A.H.Tanpınar: “O kitabların hər sətrini oxudum, amma ədəbi zövqümü dəyişmədi”
![]()
Ahmed Hamdi Tanpınar
“SAATLARI QURMA İNSTİTUTU” romanından parça
Məni tanıyanlar oxuyub-yazmaq məsələlərinə böyük bir marağım olmadığını bilirlər. Hətta bütün mütaliəm, uşaqlıq çağlarımda oxuduğum Jül Vern və Nik Karterin hekayələrini nəzərə almasanız, ərəb və fars sözlərini ötürə-ötürə gözdən keçirdiyim bir neçə tarix kitabından və “Tütinamə”, “Min bir gecə”, Əbu Əli Sinanın hekayələri kimi əsərlərdən ibarətdi. Daha sonrakı vaxtlarda institutumuz yaranmamışdan əvvəl işsizlikdən evdə uşaqların məktəb kitablarına aradabir nəzər saldığım kimi, bəzən bütün günümü keçirdiyim Ədirnəqapı və ya Şahzadəbaşı qəhvəxanalarında qəzetləri başdan-ayağacan oxumağa məcbur qaldığım vaxtlarda xırda-para silsilə parçaları və məqalələri də oxudum.
Yeri gəlmişkən, məhkəmə-tibb ekspertizasında müşahidə altında olduğum vaxtlarda müalicəmə çalışan, sonralar da mənə o xeyli yaxşılığı dəyən Doktor Ramizin psixanalizə dair çap etdirdiyi etüdləri də saya bilərəm. Həddən artıq mühüm işlərlə məşğul olan bu alim şəxsin mənə münasibətdə göstərdiyi rəğbətə layiq olmaq üçün həmin kitabların və məqalələrin bir sətrini belə ötürmədiyimə sizi inandıra bilərəm. Lakin başlanğıcını bilmədiyim çox mühüm məsələlərlərə dair yazılmış həmin əsərlər mənim ədəbi zövqümə də, anlayışıma da heç bir təsir göstərmədilər. Yalnız Doktor Ramizlə uzun söhbətlərimizdə - daim o danışardı, mən qulaq asardım, – səriştəsizliyimi ört-basdır eləməyə yaradılar. İnsan uşaq vaxtlarında aldığı tərbiyəni unutmur. Atam ilk vaxtlarda “Emsile” və “Avamil” kimi ərəb dilində sərf-nəhv kitablarından əlavə sonralar məktəb kitablarından başqa kitab oxumağın əleyhinəydi. Bəlkə bu senzura və təhdid üzündən mən hər cür mütaliəni tamamilə rədd eləmişdim.
Bununla yanaşı, həyatımın müəyyən mərhələsində kiçik bir əsər yazmağa nail oldum. Lakin bunu daim pis münasibət bəslədiyim mənlik uğrunda mübarizə üçün - yəni ətrafdakılara, “Bax, bizim Xeyri İrdal kitab yazıb!” dedirtmək üçün – yazmadığım kimi, güclü, qarşısıalınmaz istedad məcbur elədiyinə görə də yazmamışam. İndi ləğv edilmiş, daha doğrusu, Xalid Ayarçının lap vaxtında müdaxiləsilə daimi ləğvedilmə vəziyyətində olan institutumuzun nəşrləri sırasında çap olan həmin əsəri hansı məqsədlə, hansı şərtlərlə, necə və nə üçün yazdığım barədə irəlidə danışacağam. Hələ bunu deyim ki, saatsazların piri Şeyx Zamani Həzrətlərinin həyatından və kəşflərindən danışan o əsərin qarşılandığı rəğbətə görə, mübaliğəsiz, institutumuzun banisi, əziz vəlinemətim, böyük dostum, məni heçdən bugünkü səviyyəyə çatdıran Xalid Ayarçının yüksək məziyyətlərinə borcluyam. Elə həyatımda yaxşı, gözəl, faydalı nə varsa, hamısı onun, bir avtomobil qəzasının üç həftə əvvəl aramızdan götürüb-apardığı o böyük adamındı. Bunu sübuta yetirmək üçün güman eləyirəm, təkcə bunu deməyim kifayətdi ki, vaxtilə yanında işlədiyim Müvəqqid Nuri Əfəndi haqqında danışdığım şeylər və saatsazlığa dair ona verdiyim izahatla qəfildən Şeyx Əhməd Zamani Əfəndini tapıb - bəlkə institutumuz qədər böyük icaddı – və onun, çox güman ki, Dördüncü Mehmet zamanında yetişməsini müəyyənləşdirib.
Bu iki diqqət və kəşflə bir vaxtlar təntənəylə qeyd olunan saat bayramlarımız dərhal öz həqiqi yerini tapdı. Həmin kitabın müxtəlif dillərə tərcümə edilməsi, haqqında xaricdə və ölkədə xeyli təmkinli və sanballı ressenziyaların yazılması da göstərdi ki, rəhmətlik dostum Xalid Ayarçı nə Əhməd Zamani Həzrətlərinin yaşaması barədə, nə də yaşamalı olduğu əsri seçəndə heç səhv eləyib. Mənə gəlincə, əsas fikri özümə aid olmasa belə, altında imzam olan həmin əsərin on səkkiz dilə tərcümə edilməsi, həmin dillərdə çıxan qəzetlərdə haqqında ressenziya yazılması, Van Humbert kimi bir alimin məhz mənimlə danışmaq və Əhməd Zamaninin qəbrini ziyarət eləmək üçün Hollandiyadan bura gəlməsi, deyə bilərəm ki, həyatımdakı ən əhəmiyyətli hadisələrdən biridir.
Şübhəsiz, axırıncısı əməlli-başlı sıxıntılı oldu. Əcnəbi alimlə, tərcüməçi vasitəsilə də olsa, bu qədər çətin mövzuda danışmaq və qətiyyən yaşayıb-eləməmiş bir adama qəbir tapmaq güman edildiyindən çətin şeylərdi. Birincisindən, qəzetlərdən dediyi kimi, bizi “dərvişyana hərəkətlərimiz və laubalılığmız, hətta düşkün ovqatımız” qurtardı. İkincisisə əcdadın təxəllüsdən istifadə etmək adəti köməyimizə çatdı.
Ədirnəqapı və Əyyub qəbristanlıqlarında, Qaracaəhməd açıqlığında bir neçə gün dolaşandan sonra bir Əhməd Zamani Əfəndi necə olsa, tapılacaq. Elə tapdıq da. Bir ölünün şəxsiyyətində elədiyim bu kiçik düzəlişdən o qədər də mütəssir deyiləm. Heç olmasa, bunun sayəsində yazıq adamın qəbri təmir edildi, adı tanıdıldı. Şöhrət fəlakət olduğu qədər də rəhmət səbəbidi. Qəbrinin şəkillərini, Hollandiyadan başlayıb bütün dünya qəzetlərində - təbii ki, daim qəbri üstündə, bir əlim daşa söykəkli və o biri əlimdə plaşım, papağım, qəzetlər-filan, şəxsən mən olmağım şərtilə - çap edildi.
Bu gün bunlar barədə düşündükcə, yalnız bir şeyə kədərlənirəm. Kitabım haqqında bu qədər yaxşı şeylər yazan, məni dünyaya tanıdan, günlərlə arxamca gəzən Van Humbertin həmin məzara söykənib şəkil çəkdirməsinə icazə vermədim. Hər dəfə xahiş eləyəndə “Siz, necə də olsa, xristiyansınız, ruhu narahat olar!” deyib boyun qaçırar, ancaq sağ tərəfimdə dayanmasına icazə verərdim. Lakin fikirləşsəniz, məni də başa düşmək mümkündü. Alçaq məni aylarla sıxıntıya salıb. Rədd olsun! Niyə axı qəfildən durub gəlir, el-aləmin rahatlığını qaçırırlar. Biz öz aləmimizdə yaşayan adamlarıq! Hər şeyimiz özümüzə görədi. Bununla yanaşı, irəlidə görəcəyiniz kimi, Van Humbert məndən qisasını aldı.
Bəli, nə oxumaqdan, nə yazmaqdan xoşum gəlir. Bu belə olduğu halda, bu səhər qabağıma iri bir dəftər qoyub xatirələrimi yazmağa çalışıram. Hətta buna görə hər gün olduğundan daha tez, saat beşdə qalxdım. Qadın xidmətçilərimiz, kişi aşpazımız Arif Ədəndi – yeganə nöqsanı bolulu olmamasıdı, çox gözəl yemək bişirir – evimizə köhnə xanədan bər-bəzəyi vermək üçün min bir çətinliklə axtarıb tapdığımız ərəb kalfa Zeynəb xanım – çox qəribədi, uşaqlıq çağlarımda xeyli zənci olan İstanbula indi qaradərili adam idxal mal kimi daxil olur – xülasə, “Villa Saat”ı əllərinin əməyilə və yaxşı niyyətlərilə alt-üst eləyən adamların heç biri oyanmamışdı. İstər-istəməz səhər qəhvəmi özüm dəmlədim. Sonra stulumda oturub həyatımı düşünməyə, unudulmalı, üstündən keçilməli və ya dəyişdirilməli olan şeyləri saf-çürük eləməyə, mütləq yazılacaq şeyləri dərinləşdirməyə, xülasə, bir yazıdan və xüsusilə də xatirə janrında olan bir yazıdan səmimilik deyilən şeyin istədiyi bütün ciddi şərtləri nəzərə alıb hadisələri beynimdə sıralamağa çalışdım.
Çünki mən, Xeyri İrdal hər şeydən əvvəl mütləq səmimilik tərəfdarıyam. İnsan hər şeyi açıq-aşkar söyləməyəndən sonra niyə yazı yazır axı? Bu cür qeyd-şərtsiz səmimiliksə mütləq hər şeyi götür-qoy eləməyi nəzərdə tutur. Siz də qəbul eləyərsiniz ki, hər şeyi olduğu kimi söyləmək mümkün deyil. Sözü yarımçıq qoymaqdansa, vaxtında yaxşı planlaşdırmaq, oxucuyla mütləq dil tapacağınız məqamları seçmək lazımdı. Çünki səmimiyyət təkbaşına olan məsələ deyil.
Bütün bunlara baxıb həqiqətən həyatımı mühüm, başa salınmalı, haqqında mütləq danışılmalı olan bir şey güman elədiyimə, ona layiq olduğundan daha çox qiymət verdiyimə inanmayın. Lap əvvəldən Cənabi-Haqqın insanlara bu həyatı yazmaq üçün yox, yaxşı-pis yaşamaq üçün bəxş elədiyinə inanan adamlardanam. Onsuz da yazılmış forması var. İlahiini yanındakı nüsxəsi - taleyimiz haqqında danışıram.
Xeyr, xatirələrimi yazmaqda məqsədim özümü dərk eləmək deyil. Yalnız şahidi olduğum bir çox hadisələrin unudulmamasına kömək eləməkdi. Bir də üç həftə əvvəl dəfn elədiyimiz əziz insanı başa düşmək və yad eləməkdi.
Mən insanların ən yaramazı və mənasızı, vaxtilə istitutumuzun yaranmasından əvvəl arvadımın haqqımda dediyi kimi, ən sümsüyü, həqiqətən böyük icad dühasıyla goğulmuş bir adamı tanıdım. İllərlə yan-yanaşı yaşadım. Necə işlədiyini gördüm. Fikrin beynində necə kök saldığının, necə birdən-birə böyüyən ağac kimi qol-budaq atıb, az qala, bütün bədənini bürüdüyünün və ordan həyata yayıldığının şahid oldum. Əsrimizin bəlkə də ən böyük, ən faydalı müəssisəsinin, Saatları Qurma İnstitutunun onun gözlərində birdən-birə peyda olan bir parıltıdan bugünkü, yaxud dünənki vəziyyətinə gəlib çatmasını gündən-günə həyatımın bir parçası kimi yaşadım. Hətta özümü tərifləmək kimi gülünc bir vəziyyətə düşmədən deyə bilərəm ki, tale və təsadüf bu Xeyri İrdal biçarəsinə bütün acizliklərinə baxmayaraq, həmin müəssisənin yaranmasında mühüm rol oynamağı da nəsib elədi.
Mənə elə gəlir ki, gördüklərimi və eşitdiklərimi yazmaq gələcək nəsillər qarşısında ən böyük vəzifəmdi. Ona görə ki, müəssisəmizin tarixçəsini məndən daha yaxşı yazacaq adam - Xalid Ayarçı artıq aramızda yoxdu. Dünən axşam yenə onun masamız arxasındakı yerini boş gördüm. Arvadımın dolmuş gözlərilə bütün yemək müddətində həmin boş stula baxmasını heç cür unutmayacağam. Sanki ətrafındakı hər şeyə yad idi. Nəhayət, dözə bilmədi, dəsmalla gözlərini silə-silə masa arxasından qalxıb otağına getdi. Əminəm ki, bütün gecə ağlayıb. Haqqı da var, Xalid Ayarçı mənim vəlinemətimdisə, onun da ən böyük dostu idi. Elə məndə bu xatirələri yazmaq fikrini bir az da onun həmin çox haqlı olan kədəri oyandırdı.
Yatağımda öz-özümə uzun müddət düşündüm. “Xeyri İrdal, - dedim, - çox şey gördün, keçirdin. Yaşın altmışa təzə çatsa da bir neçə insanın ömrünü birdən yaşadın. Səfalətin, bir küncə atılmağın hər cür acısını daddın. İqbalın pillələrilə cəld və tez-tələsik çıxdın. Heç zaman və heç bir qüvvənn həll eləyə bilməyəcəyi məsələlərin həll olundu. Bütün bunlar həmişə onun, Xalid Ayarçının sayəsində oldu. Səni həyatın dibindən o çəkib çıxardı. Həyatın üçün, düşüncən və rahatlığın üçün həqiqi düşmən olan hər şeyi və hamını o sənə dost elədi. Ətrafında adi çirkinlik, yoxsulluq, səfalət görən bir adam ola-ola birdən-birə insana layiq bir çox əsl zövq və xoşbəxtliklərin olduğunu duydun, insan ruhunun, əslində, nə olduğunu dərk elədin. Yaxın adamın sevgisini öyrəndin. Arvadın Pakizəni belə əsl sifətilə o sənə tanıtdı; uşaqlarını Cənabi-Haqqın sənə əzab çəkdirmək üçün göndərdiyi bir dəstə biçarələr olduqlarını güman eləyəndə birdən-birə və onun sayəsində övlad sahibi olmağın nemətlərinə qovuşdun. Bu qədər yaxşı, təmiz, böyük, hər mənada böyük bir dostun xatirəsi üçün heç şey eləməyəcəksənmi? Onun unudulmasına, xatirəsinin, bir yığın istehzanın, iftiranın altında itməsinə razımı olacaqsan? Bir dəfə fikirləş, Xalid Ayarçını tanımamışdan əvvəl həyatın nə idi? İndi nədi? Ədirnəqapıdakı ev, hər gün qapını yoxlayan, yaxud yolunu kəsən borclular, bir dilim çörəyin arxasınca qaçmaların barədə fikirləş... Sonra bugünkü rahatlığnı və xoşbəxtliyin barədə fikirləş!..”
Tərcümə: Nəriman Əbdülrəhmanlı