Soyuğun qurbanı olur yarpaqlar.. .- UŞAQ ŞEİRLƏRİ -MANERA.AZ

Manera.Az Rafiq YUSIFOĞLUnun uşaqlar üçün yazdığı şeirləri təqdim edir:
YUXUYA HƏSRƏT ANA
Bala yatandan sonra
Anaya növbə çatır.
Bəs niyə günəş ana
Hamıdan əvvəl yatır?
Yox, günəş ananın da
Yuxu getmir gözünə.
Yatmır, səhər aparır
Dünyanın o üzünə.
GÜNƏŞ NIYƏ BÜTÖVDÜ
–Niyə Ay para olur,
Gün bütövdü həmişə?
–Xırdalanmaq, kiçilmək
Yaraşmır ha Günəşə…
Ona görə bütövdü,
Ona görə uludu.
Şəfəqləri qılınc tək
Parçalayır buludu.
BULAĞIN EVI
Bulağın evinə bax,
Yaraşıqlı, qəşəngdi.
Balaca qapısı var,
Elə bil ki, pətəkdi.
Kimsə girməyib hələ
O qapıdan içəri.
Ordan çıxan bol sudan
Biz doyunca içərik.
Bulağın səxavəti
Kaş ki, hamıda ola.
Qapısına gələni
Əliboş salmaz yola.
Iç, nə qədər içirsən,
Qablarını da doldur.
Qəlbi açıq olanın
Varı, dövləti boldur.
Bulağın damı üstə
Qar yağar, dolu düşər.
Ancaq evinə təkcə
Yağışın yolu düşər.
Gecə-gündüz işləyir,
Yox gözünün yuxusu.
Arı güldən bal çəkir,
O, yağışdan sərin su.
YAYLAQDA
Inəklər otlayırdı
Yaylaqda şirin-şirin.
Onlara baxıb dedi
Bizim balaca Şirin:
–Ata, dağların otu
Nə üçün yumşaq olur?
Inək yaşıl ot yeyir,
Südü niyə ağ olur?
NƏNƏM BÖYÜYƏNDƏ
–Çox yaxşıdı yaddaşı,
Sən bizim Aytənə bax.
Nə deyirəm dinləyir
Gözündə sonsuz maraq.
Tənbəlləri xoşlamır,
Balam zirəkdir yaman.
Ağıllı qız olacaq
Nəvəm böyüyən zaman.
…Nənə nağıl danışır,
Oturmuşuq üz-üzə.
Dinləyib nənəsini
Aytən başlayır sözə:
–Verdiyi tapmacaya,
Dediyi laylaya bax.
Bu nənəm böyüyəndə
Yaman nənə olacaq…
MƏN NƏNƏMIN GÖZÜYƏM
–Mənim gözlərim almır,
Oğlum, sınıb gözlüyüm.
Tez gəl iynəmi sapla,
Paltarları gözəyim.
–Yaxşı, indi gəlirəm…
–Səni çoxmu gözləyim?
Nənəm deyir ki, onun
Ocağının közüyəm.
Iynəsini sapladım,
Mən nənəmin gözüyəm.
GECƏ NƏNƏ
–Laylay, mənim gözəl nəvəm, –
Nənə dinir, səs ucalır.
–Ay nənə, bəs nənələrə
Yatanda kim layla çalır?
–Böyüklərin hamısına
Gecə nənə çalır laylay.
Adamların üzündəki
Yorğunluğu yuyur lay-lay.
–Gecə nənə, gecə nənə,
Sən nənələr nənəsisən.
Bir laylay çal, nənəm yatsın,
Bəs sən nə vaxt dinəsisən?
FƏSILLƏR
A daşdı, daşdı, daşdı,
Qar əridi, su daşdı.
Tumurcuqlandı meşə,
Baş qaldırdı bənövşə.
A yandı, yandı, yandı,
Çöllər nura boyandı.
Az qalır ki, od yağa,
Gərək köçək yaylağa.
A düşdü, düşdü, düşdü,
Yarpaqlar yerə düşdü.
Soldu çöllər, yamaclar,
Çılpaqlandı ağaclar.
A dondu, dondu, dondu,
Şaxta gəldi, su dondu.
Yağış dönüb oldu qar,
Düzlər geydi ağ paltar.
QATAR ILƏ GƏLƏN QIŞ
Dayanmışam vağzalda
Şimaldan qatar gəlir.
Vaqonların üstündə
Ay can, ay can, qar gəlir.
Uşaqların səs-küyü
Sevincdənmi yüksəlib?!
Qəribədir, bu il qış
Qatara minib gəlib…
NƏ ÜÇÜN PAYIZDA
SOLUR YARPAQLAR
-Nə üçün payızda
Solur yarpaqlar?
-Soyuğun qurbanı
Olur yarpaqlar.
Torpağın istisi
Çatmır budağa.
Yarpaqlar budaqdan
Enir torpağa.
TEZ BOY AT
A körpəcə ağacım,
Səni hara aparım?
Kiçik budaqlarını
Dana-buzov qoparıb.
Qoruyuram mən səni,
Qoy əməyim batmasın.
Tez boy at, inəklərin
Ağzı sənə çatmasın…
DƏMIR YUMAQLAR
Yolbasan yola çıxıb,
Küçəmiz təzələnir.
Təkərləri elə bil
Yumaqdı, çözələnir.
Aldatmıram mən sizi,
Gəlin baxın, uşaqlar.
Fırlandıqca, açılıb
Küçə olur yumaqlar…
KAKTUS
Kaktus sanki kirpidi,
Yumulub yumaq kimi.
Əl uzatsan, oxları
Sancılar sancaq kimi.
Ona mehriban olsan,
Mütləq açacaq çiçək. –
Kirpi kimi yavaşca
Tikanlar arasından
Burnunu göstərəcək…
ISTIXANA
Atam istixanada
Çiçək əkib-becərdi.
Qışın oğlan çağında
Ləkdə şitil cücərdi.
Axı istixananın
Örtülü olur üstü.
Yeri isti olanda
Toxum bitir əlüstü.
Istixana qışda da
Süfrələri bəzəyir.
Istixana şüşəsi
Bir qalxana bənzəyir.
Nə qədər sərt olsa da
Qışın şaxta qılıncı –
Şüşə qalxan üstündə
Əzilir xıncım-xıncım…
AĞAC BOŞ QAYTARMADI
Ağacın dibindəki
Torpağa bax, çat-çatdı.
Nə yaxşı ki, tez gördüm,
Onun hayına çatdım.
Bir vedrə su apardım,
Tökdüm, ləzzətlə içdi.
Budaqlardan almalar
Qopub vedrəmə düşdü.
Necə gözəldir ətri,
Necə əladır dadı!
Pay apardığım qabı
Ağac boş qaytarmadı…
AĞACLARIN ŞƏHƏRI
Hər ağacın qarşısında
Ehtiramla ayaq saxla.
Burda nə qədər ağac var,
Qurtararmı sanamaqla?
Qəlbimizə fərəh dolur
Uzandıqca meşə yolu.
Şəhərin adamı çoxdu,
Meşənin ağacı, kolu.
Biz meşəyə gedən zaman
Bir günəşli səhər idi.
Oğlum dedi:
–Yəqin meşə
Ağacların şəhəridi…
AĞ YOLLARIN YOLÇUSU
Əlimdə quş tutmuşam,
Ona yaxşı baxın bir.
Dimdiyiylə dənləmir,
Dimdiyiylə dən səpir.
Kim bilir Əlifbanı,
O dənləri ''dənləsin''.
Quşum mahnı oxuyur,
Onu hamı dinləsin.
Birdən dönür yolçuya,
Yeriyir, batmır qara.
Gedir, dümağ düzlərdə
Izi qalır qapqara.
Onun yolu dolama,
Onun yolu dimdikdi.
Ayağına fikir ver,
Elə bil ki, dimdikdi.
O səyyahın dalınca
Sən də gedəsən gərək.
O yolçu – karandaşdı,
Qarlı düzlər – ağ vərəq…
SEHRLI VAĞZAL
Evimizin yanında
Sehrli bir vağzal var.
Cərgə-cərgə düzülüb
Qucağında qatarlar.
Neçə-neçə mənzilə
Düşər onların yolu.
Yükləri boşalsa da,
Vaqonlar qalar dolu.
Bu qatarın önündə
Yandırsan yaşıl işıq,
O, sənin həyatına
Olar bəzək, yaraşıq.
Bura kitabxanadı,
Adicə vağzal deyil.
Diqqətlə bax, hər kitab
Bir vaqondu elə bil.
Dayanıblar hamısı
Rəflərdə qatar-qatar.
Bu vaqonların yükü
Çatar, sənə də çatar.
Bu, sehrli qatardı,
Hamını inandırın.
Bu qatarın yolunda
Yaşıl işıq yandırın!
ƏMIMGILƏ GEDƏNDƏ
Mən papağımı
Başıma örtdüm.
Sözə baxmadım,
Hamını ötdüm.
Anam qışqırdı:
–Bizi də gözlə!
Qaçdım qabaqda,
Baxmadım sözə.
Birdən kükrədi
Hay-haray salıb,
Mənim başımdan
Papağı alıb,
Anama sarı
Qaytardı külək:
–Adam böyüyü
Gözləsin gərək!
BIR GÖZ, YA IKI?
–Bir göz yaxşı görür, iki?
–Oğlum, aydın şeydi bu ki,
Əlbəttə, iki.
Razılaşmır bu cavabla,
Gursel turşudur üzünü:
–Ovçu nişan alanda bəs
Niyə yumur bir gözünü?
KÖK
Eh, adım olsa da kök,
Arığam, deyiləm kök.
Könlündən keçir məni
Yeyəsən xırda-xırda.
Səsə bostançı gələr
Başlasan xırthaxırta.
BIR KÜLƏKLI
HAVADA
Bir küləkli havada
Bağçaya gedəndə biz,
Gülə-gülə söylədi
Bacısına Gülbəniz:
-Mən bağçaya gedirəm,
Görürsənmi, ay Mələk? –
Istəyir ki, məktəbə
Aparsın məni külək…