manera.az
manera.az

Yıxıldım xoşbəxtlikdən... - Əli Şirin Şükürlüylə MÜSAHİBƏ |MANERA.AZ

📅 30.08.2016 11:00

Yıxıldım xoşbəxtlikdən... - Əli Şirin Şükürlüylə MÜSAHİBƏ |MANERA.AZ

MANERA.AZ-ın növbəti həmsöhbəti Əli Şirin Şükürlüdür. Söhbəti oxucularımıza təqdim edirik:

- Əli müəllim, Sizi Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan şair-esseist, intellektual poeziyanın nümayəndəsi kimi yaxşı tanıyıq. Bəs Əli Şirin Şükürlü haqqında nələri bilmirik?

Ata-ananın yeganə oğlu, beş bacının bir qardaşı, iki qız, bir oğulun atası. Sevdiklərimi özümdən çox sevirəm. Ehtimal nəzəriyyəsi üzrə elmi dərəcəm və elmi rütbəm var. Hesab edirəm yeni fəlsəfi model yaratmışam - riyazi məntiqə əsaslanan. "Dünyaya yeni baxış" fəlsəfi esse adı ilə mətbuatda yayımlanıb. Bu sahədə iş davam edir. Hazırda "Elmi təfəkkür və bədii mətn" adlı metodik vəsait üzərində işləyirəm. Bu vəsaiti BSU Yaradıcılıq fakültəsində oxuduğum mühazirələrim əsasında hazırlayıram. Həm də bir neçə povest və hekayələrim var. Vəssalam! Hə... Bir də həm ölümə inanıram, həm də ölümsüzlüyə...

- Maraqlıdır… Əli müəllim, insan birdirsə, onda həm ölüm, həm də ölümsüzlüyü siz necə birləşdirirsiz?

Çətin yerdə haqladın məni, Şəhla, bəlasan ki bəla.... Adam var, ölüm onu ölümsüzlüyə qovuşdurur, adam da var elə yaşantısında ölüdür. Bir də ölüm şüurun məhsuludur. Şüurdan kənarda ölüm yoxdu ki. Yalnız dəyişmələr var.

- Mən elə belə də gözləyirdim, düşünürdüm ki, siz insanın ölən və ölməyən tərəflərini nəzərdə tutursunuz. Bəlkə sizin "tam sərbəst" olan sərbəst şeirləriniz də insanın ölümsüzlüyünə ünvanlanmışdır. Səhv etmirəm ki?

Bunu sən söylədin hər halda. Mənə isə təşəkkür etmək qalır bu fikirlərinə görə.

- Əli müəllim, sizin xoşbəxtlik ehtimalı üçün müəyyən etdiyiniz p=r:n düsturunuz islam fəlsəfəsi ilə tam uzlaşır. Orada da deyilir ki, uzun-uzadı istəklər insanı bədbəxtliyə sürükləyir. Düsturunuzdan da belə çıxır ki, xoşbəxt olmaq üçün istəkləri azaldıb reallıqla yaşamaq lazımdır. Yaşadığımız maddi aləmdə bu özünü tam doğruldur, belə ki, insan reallıqla ayaqlaşarsa, uğur qazanır. Bəs əbədi səadətin əldə olunduğu mənəvi aləm? Axı reallıq orada yaramır! Sizin formulunuzu əbədi xoşbəxtlik qazanmaq üçün mənəviyyat aləminə necə tətbiq etməliyik?

Bu xoşbəxtlik barədə elmi-fəlsəfi və bədii düşüncələrimin ümumiləşməsidi. İnsanların həyata baxışı müxtəlif olduğu kimi xoşbəxtlik barədə formulası da fərqlidi. Bir də xoşbəxtlik nədi axı? Bədbəxtliyin astar üzü... Bir şeirim var: "nə xoşbəxtəm nə bədbəxt" belə misra var orda. Bir şeirin də belə misrası var: "bu yazıda yıxıldım xoşbəxtlikdən, amma eybi yox, xoşbəxt olmadan da yaşamaq olar". Bir də həyata verdiyim belə bir tərif var, hesab edirəm bu tərif sualına qismən də olsa cavab kimi qəbul etmək olar: "həyat - xoşbəxtlik adlı duyğuya adda-budda rast gəlmək üçün qurulmuş yoldur". Həm də mənəviyyat, ruhaniyyət aləmini qəbul edənlər bu yolun əsl yolçularıdırsa, artıq əbədi rahatlıq və səadəti qazanıblar, məncə. O düstür həmən aləm üçün daha adekvatdır.

- Dahi Füzuli də şeirdəki mənanın elmə söykənməli olduğunu dönə-dönə təkid etmişdir. Bu mənada siz bir ilkə imza atmısınız. Elmin ən son nailiyyətlərini şeirə gətirmisiniz. Sizin şeirləriniz konkret oxucu kütləsi üçün məsələn, riyaziyyatdan başı çıxanlar üçünmü nəzərdə tutulub?

Doğrudu. Elmi düşüncə ilə bədii təfəkkürün sintezinə nail olmağa çalışıram yaratdığım bədii mətnlərdə . Çünki düşünürəm ki, "şeir-hissdir" doğmasından vaz keçmək lazımdır. Şeirə də düşüncə məsələsi kimi baxmaq lazımdır. Yox. Təkcə riyaziyyatçılar üçün nəzərdə tutulmayıb. Əsasən bədii mətndən düşünməklə zövq almağı bacaranlar üçün nəzərdə tutulub. Təbii, bu cür oxucu auditoriyası "qulaq şeirindən" zövq alanların auditoriyasından kiçik olacaq həmişə. Amma elə mətnlərim da var ki, onları anlamaq üçün fəlsəfi düşüncə ilə yanaşı riyazi bilik də tələb olunur.

- A=B=C şeir-essenizdə qapı anlayışına yeni yanaşmanız Frans Kafkanın qapı barədə dediklərini yadımıza salır. Amma fikir labirintinə poeziyanın dil çətinliyi də əlavə olunur. Ağlıma gəlir ki, bəlkə siz belə qəliz fikirləri qəliz dildə çatdırmaqdan çəkindiyiniz üçün daha yeni şeir növünü seçmisiniz. Mən onu “sərbəst şeirin sərbəst növü” adlandırardım. Buna münasibətiniz...

Öncə dil məsələsinə toxunum. Ümumiyyətlə, bədii mətndə yeni, təkrarsız təfəkkür yeni dil faktoru, yeni üslub yaradır və bunu dərhal qəbul etmək o qədər də asan başa gəlmir. Poeziyada illərlə formalaşmış vərdişlər sistemindən birdən imtina edib yeni formatı qəbul etmək çətin olur. Ona görə də sən düz adlandırırsan “sərbəstin sərbəsti”. Amma mən bunları prozaik şerlər hesab edirəm. Bəzilərini şeir-esse adlandırıram. Çünki bu mətnlərdə poeziya ilə prozanın sərhədləri pozulub. Mən nədənsə çəkinmirəm, qətiyyən ehtiyatlanmıram bədii mətn yaradarkən. Yəni bədii mətnlərdə istifadə etdiyim elmi anlayışlar, simvollar mətnə xələl gətirər deyə ehtiyatlanmıram, yetər ki, o anlayışlar, simvollar mətnin məna yükünü artırsın, onu idrak sferasına keçirə bilsin. Buna görə də onlar bu qədər sərbəsdirlər. Kafkanın bir çox əsərlərini oxumuşam, amma qapını xatırlamıram doğrusu. Yenidən nəzərdən keçirəcəyəm onun əsərlərini. O doğurdan da ədəbi fikir müstəvisinə əsaslı təsir etmiş yazarlardandır.

- Bir şeirinizdə göz yaşlarını dualara bənzədir və “Pərvərdigara, qəbul et, dualarımı” deyirsiniz. Göz yaşları kədərdən, peşmançılıqdan yaranır, dualarda isə arzu, istək olur. Bu ziddiyyəti necə izah edərdiniz və ümumiyyətlə, göz yaşları içində Allahdan nə diləmisiniz?

Xeyli müddət keçib o şeirin yarandığı tarixdən. İndi dəqiq xatırlamıram hansı psixoloji məqamın, əhval-ruhiyyənin şeiridi. Amma bir şeyi dəqiq bilirəm, göz yaşı müxtəlif hisslərdən yarana bilir; kədərdən, sevincdən və s. həm də istəkdən, sevgidən...

“0=1” şeir-essenizi oxuyanda ağlıma bir fikir gəldi. Bu cür sübutlara bildiyiniz kimi riyazi sofizm deyilir ki, sufi babalarımız onun bilicisi olublar. Doğru olmayan şeyi sübut etmək hər kişinin işi deyildir. Deyirəm ki, aləmin yoxdan var olmaq məsələsini, bəlkə sizin hələ yazılmamış bir şeirinizdən, nə vaxtsa oxuya biləcəyik?

Fəlsəfi düşüncə tarixində rəqəmlərin mistikasına, riyazi qanunauyğunluqlara önəm verən müxtəlif təlimlər olmuşdur. Hətta bunlara substansiya kimi, yəni ilkilik kimi baxılıb bəzi təlimlərdə. Eyni zamanda sufizmdə də rəqəmlərə böyük məna verilir. Yoxluq məsələsinə gəlincə hesab edirəm ki, yoxluq özü də varlığın bir formasıdır. Bu barədə artıq bəzi yazılarım var, məsələn, hər varlığı bir yoxluq, hər yoxluğu bir varlıq müşaiyət edər. Digər belə fikirlər var həm şeirlərimdə, həm də esselərimdə.

- Müdriklərdən biri deyib ki, riyaziyyat rəqəmlərin poeziyası, ədəbiyyat isə sözlərin poeziyasıdır. Sizin timsalınızda ədəbiyyatla riyaziyyatın qovuşuğundan yaranan sənət nüməsini görürük. Bəs bu yolun sizinlə bitməməsi üçün hansısa planınız varmı?

Plan deyə bilmərəm, amma mühazirələrim deyəsən "idrak poeziyasına" qismən maraq yarada bilib. Daha nələr alınacaq bilmirəm. Gərək yazarın yaradıcılığının dinamikası, nail olduğu biliklər hesabına (təkcə riyaziyyat yox ) elmi-bədii təfəkkürü formalaşa ki, elmlə ədəbiyyatın gerçək vəhdətinə nail ola bilsin.

- Maraqlı söhbət üçün təşəkkür edir, Sizə uğurlar arzu edirəm.

Mən də sizə uğurlar arzulayıram. Mənə elə gəlir ki, yekunlaşdırsaq da hələ söhbətimiz bitməyib. Necə deyərlər hər son həm də başlanğıcdır. Sağ olun.

Şəhla Aslan,
MANERA.AZ





Baxış sayı - 2 976 | Yüklənmə tarixi: 30.08.2016 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031