İsa Muğanna: "Tanrının hüzuruna getmişəm..." - SÖHBƏT | MANERA.AZ
![]()
Manera.az xəbər verir ki, bu gün Azərbaycanın görkəmli yazıçısı İsa Muğannanın doğum günüdür. Mərhum yazıçı 1 aprel 2014-cü ildə (85 yaşında) xroniki ürək çatışmazlığından vəfat edib. Yazıçıya Allah rəhmət diləyib, oxuculara onun son müsahibəsini təqdim edirik:
– İsa müəllim, səhhətiniz necədir?
– Sağol, oğul. Tanrıya şükür… (bir az dayanır, nəfəs aldıqdan sonra yenə qaldığı yerdən söhbətinə davam edir) itirillər, axtarıllar… Bunnan böyüh səadət olarmı? Elimizin camahatı sağ olsun, həmşə… (qırıq – qırıq nəfəs çəkir) … soruşur, xəvar alır.
– İsa Muğanna – “İdeal”ın müəllifi, Məhşərdən necə döndü?
– (Dodaqlarına təbəssüm qonur) 12 gün çox çalışdılar, çox vuruşdular. Sağ olsunnar. Mən inammırdım ki, bizim Ağstafada belə qüvvətdi, savatdı həkimlər ola. Sağ olsunnar, əziyyətimi çox çəhdilər bu neçə gündə.
– İsa müəllim, Sizinlə Bakının işğal olunduğu gündə görüşürük… qəribə təvafüqdür…
– Bakı yox, Tural oğlum, Bağ Od Ey. Mənnən sana amanat; bunu birdəfəlik yadında saxla ki, Muğ elinin bu şəhərinin adı Bağ Od Eydən gəlif. Bağ – Od – bax bu birləşmədə yatır bizim bütün qarannıx tariximiz. (Söhbəti cığırına elə İsa müəllimin özü saldı. İndi böyük yazıçını rahat – rahat qurdalayıb çoxlarının cavab tapmaq istədiyi sualları ard – arda yağdırcağımı düşünürəm).
– İsa müəllim, 80 lərin sonlarından birdən – birə haradan çıxdı bu Odər eli, Muğ tayfası, Muğ bölgəsi, Bağ Od Ey şəhəri? Millətlə bərabər sizindəmi huşunuz təzələndi yoxsa? (Yumşaq – yumşaq və təbəssümlə soruşuram ki, başqa cür anlaşılmasın). Yoxsa bu həmin zaman dövrün axarının dəyişdiyini görən İsa Hüseynovun milli ədəbi ideoloq olmaq uzaqgörənliyi idi?
– Sualı bərkdən de… qulağım son müalicədən sonram sözümə yaxşı baxmır. (Sualı bir də təkrar edirəm) Yox bala, mən bunu uzun müddət içimdə gəzdirmişəm. Bunu mən içimdə torpağın altına aparsaydım Muğ Tanrısının böyük xatası olardı.(Gülür).
– İsa Muğana hansı dinə inanır?
– Bir olan haqq dininə… (bir az dayanır). Bizim Tanrımız bizim içimizdədir. Və O, hər birimizə siqnalı öz içimizdən göndərir… Mən isə bir neçə dəfə özüm öz istəyimlə onun hüzuruna getmişəm. Lap əvvəllər, cavan vaxtımda getmək arzum olub, amma mümkün olmayıb. (Yənə də təbəssüm edir).
– İsa Hüseynovu hansı qüvvə təhrik etdi ki, əvvəl yazdığı əsərləri yenidən və başqa səpkidə işləsin?
– Məni başa düşmədilər… Mən yenidən işlədim. Çünki, içim belə istədi. Onlar (əsərlər – T.T) o cürə qalseydi, o dünyaya rahat gedəmməzdim. O altı romanı başdan – ayağa ardıjıl oxumuyan onnarı başa düşəmməz.
– Təzə variantda?
– Hə… təzəsini.
– İsa müəllim, “Qəbristan” əsərində İsa Məsihin türk olduğunu yazırsınız? Doğrudanmı İsa Məsih bizim soyqanımızdır? O zaman türklər heç özlərini türk olaraq çağırmırdı axı?
– Həzrət İsa türkdür, oğul. Adı da EySardır. Buna şübhən olmasın. Sadəcə isəvilər yolnu azıb öz dinərinnən uzaxlaşdıxdan sonram, biz türklərin gücünnən – qüdrətinnən qorxuf “Allahın oğlu” etdilər. Ərəblər İsa deyiflər, qreklər (yunanlar – T.T) İusus deyiblər, bununnan da Sar oğullarından olan EySarın adını təhrif ediblər.
– Yazı masanızın üstündə yeni əlyazmalarınızı görürəm. Yeni olaraq nə üzərində işləyirsiniz?
– “İsahəq və Musahəq”in üstündə bir balajana düzəlişdər etmişəm. Çapa hazırlanır artıq. Bakıya qayıdanda hazır olar yəqin ki. İndi də “Gur ün” adında traktatvari bir şey yazıram. Az qalıb bitirəcəyəm, yaxında onu da… yəqin ki…
– Səhhət yaradıcılığa mane olmur ki?
– (Gülür). Mənim… (dayanır… dərindən nəfəs alıb yenidən başlayır) … səhhətimin yaradıcılığıma dəxli yoxdur. On iki gün ağır dönəm keçirdim. Demək olar ki, işləyə bilmirdim. Amma qələmi yerə də qoya bilmirdim. Daima işləyirəm…
– İsa müəllim, son zamanlar “Yanıq Kərəm” havasına toyda – mağarda şıdırığı gedirlər. Bu Kərəmin ruhuna hörmətsizlik deyilmi? Bu hala Sizin münasibətiniz necədir?
– Əsli – Kərəm Odərin adınnandı. Odər qədim mədəniyyətlə bağlıdı. Qədim Azərbayjan mədəniyyətinnən. Ona… onu şıdırğı çalanlar, oynuyannar böyük səhv eliyillər. Və sazdan – sözdən uzaq adamlar kimi qiymətdəndirrəm mən onları.
– İsa müəllim fürsətdən istifadə edib, sizi sevənlərə nə müraciət edərdiniz?
– Özlərini qorusunnar. Doğru olsunlar. İşığı görə bilsinlər… (gülümsünərək dayanır)…
– Çox sağ olun İsa müəllim. Allahu – Təala da sizə bundan sonra (da) xeyirli ömürlər nəsib etsin. Allah şəfa versin.
– Çox sağ olun. Gəldiyinizə görə sağolun.
Bizi qapıya qədər ötürür. Sağollaşıb ayrılırıq. Bu mənim gəncliyində ardıcıl Hüseynov, ahıllığında dəyişən Muğanna ilə ilk və son müsahibəm olur.
P.S. Bu müsahibə mərhum İsa Hüseynovun vəfatından 7 ay öncə lentə köçürülüb. Yəni, 15.09.2013 tarixində.
Söhbətləşdi: Tural Turan
MANERA.AZ