Qandal vurulursa haqq yazan ələ... - ŞEİRLƏR | MANERA.AZ
![]()
manera.az
Gənc şair Vüsal Oğuzun şeirlərini təqdim edirik:
B i z i
Keçdi bu sevginin o bahar çağı
Axtarır bu eşqin payızı bizi.
Daha məhəbbətin günəşi batıb
Üşüdür həsrətin ayazı bizi.
Çiçəyin gözündən şehi içərdik
Görüşdə deməyə sözlər seçərdik
Bir zaman ümmanlar üzüb keçərdik
Qorxudur çayların dayazı bizi.
Nə sən o sənsən, nə də mən o mən
Kəsdi yolumuzu tufan, boran, çən
Vaxtsız düşüb saçımıza yaman dən
Tapıbdır rənglərin bəyazı bizi.
Düzəlməz bu dünya, düzəlməz daha
Bu dünya düzələr daş göyərəndə ( Elşən Əzim )
Şair, xəyallarla aldatma bizi
Düzəlməz, bu dünya, düzəlməz daha.
Bu arzun ürəkdə qalar yarımçıq
Düzəlməz bu dünya, düzəlməz daha.
Vallah inanmıram açığı, düzü
Düzələr haçansa yolu, irizi
Mən deyim, yadında saxla bu sözü
Düzəlməz bu dünya, düzəlməz daha.
Namusu daş-qaşa satanı varsa
Qəflət yuxusunda yatanı varsa
Halalı haramı qatanı varsa
Düzəlməz bu dünya, düzəlməz daha.
Qandal vurulursa haqq yazan ələ
Kasıbın fəryadı qalxırsa zilə
Yüz ildə, min ildə keçsə də belə
Düzəlməz bu dünya, düzəlməz daha.
***
Son vaxtlar baxmıram daha
Hava haqqında olan məlumatlara.
Hər gün bir yalan:
Yağış yağacaq
Külək əsəcək
Ya da
Gün çıxacaq.
Ya da danışacaqlar
Elan olunmamış davadan
Düzünü deyimmi:
sən gedən gündən
Sənsizlik yağır havadan.
Bir az da ayrılıq tökülür
Saralan yarpaqlara..
Əslində nə varki sevməyə
Unuda bilsən....
Istədiyin vaxt
Çıxıb gedəsən uzaqlara..
O qızı da verələr ərə.
Sən də gedəsən
hava haqqında məlumat verilməyən yerə..
MANERA.AZ