A. H. Tanpınar: "Azadlığa heç kəsin ehtiyacı yoxdu" /MANERA.AZ
Manera.az Tanpınarın “SAATLARI QURMA İNSİTUTU” romanından bir parçanı təqdim edir:
Azadlıq sözündən bu gün yalnız siyasi mənada istifadə eləyirik. Təəssüf! Onun siyasətə məxsus bir şey olduğunu iddia eləyənlər, qorxaram ki, heç vaxt mənasını anlamayacaqlar. Siyasətdəki azadlıq çoxlu qeyri-azadlığın açarı və ya taybatay açıq olan qapısıdı. Üstəlik də dünyanın ən qıt nemətidi; və bircə adam belə onunla qarnını əməlli-başlı doydurmaq istədimi, ətrafındakılar mütləq ac qalacaqlar. Mən bu qədər öz əksilə tən gələn və əkslərinin altında itən bir şey görməmişəm. Qısa ömrümdə yeddi-səkkiz dəfə məmləkətimizə gəldiyini eşitdim. Bəli, bir dəfə belə kimsə mənə onun çıxıb getdiyini demədiyi halda, yeddi-səkkiz dəfə gəldi və o gəldiyinə görə, biz sevincimizdən zurna-nağara çala-çala küçələrə düşdük.
"TANPINARI KƏŞF EDİRƏM"
Hardan gəlir? Necə birdən-birə gedir? Onu verən yenə əlimizdən alır? Yoxsa biz birdən-birə bezirik, “Buyurun, ağam, bəndəniz artıq nəfsini öldürdü. Sizin olsun, bəlkə bir işinizə yaradı!” deyib hədiyyə eləyirik? Yoxsa nağıllarda, divar diblərində qəfildən parıldayan, lakin ona yaxınlaşıb ovuclayanda yenə də birdən-birə kömür və ya torpaq yığınına çevrilən o sehirli xəzinələrə oxşayır? Heç cür dərk eləyə bilmədim.
Nəhayət, bu qənaətə gəldim ki, ona heç kəsin ehtiyacı yoxdu. Azadlıq eşqi... bir növ snobizmdən başqa bir şey deyil. Həqiqətən möhtac olsaydıq, həqiqətən sevsəydik, o tez-tez gəlişlərindən birində adam kimi yaxalayar, bir daha gözümüzün qabağından, dizimizin dibindən ayırmazdıq. Nə gəzir? Elə gəldiyinin ertəsi gün ortada yoxdu. Məsələnin qəribəliyi də budur ki, biz də onun yoxluğuna tez alışırıq. Qiraət kitablarındakı bir neçə mənzumədə, rəsmi çıxışlarda adının xatırlanması bəs eləyir...