Çılpaq həqiqətlər _MANERA
Xocalı faciəmizi plakatlaşdırdıq, şablonlaşdırdıq, hadisənin şahidlərini canlı muzey eksponatına çevirdik...
O eksponatlar ki, ildə bir dəfə yada salınır. İlin qalan günləri isə onlar o acı xatirələrini kasıb, şəraitsiz komalarına, yataqxana otaqlarına, kirayə qaldıqları evlərin “vətənpərvər” sahiblərinin kinayəli, bəzən qınaq dolu tələbkar baxışlarına sığışdırıb yaşamağa məhkumdurlar. Axı bir gün başımız əsəbdən ağrıyanda başlayırıq ummağa, küsməyə ki, “niyə yaxınım, dostum, ziyarət etmədi, yada salmadı, ağrıma, kədərimə şərik olmadı” düşüncələriylə...
Amma düşünün, bu boyda acını qəlbdə, bir insan vücudunda boğmaq, gecənin tənhalığında axan göz yaşlarını həsrət yanğısıyla hərarətlənən, əzizlərinin acı dolu gözlərini sıvıyan əllərlə silmək, əzizinin al qanını qar üzərində görub sonra qar topası oynamaq həsrətiylə yaşayanların qar həvəsini seyr etmək nə qədər çətindir. Heç bu insanların qar acısını düşündüzmü? Qarın üzərində asta addımlar ataraq qarın romantikasına varınca, fevral gecələrində isti yorğan altda cisminizi gizlədərkən ölümdən ölümə doğru yarıçılpaq qaçanları düşündüzmü? Heç insan ölümə doğru bu qədər tələsərmi?!
...Bəli, o gecə bütün həqiqətlər çılpaq idi. Bütün hisslər, sözlər lüt idi... Gecə üstündən yorğan atılmış insanlar kimi... Amma dünya bu çılpaqlıqdan utanmadı, vahimələnmədi, gözü yumulu baxdı o çılpaqlığa!.. Qulağı kar oldu ən hündür minarələrdən yüksəyə ucalan fəryadları duyulmadı. O gecə hətta Yaradanla yaradılan arasındakı pərdə də aydın götürüldü. Bəndənin “niyə?”sini Yaradan pərdəsiz, duasız, ağısız dinlədi. Amma dinmədi... O dünyayla bu dünya arasındakı pərdə də götürüldü o gecə. Ruhla insan meyit fərqinə varmadan birlikdə yaşadılar o gecəni. Hətta ağrıyla, acıyla hüzur arasındada silinmişdi sərhədlər... Bircə nəfəs ayırırdı onları - sonuncu nəfəs! O nəfəs hüzura, dincliyə bircə addım idi. Son nəfəsin aliləşən, adiləşən, arzulanan yeganə ümidə çevrilən gecə!
İndi düşünün, əzizinizin son nəfəsini... Ən çox qorxduğumuz, hər veclə uzaqlaşdırdığımız son nəfəs bu gecə necə də əzizləndi, gözlənildi, arzulandı.
o çılpaq gəldi, çılpaqca getdi. O gecə Çılpaq Gecə idi. Lakin Sübh açıldı biz o həqiqətlərə libas geyindirdik, bəzədik, rənglədik, musiqiylədə fonladıq qatdıq, isti, bəzəkli, işıqlı, sərgi salonlarına gətirdik. Simvollar düşündük.
İnsan dərisindən qadın çantası hazırlayan faşizmi lənətləyən dünya XXI əsrin astanasında burnu kəsilmiş uşağı, qucağında donmuş övladını saxlayan ananı bir simvola, plakata çevirdi... O plakata ki, hər gələn baxdı getdi. Amma gedəndə o acıdan pay apardımı, haqsızlığın acı dadan payını özünə rəva bildimi?!..
O plakatlardakı insanların gözlərində o qədər sual var ki, o qədər isteza var ki... Biz hər il mənəvi dəstəyimizlə o insanların acısını ovutmaq əvəzinə in o gözlərə, qəlblərə böyük dağlar çəkdik! İndi o dağlar bizlə onların arasındakı keçilməz, dəf edilməz sədd olub. O səddi aşmağımız isə qaldı qiyamətə...Onsuz da qiyamətdə bütün HƏQİQƏTLƏR çılpaq gələcək, elə GECƏdəki kimi...
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR