca göz yaşlarımızı hərbə-zorba, güc-bəla ilə dişləyib durmuşduq ki, bu dəm düz önümüzdə mərhumun arvadı gəldi durdu.
Əfəndim, qadın dediyin bir içim su. Afəti-dövran. Yanınca da 2 körpəcə-birinin 6, birinin isə 3 yaşı olardı-qızı anlarının ətəyindən dartışdırıb yorucu bir ahənglə mızıldanırdı. Rəhmətliyin xanımı bizi qarşıladı və biz də onunla bərabər daxil olduq içəri.
Vallah, biz özümüzü pisə hazırlamışdıq, nə yalan deyək. Lakin nə düşündük, nə oldu. Qadının sanki əri deyil, qonşusunun qohumu canını Allaha tapşırmışdı.
Tanıdığım qədər ilə mərhumun xanımı təbiət etibarilə də çox şən və zarafatcıl qadın idi. Düşünürdüm ki, o təbiətdə insana həyat bu cür vəfasız oyun oynayıbsa, gör indi qadın nə halda, nə vəziyyətdədir Allah bilir. “Pərpərişandır, yerlə bir olmuşdur” kimi fikir və düşüncələrlə yol boyu mübarizələr aparırdım. Hətta bir məqamda həyatı suçlayaraq onun necə bu qədər iyrənc olması haqqında beynim və ürəyim arasında gedən dialoqa qulaq asarkən valideynlərimlə gizlən-qaç oynayırmış kimi göz yaşlarımı onlardan gizlətməyə çalışmışlığım da olmuşdu.
Fəqət qarşımızdakı mənzərə heç də mənim öz-özümlə apardığım mübarizə kimi ədalətli görünmürdü. Az qalsın, gərəksiz yerə üzülmüşəm deyə üzüləcəkdim də.
Başda gördüyüm səhnə mənə qəribə gəlmişdi. Lakin irəliləyən dəqiqələrdə vəziyyətə hakim kəsildim.
Düzdür ki, ölünün arxasıyca danışmazlar. Günahı da, savabı da öz boynuna. Amma vəziyyət o yerdədir ki, mən hətta danışmaqla da kifayətlənə bilməyəcəyimi anlayıb onu bir də qələmimin mürəkkəbinə axıtmağı da lazım bildim özümə. Ki, baxıb görəsiniz ki, dünya anam xislətindən asılı olmayaraq görün, kimlərə necə qahmar çıxa bilir.
Deməli, rəhmətliyin-məkanı cənnət olsun- ayıq vaxtı olmurmuş. İçkisiz bir günü keçmirmiş. İçki ilə böyük bir sufiyanə eşq yaşayırmış dediklərinə görə. Sanki o içmir, Allaha ibadət edirmiş kimi içkini belə uca və qurban olduğum kimi dəyərləndirib ondan get-gedə asılılığını daha da artırırmış. Bəs dərd harasıdır?
Dərd orasıdır ki, içib orda-burda yatmağa, özünü rəzil, rüsvay etməyə öyrəşən bu adəm oğlu arvadını da gün üzünə həsrət qoyrmuş. Nə zaman ki, ağlını içkiyə tapşırar (ümümiyyətlə onun ayıq vaxtı olmurdu) yoldaşını da 2 qızının gözləri önünüdə eşşək sudan gələnə qədər döyərmiş.
Nə övlad kimi övlad, nə ər kimi ər imiş. Valideynləri də bir xeyli yığmışdı bundan cana. Amma haqqını yeməyək, ata kimi gözəl ata olubmuş rəhmətlik söylənənlərə görə. Di gəl ki, arvadının sözünə qüvvət araq sanki bunun kəbinli 2-ci yoldaşı idi. Deyir, “məndən çox araqla yatıb dururdu”.
Elə mərhumun ölüm səbəbi də bu olub. “Sevgilisi” ilə eyş-işrət vaxtı canını tapşırıb. Belə ki, şanssız günlərin birində o qədər içib, o qədər içib ki, yazıq ürək də tab gətirə bilməyib. Elə oturduğu yerdəcə partlayıb.
Fəqət neyləmək olar ki, həyat həm dul qalan qadın, həm də 2 körpəcə qız uşaqları üçün davam edir. Özü dırnaq arası sevgili cananı- içki ilə bərabər qovuşdu Allahın dərgahına. İndi o dünyada sorğu-sualdan necə keçib, nə cavablar verib, xəbərimiz yoxdur. Deyə biləcəyimiz ancaq o ola bilər ki, Allah yatdığı yeri şad, getdiyi yeri behişt eləsin.
Amma acizanə şəkildə Cənabi-Haqdan rica edərdim ki, mənim adımdan ona bu sualı da ünvanlandırsın. Bir halda ki, mərhum cənabımız canını torpağa tapşırıb cavan yaşında, bəs bu geridə öksüz buraxdığı 2 körpə qızının aqibəti nə olacaq?!
Qazandığını da içkiyə sərf edən rəhmətlik sağ vaxtında nə ailəsinə bir ev, nə də yurd edə bilib. Cavan dul qadın 2 körpə qızı ilə qalır onun, bunun evində kirayələrdə.
İndi isə üzümü sizə tuturam, ey insan oğulları! Sizcə bu adama rəhmət düşür, ya yox?! Rəhməti keçdik deyək. O olsun lap bizim insanlığımız, böyüklüyümüz. Hörmət düşür, ya yox?!
Sizcə də qadın haqqlı deyilmi, göz yaşı axıtmamağa, üzülməməyə? Heyif deyilmi, qadının məsumca tökdüyü göz yaşlara?!
Vallah özümü tuta bilməyib, təkbətəkə söhbətdə qəfəsdən quş buraxan kimi mən də sözü ağzımdan buraxıb dedim ki,”elə nə yaxşı ki ölüb. Sənin də canın qurtardı”.
Amma can hara qurtarır e? Hələ dərd-sər indən sonra başlayır. Allahdan o zavallı, tifil, biçarə ailəyə kömək, mərhuma da nə olur, nə olmaz rəhmət diləyir, dəxi söhbətə yekun vurmaq istəyirəm.
Və bugünkü söhbətimə nöqtəni qoymazdan əvvəl üzümü siz kişilərə tutub səslənirəm! Biz nahaqdan sizə kişi demirik, bəylər! Kişi sözünün türkçədən tərcüməsi “adam” deməkdir. Yəni kişi olmağın yolu adam olmaqdan keçir. Hər kim olursunuz, olun sağ ikən özünüzə hörmət qoyun, sağlıqda özünüzə rəhmət oxutdurun, qardaş. Zamanında elə yaşayın bu fani həyatı ki, siz əbədi dünyaya köç edəndən sonra ağlayanınız da olsun. Əmin olun ki, sağlıqda sizin özünüzə qoymadığınız hörməti siz öləndən sonra da kimsə sizə qoyan deyil!