Məkkəmiz Şuşa olsun! MANERA.AZ
![]()
“Aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava
QEYRƏT OCAĞIMIZ SÖNMƏSİN!
O qanlı-qadalı günlərdən vur-tut ikicə ay ötüb. Ruhumuzda böyük canlama, qəlbimizdə qələbəmizə ümid yaradan o günlərin hələ də təsiri altındayıq. Və barmaqla sayılası o günlərdə kiçikdən böyüyəcən hamımız dörd gözlə cəbhə bölgəsinə boylandıq. Ölkəmiz əsl müharibə ab-havasıyla nəfəs aldı.
Həmin günlərdə sosial şəbəkələrdə ölkəmizin müdafiə nazirindən milli ordumuza “Xankəndinə dağıdıcı zərbərə vurmağa hazır olun” əmri barədə xəbəri oxuyanda, öz səhifəmdə Mirzə Cəlilsayağı belə status paylaşdım: “Şeytan yuvasını dağıtmaq gərək. Mən təklif edirəm bu il Azərbaycandan həcc ziyarətinə gedən zəvvarlar marşurutu dəyişdirib ŞUŞAYA - şeytana daş atmağa getsinlər! Məkkəmiz ŞUŞA, MƏDİNƏMİZ XANKƏNDİ OLSUN! Əgər tökülən qanlar, ehsan edilməli pullarımız varsa, gözümüzün qarşısında QARABAĞ məbədgahı durur...”
Qələm dostlarımdan biri mənə məsləhət gördü ki, bu fikri şaxələndirim və bir köşə yazısı hazırlayım. Görəsən, Qarabağ işğal olunandan bəri küllü miqdarda pul xərcləyib Məkkəyə, Mədinəyə və ya Kərbalaya on-on beş, hətta iyirmi dəfə getməyin nə mənası var?! Axı İslam peyğəmbəri özü də buyurub ki, VƏTƏNİ SEVMƏK imandandır!..
Elə isə müharibə şəraitində yaşayan bir ölkənin hospitallarında onlarca yaralı əsgərlər müalicə olunursa, döyüş bölgəsində dinc əhalinin əkin-biçini düşmən tərəfindən iri çaplı silahlarla atəşə tutulursa, bü üzdən alın təriylə becərdikləri məhsulları vaxtında yığa bilmirlərsə və azdan-çoxdan ərzaq korluğu çəkirlərsə, təkrar-təkrar Kəbəni, Kərbəlanı, Məşhədi ziyarət edənlər hansı vətənpərvərlikdən dəm vura bilərlər?!
Bəli, bu il aprelin əvvəllərində işğaldan azad olunan Lələ təpə yüksəkliyinə üçrəngli bayrağımız sancılanda, nədənsə Azərbaycanın HACI titulu daşıyan çoxlu sərvət sahibləri, “gizli” milyarderləri, böyük “iş adamları”, imanlı möminləri haqqında düşündüm. Və istər-istəməz düşmən tapdağında olan Qarabağın baş şəhəri Şuşa , eləcə də Xankəndi gözlərimin önündə Allahın bizə bəxş elədiyi, fəqət illərdir ki, ziyarətinə həsrət qaldığımız müqəddəs şəhər kimi canlandılar.
Düşünürdüm ki, belə gündə bizim hamımız – hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da Kəbəsi, Kərbalası Şuşa olan bir müqəddəs ziyarətgahın zəvvarları olmaq arzusuyla yaşayırdıq...
Bu, bizim - ilk növbədə Azərbaycanda yaşayanların vətəndaşlıq borcumuz idi... Fəsad gələn yerdən NİCAT da gələr, deyiblər.
Aprel müharibəsi nicat anının yetişdiyindən soraq verdi...
Doğurdan da, yeniyetmə məktəblinin də, gənc tələbənin də, maddi sıxıntı keçirən ziyalının da, din xadiminin də, məmurun da, lap bazar adamı dediyimiz alverçinin daxilində QEYRƏT OCAĞI alovlanıb şölələnmişdi...
Mən belə hissləri 1988-ci ildə Lənkəran, Masallı, Cəlilabad camaatının paypiyada Bakıya - Azadlıq meydanına yürüşü zamanı yaşamışdım. İndi də fəxrlə o zaman “İlin xalqı” adı almağımızı dilə gətiririk.
Bəli, bu il aprelin ilk günləri illərlə içimizdə KİF basmış, korşalan hisslərdən qurtulmaq üçün döyüş bölgələrində GÜCLÜ milli- mənəvi təkanlar baş verdi. Qarabağ bir anlıq KƏRBALA MEYDANINA döndü.
Vətən uğrunda yenə şəhidlər verdik... Düşmən igid əsgərlərimizin həmləsinə tab gətirməyib geri çəkildi.
Hətta dəfələrlə öz müsahbələrində müharibə başlasa ermənilərə qarşı döyüşəcəyini açıqlayan taqonoroqlu qələm dostum, Rus şairi və politoloqu Aleksandr Fomenkov Moskva televiziyasında diktorun dilindən ilk dəfə XANKƏNDİ ifadəsini eşitdiyinə görə necə böyük sevinc hissi keçirdiyini “URA” deyərək feysbuk səhifəsində paylaşdı.
Bəli, o aprel günləri Milli Ordumuzun əsgər və zabitləri də sanki intiqama susamışdı. Qarabağın azadlığı uğrunda qəhrəmanlıq salnaməsinə Murad Mirzəyev, Samit İmanov və Şükür Həmidov kimi vətən oğulları igidlik səhifləri yazdılar. Arxa cəbhələrdə sinəsində orden və medalları bərq vuran yaşlı müharibə veteranları belə döyüşə getməyə hazır olduqlarını bəyan edirdilər.
“Bu günlər qurumuş gözlər də yaşarmışdı, daşlaşmış ürəklər belə yumşalmışdı. Bu gün əlləri pul saymaqdan başqa bir şeyə yaramayan başların sahibi belə başqa cürə düşünürdü. Mən çoxdan idi bugünkü kimi yaşamaq istəyirdim. Bu gün çox işlər görmək olardı. Bu günü yaşadığıma görə Allahıma minnətdaram...”
Bu fikirləri də sosial şəbəkədə ixtisasca həkim olan Mehman adlı sadə bir eloğlumuz paylaşmışdı.
Düzü, o aprel günləri hər şey unudulmuşdu; rüşvətxor məmurların özbaşınalığı da, bankların kredit “məgənəsində” vurnuxan adamların dərdi-səri də, Eldar Mahmudov olayı da... Ən kasıb insanlar şor-çörək yeməyə, ac-yalavac qalmağa razı idi, təki QARABAĞ düşməndən azad olsun!
Bu, bizim xalqımızın yekdil qərarı idi.
Bu istək, bu qərər bizim xalqımızın mənəvi gücünü sərgiləyirdi.
23-24 öncə il öncə Qarabaq uğrunada şəhid olan igidlərmizin maddi sıxıntılar içində yaşayan ailəsinə rəhmi gəlməyən, “fikri-zikri dollar-avro adlı sovxasında” qalan zalım-qəddar adamlar belə xeyirxaha çevrilmişdilər. Yaxşılıq da, hörmət də, unutmaq da, bağışlamaq da, vətənini vətandaş kimi SEVMƏK də insan ağlının, şüurunun bəhrəsidir!
O qanlı-qadalı aprel günləri bir daha dərk etdim ki, bu dünyada ən böyük məğlubiyyət i hər bir vətəndaşın özünü zorakılıq qarşısında aciz və gücsüz hiss etməsidir!
O aprel günü bir daha fəxr etdim ki, bizim Azərbaycanımızın mənəvi gücü onun maddi gücündən qat-qat önə keçə bilər... Hətta o aprel səhərlərinin birində mənim 4 yaşlı Səma nəvəm də “baba, mən də əsgər olub erməniləri öldürəcəm...” deyirdi.
Sanki tarix uşaqdan-böyüyəcən Azərbaycan xalqının Vətən Sevgisi-ni Qarabağda alovlanan yeni müharibə alovuyla sınağa çəkmişdi. Bu, həm Milli Ordumuzla qürur duyan xalqımızın turist təşkilatına bənzəyən ATƏT-in Minnsk qrupuna, Qadınlar qrumu kimi qərar və qətnamələri ermənilər tərəfindən vecə alınmayan BMT-yə, BİR dünyanın QAZANINDA İKİ qoç buynuzu kimi qaynamayan Rusiya və ABŞ-a, neftinə görə Azərbaycana saxta sevgilər bəsləyən ikili standartlı ikiüzlü dünyaya etirazı idi.
Əsl şan-şöhrət şücaətdən, cəsarətdən Vətən eşqindən, sevgisindən doğulur. Əsl vətən sevgisinin reklama, tele-şouya ehtiyacı olmur. Əsl sevgi də, HƏQİQƏT də sadə xalqın içindədir. Vətən eşqinin dəbdəbəli saraylardan, villalardan, xarici banklarda tıx vuran milyonlardan və milyardlardan çox-çox uzaq olduğunun bir daha şahidi olduq. Dünya da Azərbaycan ordusunun gücünü , xalqımızın iradəsini və yekdil mübarizə əzmini gördü. Və təkcə görmədi, görüb, duyub, dərk etdi.
Sən demə, hələ bilmədiyimiz çox şeylər də varmış bu dünyada. 3-4 günlük müharibədə Şeyxülislama və erməni keşişinə müraciət edib, qan tökülməsinə etiraz edən Rus patriarxı görəsən niyə Roma Papası məhz Sosialist Kubasında, əslində ateist dövləti olan bir ölkədə görüşdü? Və niyə bu vaxta qədər Rusiya, ABŞ, İngiltərə şərqdə müsəlman qanı tökəndə səsini çıxarmırdı?
Müasir dünya siyasətində cavabsız suallar çoxdur.
Çox təəssüf olsun ki, bəzi qərb dövlətləri, eyni zamanda Rusiya Qarabağ uğrunda Azərbaycanın apardığı ədalətli müharibəni dayandırmaq cəhdləri ilə bir daha sübut etdilər ki, bu dünya dövlətlərinin siyasəti son anda yalnız xristian amilinə söykənir...
...Uşaq vaxtı yadıma gəlir ki, nənəm ocaqlıqda pıqqapıqla qaynayan böyük mis qazanda bişirdiyi xörək daşmasın deyə, arada o qazanın qapağını qaldırıb iri çömçəylə qarışdırardı. Elə olurdu ki, azca yubanırdı, onda qazan daşdanıb ocağı söndürərdi...
...İçimiz illər uzunudu ki, Qarabaq eşqi ilə qaynayıb-daşdanırdı. Üç- dörd gün ərzində öz doğma ocağımıza tökülən igidlərimizin al qanı QEYRƏT oçağını daha da alovlandırdı . Müxalifətli, iqdidarlı xalqımız BİR oldu.
Paytaxta, bölgələrdə şəxsi maşınlarda, evlərin eyvanlarında milli bayrağımımız dalğalanır, efirlərdə Vətən, torpaq, milli qürur və ləyaqət uğrunda mübarizəyə səsləyən hərbi türkülər səslənirdi :
Hay ver, mənə, cənab leytenant!
Hay ver mənə, leytenant!
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə, leytenant!
Bəli, o aprel günlərində Azərbaycan dünyada bir BOY da artdı. Azərbaycanın BOYUNA sevinənlər də oldu, paxıllıq edənlər də.
Və... Yenə paxıllıq rüzgarları əsdi üstümüzə, soyuq su caladılar getdikcə alovlanan qeyrət ocağımıza!
Yanar ocağın üstünə su calamaq isə böyük günahlardan sayılır...
Fəqət “Aprel müharibiəsi” ndə əmin olduq ki, milli qeyrət ocağımızı söndürmək heç bir xarici qüvvəyə nəsib olmayacaq !
Əmin olduq ki, Qarabağın gözəl yerlərinin havasını udmaq , sərin bulaqlarının suyunu içmək heç də uzaqda deyil...
Və düşmən işğalından azad edilmiş və ediləcək torpaqlara neçə- neçə igid əsgərlərimzin qanı töküldüyünü heç kim, heç vaxt unutmayacaq... O torpaqlar qeyrətli vətən öğullarının qanı bahasına azad olunduğuna görə bizə və bizdən sonra gələcək nəsillərə qızıldan da qiymətli, əvəzsiz və müqəddəs məkan olacaqdır!..
Nurəddin ƏDİLOĞLU
Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.