Uşaq-gənclər xalq çalğı alətlərinin konserti MANERA
Yanvarın 30-da Filarmoniyada Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Qeyd edək ki, uşaq-gənclər xalq çalğı alətləri orkestri 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Orkestrin tərkibində Bakının müxtəlif musiqi məktəblərindən seçilən 50 şagird yer alıb. Bu illər ərzində uşaqların yarıdan çoxu respublika müsabiqələrinin qalibi olub, 7 nəfər isə prezident təqaüdünə layiq görülüb. Orkestrin ilk çıxışı 2009-cu ildə Qəbələ şəhərinin konsert zalının açılışı zamanı baş tutub. Bundan əlavə orkestr Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində, Kamera və Orqan Musiqi Zalında, dəfələrlə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində, eləcə də bölgələrdə, o cümlədən Şəki, Şamaxı, Ağcabədidə çıxışlar edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.