manera.az
manera.az

"Aldanmış kəvakib" - Rəşid Bərgüşadlı - MANERA

"Aldanmış kəvakib"  - Rəşid Bərgüşadlı - MANERA
Rəşid Bərgüşadlı

Aldanmış kəvakib
(novella)


Hələ axsam saat doqquzda yerinə girəndə telefonu “səssizə” qoymuş və niyyətlənmişdi ki, sabah saat 12-dək rahat yatsın və gərgin keçən həftənin yorğunluğunu az da olsa, canından çıxarsın. Amma mərdimazar axtarmaqla deyil ki, – sübh ertədən telefonun “titrəyişinə” yuxudan ayıldı. Gözlərini ovxalayıb saata baxdı – saat hələ 7 idi. Zəng vuran “makler Nizami” idi. Düyməni basıb yuxulu-yuxulu, – “Eşidirəm” – dedi.
– Sabahın xeyir. Bağışla, narahat edirəm, amma vacib məsələdir. Yanımda Bolqariyadan bir biznesmen var, mebel sexi açmaq üçün anbar axtarır, sexi olan elə bir adam tanımırsan qəsəbədə?
– Yox, tanımıram – yuxulu-yuxulu inildədi.
– Onda sağ ol, bağışla, narahat elədim – Nazim telefonu söndürdü.
Telefonu döşəyin ayağına tullayıb yenidən yuxuya getməyə çalışdı. Elə yuxunun nəfəsini yanaqlarında təzəcə hiss eləmişdi ki, dostu Adil yadına düşdü. Adilin də mebel sexi vardı, amma düz-əməlli işlədə bilmirdi – əlində əsir-yesir qalmışdı. Ərincək telefonu yenidən götürüb dostunu yığdı. Adil telefona bir az gec cavab verdi, o da yuxudan kal oyanırdı.
– Qağa, bağışla narahat edirəm, amma bir az vacibdir. Mebel sexini icarəyə vermək fikrin yoxdur ki? Bolqariyadan bir iş adamı gəlib, sex istəyir...
Adilin səsindəki yuxu bir az çəkildi elə bil, – “Hardadılar?” – soruşdu. “Qəsəbədədirlər, “makler Nizami” indi zəng vurmuşdu”...
– Əldən buraxma, çağır gəlsinlər. Geyinib siz tərəfə gəlirəm indi, – Adilin səsindən açıqca hiss olunurdu ki, xəbər ürəyincədir.
Yenidən Nizamini yığdı, – “O bolqar dediyin indi hardadır?”. “Burda, yanımdadır. Ala, verim özün danış” – telefonun o biri ucunda yonulmamış bir səs rusca salam verdi. Elə bil boğazını gavahanla deşmişdin, – “Salam qardaş, mebel sexi açmaq istəyirik, bizə kömək edə bilərsinizmi?” – soruşdu. “Edərəm. Nizami bizim evi tanıyır, gəlin biz tərəfə, sexin müdirini də çağırmışam, 3-5 dəqiqəyə yanımda olacaq, gəlin görüşün-razılaşın” – dedi. Başqa çarə yox idi, niyyəti pozulsa da dostunun xatirinə bazar gününün şirin yuxusuna haram qatmalıydı.
Geyinib eşiyə çıxanda ağ “Prado”da oturub siqaret sümürən dostunu gördü. Adillə öpüşüb-görüşdü. 3-4 dəqiqə keçməmiş, yaşılı rəgdə “Opel” maşını yanlarında saxladı. Nazim onlarla görüşüb qurtaranadək bir nəfər hələ də maşından düşməyin həşirindəydi. “Allah evini yıxmasın, bolqar, insan nə boyda olarmış...”. Xəşəlqarının beləsini hələ kimsə görməmişdi. Salam üçün əlini uzadanda əli göbəyindən qabağa ötmürdü – az qala qarnını dala verməliydin ki, bolqarın da qarnına salamlaşmaq üçün yer qalsın. Sən demə ətli buxaqlarıymış onun səsinə gurultu verən. Qarnına fikir verdiyimizi həmən anladı. Şən adama oxşayırdı, – “Köklük də bir şey deyil, qardaşlar, belə “balkon”u lənətə gəlsin...”. Bacardığı qədər qarnını arxaya çəkib əyildi və əlini uzatdı, – “Qriqori”. Onlar da özlərini təqdim etdilər, – “Mən Adil, bu da dostum Şahid”.
Qriqori gəlişinin məqsədini yenə təkrarladı, – “Sexinizə baxa bilərikmi?” – dedi. Adil, – “Əlbəttə. Oturun mənim maşınıma, gedək”. Qriqori gəldikləri maşının sürücüsünə işarə elədi ki, arxalarınca sürsün. Özünü də min bir zülmlə Adilin “Prado”suna yerləşdirdi. Adilin işçiləri Qəbələdən idilər, elə sexə bitişik balaca bir otağı qaralayıb orda da yaşayırdılar. Dəmir darvazanı xeyli döyəcləyib işçilərdən birini durğuzdular. Maşınların ikisi də dalbadal sexin həyətinə girib Qriqorinin düşməsini gözləyənədək Adil öz dülgərinə tapşırdı ki, sexin qapısını açsın.
Qriqori lal ördək kimi böyrünü basa-basa sexə girib bir döşəməyə, bir divarlara, bir də dama baxıb dedi ki, – “Tam mən axtardığım sexdir! Neçə kvadratdır?” – soruşdu. Adil də çiçəyi burnunda sevincək dedi ki, - “400 kvadrat”.
Qriqori:
– Bir az balacadır, amma eyb etməz. Yanında yenisini tikmək olarmı?
Adil:
– Əlbəttə. Hələ istəsəniz bunu söküb yerində yenisini tikərik – özünüz bilirsiniz, hər şey pulun başındadır – baqmaqlarını bir-birinə sürtüşdürüb Qriqoriyə irişdi.
Qriqori ayaqüstə tövşüyürdü. Şahid bunu hiss edib dülgərə dedi ki, – “Oturmağa bir stul gətir”. Dülgər də qonağın “ölçüsünə” baxıb sual dolu nəzərlərini gizlətdi və stul dalınca getdi. Qriqori dəzgahlara, ustaların əl qabiliyyətlərinə baxıb yeni texnologiyalardan üyüdüb tökürdü, – “Dəzgahların çox köhnədi, indi bu cür dəzgahlarla heç kim işləmir. Sifarişiniz-zadınız varmı?”. Adli, – “Olanda olur, Allah bərəkət versin” – dedi. Dülgər stul gətirdi, Qriqori özünü cəmləyib ehtiyatla stula oturdu:
– Üç gündür yollardayıq, it kimi yorulmuşam. Təyyarə ilə Tiflisə gəl, Potidə mebel dəzgahlarını boşalt, sonra da maşınla Bakıya gəl, lap əldən düşmüşəm.
Adil dülgərə tapşırdı ki, – “Bir çay dəmlə”. Dülgər də – “Baş üstə” - deyib aralaşandan sonra Qriqori mətləbə keçdi, – “Hə qardaş, adınız nə oldu?” – Adilə çöndü. “Adil” – Adil özünü cəmləyib dilləndi.
Qriqori:
– Sexini götürürəm. Amma bir şərtlə ki, gələcəkdə bunun yanında daha iri və müasir bir sex tikməliyəm. Çünki, mənim dəzgahlarımı sənin sexin tutmaz.
Adilin yanaqladı səyridi:
– Qurbandır bütün bu ərazi sizə, ürəyiniz nə istəyir canla-başla qulluğunuzdayıq – dedi.
– Mənə hələ ki, sexin icarə qiymətini deyin. Bu sexi özüm istəyən kimi yenidən quracağam, təzə sexi öz hesabıma tikəcəyəm – xeyrinə də tam şərikik. Razısan?
Adilin bu səfər təkcə yanaqları səyrimirdi, həm də ürəyinin döyüntüsü qulağında hiss olunurdu. Hələ indiyədək Allah onun işini belə rast salmamışdı. Bir dostu Şahidə baxdı, bir “makler Nizami”yə baxdı, bir də hələ də bayaqdan üzünü görmədikləri sürücüyə.
– O qardaş niyə düşmür, – sürücüyə işarə elədi. Əməllicə devikmişdi.
Qriqori:
– Oğlumdur – Valdis. Yol yorğunudu, qoy bir az gözünün acısını alsın.
Adil təzədən Şahidə baxdı, Qriqoriyə baxdı, – “Vallah, bilmirəm nə qiymət deyim... Elə qəfil oldu ki, heç bilmirəm nə deyim...”. Şahiddən azərbaycanca soruşdu, – “Qardaş, nə deyirsən, nə qiymət deyək?”
Şahid:
– Sex sənindir, özün bilərsən, mənim belə şeylərdən başım çıxmaz...
Yaxşı ki, Nizami özünü vaxtında yetirdi: – “Örtülü anbarın kvadratı 10-11 manatadır – bu standart qiymətdir” – dedi. Adil də olduğu kimi Qriqoriyə izah elədi ki, – “Nazim müəllimin işi-gücü anbar, sex, ev alqı-satqısıdır. Hamımızdan da dəqiq bilir bütün qiymətləri. Deyir ki,ən normal qiymət 11-12 manatdır. Biz də güzəşt edərik, lap verərik 10 manata”. Sonra da üzünü yana əyib Nazimdən soruşdu, – “Çox baha demirik ki, qardaş?”. Nazim də, – “Yox. 8-ə qədər düşməyə hələ yerin də var”. Adil də boyun oldu ki, – “Nazim, işimiz alınsa, hər kvadrata görə bir manat səninkidir”. Nazim əminliklə dedi ki, – “Alınacaq, lələşin elə-belə adam deyil. Yoldaykən səni, sexini o ki var tərifləmişəm”.
Qriqori əllərini qarnnda cütləməyə çalışıb dodaqlarıyla nəsə vurdu-böldü, buxağını qaşıdı və həyacanlı saniyələrə nöqtə qoydu, – “Mən razı! Götürürəm!”
Adil az qala kişinin ağzına girdi, – “Neçiyə?!”. Qriqori, - “10 manat demirsiniz? 10-a razıyam. Mənə sərf edir. Əsas odur ki, sifarişlərimi vaxtında çatdırım. Bir-iki sexə baxmışam, xoşuma gəlməyib. Sizinki isə magistral yolun, sifarişçi təşkiların yaxınlığındadır”.
Adil elə sevindi ki, az qala məcməyidə çay gətirən dülgərin çaylarını aşırsın. Utanmasaydı və Şahid göz-qaş eləməsəydi, Qriqorini bağrına basardı. Qriqori rəngi qaçmış armudu stəkanı hörttədib işi daha da konkretləşdirdi, – “Deməli belə, qardaş, planımız belədir... Oğlum bu gecə Bolqariyaya uçmalıdır – yoldaşı xəstəxanadadır, bu gün-sabaha ilk nəvəm dünyaya gəlməlidir. Bu gün sexin döşəməsi üçün metlax alınmalıdır ki, mən iki günə Gürcüstandan dəzgahları gətirənədək sən döşəməni üzləyib qurtarasan. Materialın qiymətini, ustaların əmək haqqını öyrən gör neçəyədir, pulunu indi verim. Sexin üç aylıq icarə haqqını da bəribaşdan verim ki, üstümdə pulum varkən yükdən bir az yüngülləşim. Müəssisən varmı – müqavilə-zad bağlamağa? Mən bir şeydə güzəştə getməyəcəyəm – aramızdakı hər şey rəsmi olacaq – kağız-kuğuzssuz iş görməyəcəyik. Mənim hökumətlə çənə döyməyə nə həvəsim var, nə də səbrim”.
Adil həvəslə:
– Qrişa... Olar sizə Qrişa deyim? – soruşdu.
Qriqori:
– Əlbəttə! Biz artıq şərik sayılırıq. Özünü sərbəst apar.
– Sənəd-sünəd, dövlət işlərindən narahat olma, hər şeyimiz yerli-yerindədir, hökumətdə də yaxın adamlarımız nə qədər istəsən...
Sürücü maşından düşüb başıyla uzaqdan səssizcə salam verdi, siqaretini yandırıb gərnəşdi. Qriqori oğluna, - “Acmamısan ki?” – soruşdu. Valdis rusca, – “Çox da yox” – dedi.
Adil elə bil yuxudan ayıldı, – “Nə yox, a kişi, neçə gündü soyuqda-sazaqda yollardasınız... Gedək dəniz qırağına, dostumuzun yaxşı bir restoranı var. Həm yemək yeyərik, həm də rahat oturub söhbətimizi edərik” – dedi. Razılaşdılar. Çaylarını tələm-tələsik içib maşına minəndə Adilin dülgəri onu yanladı ki, – “Dayı, kimdi bu kişi, nə istəyir?”. Adil də dedi ki, - “Sexi bu kişiyə icarəyə verirəm”. Usta yazıq-yazıq soruşdu, – “Bəs biz?”. Adil: – “Özünüzə baqa iş tapın. Ya da, görüm razılaşsa, sizi də yanında işə götürər – yəqin ki, ona usta lazım olacaq”. Onlar sexin həyətindən çıxanda, zavallı dülgər dodağındakı siqaretin kötüyünü gəmirə-gəmirə darvazanı danqıltıyla arxalarınca bağladı.
Restorana gələndə saat 9-a ancaq işləyərdi – gözətçidən başqa deyəsən heç kim yox idi. Gözətçidən soruşdular ki, – “Dayıcan, yeməyə bir şey olarmı, kababçıdan-ofisiantdan kim var?”. Gözətçi dedi ki, – “Bu vaxtı xaşdan başqa çətin yemək taparsınız. Uşaqlar burdadır, mətbəxə yaxınlaşın, yer göstərsinlər”. Qriqori, – “Sevirəm sizin xaşınızı, lap əla olar” – deyəndən sora xidmətçi onlara bir kabinet ayırdı. Salat-sirkəni düzüb hərəsinə bir kasa xaş gətirdi.
Başağrısı olmasın, Qriqori tərifləyə-tərifləyə düz üç kasa xaş yedi. İçdiyi araqdan buxağının rəngi də qızarmışdı. Hər dəfə gəyirib ətrafı sarımsaq tutmasının qoxusunu yayanda dostlarından üzr istəyirdi. Danışmağa bir şey qalmayanda saat artıq 12 olmuşdu. Bir-birinin telefon nömrələrini götürdülər, hər şeyi xırda detalınadək razılaşdılar. Adil elə bu gün dəzgahları söküb çıxaracaq, metlax alıb döşəməni üzləyəcək, Qriqori usta-material haqqı olaraq 3000 manat pul verəcək, axşam Valdisi Bolqarıstana yola saldıqdan sonra qayıdıb Şıxovdakı mehmanxanalardan birində gecələyəcək və elə oradaca bütün müqavilə-sənədləşdirmə işləri həll ediləcək, üç aylıq icarə haqqı qabaqcadan ödəniləcək, sabah sübhdən isə Qriqori Gürcüstana yola düşəcəkdi. Restorandan çıxanda hamının üzü gülürdü. İşlər tam istədikləri kimi alınmışdı.
Ayrılmaq vaxtıydı. Valdis hamıyla görüşüb öz yerini tutmuş və maşının mühərrikini qızdırırdı. Qriqori bir-bir onları qarnına basırdı. Onlar da qollarının çatdığı qədər Qriqorinin qarnına sarılıb xaş qoxan buxağından öpürdülər.
Qriqori əlini maşının qapısına atanda telefonla danışan Valdis sevincək bayıra çıxdı, yəqin ki, bolqar dilində atasına nəsə dedi. Qriqori yarıaçıq qapını təzədən çırpıb ən yaxınında dayanmış Nazimi sevincək bağrına basdı, – “Nəvəm olub, oğlandır!”. Adillə Şahidin gözləri az qala dolacaqdı Qriqorinin bu sevincindən. Qriqorini təbrik edir, gözaydınlığı verirdilər. Tövşüyüb təngnəfəs olanadək sevindi, şənləndi. Yenədən maşına keçəndə gözü arxa oturacaqda nəyəsə sataşdı. Baqajı açdı, iki mebel üzlü çamadanı götürüb maşının kapotunun üstünə qoydu. Taxta qutudakıların biri çəngəl-bıçaq dəsti, o birisi isə qazan-qablama dəsti idi.
– Bu gün ən xoşbəxt adamam. Heyif ki, iki yeşikdir – birinizə çatmayacaq. Eybi yox, birinizə də gələn dəfə gətirərəm. Bunlar məndən sizə hədiyyədir, nəvəmin eşqinə sizə verirəm, – birini Adilə, birini də Şahidə verdi.
Valdis nəsə mırıldandı. Qriqori ona boylanıb nəsə öz dillərində oğluna deyindi. Cibindən gürcü larisi, bir-iki də yüz dollarlıq əskinası sayıb, – “Maşının benzini qurtarıb. Burda yaxınlıqda dollar xırdalamağa yer varmı?” – soruşdu.
Adil:
– O nə deməkdir, qardaş, biz ölməmişik ki... – deyib əlini cibinə atdı. İki yüzlüyü Qriqoriyə uzatdı. Qriqori əvvəlcə inad elədi, – “Nə danışırsan, qardaş, pulumuz var, sadəcə xırdalamağa kömək etsəydiniz... Onsuz da bilet almalıyıq, manat çox lazım olacaq...” – deyib pulu geri itələdi.
Adil Şahiddən soruşdu ki, – “Cibində nə qədər pulun var?”. Şahid cibindəki bütün pulları sayıb Adilə uzatdı – 357 manat idi. Adil pulu alıb hamısını Qriqoriyə verdi, – “Narahat olma, bu da bizdən nəvənin doğum günü olaraq yol xərcin olsun. Sənə pul hələ lazım olacaq – Gürcüstana qayıtmalısan, otel pulu... Onsuz da axşam mehmanxanada görüşəcəyik” – dedi. Qriqori bu canyananlıqdan az qalırdı ki, ağlasın, – “Sizin kimi insanları tapdığıma görə elə xoşbəxtəm ki. İnşallah, yaxşılığınızın əvəzini minqat çıxaram” – deyib özünü maşına pərçimlədi. “Opel” restoranın həyətindən çıxanadək bir-birinə əl elədilər.
Adil öz hədiyyə payını bu xeyirli işi düzüb-qoşduğuna görə Nazimə verdi.
Şahidin elə bil içində sancı vardı, üzü səyriyirdi – əlini köksünə qoyub kirimişcə durmuşdu. Dinməzcə zarıdı:
– Bizi aldatmadı ki..?
Adilin üzünü qara bulud aldı, – “Nə sərəkliyirsən, nə aldatmaq?!”
– O günləri bu qaraçılardan biri 25 manata “naturalnı kurtka” satırdı. Bizə qalan bu qazan-qablama oldu, qardaş...
Axşamüstüydü. Mehmanxanaya birlikdə getməyi razılaşmışdılar. Adil Qriqorinin telefonunu yığdı, operator eyni sözü üç dildə tutuquşu kimi təkrarlayıb dururdu, – “Bu nömrə təyin olunmayıb...”. Adil zarıdı: – Yox.., yox, ola bilməz. Bunu eləməz...
Şahid:
– Qaraçıymış, qardaş, bizə atıb...
– Kəs səsini! Yəqin ki, telefonun üstündə oturub, telefon da sönüb...
– İnanmıram... – Şahid inildədi.
– Cəhənnəmə inan! Sənin zibillərindir hamısı!
– Mən nə bilim ki... Mənim yox, “makler Nazimin” işidir...
– Öldürəcəyəm o köpəyoğlunu!
– Onun nə günahı var ki? Qriqori hamımızı eşşək yerinə qoyub...
– Yox, gələcək!
– Allah eləsin...
Axşam Şahid evə girəndə çəngəl-qaşıq yeşiyini qapının bir küncündə “gizlədi”. Çırtma vursaydın qanı çıxardı. Mətbəxtdən dolma qoxusu gəlirdi. Arvadına, – “Mənə də yemək ver” – deyib əl-üzünü yudu, stol arxasına keçdi. Badımcan-bibər-pomidor dolması idi. Yarıya qədər yemişdi ki, arvadı qapının arxasındakı yeşiyi götürüb mətbəxə keçdi, – “Bu nədir, sən almısan?” – soruşdu.
Şahid:
– Hə. Hədiyyədir, bahalı şeydir – dedi.
– Nəyi bahadır, “Sədərəkdə”, “Binədə” bunun birini 25-30 manata yalvarırlar, alan da yoxdur – iki dəfə işlədən kimi qaralır. Qaraçılar hər gün bundan da yaxşısını məhləyə gətirir – 10-12 manata...
Şahidin loxması boğazında qaldı, çeçədi, öskürdü, boğuldu, lap nəfəsi kəsilib göyərəndə arvadı kürəyinə bir-iki şapalaq çəkdi. Tikəni tüpürdü, boğazında qalanı hayxırdı – bibərin qabığını dodağı ilə tutdu. Qabığı arvadına göstərəndə, arvadı deyindi, – “Bu qırılmışlar da bolqar bibərinin qabığını elə qalın ediblər ki, adam uda da bilmir!”
Bu sözdən Şahidin gözü qaraldı, pörtdü, bozardı, hikkəsindən partlamağa az qalmışdı ki, yumruğu qabağındakı yemək çinisinə endirdi, – “Sənin də, bolqarların da..!”.
Aradan iki gün keçdi və dostlar hər gün bəlkə də on dəfə bir-birinə zəng vururdular, – “Sənə zəng vurmayıb ki...?”. Cavab da eyniydi, – “Yox hələ...”.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031