manera.az
manera.az

Professor Musa Quluzadə - 77 |MANERA.AZ

📅 13.05.2016 12:20

Professor Musa Quluzadə - 77  |MANERA.AZ
BİZİM MUSA MÜƏLLİM

Tarix elmləri doktoru, professor Musa Quluzadənin 77 yaşına

...Yeddi müqəddəs rəqəmdir. Qoşa yeddi isə bu müqəddəsliyə xüsusi çalar, müdriklik əzəməti verir. Müqəddəslik həm də doğru yol seçməkdir. Yetmiş yeddi yaşlı Musa müəllimlə həmyerli olsaq da, tanışlığımızın iyirmi yeddi illik tarixi var. Və bu iyirmi yeddi il ərzində istər Bakıda, istərsə də Masallıda gürüşəndə bir dəfə də olsun onun nurlu simasını təbəssümsüz görməmişəm.

İlk dəfə sovetlər dönəmində paytaxtın Lenin muzeyində görüşdük; o zaman Musa müəllim həmin muzeydə direktor müavini vəzifəsində çalışırdı. (İndi ora Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi adlanır – N.Ə.) Bu görüşdən az sonra Musa müəllimin təşəbbüsü sayəsində və ssenarisi əsasında uzun illərdən bəri tədqiqatçısı olduğum alim, həkim, şair, bəstəkar Mirkazım Aslanlı –Sarəng haqqında ilk dəfə Azərbaycan Televiziyasında 40 dəqiqəlik film nümayiş etdirildi. 4 sentyabr 1992- ci ildə isə “Ədəbiyyat və İncəsənət” qəzetində Sarəngin həyat və yaradıcılığı barədə birlikdə qələmə aldığımız “Yol üstündə məzar” məqaləmiz dərc olundu.

Bu günəcən qələm dostum Əlişirin Şükürlü demişkən, ömrünün yetkin dövrünü yaşayan, istər zahiri, istər mənəvi-əxlaqi keyfiyyətləri ilə əsl Dədə Qorqud simalı professor Musa Quluzadənin çox adama göstərdiyi mənəvi köməyin, cəfakeşliyin, xeyirxah münasibətin şahidi olmuşam. 1995-2000-ci illərdə baş redaktoru olduğum “Masallı” qəzetinin redaksiya heyətinin üzvü kimi Musa müəllim ağsaqqal ziyalı kimi bizdən məsləhətlərini, bədii və publisistik yazılarını, bir sözlə, mənəviyyat işığını əsirgəmirdi!.. Onu da qeyd edim ki, professor Musa Quluzadə respublikada ilk olaraq «Dövlət və din münasibətləri» mövzusunda dissertasiya yazan alimdir.

...Ömrünün geridə qalan 77 ilini şərəflə, özünün dediyi kimi, anlıaçıq yaşayan görkəmli alim, tanınmış qələm sahibi - nasir, dramaturq, yığcam mənsur şeirlər müəllifi olan Musa müəllimi tanıyanlar yaxşı bilir, tanımayanların diqqətinə çatdırmaq istəyirəm ki, o, 1939-cu il mayın 20-də Masallının Xıl kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Orta məktəbin yeddinci sinfini əla qiymətlərlə bitirib; əvvəlcə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsində təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra bir müddət partiya-sovet orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlayan Musa müəllim sonralar muzeyin elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilib. Elmi işi üzərində çalışa-çalışa ADU-da tələbələrə tarix fənnini tədris edib. Bir müddət “Bilik” cəmiyyətində sədr müavini işləyib, 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (əvvəlki adı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu) tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir.
Tarix elmləri doktoru, professor Musa Quluzadə çoxşaxəli yaradıcılığa malik ziyalıdır. Elmi fəaliyyətlə yanaşı, o həm də yuxarıda qeyd etdiyim kimi, ədəbi yaradıcılıqla məşğul olur. 1960-cı illərdə uşaqlar üçün yazdığı kiçik hekayələrlə ədəbiyyata gələn Musa Quluzadə “Püstə” adlı kitabının işıq üzü gördüyü vaxtdan özünü ayrıca yolu olan orijinal fikirli qələm sahibi kimi tanıtmışdı. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa müəllim bu gün artıq 15-dən çox bədii kitabın və bir çox elmi monoqrafiyaların müəllifidir. Əsərlərinin əsas qayəsini Vətən sevgisi, ana yurda bağlılıq, dədə-baba adət-ənənələrinə hörmət, təbiətə, insana məhəbbət, cəmiyyətə saf duyğular aşılayan sədaqət hissləri təşkil edir. Musa Quluzadənin gənclərin həyatından bəhs edən pyesləri teatrlarda oynanılmış, televiziya və radioda səslənmişdir. Bundan əlavə, müntəzəm olaraq onun yeni-yeni əsərləri, mənsur şeir və esseləri dövri mətbuatda çap olunur.
1991-ci ildə Şeyxülislam Allahşükür Paşazadə haqqında yazdığı “Mərhəmətli və şəfqətli qəlb” bioqrafik povesti geniş oxucu kütləsinin ixtiyarına verildi. Bu, Azərbaycan şeyxülislamları barədə yazılan ilk qiymətli əsərdir. 50 min tirajla nəşr olunan sənədli əsər Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” mükafatına layiq görüldü.
Musa müəllim həm də vətənpərvər bir ziyalıdır. 1989-91-ci illərdə dövlət radiosunda “Qan yaddaşı” verilişinin aparıcısı olanda xalqımızın üzləşdiyi müsübətləri, tarixi gerçəkləri, erməni həyasızlığını efir vasitəsilə açıq şəkildə ictimaiyyətə bəyan edirdi. 1993-cü ildə Lənkəranda baş verən separatçılığa qarşı mübarizə aparanların ön sırada Musa müəllim də var idi. Onun həmin hadisələr zamanı necə fədakarlıqla çalışdığı və Azərbaycanı parçalamağa çalışanların təsiri altına düşən insanları düzgün yola istiqamətləndirdiyini bu gün Musa Quluzadə ilə çiyin-çiyinə çalışan alim yoldaşları və onu tanıyan hər bir kəs etiraf edir.
Musa müəllimin o zaman mərkəzi qəzetlərdə dərc etdirdiyi “Biz daha sıx birləşməliyik”, “Vətən bölünməzdir”, “İndi hansı yana əyilməliyik” kimi tutarlı məqalələri, televiziyada çıxışları, dəfələrlə cənub bölgəsinə səfərləri, ziyalılarla görüşləri cəmiyyətdə böyük əks-səda yaradırdı.
Bu gün də o, ziyalıların cərgəsində Azərbaycanımızın tərəqqisi yolunda fəaliyyətini davam etdirir. Dəyərli alim olmaqla yanaşı, o həm də öz sözünü deməyi bacaran fəal ziyalılarımızdandır. Harada olmasından asılı olmayaraq Musa müəllim hər zaman azərbaycançılığı, öz vətəndaş mövqeyini yüksək səviyyədə nümayiş etdirir.
İki yüzdən çox elmi və publisistik məqalələrin müəllifi olan Musa müəllim qırx ildən artıqdır ki, ali məktəb auditoriyalarında tələbələr qarşısında mühazirələr oxuyur, pedaqoji fəaliyyət göstərir. Azərbaycanda təhsilin inkişafında səmərəli xidmətlərinə görə Respublikanın əməkdar müəlimi fəxri adı ilə təltif olunub.
Bu gün o, yenə böyük həvəslə Dövlət İdarəçilik Akademiyasında Azərbaycan tarixi və Azərbaycanın dövlətçilik tarixi fənlərini tədris edir. Dövlət və din münasibətləri mövzusunda keçirilən Beynəlxalq səviyyəli konvranslara dəvət olunur.
Musa müəllim səmimi dost, mehriban ata, sevimli babadır. Onun iki qızı BDU-un filologiya, oğlu Elçin isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kono rejissorluğu fakultəsini bitirib. İndi tanınmış rejissordur, 50-dəna çox sənədli və bədii filmlərin ssenari müəllifi və rejissorudur. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" filmi Amerikada dörd festifalada iştirak etmiş və üçündən mükafatla qayıtmışdır.
Elçin həmçinin Musa müəllimin “Qarı və qartal” povesti əsasında “Nabat” adlı tammetrajlı bədii film çəkmişdir. Və bu film də Venesiya, Çikaqo və Tokio festivallarında uğurla nümayiş etdirilmişdir.
Professor Musa Quluzadə haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Akif Bayramov “Xalq qəzeti”ində “Arxaya dönüb baxmağa dəyər”, Milli Məclisin deputatı, Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov “Azərbaycan” qəzetində “Zirvədə duran alim” başlıqlı maraqlı məqalələr yazıb, onun 70 və 75 illik yubileylərinə ərmağan ediblər.
Qoy bu yazı da Musa müəllimin 77 yaşına bizdən töhfə olsun! Bizə daim örnək olan ağsaqqal, dəyərli və cəfakeş ziyalımıza Allahdan uzun ömür, möhkəm cansağlığı diləyirəm! Arzum budur ki, Musa müəllimin ömür səlnaməsinə öz sağlığında qoşa səkkizlər və qoşa doqquzlar yazılsın!

Nurəddin ƏDİLOĞLU, yazıçı-jurnalist
MANERA.AZ


Baxış sayı - 4 233 | Yüklənmə tarixi: 13.05.2016 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031