manera.az
manera.az

Onu döymək mənə zövq verirdi... - HEKAYƏ | MANERA.AZ

Onu döymək mənə zövq verirdi...  - HEKAYƏ | MANERA.AZ

Şəhla Aslan

"İT"
(hekayə)


Kiçik əmimin adı Zabitdir. Bilmirəm, babam öz oğlunu hərbiçi görmək istədiyi üçünmü bu adı seçib, ya yox, amma qətiyyəti, gücü, çevikliyi ilə adı çox uyuşur. Xüsusilə, ətrafındakılara bir qorxu hissi aşılamağı vardır ki, adam ona tam yaxınlaşa bilmir, amma onun iç dünyasını öyrənmək, daha dərindən tanımaq, keçmişinə bələd olmaq istəyir. Xülasə, çox maraqlı, bir az da qəribə və müəmmalı bir adamdır. Çoxlu dostları var. Evində tez-tez verdiyi qonaqlıqlarda dostları elə zarafatlar, əhvalatlar danırışırlar ki, hərəsi bir kitab mövzusudur.Yenə belə məclislərin birində keçmiş əsgər yoldaşı ilə bərkdən deyib-güldüyü vaxt mən onlar üçün çay aparırdım. Əmim dostuna dedi:

- Qağa, bu qardaşım qızıdır, özü də yazandır ha! Eşitdiyimə görə, mənim keçmişimlə maraqlanır. Ha deyirəm ki, get «Qədim dünya tarixi»ni oxu, biləcəksən, inanmır. Deyir, mən ciddi deyirəm, sənsə zarafata salırsan.

- Ayə, zabit, de də, nə olar? Çelyabinskdə xanımın itinin başına nə oyun açmışdın ha, onu de! Sən öl, əsil kinokomediya olar, çəksələr, sənin rolunda gərək elə özün çəkiləsən!

- Özün danış, televizorda muğam başlayır, mən ona baxacağam.

Əmim kresloda yerini rahatladı.Vəssalam, day dünya dağılsa da, onu musiqidən heç kəs ayıra bilməzdi. Qonaqlar da maraqlı söhbət eşidəcəklərini bildiklərindən yerlərini tutub qulaq asmağa başladılar.

* * *

- Zabitlə mən bir neçə ay bir yerdə Rusiyada hərbi xidmətdə olmuşam. Canı sağ olmuş, indiki kimi deyildi. Daim qaynar, davakar, heçdən hoqqa çıxaran dəcəl əsgər idi. Bizim hissəyə hardan gəlmişdi, komandirlərdən başqa bilən yox idi, Allah bilir orda nə iş görmüşdüsə, bura göndərmişdilər. Bizim hissə meşənin içində idi, it saxlayıb əhliləşdirirdik. Bütün sərhədçilər üçün itləri biz hazırlayırıq. Zabit burda da duruş gətirə bilmədi. Bura bütün başqa əsgərlər üçün babat yer idi. Havası yaxşı, yemək-içmək bol, çay və göllərə turistlər yayda qaz-ördək kimi tökülüşürdülər. Yaxınlıqda çoxlu kənd və qəsəbələr var idi, tez-tez qaçıb gedirdik gəzməyə. Komandirlərimiz də bir elə əzazil, ciddi deyildi. Bircə bizim bir rus komandirimiz var idi, Əzrayılın ordakı müavini idi zalım oğlu şovinist idi.Türkləri görən gözü yox idi. İtləri bizdən çox istəyirdi. Sizin bu Zabit də getdi ilişdi ona.

İş belə oldu, bir gün hissənin həyətində oturmuşduq. Zabit dedi ki, dünyanın işinə baxın, anadangəlmə zabit mən ola-ola bu rus mənə böyüklük eləyir. Hərəmiz bir söz dedik, söhbət uzandı. Bazar günü olduğundan seyrəklik idi, əsgərlərdən çoxuna gəzməyə icazə vermişdilər.Türkə kimdir icazə verən? Zabit bunları bizə başa sala-sala birdən məni çəkdi kənara, dedi ki, sən mənə kömək elə, dalısıynan işin yoxdur. Batdıq, deyə düşündüm, kim bilir yenə beyninə nə düşmüşdü. Amma başqa çarə çox idi, ona kömək edəcəkdim. Bu başladı ki, uşaqlar bu ruslar nə bilir it saxlamağı? İti saxlayır türklər, çobanlar, kəndlilər. Vallah, bizdə elə it var, canavarı boğur. Kənddəki itimiz meşədə qabanı tutub yeyirdi, qayıdıb gəlirdi evə. Mənim itim təkbaşına bu çastın itlərinin hamısını boğar. Səbəbi bilirsiz nədir? Küçük vaxtı bizdə itlərin qulağını kəsirlər.

- Qulağı kəsiləndə it güclü olur?

- Əlbəttə. Həm güclü olur, həm də hirsli, acıqlı. Küçüyün qulağı kəsiləndən sonra ömrü boyu qəzəbli olur. Elə itə də bəd it deyirlər. Həm də itlər boğuşanda bir-birlərinin qulağından tutmağa çalışırlar. Qulağını tutdu, qurtardı, day o itə nicat yoxdur. Bəs türklər Andronikin qulağını niyə kəsiblər? Kəsiblər ki, bir də qələt eləməsin. Mən bu itlərdən evə gedəndə aparacağam, amma gərək qulağını kəsəm, əsil it olsun.

Nə başınızı ağrıdım, Zabit o qədər danışdı ki, uşaqlar az qala itin qulağının kəsilməsini dünyanın ən müqəddəs işi olduğunu qəbul etdilər. Məqamın yetişdiyini görüb komandirin sevimli itini göstərdim:

- Zabit, bəlkə gedəndə elə bunu aparasan?

- Niyə aparmaram, apararam. Qulağını kəsərik, anbarda gizlədib sağalana qədər bəslərik. Sonra oğurlayıb verərəm qəsəbədə tanışlarımdan birinə. Evə gedəndə gedib götürərəm. Əsgərlikdən sonra bizə gələndə o itlə ova gedərik. Təsəvvür eləyin, siz allah, meşədə bir yerdəyik, əlimizdə tüfəng, bu itin ipini açıb buraxıram. İt çayı keçib bir qaban çıxarır. Sən istəyirsən atəş açasan, mən deyirəm, əyə, sən qarışma, ocaq yandır, özüm də şişləri düzəldirəm yavaş-yavaş. Bu uşaqlara da deyirəm ki, gedin o it tutan qabanı sürüyün buraya. Bunlar da deyir, ay Zabit, axı hələ it qabanı qovur. Mən də deyirəm siz gedin, siz çatana, qaban da hazır olacaq. Birdən qabanın səsi meşəni bürüyür, onu yerə çıxan it ovunun başında durub bərkdən hürür, bizə siqnal verir.

Uşaqlar ağızlarını ayırıb heyrətlə bu gopçunun uydurmasına qulaq asırdılar. Mən sözünü kəsməsəydim, onlar bir azdan qaban kababını dişlərinə çəkirmiş kimi ağızlarının suyunu udacaqdılar. Yazıqlar sanki zombi idilər, Zabitin əmrinə tabe olduqlarını görüb:

- Haydı, qoçaqlar, iti tutun! - deyə qışqırdım. Bir neçə dəqiqədən sonra it əli-ayağı bağlı halda, qurbanlıq quzu kimi Zabitin qabağında idi. O isə cibində hazır saxladığı ülgücü ilə itin qulağını dibdən kəsməyə başladı. Həm də sibirli (çukot) yoldaşımızla zarafat edirdi. “Sən iştahanı saxla. Bu iti sənin üçün kəsmirəm. Birdən qan iyi səni ayrı fikrə salar, elədirsə, al bu qulağı çeynə yavaş-yavaş”.

İkinci qulaq üzülər-üzülməz it qurtuldu iplərdən, əlimizdən çıxıb qaçdı. Hamıdan zirək yenə bu oldu. Qışqırdı:

- Tez hər yerin qapısını örtün!

Bağlı həyətdə it qaçır, hər yerə qan sıçrayırdı. Hasarlar, qapılar, uşaqların üst-başı tamam qan içində idi. İtin görkəmi isə dəhşət saçırdı. O gah kəsilmiş qulağının yerinə ağız atır, gah da ağrıdan qıvrılır, atılıb-düşürdü. Səs-küyə başımız elə qarışmışdı ki, göy gurultusu kimi bir səs hamını yerində dondurdu.

- Smirno!!!

Döndük baxdıq. Vay dədə, vay! Komandir əlində tapança, sifəti ağappaq, gözləri hədəqədən çıxamış halda bizə baxırdı. İndi səs-küy kəsilmişdi, təkcə yazıq it hoppanır-düşür, onu illər uzunu əzizləyən dostunu belə tanımırdı. Zabitin əli göydə quruyub qalmışdı. Ülgüc isə əlində uzaqdan bərq vururdu. Zalım oğlu bunu görən kimi elə bil 40 il itən dədəsini gördü, sifəti güldü. Hissəni bir-birinə vuran əsgəri iş başında tuta bilmişdi. İndiyə qədər heç bir xuliqanlığı onu boynuna qoya bilməmişdi, bir-neçə gün qaupvaxta salsa da, ürəyi soyumurdu. Göyə atəş açıb «Trevoqa!!!» - deyə bağırdı. Zabit işin yaş olduğunu görüb şirin dilini saldı işə: «Нə trevoqa, müharibə-zaddır? Нə olub, çukçalardan kimsə iti kəsmək istəyirmiş, əllərindən qaçıb, biz onun yaralarını tikirdik…”

Allah bilir, Zabitin zəngin təxəyyülü daha nələr uyduracaqdı ki, komandir artıq ağlının qarışdığını gördü, köməyə gələn əsgərlərə əmr etdi ki, bağlayın bunun qollarını. Nə isə, əskərlər birtəhər bunun əlini-ayağını kürüyüb basdılar qaupvaxta.

Şikayətə əsasən ertəsi günü yuxarılardan bir polkovnik gəldi. Bizi bir-bir dindirdilər, hamının sözü bu oldu ki, xəbərimiz yoxdur, biz gördük ki, Zabit təkbaşına orada itlə nəsə eləyir, getdik baxmağa. Onu da dindirəndə bizim sözümüzü təsdiq elədi. Guya it yaralı halda qaçıb gəlib, Zabit də itləri çox sevdiyi üçün ürəyi yanıb, yaralarına dərman vurmaq, tikmək istəyirmiş.Aradabir eyham vururdu ki, belə şeylər çox olur burada. Çukçalar it oğurlayıb kəsirlər. Bəzən lap içəridən kimsə bir şüşə arağa iti onlara satırlar və s. Polkovnik onunla təklikdə söhbət eləmək üçün hamını çölə çıxartdı. Komandir ayaq üstə ölmüşdü sanki. Zabitin sözü hara gətirib çıxaracağını bilirdi. Onun köhnə işlərindən, sudan quru çıxmaq bacarığından xəbərdar olduğu üçün indi çalışırdı ki, onu çox sıxışdırmasınlar. Polkovniklə nə danışdı, nə danışmadısa, axırda yığıncaq keçirildi. Orada Zabiti xeyli təriflədilər ki, ayıq əsgərdir, itləri çox sevir, çox bacarıqlı itsaxlayan olduğu üçün xüsusi tapşırıqla şəhərdə xidmət etməyə göndərilir. Hamı mat qalmışdı, iclasdan sonra şeylərini yığışdıra-yığışdıra bizə dedi ki, polkovnik öz adamımız çıxdı, çeçendir. Başa saldım ki, bu rus qələt eləyər iti mənim qədər sevər. Kənddə iti qoyundan çox qiymətləndirirlər. Amma bu əclaf türkləri incidir, mən də ondan hayıf çıxıram. O da müsəlmandır, başa düşdü məni. Deyir, səni burda ilişdirərlər. Şəhərdə yüksək vəzifəli qoca bir qadın yaşayır.Tənhadır, bir iti var. Çox bahalı bir ingilis itidir. «Doq» cinsli, həmin itə baxmaq üçün ona maaşla xidmətçi lazımdır. Səni aparacağam onun yanına. Allah eləsin xoşu gəlsin qabiliyyətindən, səni işə götürsə, canın qurtarar burdan, çasta da aybaay pul köçürər, bunlar razı qalar. Görürəm zirək, diribaş oğlansan, çalış baş çıxart orda, hələ doqquz ayın qalıb, orda yeyib-içib qalacaqsan.

Dedim, Zabit, bəs işinin nə olacağını soruşdun?

- Soruşmağı neynirəm? Gedib orda görərəm nə etməliyəm. Mənim itləri çox sevdiyimi bilirsən,- deyə bir göz də vurdu. - Görsəm o doqun qulaqları uzundur, bir şey fikirləşəcəyəm.

- Zabit, day orda bir hoqqa çıxarma. Amma darıxacağıq sənsiz. Məktub yazarsan tez-tez.

Bəli, gələn polkovnik Zabiti də götürüb getdi. Gözlərimizlə gördüyümüzə inana bilmirdik, doğrudanmı Zabit o boyda həngamədən qurtara bildi?

Hamı dönüb əmimə baxdı.Muğamat qurtarmışdı. O özü də dönüb dostunun söhbətinə elə diqqətlə qulaq asırdı ki, guya bu işlərin ona dəxli yoxdur.

- Sən canın, sonrası nə oldu? Günün necə keçdi orda, danış mən də bilim! - deyə dostu üz vurdu. Onun sözünü sındırmayan əmim cavanlığındakı macəranı da özü danışmağa başladı.


* * *

Getdik, şəhərdə çeçen polkovnik məni yaxşı yemək-içməyə qonaq etdi. Sonra maşını sürdürdü bir binanın qabağında saxlatdırdı. Düşüb liftlə qalxdıq 7-ci mərtəbəyə. Qapının zəngini çaldı. Qapı açılanda bir qadın göründü, onun yanında da bir it dal pəncələri üstə qalxıb yekə ağzını açaraq bizə baxırdı. Yalan olmasın, adam boyundan da xeyli hündürdən 2 qarış dilini çıxararaq ləhləyirdi. Fikirləşdim ki, bu iti allah mənə ürcah eləyib ki, incitdiyim itlərin qisasını alsın. Nə isə, keçdik içəri, it də gəlib oturdu stulda, pəncələrini də qoydu stolun üstünə. Biz mürəbbə ilə çay içirdik, it qabağındakı yeməyə etina etmədən bizi süzürdü, polkovnik isə qadınla söhbət edirdi.

Gördüm qadın gizlicə məni müşahidə edir, əlimi dizimə vurub iti çağırdım «Bura gəl!». İt elə bil dil bilirmiş, gəlib yanımda şöngüdü, pəncələrini qoydu dizlərimə. Oturan yerdə başı mənim başımdan hündürdə idi. Özümü göstərmək üçün kinolarda gördüyüm kimi, başladım itin boğazını, çənəsinin altını barmaqlarımla qurdalayıb masaj etməyə. Özü də əyilib itin qulabına elə tərif edirəm ki, ağlı olsaydı, yağ kimi əriyərdi. Gördüm ki, qadının xoşu gəlir hərəkətlərimdən, polkovnikdən soruşdum:

- Mənim işim nədən ibarət olacaq, yoldaş polkovnik?

- Sahibə hər gün işə gedəndə tezdən həyətə qədər itlə onu ötürür, sonra qaydıb iti yedizdirir, şənbə və bazar günləri sahibə ilə, itlə gəzməyə çıxır, həftədə 1 dəfə iti hamamda yuyundurur, darayırsan. Soyuducuda hər cür ərzaq var, bişir-düşür ye. Evə heç kəsi buraxmaq olmaz.

Başqası üçün bəlkə də bura əsil cənnət olardı, amma mənim üçün qapalı yerdə qalmaq ölümə bərabərdir. Həm də bir itə bu qədər xərc çəkmək mənə çox ağır gəlirdi. Üstəgəl, it də bir it ola, yenə dərd yarıydı. O qədər bol yedirtmişdilər ki, qarnı qat-qat piy bağlamışdı. Xüsusən dal ayaqları üstə duranda ətli, yekə qarnı qabağa çıxırdı və bu məni çox əsəbiləşdirirdi. Öz itim yadıma düşəndə qəzəbdən yanırdım ki, o yazıq soyuqda, qarda həyəti qoruyur, bircə parça quru çörək üçün adamın ayaqlarını yalayır, bu isə ətdən bir çimdik qoparıb üzümə baxır ki, pis bişirilib.

Nə isə, bir müddət orda yaşadım. Amma elə ilk gün qadın işə gedən kimi, aranı xəlvət görüb itin ən çox zəhləm gedən yekə qarnına bir təpik vurdum. Sonra axşama qədər qorxumdan necə deyərlər, başladım itə yaltaqlanmağa. Gah massaj elədim, gah sığal çəkdim, xeyri olmadı, it hey şübhəli-şübhəli mənə baxırdı. Bəlkə də mənə belə gəlirdi, amma elə düşünürdüm ki, qadın evə gələn kimi it təpiklə vurulduğunu ona bildirəcək. Çağıranda daha yanıma gəlmir, başını yana əyir, bir qulağını qaldırıb tək gözlə mənə diqqətlə baxırdı. Öyrəndiyim bütün söyüşləri ona yağdırırdım. Deyirdim ki, ilahi, bu mənim əlimə düşsəydi kənddə, meşədə. Bunu necə ləzzətlə döyərdim! Ən dəhşətlisi o idi ki, bu iti döyməyi dünyanın ən şirin ləzzəti bildiyim halda, ona qulluq etməli, nəvaziş göstərməli, sığallamalıydım. Əgər qadının yanında bir tumar çəkirdimsə, on zərbə vururdum sonra.

Bir dəfə liftdə qalxırdım. Gördüm sakitlikdir, bir mənəm, bir də it oturub, qarnı çıxıb qabağa.Özümü saxlaya bilmədim. Dedim ki, bir təpiklə nə olasıdı? Birini vurdum. Sonra daha özümü saxlaya bilmədim, o qədər vurdum ki, evə sürüyə-sürüyə apardım. Ora-burasını ovuşdura-ovuşdura güclə ayağa qaldırdım.

Arada itdən qum kisəsi kimi istifadə edirdim. Boksçular kisəyə zərbə vurduqları kimi, yumruqla qarnına, böyürlərinə vurur, kök bədənin əlimi necə dəf edib qaytarmasından həzz alırdım. Kül onun it başına, bizdə balaca küçüyə çübüqla vursan, bağırsaqlarını tökər, amma o qədər döyürdüm, heç dişlərini qıcamırdı. Elə yazıq-yazıq hıqqıldayır, üzümə baxım yavaşca zingildəyirdi. Vallah, bizim itə bir daş dəysə, ulamağı yeddi kənd o yana gedər. Bu məni lap əsəbləşdirirdi. Bütün uğursuzluqlarım, dəcəlliklərim, əsgər yoldaşlarım, ev, doğmalarım yadıma düşür, kasıblarla varlılar arasındakı bu qədər fərq məni yandırır, hamısının acığını çıxmaq üçün döşəyirdim o yazıq itə. «SSRİ-nin Müdafiə Naziri məni niyə bu xarabada xidmət etdirir?» düşünərək, generalın acığını ondan çıxırdım. «Bu qadın nə qədər harınlayıb, bizim kənd arvadları şələ daşımaqdan beziblər!»

«Mən SSRİ-ni qorumağa and içmişdim, ya bunu?» fikirləri başımı xarab eləyirdi.

Nəhayət, sahibə yavaş-yavaş şübhələndi. Bir dəfə soruşdu ki, itin iştahı niyə zəifdir?

- Xanım, siz olmayanda yaxşı yeyir, yəqin sizi çox sevdiyindən yemək istəmir, oynamaq istəyir.

Arada itin niyə arıqladığını soruşurdu. Deyirdim, çoxlu qaçırıq, idman edirik və s. Amma artıq məndən şübhələndiyini hiss edirdim. Nə qədər bəhanələr gətirsəm də, sualları elə verirdi ki, az qalırdım özüm-özümü ifşa edim. Hətta bir dəfə həkimə də apardıq. Rentgen bədənində qançır göstərəndə qadın məndən səbəbini soruşdu. İçimdə gülməyimi güclə boğurdum. Ürəyimdə dedim ki, gündə 50 yumruq, təpik dəyir, deyirsən qançır da olmasın? Birtəhər başını tovladım ki, çimizdirəndə sürüşdü kafeldə, vannaya dəydi, yəqin ondandır. İşlər getdikcə çətinləşirdi. Nə iti döyməkdən özümü saxlaya bilmirdim, nə də qadının şübhələrini dağıda bilmirdim. Yavaş-yavaş onun beyninə yeridirdim ki, itlər çox yaşamır, uzağı 10 il olur ömrləri. Bu it çox qocalıb, nə vaxtsa evdə ölməkdənsə indidən bir yana vermək lazımdır. Bir müddət sonra, bu söhbətlərin təsiri oldu, ya o başa düşdü ki, başqası onun üçün iti yaxşı saxlaya bilməz, ya da nə idisə, qadın evə həmən çeçen polkovniklə gəldi, bununla da it saxlamaq karyerama son qoyuldu. Məni başqa bir hissəyə apardılar.

-Əmi, sən allah, orda nə oldu, onu da danış! Nə qədər yalvarsaq da, o daha heç nə danışmadı. Dostu da bizə kömək eləmədi, hələ bir dedi ki, onun hoqqalarının hamısını yazsan, 2 illik qulluq həyatı 2 ilə oxunan bir kitab olar. Hələlik bəsdir...

MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930