Özünə ölüm arzulayanların gizli sirri: Şəhla Aslan yazır... | MANERA.AZ
Qəribədir, alimlərin alimi olan nənə-babalarımız niyə özlərinə bu qədər qarğış-nalə ediblər? Məgər “Sənə qurban!”, “Dərdin alım!”, “Azarın mənə gəlsin!”, “Qadan alım!”, “Allah məni öldürsün!” və s. deməklə ömürlərinin qısalacağından, ən gözəl nemət olan həyatdan mərhum olacaqlarından qorxmamışlar? Yəqin ki, burada bir hikmət var.
Yoxsa kiminsə dərdi, problemi olan kimi keçmişlərimiz yaxasına əl atmazdılar, başına-gözünə döyüb başqasına görə özlərinə divan tutmazdılar. Başqasının halına acımaq həmişə təqdir olunmuşdur. Amma bunu sözdə ifadə edərək “Dərdinə şərikəm!” kimi demək məncə, ruslarla oturub-durandan sonra dilimizə keçmişdir, oradan da qanımıza hopmuşdur. İş onların “soçuvstviye” sözündədir. Yoxsa bizdə belə deyim olmayıb əvvəllər. Birinin problemi olanda qollarını çırmayıb kömək ediblər. Bax, buna canıyananlıq, ürəyiyananlıq deyilir.
Yadıma bir lətifə düşdü. Deyir birisi bazardan çörək alıb evə qayıdırmış. Görür ki, bir uşaq acından ağlayıb çörək diləyir. Yetimin halına dözə bilməyən kişi də başlayır ağlamağa, “can, ay yetim!” deməyə. Onun vəziyyətini görənlər deyirlər ki, ağlamaqdan nə fayda, qoltuğundakı çörəkdən ver uşağa da. Kişi deyir ki, “Can, can!” demək asandır, çörəyə qıymıram axı. Amma onun dərdinə şərikəm.
Bax, boğazdan yuxarı dərdə şərik olmaq xasiyyəti bəyənilmir, gərək həqiqi şəfqət hissi olsun. Canıyananlıqla dərdə şərik olmaq arasında böyük fərq var.
Halınıza şərikəm demək bir işdir, “mən sizə kömək edərəm” deyərək onu başa düşmək tamam başqa bir işdir. Canıyananlıq yaxınlarına əsl qayğı göstərməkdir.
Atalarımız gözəl demişlər: “Qonşum şad, mən də şad”.
Doğrudan da, əgər siz xoşbəxtsinizsə, onda ətrafınızdakılar da xoşbəxt insanlara çevriləcəklər. Niyə? Çünki canıyananlığa meylli olanlar daha sadə və əlaqələrdə daha pozitiv olurlar. Onlar özlərindən atmosferə fərəh yayırlar ki, bu da ətrafdakılara təsir edir.
Konfutsi deyir ki, müdriklik, şəfqət və cəsarət – bunlar bütün əxlaqi dəyərlərin üç əsas başlanğıcıdır. Mən fəlsəfəni o səviyyədə bilməsəm də, bu sözlərlə məgər razılaşmamaq olar?
İnsanlara qalxmağa kömək edin, onun səviyyəsinə qədər yerə əyilməyin. Belə etsəniz, o, sizin tərəfdaşınız olacaqdır.
Bu yaxınlarda psixologiyada qəribə təzadlar kəşf olunduğunu oxudum. Elmi tədqiqatların nəticələrinə görə, canıyananlıq insanın fiziki durumuna təsir edir. Ətrafdakılara qarşı canıyananlıq göstərən insanların orqanizmində dihidroepiandrosteron hormonu adi adamlara nisbətən 100% çox, kortizol hormonu isə 23% çox hazırlanır. Nədir bu hormonlar? Desəm şoka düşəcəksiniz vallah! Dihidroepiandrosteron – qocalmaya əks təsir göstərən hormondur. Korbizol isə stressin qarşısını alan hormondur, vəssalam! İndi məlum olur ki, “Allah məni öldürsün!” deyə-deyə nənə-babalarımız niyə şad-xürrəm 100 il yaşamışlar.
Bir filmdəki kadrlar yadıma düşdü. Qoca hindu nəvəsi ilə söhbət edir. Ona deyir:
- Hiss edirəm ki, qəlbimdə iki canavar bir-biri ilə boğuşur. Birisi qaniçən, o birisi isə sülhsevər və canıyanandır.
- Bəs onların hansı qalib gəlir?
- Mən onların hansını yemləsəm o.
Ümumiyyətlə, cəmiyyətdə insanlar arasındakı münasibətlər çay daşlarından hörülmüş divara bənzəyir. Daşların girinti-çıxıntıları bir-birini tamamladığı kimi, insanlar da bir-birinə uyğun reaksiya verirlər. Ona görə də qarşındakının sənə necə münasibət göstərməyini istəyirsənsə, sən də bəri başdan onunla elə davranmalısan.
Yenə də bir paradoks haqqında söhbət etmək istəyirəm. Kim ki, yalnız gəlir, qazanc haqqında düşünərək şəfqət hissindən uzaq durur, onun heç qazancı da olmur, yaxud da bərəkətsiz olur. Şəfqətli insanlar isə daha çox uğur qazanır. Elə dinimiz də dönə-dönə bunu tövsiyə edir. Sədəqə ver ki, malın artsın. Zəkat ver ki, bərəkətin çoxalsın.
Əziz oxucu, sonda nəzərinizə bir hədisi çatdırıram. “Sileyi-rəhm edənlərin ömrü uzanar”, qohum-qardaşa, yaxınlara baş çəkən, kömək edənlər barədədir bu hədis. Neçə əsr bundan əvvəl deyilən bu fikri qəbul etsəm də beynim qavraya bilmirdi. Düşünürdüm ki, insanlara şəfqət hissi aşılamaq üçün deyilmişdir. Amma indi bu fikir öz elmi təsdiqini tapanda bir daha heyrətə düşdüm.
Məgər Peyğəmbər həmin hormonlara görəmi belə hökm vermişdir? Əlbəttə ki, yox! Onun elmi bizim indi kəşf etdiyimizdən daha artıqlarını əhatə edir.
Nə isə... Şəfqətli olmaq sağlam olmaq, həm də uzunömürlü olmaq deməkdi.
Manera.az