Gedək xatirəylə qızınaq daha - Tural Adışirinin şeirləri
![]()
Manera.az Tural Adışirinin şeirlərini təqdim edir:
***
Torpaqdan pay olmaz, olmaz demişlər,
Görürsən hərəsi bir tindən çıxır.
Deyəsən dirilib qara keşişlər,
Kərəmin heyfini vətəndən çıxır.
Özüm doğma ikən bəs niyə yadam,
Xalq üçün ölümə gedən ağlamır.
Barmaq kəsiləndə qışqırır adam,
Hər gündə bölünür vətən ağlamır.
Eh mənim dünyadan nə xəbərim var,
Qardaş əl eləyir gəl bizə sarı.
Doğulan günümdən bir səfərim var,
Gedəm,qismət ola Təbrizə sarı.
Nə gün qazanmışıq biz özümçün,
Ayrı yaşayırıq indi bu gündə.
İkiyə bölünmüş vətənimizçün,
Kimlər cavabdehdi qanun önündə.
Dərdimdi ağlayan Araz səsində,
Mən o nəğmələri dinlərəm az-çox.
Bəs niyə cinayət məcəlləsində,
Xalqı bölənlərə sorğu-sual yox.
***
Bizim görüşümüz uzaqdan-uzaq,
Bizim görüşümüz qarlı bir sazaq.
Ya səni,ya məni soyudacaqdır,
Sonra öz qütbünə qayıdacaqdır.
Arzumuz başqadır,yolumuz başqa,
Bəs harda,haçandan tanışmışıq biz.
Yoxsa, o günlərə qayıtmaq üçün
İndi görüşlərdən yapışmışıq biz.
Gör neçə sakitik yay suları tək,
Qaynar qəlbimizdə susur hay-haray.
Kövrək bir ürəyin arzuları tək,
Keçir gözümüzdən görüşlər lay-lay.
Bizim görüşümüz payız sükutlu,
Hansı günlərəsə hələ ümidli.
Yanırıq yanğımız qalır ürəkdə,
Alova dönürük,közə dönürük,
Ayrılıq çağında vüsal deməkdən
Görüş çağlarında buza dönürük.
Bizli də,bizsiz də ötdükcə zaman,
Məhəbbət yolunda lap çaşırıq ki…
Hər görüş bir az da yaxın olmaqdan,
Hər görüş bir az da yadlaşırıq ki…
Bəlkə nəzərlərdən yayınaq daha,
Bəlkə heç düşməyə duyuq görüşlər.
Gedək xatirəylə qızınaq daha,
Bizi isitməyir soyuq görüşlər.
***
İsti nəfəsindən əriyibdir çən,
Nərgizlər necə də göyçək açılıb.
Gözəlim,bu yerdən sən keçmisən sən,
Onunçün gül bitib,çiçək açılıb.
Keçdiyin yerlərdə qumrular ötər,
Ayağın dəyən yer dönər gülzara.
Qədəmin yüngüldür ləçəklər qədər,
İndi də qədəm bas düzən dağlara.
Bəhərsiz çöllərə hayıfın gəlsin,
Bir yol gedişinlə gül bitər orda.
Bir də vaxt tapanda,get gəz,əzizim,
Şoran torpaqlarda,boz səhralarda
***
Doqqazın başında üz-üzə gəldik
Dayandın,könülsüz halımı sordun
Ay gözü gileyli,biz gözə gəldik
Tikdiyin yuvanı özün uçurdun
Bilmirəm doğmayıq,yoxsa yadıq biz?
Yaxın dur,qolunu boynuma aşır
Kül altda közərn qoşa oduq biz
Həyatdır,od sönür,doğma yadlaşır
Burda ayrılmışdıq,burda görüşdük
Heykələ dönmüşəm tutulub dilim
Sevda köhlənindən biz burda düşdük
Haçan görüşərik bir də nə bilim
SEVİNC, KƏDƏR
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?
Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.
Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.
Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.
Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq.
***
Məni sevirsənsə bir dəniz ol ki,
Sahili,səması çox geniş olsun.
Yalçın qayalarda elə iz ol ki,
Ora yad ayağı dəyməmiş olsun.
Məni sevirsənsə yağışa bənzə,
İslat yay günləri yaylaqda məni.
Gah təzə bahara,gah qışa bənzə,
Nə günəş yandırsın,nə şaxta məni.
Məni sevirsənsə bir çinar ol sən,
Saçların tökülsün sinəmə tel-tel.
Bağda təzə qönçə,dağda qar ol sən,
Səcdənə mən gəlim günəşdən əvvəl.
Məni sevirsənsə küləyə bənzə,
Dağıt üstümüzdən çəni,dumanı.
Sən mənim sinəmdə bir neyə bənzə,
Nəğməsi bürüsün düzü-dünyanı.
Məni sevirsənsə bir şimşək ol sən,
İşıqlat könlümü bir anlıq mənim.
Bu aysız,ulduzsuz göydə tək ol sən,
Almasın üstümü qaranlıq mənim.
Məni sevirsənsə bahar ol,ey gül,
Dan yeli,sübh şehi qoy mənim olsun.
Sinəndə döyünən o zərif könül,
Qoy mənim əbədi vətənim olsun.
***
Tüstü havalanıb,göydə əriyir,
Ocaq səkisində kül düşüb qalır.
Durna qatarıtək vaxt köç eləyir,
Durna qatarından tel düşüb qalır.
İllərdən süzülüb söz təmizlənir,
Təmiz göz yaşından göz təmizlənir.
İl var,xəcalətdən qaçıb gizlənir,
İl var ki,üzünə irişib qalır.
İl ötür,qovuşur o yol bu yola,
Yaş gedir qabağa, il gedir dala.
İllər başımızda dönür xəyala,
Sonra alnımızda bürüşüb qalır
Dünya nə dəmdədir, könül nə dəmdə
Fikrin başı göydə, ayağı qəmdə.
İl var çöküb qalır quru rəqəmdə.
İl var xatirəyə ilişib qalır.