"Klassik musiqiyə bölgələrdə də maraq artıb" - Xalq Artisti |MANERA.AZ
"Hər il Azərbaycan musiqisevərləri Qəbələ Beynəlxalq Musiqi Festivalını böyük səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, festivalın coğrafiyası ildən-ilə genişlənir, festival çərçivəsində artıq bölgələrdə də səyyar konsertlər təşkil olunur. Bu il Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin 4 şəhərdə konserti nəzərdə tutulub. İlk konsert Balakən şəhərində təşkil olunub. Sevinirik ki, klassik musiqiyə bölgələrdə də maraq artıb."
MANERA.AZ xəbər verir ki, bu sözləri tanınmış pianoçu, Xalq Artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova Balakəndə jurnalistlərə müsahibəsində deyib.
Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Avropa bəstəkarlarının musiqisinin də daxil edildiyini bildirən Yeganə Axundova kamera orkestri üzvlərinin virtuoz ifalarının, həmçinin Azərbaycanın gənc solistlərindən beynəlxalq müsabiqələr laureatı Aytac Şıxəlizadənin çıxışının balakənli musiqisevərlərin ürəyincə olduğuna əminliyini ifadə edib.