"Quran”sız nə elm? – Şəhla Aslanın hekayəsi | MANERA.AZ
![]()
MANERA.AZ Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə layihəsi olan “Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri sırasında olan Şəhla Aslanın "Qudsal kitab" hekayəsini təqdim edir:
“Şükür Allaha, axır ki, qurtardı!” düşünərək həyətdə dərindən nəfəs aldı. Simpozium iştirakçıları dəstə-dəstə onun yanından ötüb bahalı maşınlarına yaxınlaşdılar. Onun isə nəinki maşını, heç şəhərdə düz-əməlli bir qohumu da yox idi. Yox idi deyəndə, bir az düz çıxmır, çünki bacısı uşaqları lap yaxında yaşayırdılar. Özü də dayılarının yolunda canlarını da əsirgəməzdilər, imkanları da yaxşı idi. Di gəl ki, ibadət eləmirdilər. Ona görə də Hacı onlara tərəf çox meyl eləmirdi. Elə indi də bacıoğlanlarına zəng etməkdən vaz keçdi. Fikirləşdi ki, bilsələr, qır-saqqız olub yapışacaqlar ondan. Çoxdan görüşmədiyi dostunu görmək istədi. Ziyalı, ibadətkar və sədaqətli adamdır. Klassik poeziyanı, fəlsəfəni də çox sevir, bu barədə kitabları vardır. Telefonunu çıxarıb onun nömrəsini yığdı:
- Əssəlamunəleykum! Necəsən, müəllim?
- Ay salamunəleykum! Ürəyim elə səni istəyirdi, onsuz da zəng çalacaqdım, yaxşı oldu, səsini eşitdim. Hardasan, ay Hacı?
- Üç gündür şəhərdəyəm, bir yığıncağımız var idi, məni də nümayəndə göndərmişdilər rayondan. "Təriqətlərarası dialoq və tolerantlıq” adında bir simpozium idi. İndicə qurtardı, düşmüşəm həyətdəyəm. Dedim, evə qayıtmamış bir səninlə danışım.
- Bəs, sənə qurban, orda niyə qalmısan, qoy gəlim, səni də götürüm, evdə rahatca söhbət edərik.
- Yox, müəllim, bu dəfə evə gəlməyə imkan yoxdur.Yoldaşımın xəstəliyi lap şiddət edib, narahatam. Elə burdan da düz kəndə qayıdacağam. Vaxtın varsa, bir yerdə gedərik bizə. Yazın gözəl çağıdır, indi bizim yerlər gəl-gəl deyir. Sən də oralardan çoxdan ayrılmısan, səninçün yaxşı olar. Mənim qanım bir az qaradır. İstərdim ki, bir neçə gün bir yerdə olaq, fikrim dağılsın.
- Oldu, Hacı. Özümlə nə götürüm?
- Heç nə. Sənin o tir tüfəngin qalırsa onu, bir də Füzulinin kitabını götür, gəl yanıma. Yadındadırsa, keçən dəfə səninlə dükandan mənimçün əba aldıq ha, onun qabağında səni gözləyəcəyəm.
- Yarım saata ordayam. Xudahafiz!
Hacı əl çantasını açıb pasportunu axtardı. Bilirdi ki, metroda onu geyiminə görə çək-çevirə salacaqlar. Çantada xeyli disk, vizit vərəqələri, fotoşəkillər var idi. Bunların hamısını yığıncaq iştirakçıları onun çıxışından sonra təqdim etmişdilər. Hamısı fasilə vaxtı yaxınlaşıb təşəkkürlərini bildirmiş, əməkdaşlıq etməyə dəvət etmişdilər. Di gəl ki, dediklərində də israr edirdilər. Hacı "Quran”dakı ayənin üstünə barmağım qoyub mənasını soruşanda özü də təəccüb içində qalırdı. "Bunlar belə təhrif olunmuş mənaları harada öyrənirlər, İlahi? Bir məktəbi, müəllimi yoxdur bunların?"
Hacı gördü ki, bayaq mübahisə etdiyi uzunsaqqal cavan özünə oxşayan bir yaşlı kişi ilə ona yaxınlaşır. Gedib görüşdülər. Məlum oldu ki, təzə gələnin elmi dərəcəsi lap böyük imiş. Hacı düşündü ki, bunların saqqallarının uzunluğu deyəsən dərəcələrindən asılıdır və özü öz fikrinə güldü.
- Buyurun, bizim maşına, oteldə sizinlə bir neçə gün mükalimə edərik. Siz "Quran"ı, doğrudan da, bizdən yaxşı bilirsiniz. Amma təfsir barədə sizinlə razı olmadığımız yerlər var. Biz bilməzdik ki, burada belə savadlı alimlər ola bilər. Təhsilinizi haralarda almısınız?
- Elə öz kəndimizdə, bir axunddan səkkiz il dərs almışam, onun vəfatından sonra da kitablarını oxuyuram. Sizinlə isə getmək imkanım yoxdur, evə qayıtmalıyam.
- Onda bu diskini alın, baxarsınız. Növbəti dəfə Məkkəyə gələndə bizə zəng eləyin görüşək. Elə bu vaxt dostu da gəlib çıxdı.
- Ay Hacı, narahat oldum, maşını düz buraya sürdürdüm. Axı sənin bunlarla nə əlaqən var? Bunlar çox xatalı adamlardır ha!
- Narahat olma, kaş onlar bir yerə yığışanda gedib ora düşə biləydim. Azğınlıq içindədirlər. Amma məni buraya göndərənlər də sənin kimi tapşırırdılar ki, çox dərinə getməyim, hamı ilə ortaq dil tapım. Axı necə dil tapım ki, "Quran”ın ayələrini səhv yozurlar? Nə isə, yolda söhbət elərik. İndi isə, elə bir maşın tap ki, namaz vaxtı çatanda yolda saxlasın.
- Ay Hacı, nə danışarsan? Bəs biz müsəlman deyilik? Bu da qardaşımdır. İbadət əhlidir. Sənin sorağını eşidən kimi dedi ki, öz maşınımla sizi aparacağam.
- Lap yaxşı. Onda bismillah, oturaq gedək. Amma əvvəlcə bir şeyi məsləhətləşək. İş belədir ki, o Frankfurtdakı dostum var idi ha, sən onun barəsində bilirsən də, o, mənimçün pul göndərib.Onu götürək, sonra yola düşərik.
- Nə pul? Bir şey lazımsa, özümüz elərik də!
- Yox e, müəllim, məsələ dərindir. Üzr istəyirəm, evdə xanımım xəstədir, böyrəyində daş var. Həm də hamilədir. Allahın lütfü ilə, axır ki, bizə övlad payı vermişdir. Azad olmağına az vaxt qalır. Amma böyrəyindəki daşın "pristup”u hər tutanda day həkimə qaçmaqdan bezmişik.Çox əziyyət çəkir. Mütləq əməliyyat olunmalıdır. Əməliyyat isə risklidir. Həkimlər deyirlər ki, uşaq tələf ola bilər. Yoldaşım bunu biləndən sonra əməliyyata razı deyil. Deyir ki, ölsəm ölmüşəm, ölməsəm övladını sağ-salamat dünyaya gətirəcəyəm. Həmin dostum da bu əhvalatı bildi, əlli beş min dollar pul göndərib ki, onu xaricə aparıb rahatca əməliyyat etdirim.
- Yox, pulu niyə götürürük ki? Yola düşəndə lazım olan qədər çıxaraq, qalanını da yeri gəldikcə, harda olsan çıxara bilərsən.
- Hə, onda ya Allah, yola düşək.
- Sən Allah, müəllim, aç, Füzulidən oxu. "Quran”ı nə qədər öyrənsək də, ondan qat-qat artıq məqamlar var onun qəzəllərində. Molla Məhəmməd Füzuli elə “Quran”ı xalqa çatdırmağa çalışmışdır. Oxu və təfsir elə, görüm sizin alimlər necə izahat vermişlər.
"Mən əhatə elmükəl-əşyayə külləha,
Nə ibtida sənə mütəsəwür, nə intəha? -Yəni, ey elmi bütün şeyləri əhatə edən, sənin nə əvvəlini, nə də sonunu təsəvvür etmək olmaz.
- Əhsən, amma "mütəsəvvür” kəlməsi ismi-faildir, şəxs bildirir. Ona görə də "xaliqi məxluq dərk edə bilməz” mənasına gəlir.
"Səndən bulubdur Əhmədi-mürsəl məqamı-qürb
Təhsini "Ya” vu "sin" ilə təşrifi "Ta” vu "ha” - Yəni, gözəlliyi Yasin, şərəfi Taha olan Əhmədi-Mürsəl sənə yaxın məqam bulubdur.
"Bulmazdı qəhrin açmasa xani-siyasətin,
"Həl min məzid” löqməsinə duzəx iştəha” - Yəni, qəhrin cəza ... süfrəsi açmasa, "yenə varmı?" loğmasına cəhənnəm iştaha salmazdı.
- O, "yenə varmı?” sualını kim-kimə verir ki?
- Qiyamət günü Əzrayıl bütün yaranmışları öldürəndən sonra Allah ondan soruşur ki, yenə qalan varmı?
- Bağışla, amma elə deyildir. Qiyamətdən sonra Cəhənnəm günahkarları udacaq, getdikcə iştaha gəlib zəbanə çəkəcək, "Yenə varmı?" deyə soracaq. Ağzına qədər kafirlərlə dolu olan cəhənnəm yeni-yeni qurbanları necə qəbul edəcək sualı isə çox dərin mətləblərə bağlıdır və alimlər bu məsələdə cürbəcür qənaətlər yürüdürlər.
- Hacı, bu qədər elmi haradan öyrənmisən axı?
- Heç hardan, elə axundun yanında səkkiz il dərs almışam, fars, ərəb dillərinin qrammatikasını, "Quran”ı, ərəb ədəbiyyatını ondan öyrənmişəm. Sonra da onun kitablarından indiyə qədər oxuyuram. Elm öyrənməyin ən düzgün yolu "Quran”dan keçməlidir. Bax, biri elə səni götürək. Çox oxumusan, savadlı, istedadlı adamsan. Əgər "Quran”a da bələdliyin olsa, tayın-bərabərin olmaz. Gəl sənə "Quran"ı öyrədim.
- Hacı, daha mənim əlli yaşım vardır. Bundan sonra sənə çatmaq üçün nə qədər oxumalıyam? Buna nə imkanım yoxdur, nə də ömrüm çatmaz.
- Yox, sən o qədər oxumayacaqsan. Cəmi iki il məndən dərs alsan bəs eləyər. Axı, özünün də ehtiyatın çoxdur. Gəlib-getməyə çətinlik çəkirsənsə, ayda iki-üç dəfə mən sənin yanına gəlim.
- Hacı, hələ görək nə olur. Mən o qədər şeylərlə məşğulam ki, indi dərs almağa imkanım yoxdur. - Müəllim, incimə, sən bütün məşğuliyyətini at bir qırağa, gəl sənə "Quran” öyrədim. Allah sənə ruzini də bol-bol yetirəcək, elmin də kamil olacaq. Mən də istəyirəm ki, ustadım məni yetişdirdiyi kimi, mənim də özümdən sonra arxayın ola biləcəyim bir ardıcılım olsun. Mənim dövranım da artıq keçir. Hiss edirəm ki, əvvəlki ağlım, huşum qalmamışdır. Zatında şər olanlar imkan düşən kimi mənə şər, böhtan atır, dinə, İslama, "Quran”a zərər yetirməyə çalışırlar. Düzdür, Allah-təala özü əmin etmişdir ki, Qiyamətə qədər "Quran”ı bir hərf belə dəyişmədən hifz edəcəkdir. Amma biz də daim onu təbliğ etməliyik, insanlara haqq yolunu göstərməliyik. - Hacı, heç olubmu ki, sənə verilən suala cavab verməkdə çətinlik çəkəsən?
- O qədər olub... Özümün-özümə verdiyim sualların heç birini bilmirəm. "Quran"ı tam dərk etmək bəşərin hünəri deyildir. Bir dəfə məclisdə çoxlu suallar verildi, mən də hamısına cavab verdim. Başqalarından üstünlüyümü zənn edərək bir anlıq təkəbbür girdabına yuvarlandım. Dərhal da Allah tərəfindən cəzalandım. Belə ki, məclisdə oturan bir cığal adam soruşdu:
- Molla əmi, deyirsən ki, "Quran”da hər şeyin cavabı vardır, eləmi?
- Bəli. Bu kitab hələ mövcud olmamış vaxtda belə "Quran" var idi, amma başqa şəkildə idi. Məsələn, Kainat elə "Quran”ın başqa cür yazılmış şəklidir. Məgər Allah öz yaratdığına yol göstərən bir dəlil göndərməzmi? Adəmdən ta Qiyamətə qədər insanları düşündürən bütün suallara orada cavab vardır. Əsas məsələ odur ki, onu başa düşə biləsən.
- Molla əmi, deyilənə görə, sən bu kitabı ən yaxşı bilənlərdən- sən. Mənə de görüm, bir kisə undan neçə çörək çıxır? Həm də bu cavabın "Quran"ın harasında yazıldığını göstər. Göstərməsən, deməli, yalan deyirmişsən.
Düzü, çaşıb qalmışdım. Nə qədər fikirləşsəm də, müvafiq ayəni yada sala bilmədim. Dedim: - Əlbəttə ki, sualına cavab "Quran”da vardır. Çünki elə o müqəddəs kitabda ayə vardır ki, insana lazım olacaq bütün məsələlərin cavabı bu İlahi kitabdadır. Mənə möhlət ver, oxuyub deyərəm. Vaxt ötürdü, kitabı bir neçə dəfə oxusam da çıxış yolu tapılmırdı.Təkəbbürə yuvarlanmayacağım barədə tövbə etdim, bağışlanmağımı istədim və yenidən "Quran”ı oxumağa başladım. Bir ayəni oxuyanda, sanki, zehnim işıqlandı: “Bir şeyi bilmirsinizsə, zikr əhlindən soruşun”. Səhər tezdən idi. Çölə çıxıb dərindən nəfəs aldım. Kəndin yuxarı başından gələn bir dəstə adam rayona gedirdi. Əşrəf də orada idi. Rayonda çörək mağazasında işləyirdi. Səslədim:
- Əşrəf, yolunu burdan sal, söz soruşacağam.
- Molla əmi, de də, bunlardan gizlindir?
- Yox, gizlin deyil, amma qayıdanda cavabını mənə deyərsən. Sexdən öyrən, gör bir kisə undan neçə çörək çıxır?
- Daha onun nəyini öyrənəcəyəm ki? Bir kisə undan 123 çörək çıxır. Nə az, nə çox! İnanmırsan, zəng eləyim, çörəkxanadakı ustadan soruşum...
Əşrəf telefonu çıxarıb kiminləsə danışdı, bir daha məni arxayın elədi ki, elə o qədərdir. Daha durmayıb getdim mənə sual verənin həyətinə. Çağırıb "Quran"ı açdım, oxuyub tərcümə elədim: - Görürsən, burada yazılıb ki, bilmədiyini zikr əhlindən, yəni bu işi bilənlərdən soruş. Mən də sənin sualını çörəkçiyə verdim, o da cavab verdi ki, bir kisə undan 123 dənə çörək çıxır. İndi gördünmü, "Quran"da hər şeyə cavab vardır?!
Maşın yoxuşu dırmaşıb Hacının evinə çatdı. İsti bir gün idi. Ağacın altında xalça sərib üstündə oturduq. Çay-çörəkdən sonra xəstənin əhvalını soruşduq. Hacı bilirdi ki, indi ağrıkəsici vurublar, bir az sakitləşdi. Amma xəstəliyə etibar yoxdur. Hər an "pristup” tuta bilər. Vəziyyət çox ağırdır, Allah özü kömək eləsin.
Onu qayğılardan bir az uzaqlaşdırmaq üçün yenə də dini məsələlərdən söhbət saldıq. Gözəl, tutarlı cavablara heyran qalmamaq mümkün deyildi. Sonda Hacı dedi:
- Təklif edirəm ki, durub kəndin ətrafını gəzək, sizə maraqlı yerlər göstərəcəyəm. Söhbət qurtaran deyil. Əslində verdiyim cavablar mənim hünərim deyil. "Quran”ın bir məşhur təfsiri var - "Əl- Mizan” adında.Nə öyrənmişəmsə, oradan öyrənmişəm. Ruhani çoxdur. Onların əksəriyyəti dili kamil bilmədiyi üçün kitabı yaxşı qavramırlar. Dili bilənlərin isə çoxusunun bu təfsir kitabı yoxdur. Qırx neçə cild, hərəsi də filan qədər. Xeyli pul eləyir. Kaş imkanım olaydı, elə adamların hərəsinə bütöv cildləri bağışlardım. Gör onda ölkəmizdə İslamın inkişafına nə boyda töhfə olardı. Alimlər "Quran”a daha dərindən aşina olardılar, müsəlman qardaşlara ayələrin mənası, təfsiri daha dolğun çatdırılardı.
Onlar kəndin üstündəki təpədə, kolların arasında durmuşdular. Hacı əli ilə dərənin o tayındakı hündür ağaclar olan rahat yeri göstərdi:
- Bax, ora keçmiş Sərdov kəndinin yeridir. Hamı oradan köçüb gedəndən sonra kənddə bir qoca kişi qalmışdı. "Quran” oxuyan, ibadət eləyən bir kişi idi. 5 yaşımda olanda atam məni onun yanma apardı. İki ilə ondan əlifbanı, "Quran" oxumağı öyrəndim. Sonra isə, bax o hündür təpədəki kənddə yaşayan axundun yanına getdim. Sonralar məlum oldu ki, axund müctəhid dərəcəsi alsa da, Sovet hökumətinin sərt qanunlarından qorxduğu üçün səsini çıxara bilmirmiş.
- Elə demə, Hacı, onun əsəri sizsiniz. Özünə bərabər bir alim yetişdirdiyi üçün cənnəti bu dünyada qazanmışdır.
- Nə danışırsan, müəllim, o bir dərya idi, mən isə bir damlayam. Əstəğfürullah, yenə də günah elədim. Axı damla da dəryadandır. Mən hara, o hara?! Onun oxuduğu kitabların cüzi bir hissəsini oxuya bilirəm.Sən başqalarının sözünə fikir vermə, savadlı adamsan. Bu elm qurtaran deyildir. Ziyarətdə olanda oranın alimləri ilə xeyli bəhs elədim, nəticədə ölkənin dini şurası mənə "Höccətullah" rütbəsini təqdim etdi. Arada fikirləşirəm ki, mən, doğrudanmı, Allah hökmlərini zahirə çıxartmaqda səlahiyyətliyəm, ya yox? Hələ özümü çox savadsız görürəm. Alıram bu "Quran"ı qabağına, oxuyub "Əl-Mizan”a baxıram. Mənaların ağırlığı altında əzilirəm. Məclislərdə savadsız mollaların ixtiyarını mənə versəydilər, hamısını yığıb mədrəsələrdə oxumağa göndərərdim. Savadlı alimlərə isə bayaq dediyim kimi lazım olan ədəbiyyatı pulsuz paylayardım. İxtiyar məndə olsaydı, bütün məktəb və universitetlərdə ‘'Quran”ı əsas dərs kiim tədris etdirərdim. "Quran”sız nə elm?
- Bəlkə, gedək qəbiristanlıqda ustadın qəbrini ziyarət edək?
- Mən tez-tez onun qəbri üstə gedirəm. İndi də sizə əziyyət vermək istəmirdim, yaxşı oldu, elə özünüz dediniz. Axundun qəbri qəbiristanlıqda yox, elə öz həyətlərindədir. Öz vəsiyyətinə görə həyətində dəfn etdik. Səbəbini tapmaq üçün düşünəndə ürəyimə yüz şey gəlir, amma əsl səbəbini o böyük insan özü ilə qəbrə apardı.
- Yavaş-yavaş qalxaq oraya, sən də onun sözlərindən bizim üçün xırdala. Bu da bir qismətdir, ay Hacı.
- Mənim savadım çatmaz onun sözlərini şərh eləməyə, çünki elə şeylər deyirdi ki, indiki kitablarda ona rast gəlmək, müasir dilçi və təfsir alimlərindən eşitmək mümkün deyildir. İndi gör o kimlərdən dərs almışdır ha! Onun müəllimləri də elə "Əl-Mizan"ın müəllifi kimi alimlər olmuşlar. Belə ucqar yerdə o boyda alim ola, onun qədrini bilməyələr, çox böyük günahdır. Təsəvvür elə ki, onu kolxoz işinə çağırır, ən çətin işlərə buyururdular. Gizlicə dərs dediyi tələbələr də birtəhər "Yasin"-"Quran”ı çıxan kimi daha davam eləmir, müstəqil şəkildə "mollalıq" edirdilər. Mən və daha iki yoldaşım onun vəfatına qədər elmdən ayrılmadıq. Heyf ki, ömrü az oldu. Düzdür, "Quran”ı heç kəs axıradək aça bilməz, sadəcə hər kəs öz elminə görə dərinliyinə gedə bilər. Axundun dedikləri isə bir ayrı aləm idi...
- Hacı, sən danışdıqca nə qədər qatil olduğumuzu düşünürəm. Allah qoysa, gəlib səndən dərs alacağam. İndi isə qayıdaq evə. Narahatam, şəhərdə işlərim tökülüb üst-üstə. Səni də çox məşğul etməyək.
Hacı evə tez-tez zəng vurub xəbər tutsa da, xəstəyə görə çox narahat idi. Ona görə də evə qayıtmaq fikri ürəyindən oldu. Söhbət edə-edə kəndə girdilər. Evə yaxınlaşanda qəribə bir mənzərənin şahidi oldular; evin xanımı həyəti süpürürdü. Hacı yerişini sürətləndirib onun yanına getdi. Öz aralarında nəsə danışıb geriyə döndü. Gülə-gülə dedi:
- Şükür Allaha, çətinlikdən qurtardıq. Xanımın böyrəyindəki daş özü xaric olmuşdur.
- Gözün aydın, Hacı. Biz də rahatca şəhərə yola düşə bilərik.
- Əlbəttə ki! Bu Allahın bir lütfüdür mənə. Frankfurtdakı dostuma bunu deyim, sonra gedərsiniz. O, nömrəni yığıb dedi: "Qardaş, xəstəm o bəladan öz-özünə qurtuldu. Pulu özünə yollayacağam”.
Sonra bir az telefonda qulaq asdı, təşəkkür edib sözünü qurtardı.
- Pulu qəbul etmir. Deyir, onu sizə vermişəm. Nə cür istəyirsənsə, elə də xərclə. İndi bir məsələ qalır. "Bilik Fondu”nun sədri şəhərdə simpoziumda olanda mənimlə görüşmüş, telefonunu verərək bir şey lazım olarsa, zəng etməyimi tapşırmışdı. Qoy ona bir məsələdən ötrü zəng eləyim.
O, kənara çəkilib telefonda xeyli danışandan sonra yenidən geri qayıtdı:
- Sağ olsun. Böyük kömək elədi. Mən ona dedim ki, 80-100 ədəd "Əl-Mizan” təfsiri alıb məscidlərə pulsuz paylamaq istəyirəm, qiymətini də hesablamışam. Bu cildlərin xaricdən gətirilməsini xahiş elədim. O da dedi ki, təşkil elərik, özü də əlli faiz güzəştlə gətirərik. Məndə qalan artıq pulu da tələbələrə, "Quran" öyrənənlərə hədiyyə edəcəyəm. Bu işləri Allah özü "Quran"ın hörmətinə eləmişdir.
Qucaqlaşıb ayrıldılar. Gələnləri yola salıb geri qayıtdı. Həyətdəki oturacaqda oturub maşının arxasınca xeyli baxdı. Ürəyindən keçirtdi ki, Allah onun ən böyük arzusunun gerçəkləşməsi üçün şərait yaratmışdır. İçəri keçdi. "Quran"ı götürüb öpdü. Bayaq yola saldığı müəllim dostunun öz əli ilə düzəldib hədiyyə verdiyi rəhili rəfdən götürüb açdı. "Quran"ı onun üstünə qoyub bardaş qurdu. Qəlblərə sirayət edən bir avaz ətrafa yayıldı...
MANERA.AZ