Gərək öləsən ki, sənə inanalar!.. | MANERA.AZ
manera.az
Vəfa Mürsəlqızı yazır...
Bekarçılıqdan canını qoymağa yer tapmayan camaatım zaman-zaman oynamaq üçün müxtəlif oyunlar tapmaqda mahirdir. Məsələn Mirzə Cəlil demişkən, it boğuşdurmaq, hamamda yatmaq və s. Hər dövrün öz dəbdə olan “muşqulatdarı” var. İndi də axın əksinə gedib layk toplamaq azarına tutulmuşuq. Nəsə deyək, axmaqlayaq, amma təki cəmiyyətdə seçilək. Bunun üçün bütün müqəddəs şeyləri ayağımız altına alsaq belə.
Son günlərin ən populyar söz –söhbəti yazıçı Kənan Hacının və mərhum jurnalist Rasimin olaylarıdır. Hərə bir söz deyir, hərə bir cür diqqət çəkməyə çalışır. Başqasının acısını, dərdini bu qədər insafsızcasına çəkişdirmək mümkünmü?
Dindirəndə nitqini “Allah razı olsun”, kəlməsi ilə başlayıb “İnşallah” kəlməsi ilə bitirən adamların bir damla da olsun Allahdan xəbəri yoxdur.
Qeyri millətlər öz vətəndaşının halına acıyır, yardım edir, mənəvi dəstək olur, bizdə isə yalnız gülünc günə qoyurlar həmin adamı. Yüz cür şayə, olar olmaz böhtan, qara yaxırlar. Sabah saytlarda Rasimin nişanlısı haqda boy-boy əcaib xəbərlər çıxsa təəccüb etmərəm. Bizim artıq nə yazarımıza, nə də şəhidimizə hörmətimiz qalıb. Bizim üçün Lamiyə olayı da, hicab məsələsi də, yaşamaq uğrunda əlləşən yazıçımız da, onlardan fərqli artıq axirətinə qovuşmuş bir gənc də eyni imiş...
Yazmayın, insanlar! Sizin kiminsə dərdini yazacaq qədər haqqınız yoxdursa , yazmayın!
Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində bir epizod var, həyatın səfil-sərgərdan etdiyi bacı qardaş küçədə rastlaşır. Bacı qardaşından bir tikə çörək istəyir. Qardaşı isə onun ac olduğuna inanmır və təklif edir ki, gəl qarnını şüşə parçası ilə çırıb baxım. O rolu oynayan yazıq aktyora indiki günə qədər nifrət edirəm. Özü də bilirəm ki, bu adam sadəcə aktyordur, bir günah sahibi deyil.
Bir də deyirlər ki, buralarda gərək öləsən ki, sənə inanalar. Yalandır! Bizdə heç öləndə də adama inanmırlar. Odur ki, ölməyin! Yaşayın ki, sizdən yazmağa söz tapmasınlar!
Manera.az