Əflatun Saraçlı: Yuxu kimi keçən ömür

MANERA.AZ Nəriman Əvdülrəhmanlının yazısını təqdim edir:
1.
Tələbəlik çağlarımın hansı ili, ayı, günüydü, dəqiq xatırlamıram, unudulmaz Arif Əmrahoğluyla yolumuz Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna düşmüşdü. Arif gələcəkdə elm yoluyla getməkdə israrlıydı, mənsə o yolu heç ağlıma gətirmirdim, ona elə-belə yoldaşlıq eləyirdim. Dəhlizdə Əflatun Saraçlıya rast gələndə təəccübləndim, çünki şair kimi tanıdığım, qızet-jurnallarda şeirlərinə rast gəldiyim adamın elmi axtarışlarla məşğul olduğunu ağlıma sığışdıra bilmirdim. Sən demə, Ariflə çoxdan münasibətləri varmış, Əflatun müəllimin ovaxtkı terminlə filologiya elmləri namizədi, XIX-XX əsrlər ədəbiyyatı şöbəsinin baş elmi işçisi olduğunu deyəndə çaşqınlığım daha da qatılaşdı. Məni də təqdim elədi, Əflatun müəllimsə özünəxas sadəlik və səmimiyyətlə görüşdü, dərslərimlə, gələcək planlarımla maraqlandı, hər zaman əlindən gələn yardımı göstərməyə hazır olduğunu söylədi.
Ayrılanda çaşqınlığımın səbəbini Arifdən gizlətmədim:
-Neçə ildi, qəzet-jurnalda Əflatun Saraçlının şeirlərinə, Əflatun Məmmədovun məqalələrinə rast gəlirəm, - dedim, - heç o şeirlərin və məqalələrin eyni adamın qələmindən çıxdığı ağlıma gəlməyib.
-Gürcü ədəbiyyatından yaxşı tərcümələri də var, - Arif əlavə elədi, - institutu Tiflisdə bitirib axı.
Səksəninci illərdən Əflatun müəllimlə ünsiyyətimiz davamlı şəkil aldı. Təyinatla işlədiyim, Gürcüstanda yaşadığım vaxtlarda hər dəfə Bakıya yolum düşəndə vaxt tapıb baş çəkdiyim doğma insanlardan biri oldu. Üstəlik də daim izlədiyi “Sovet Gürcüstanı” qəzetində dərc olunan yazılarımdan sonra hər görüşümüzdə məni dissertasiya mövzusu götürmək üçün dilə tuturdu. Amma müdafiə eləməyin uzun və əzablı prosedurları gözlərimi necə qorxutmuşdusa, o yükün altına girməyə cəsarət eləmədim...
2
Bəzi elektron mənbələrdə Əflatun Saraçlının 1956-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olduğu qeyd edilir...
Əlbəttə ki, bu, onun yaşadığı ömrün 20 ilini “gizləyən” adi texniki səhv, əslində isə həyatındakı yeni bir mərhələnin başlanğıcıdı...
Leyla Kamran qızı və Afìna Əflatun qızının çapa hazırladıqları, akademik Kamal Talıbzadənin redaktəsilə Xəzər Universitetinin 2002-ci ildə nəşr elədiyi “Ömür keçdi yuxu kmi” kitabına yazdığı önsözdə Əflatun Saraçlı mənsub olduğu nəsil və doğumuyla bağlı yazır: “...Bu gün də Borçalıda babam “Zor Məmməd”, atam “Doxtur Yunus” rəhmətlə anılır... 1955-ci ilin sentyabrında Borçalı Pedaqoji Texnikumunun IV kursunda oxuyanda məni əsgər aparırdılar. Dərs hissə müdirimiz Ruxsarə müəllimə rayonu bir-birinə vurdu, məni saxlatdı. Yəni, 15 oktyabr 1937-ci il doğum tarixim o zaman SSRİ-də 5 dekabr 1936-cı il Stalin konstitusiyası günü bayram edildiyinə görə, həmin tarixə çevrildi...”
Dördillik texnikum təhsiliylə kifayətlənməyən gənc Əflatun Bakıya üz tutsa da, bürokratik maneəylə rastlaşıb: mövcud qaydalara görə, universitetə yalnız iki il istehsalatda işəyəndən sonra daxil ola bilərdi. Elə bu səbəbdən də 1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib, həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim kimi çalışıb.
Üstəlik də ədəbi mühitdə fəal iştirak eləyib, “Sovet Gürcüstanı” qəzetində ədəbiyyat şöbəsinin ştatdankənar müdiri olub, söz adamlarının yaradıcılığıyla bağlı portret yazılar, icmal məqalələr qələmə alıb. Amma Tiflisdə qalıb işləmək və taleyini Bakıyla bağlamaq arasında seçim eləməli olub: “1962-ci ilin avqustunda məzuniyyətə çıxdım. Ömür-gün yoldaşım Amalya xanımla yenicə nişanlanmışdıq. Gəzmək üçün Bakıya gəldik və o qalan qaldıq. Sovet məhəlləsində sadə bir otaq kirayələdik, düz on bir il “Kraynı krivoy” adlanıan küçədə yaşamalı olduq...”
3
Xoşbəxtlikdən, Bakıda Əflatun Saraçlı ömür younda xeyirxah insanlara rast gəlib, Rza Şahvələdin və İsrafil Nəzərovun köməyilə Cəmil Əlibəyovun redaktor olduğu “Azərbaycan gəncləri” qəzetində işə düzəlib, amma tədqiqatçılıq damarı daha güclü çıxdığına görə, respublika EA-nın prezidenti akademik Zahid Xəliova üz tutub, professor Məmmədağa Şirəliyevin xeyir-duasıyla qalan ömrünü sıx bağlı oduğu Nizami adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul olunub...
Qalanı Allahın ona bəxş elədiyi yaradıcılıq qabiliyyətindən, intizam və zəhmətsevərliyindən asılıydı. Maddi sıxıntılar çəkdiyi o illərdə Əflatun Məmmədov bu xarakter xüsusiyyətləri hesabına ilk sanballı elmi məqalələrini qələmə alıb, 1967-ci ildə “Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə eləyib, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb, baş elmi işçi vəzifəsinə yüksəlib, on beş illik araşdırmalarının nəticəsi kimi, “Azərbaycan uşaq ədəbiyyatı” (1977), “Cəlil Məmmədquluzadənin həyatı və ictimai fəaliyyəti” (1979) monoqrafìyaları işıq üzü görüb, “XX əsr ədəbiyyat məsələləri” (1979) toplusu (toplunun digər cildləri 1985 və 1989-cu ulərdə nəşr olunub) üçün sanballı məqalələr qələmə alıb, doktorluq dissertasiyası üzərində işləyib.
Əflatun Məmmədovun 1983-cü ildə işıq üzü görən “Azərbaycan bədii nsri” monoqrafiyası da məhz gərgin elmi axtarışlarının yekunuydu, sonrakı il də “XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsiylə təticələndi. “Azərbaycanın görkəmli adamları” seriyasından 1985-ci ildə nəşr olunan ilk kitab məhz tədqiqatlarını aparıcı elmi işçi kimi kimi davam etdirən alimin “Abdulla Şaiq” monoqrafiyası oldu.
Professor məqamına yüksələn Əflatun Məmmədov müstəqillik dövrü ədəbiyyatşünaslığımızı formalaşdıran fədakar alimlərdən idi. Ədəbiyyat İnstitutunun 1995-ci ildən ömrünün sonunacan rəhbərlik elədiyi Yeni dövr ədəbiyyatı şöbəsində elmi tədqiqatların yeni təfəkkürlə aparılması onun başlıca qayğılarından idi. O, həm də 1996-cı ildə “Azərbaycanın görkəmli adamları” seriyasından “Zeynalabdin Marağalı” monoqrafiyasını nəşr etdirməyə, üstəlik, böyük səyyahın “İbrahim bəyin səyahətnaməsi” üçcildlik romanını çapa hazırlamağa, “Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopedik nəşri (1998) nəşri, “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyi üçün məqalələr yazmağa, “Azərbaycan yazıçıları Cümhuriyyət dönəmində” (2001) monoqrafiyasını, onlarla məqalə, ressenziya, elmi rəy qələmə almağa, forumlarda məruzə eləməyə, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxstan, Özbəkistan mətbuatında sanballı məqalələr çap etdirməyə vaxt tapmışdı, hələ nə qədər də gerçəkləşdirməyə macal tapmadığı layihələri vardı...
Professor Əflatun Məmmədovun araşdırmaları barədə Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Firudin Hüseynov, Camal Mustafayev, Yaşar Qarayev, Dilarə Əliyeva, Abdulla Mehrabov, Arif Əmrahoğlu... kimi nüfuzlu söz sahibləri bir-birindən sanballı rəylər dərc etdiriblər...
Professor Şamil Vəliyevin 1996-cı ildə çap olunmuş “Əflatun Saraçlı” kitabı da abırlı və bəhrəli ömür yaşamış insanın həyat yoluna işıq salır...
4
Şair Əflatun Saraçlı poetik yaradıcılığa yeniyetməlik illərində, saz-söz yurdu Saraclının ağır məclislərində azman aşıq-şairlərdən eşitdiyi salğarlı sözləri eşidə-eşidə başlamış, ilk şeri də 1956-cı ildə rayonun “Stalin yolu” qəzetində işıq üzü görmüşdü. Tələbəlik illərindən Hüseyn Arif (o vaxt Hüseynzadə), Mehdi Hüseyn, Məmməd Arif, Vidadi Babanlıyla ünsiyyətdə olmuş, Gürcüstan ədəbi mühitində tanınmağa başlamışdı.
Amma Əflatun Saraçlı heç vaxt şairliyi vəzifə saymadı, kağıza tökdüyü duyğularını uca kürsülərdən hayqırmağa can atmadı...
Onun torpağa, insanlara, dostluğa və yaddaşa sevgidən yoğrulmuş şeirləri uzun illər qəzet-jurnal və toplu səhifələrindən, ekran və efirdən oxucu qəlbinə işıqlı duyğular bəxş elədi...
Əflatun Saraçlı poetik yaradıcılığını yalnız müstəqillik dövründə oxuculara toplu şəklində çatdırdı, “Borçalı harayı” (1993) və “Dünya həmən dünyadı” (2001) kitablarını üzə çıxardı.
İlk kitabına önsöz yazmış professor Camal Mustafayev də o şeirlərin çoc məhrəm yaddaş yaşantıları olduğunu qeyd eləyir: “Əflatunun şeiriyyəti qədim Borçalı elindən başlanan ömür yoludur... Şeirinin əzəl qaynağı doğulduğu Saraçlıya, ana torpağa bağlıdır. Bu torpağın bəxş etdiyi silinməz təəssüratlar sətirlərdə yenilənir, həyatının yorucu yoxuşarına şairlə bir şıxır, yanaşı addımlayır:
Burda bir at bir elata həyandır,
Bir nərə çək, uşaqları oyandır;
Hər dəyənin qabağında dayandır,
Nəhrə görüm, sərnic görüm, sac görüm...”
Həm də şair Əflatun Saraçlı poetik sözünün yaşarılığına əmindi:
Dosta şərbət, düşmənlərə tir sözüm,
Sədəf sözüm, gövhər sözüm, dürr sözüm,
Bilirəm ki, itib-batmaz bir sözüm,
Əzəl gündən qədir bilən elim var...
Əlbəttə ki, onun bu əminlik üçün də yetərincə əsası vardı...
5
Əflatun Saraçlı Tbilisidə təhsil almasını taleyin naxışı sayırdı: “...Gürcüstanda sayılıb-seçilən gənclərdən oldum. Gürcüstan mətbuatında, radio və televiziyasında tələbəlikdən fəal iştirak etməyə başladım, həm də gürcü ədəbiyyatından tərcümələreləməyə başladım...”
Gürcü ədəbiyyatından tərcümələrini Əflatun Saraçlı həmkarı Dilarə Əliyevayla səmərəli yaradıcılıq ünsiyyətinin nəticəsi sayırdı. Xüsusilə 80-ci illərdən onların birgə səyi gürcü ədəbiyyatının sanballı nümunələrinin Azərbaycan oxucularına çatdırılmasında başlıca rol oynadı. Məşhur yazıçı Mixeil Cavaxişvilinin “Günahsız Abdulla” və “Ləmbəli” kimi əsərlərinin yer aldığı “Torpaq çəkir” nəsr (1980), gürcü şairlərinin Azərbaycan mövzusunda şeirlərindən ibarət “Bir sinədə iki ürək” (1981, Əlixan Binnətoğlu və Valeh Hacılarla birgə), gürcü poeziyasından nümunələrin toplandığı “Kür Xəzərə qovuşur” (1988) topluları Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında yeni mərhələydi.
Nodar Dumbadze yaradıcılığının vurğunu olan Əflatun Saraçlı ədibin “Kukaraça” povestini (1986), erməni deyil, alban aşıq-şairi saydığı Sayat Novanın “Qulaq as sözümə, ay adam oğlu” poetik toplusunu (1988) da böyük sevgiylə çevirib və oxuculara çatdırıb...
Böyük gürcü şairi Sulxan Saba Orbelianinin pritçalardan ibarət “Uydurmanın hikməti” kitabı (1996) onun Azərbaycan-gürcü ədəbi əlaqələrinə daha bir sanballı töhfəsi idi...
XVII əsr görkəmli gürcü şairi Nodar Sisişvilinin Nizami süjetləri əsasında qələmə aldığı “Yeddi səyyarə” poemasını dilimizə ustalıqla çevirmiş, bununla bağlı Dilarə Əliyeva yüksək rəy vermişdi, təəssüf ki, həmin tərcümə hələ də işıq üzü görməyib...
Məhz bu xidmətlərinə görə də Əflatun Saraçlının Gürcüstan Respublikasının “Şərəf” ordenini qəlb rahatlığıyla qəbul eləməyə haqqı vardı...
6
Əflatun Saraçlı alim, şair, tərcüməçi olmaqla yanaşı, həm də təəssübkeş ziyalıydı...
Onu tanıyandan daim xalqın tarixi yaddaşına, mənəvi dəyərlərinə, adət-ənənələrinə sonsuz hörmətlə yanaşdığını gördüm...
Onu 1988-ci ildə Ermənistan şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürəndə səsini qaldıran ziyalılar arasında gördüm...
Onu 90-cı illərin əvvəllərində, Konstantin Qamsaxurdiya hakimiyyəti dövründə Gürcüstandakı soydaşlarımıza qarşı təzyiqlər başlananda borçalılara arxa duranların sırasında gördüm...
Borçalı adına təşkil olunan bir məclis, keçirilən bir tədbir belə, Əflatun Saraçlısız keçmirdi...
1993-cü ildə təsis edilmiş “Borçalı” jurnalının redaktoruydu, qanı-canıyla bağlı olduğu torpağın tarixini, ədəbiyyatını, mədəniyyətini təbliğ eləmək
üçün əlindən gələni əsirgəmirdi...
Hər dəfə yolu doğma yurda düşəndə Bakıya bitib-tükənməyən təəssüratlarla, yeni yaradıcılıq enerjisiylə qayıdırdı...
7
Ziyalı Əflatun Saraçlının xidmətlərini qədirbilən insanların unutmayacaqlarına inanıram…
Şair Əflatun Saraçlının torpaq, yurd sevgisindən mayalanmış şeirlərinin yaddaşlarda uzun illər yaşayacağına əminəm…
Tərcüməçi Əflatun Saraçlının Azərbaycan-gürcü ədəbi əlaqələri tarixində daim anılacağına şübhə eləmirəm…
Professor Əflatun Məmmədovun barlı-bəhrəli alim ömrünü isə indi kiçik qız övladı, Qars Qafqaz universitetinin müəllimi dr. Afina Məmmədli-Barmanbay ləyaqətlə davam etdirir…
Bir müddət o təhsil ocağında çalışmış dostum professor Bədirxan Əhmədli Afina xanımın ailəsiylə Qarsda yaşadığını, universitetdə böyük nüfuz sahibi olduğunu, sanballı araşdırmalar apardığını, hər kəsə əlindən gələn yardımı göstərdiyini danışmışdı…
Bir neçə il əvvəl dostum, pedaqogika üzrə fəlsəfə doktoru Fərhad Xubanlıyla birgə yolum Qarsa düşəndə Afina xanımı tapıb görüşdük, onun həqiqətən, görkəmli ziyalının yaşadığı ömrə layiq övlad olduğuna inandım…
Ovaxtdan da aramızda ədəbiyyatımızın qardaş ölkədə təbliğinə yönəlmiş yaradıcılıq ünsiyyəti quruldu...
Əflatun Saraçlı “Ömür keçdi yuxu kimi” kitabına yazdığı önsözdə “Ömür yolu” adlı avtoqrafik povest üzərində işlədiyini qeyd eləyir. O povesti bitirib-bitirmədiyini bilmirəm, amma yaşadığı ömrü ziyalı, alim, şair, tərcüməçi, vətəndaş kimi ləyaqətlə başa vurduğuna şübhəm yoxdu…
Həmin topluya mənim “Qaraçöp” ədəbi-etnoqrafik toplusuna yazdığım avtoqraf da daxil edilib: “Görkəmli alim, gözəl şair-tərcüməçi, səmimi və təəssübkeş insan, professor Əflatun Saraçlıya Borçalı yaddaşından töhfə. Nərìman Əbdülrəhmanlı, yazıçı, jurnalist. 30.06.2000.”
Bu gün Borçalı yaddaşının Əflatun Saraçlı yaddaşıyla vəhdətinə daha dərindən inanıram…
2003, dekabr