manera.az
manera.az

Allahdan aşağı nə var unutdum... ŞEİRLƏR | MANERA.AZ

📅 11.04.2016 12:53

Allahdan aşağı nə var unutdum... ŞEİRLƏR | MANERA.AZ
MANERA.AZ İbrahim İlyaslınını şeirlərini təqdim edir:

Gəl

Nerələrdə qaldın, gözümün nuru,
Bir anlaıq həsrətin bir oldu, gəl.
Sırsıra bağladı ocağım-odam,
Sənsiz Sumqayıtım Sibir oldu, gəl.

Gözəllər xasından sevib-seçdiyim,
Keç desə yolunda candan keçdiyim.
Oturub-durduğum, yeyib-içdiyim,
Yatıb-oyandığım səbir oldu, gəl.

Allahdan aşağı nə var unutdum,
Tutiya ətrinlə könlüm ovutdum.
Hər kəlmə başında adını tutdum,
Hər kəlmə canıma cəbir oldu, gəl.

İstəyir

Bilirsənmi, səni, ömrüm,
Ürəyim necə istəyir...
Elə SƏN deyib döyünür,
Hər gün, hər gecə istəyir.

Kürləşib uşaq sayağı,
Dinc durmur əli, ayağı.
Bu qədər qoruq-qaytağı
Almır da vecə, istəyir.

Nə işarət, nə söz qanır,
Nə “səbr elə”, nə “döz” qanır.
Alov tanıyır, köz qanır,-
Tezcə, lap tezcə istəyir!

***

Nə olur mənə haqq olur,
Mənim işim haqq iləndi.
Şah kimdi? – Allahın qulu,
Hökmü-fərma taxt iləndi.

Dünya qananla doludur,
Sağ yenə sağın soludur.
Yol olan yoxluq yoludur,
Varlıq olan vaxt iləndi.

Eşq nədi – işığın səsi,
Eşq nədi – sözün nəfəsi.
Eşqdi Allahın kölgəsi,
Eşqə düşmək baxt iləndi.

ADAMI

Salam Allah salamıdı,
Almayan Allah adamı.
Yarəb, bu nişanda görmək
Zulumdu, vallah, adamı.

Mələyə məhşər qururlar,
“Var”ı «yox»larnan vururlar.
Haramıya uddururlar
Haqqından agah adamı.

Zəhərdən şirə çəkirlər,
Kafiri pirə çəkirlər.
Eynicə yerə çəkirlər
Gah şeytanı, gah adamı.

«Balabanda qandırır»lar,
Olmaza inandırırlar…
Saflığına sındırırlar
Sularından saf adamı.

Bəndələrin nəsə duyub,-
Üləman iblisə uyub.
Yarəb, nə günlərə qoyub
Cənabi-tamah adamı?!

MANERA.AZ


Baxış sayı - 1 756 | Yüklənmə tarixi: 11.04.2016 12:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031