manera.az
manera.az

A. H. Tanpınar: "Atatürkü ilk dəfə Ərzurumda gördüm" |MANERA.AZ

📅 06.10.2016 13:30

A. H. Tanpınar: "Atatürkü ilk dəfə Ərzurumda gördüm"  |MANERA.AZ

“Beş şəhər” kitabından parça

Atatürkü ilk dəfə Ərzurumda gördüm. Onunla yeganə söhbətim də Ərzurum Liseyində oldu. İki gün əvvəl Qars qapısında bütün şəhər əhalisi ilə birgə qarşıladığımız adam liseyə gələn kimi, formal tanışlıqdan sonra az qala yanındakıların əlindən qurtarıb bizə qarışdı. Sakit, kübar, daim diqqətli və hər şeylə maraqlanan insan idi. O gününü Ərzurum Liseyindəki müəllimlərə, tələbələrə, orada rastlaşacağı adamlara həsr etmişdi. Nəyin bahasına olur-olsun, sözünə əməl edəcəkdi. Yeməyə qalmayacaqdı, amma ikindi çayı içməyə razı oldu. Yarım saatdan sonra gedəcəkdi. Üç saat yarım bizimlə qaldı.

Ona söylənənləri son dərəcə rahatlıqla dinləmək tərzi vardı. Bununla yanaşı, arada qəribə bir məsafə saxlamağı da bacarırdı. Həmin məsafə yalnız gördüyü işlərdən və ya tutduğu mövqedən yox, həm də Mustafa Kamal olmasından irəli gəlirdi.

Atatürk hər bir şəraitdə özünü qəbul etdirən adamlardan idi. Baxışında, hərəkətlərində, əllərinin hərəkətində, qımıldanmalarında və sifətinin çizgilərində bütöv bir dinamizm vardı. Bu dinamizm ətrafını müəyyən səssiz sarsıntı ilə doldururdu. Belə ki, bir neçə dəqiqəlik söhbətdən sonra bu təvazökar və rahat adamın, bu müəllimin bir anda bu başdan o başa keçə biləcəyini, məsələn, ən rahat və qəhqəhə dolu söhbəti kəsib ən çətin qərarı verə biləcəyini, bundan da çətini, həmin qərarı verəndən sonra yenə eyni yerə qayıda biləcəyini təsəvvürünüzə gətirin. Ən yaxşısı, açıq dənizdəki hərbi gəmi kimi çevik, hərəkətə hazır dinamizm adlandıraq.

“Tanpınarı kəşf edirəm” - Esse müsabiqəsi

Ərzurum liseyinin əhənglə ağardılmış, yeganə kreslosu sınıq olan müəllimlər otağında mənə verdiyi sualları cavablandıranda beynim, şübhəsiz, onunla çox doluydu. Anafartalardan Dumlupınara, zəfərdən Cümhuriyyətin elan edilməsinə qədər həyatımız bir az da onun taleyinin və ya iradəsinin necə olacağından asılı qalmışdı.

Bütün bunların, əlbəttə, o gün onunla danışanda duyduqlarımda payı vardı. Heyne, yaxud Göte gənc bir şairin Göteyə baş çəkməsindən danışırlar. Yazıq uşaq birdən-birə Veymar tanrısı qarşısında dayanmaqan özünü o qədər itirir ki, yol boyu, hətta neçə günlər əvvəl hazırladığı sevgi və heyranlıq sözlərini unudur, yolda gördüyü alçaların gözəlliyindən bəhs eləyir. Əgər bədahətən cavab verməli olduğum çox gözlənilməz suallar qarşısında qalmasaydım, şübhəsiz, mən də o gün həmin gəncə oxşayardım.

Əvvəlcə kim olduğumu, nə iş gördüyümü, Ərzurumda nə vaxtdan bəri yaşadığımı, harada oxuduğumu, müəllimlərimin kimlər olduğunu soruşdu. Sonra birdən-birə o günlərin aktual məsələsi olan mədrəsələrin bağlanmasına qayıdıb bunun xalq üzərindəki təsiri haqqında fikrimi öyrənmək istədi. Səs adına nəyim vardısa, hamısını toplayıb, "Mədrəsə tamam ölgün vəziyyətə düşmüş təsisat idi. Həyatda heç bir müsbət funksiyası qalmamışdı. Bağlanmasının hər hansı əks təsir doğuracağını güman etmirəm," - dedim.

Atatürk bir qaşını qaldırıb "Bəli, tamam ölgün vəziyyətdəydi, tamam ölgün vəziyyətdəydi, - deyib öz-özünə düşünən kimi, təkrar etdi, dərhal da ardınca - Amma belə şeylər bəlli olmaz... O qədər əmin olmayın!" - dedi.

Şübhəsiz, sözünə davam edəcəkdi. Amma Rizə millət vəkili Rauf bəy otağa girib protokolu xatırlatdı. Bilmirəm, Atatürkün bəzı sözləri dalbadal təkrar etmək adəti idimi?

Ölümündən əvvəl son radio müraciətini edən doktor Tarik Təməl filmin çəkilməsi üçün kresloda oturmasını xahiş edib. Atatürk də, bildiyimiz kimi, kresloda oturub. Buna görə doktor, "Olmadı, Paşam, - deyib, - xahiş edirəm, ata minən kimi oturun." Atatürk də "Ata minən kimi... Ata minən kimi..." – deyib öz-özünə deyinə-deyinə filmin çəkilməsi üçün lap münasib olan vəziyyəti alıb. Görəsən, Anafartalar və Dumlupınar qəhrəmanı bu adi təklifi öz-özünə təkrarlayanda nə barədə düşünmüşdü?

Atatürkü Konyada, Ankarada, İstanbulda dəfələrlə gördüm. Həm də ogünkü iltifatının verdiyi rahatlıqla bir neçə dəfə əlini öpdüm. Amma bir daha onunla söhbət etməyə imkan tapa bilmədim.


Tərcümə: Nəriman Əbdülrəhmanlı
MANERA.AZ


Baxış sayı - 1 470 | Yüklənmə tarixi: 06.10.2016 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031