Yaşar Rzayevin jurnalistlik fəaliyyəti - İltifat Əhmədov yazır

MANERA.AZ İltifat Əhmədovun "Yaşar Rzayevin jurnalistlik fəaliyyəti" məqaləsini təqdim edir.
“Redaksiyada işlədiyim illər həmişə mənə əzizdir. O binanın otaqlarından, o binada tanıdığım insanlarla münasibətlərimdən, o binada yazdıqlarımızdan nə qədər xatirələr yaşayır məndə!.. Şüşəbənd eyvandan sağ tərəfdə ensiz dəhlizi keçib məsul katibin otağına çıxırdın. Burada Vaqif Hüseynovun gur səsi eşidilirdi. Unudulmaz dostumuz, gözəl şairimiz, qəzetdə hər biri bədii əsər təsiri bağışlayan yazıları (xüsusilə felyetonları) sevilə-sevilə oxunan Vaqif... (Vaqifdən sonra həmin otaqda mən oturdum - altı il)... Şüşəbənd eyvandan sonrakı geniş otağa girəndə görürdük ki, Şamil Şabanov, Yədulla Səfərov, Nəcəf Şıxəliyev, Sənan Rəcəbov, sonrakı illərdə Hüseynağa Qəniyev, Səlim Ağayev, Şəkər Aslanov, Ramiz Hüseynov... səssizcə öz stollarının arxasında oturub yazırlar. Həmin geniş otağın solundakı qapı redaktorun kabinetinə açılırdı. Sağ tərəfdə isə redaktor müavininin kabinetiydi (redaktor müavini həm də partiya həyatı şöbəsinin müdiri idi). Bu kabinetə girəndə əlində qələm fikrə gedən, yaxud da başını aşağı salıb sürətlə yazan Əyyub Rzayevi görürdük. Partiya həyatı şöbəsi qəzetin aparıcı şöbəsi sayılırdı. Əyyub müəllim peşəkar və təcrübəli qəzet işçisi, öz dəst-xətti olan jurnalist kimi tanınırdı. Rayonda hörmət sahibi idi. Dost-tanışları arasında sadə adamlar, müxtəlif peşə sahibləri çoxdu. Əyyub müəllimin yazıları da sadəliyi, oynaqlığı və çevikliyi ilə seçilirdi. Yazılarında tənqidi ruh, tələbkarlıq, düzgün istiqamət qabarıq görünürdü. Sovetlər dönəmində qəzetlərdə həmişə baş məqalələr verilirdi. Baş məqalə yazmaq isə heç də asan deyildi. Rayon qəzeti üçün baş məqalə yazmaq tez-tez Əyyub müəllimə tapşırılırdı. Əyyub müəllimin xarakterindəki nöqsanlara qarşı barışmazlıq ruhu, əlbəttə, kimlərinsə heç də xoşuna gəlmirdi (xüsusiə raykomda). Yəqin elə buna görədir ki, altmışıncı illərin ortalarında rayonlararası qəzet ləğv olub yenidən rayon partiya komitələrinə veriləndən sonra Vaqif Hüseynov da, Əyyub Rzayev də Lənkərandan getdilər. Rayon partiya komitəsi Nəcəf Şıxəliyevi qəzetə redaktor verdi, Vaqif Hüseynovun və Əyyub Rzayevin redaksiyada qalması məqsədəuyğun bilinmədi. Əyyub müəllim Astara qəzetinə, Vaqif Hüseynov isə Masallının “Çağırış” qəzetinə getdi və sonradan həmin qəzetin redaktoru oldu. Nəcəf Şıxəliyev məsul katib vəzifəsinə mənim namizədliyimi verdi və bildirdi ki, birinci katibin qəbulunda olub söhbətdən keçməliyəm... “
Bu sətirlər ictimai-siyasi xadim, alim, yazıçı-publisist Yaşar Rzayevin “Yaddaşa qayıdış” 1950-2020-ci illərin yaşantıları ictimai-siyasi, ədəbi-bədii, publisist kontekstdə kitabındakı (Bakı, “OL” MMC, 2021) “Rayon qəzetinin redaksiyasında” sərlövhəli yazıdandır...
Yaşar Rzayev indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra (1964) “Leninçi” (indiki “Lənkəran”) qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başladı. Altmışıncı illərin ortalarında yerli qəzetdə güclü kollektiv formalaşmışdı. Tofiq Həsənov, Əliş Nəbiyev, Rza Kərim, Şəkər Aslanov, Əyyub Rzayev, Yədulla Səfərov, Şamil Şabanov, Nəcəf Şıxəliyev, Vaqif Hüseynov, Hüseynağa Qəniyev, Həbib Səfərov, Ramiz Hüseynov, Asif Quliyev və başqalarının imzaları respublikada da yaxşı tanınırdı. Yaşar müəllim məhz belə müqtədir jurnalistlər arasında işləyə-işləyə formalaşdı, zəngin təcrübə topladı. Az sonra işgüzarlığı, istedadı, təcrübəsi nəzərə alınaraq onu məsul katib vəzifəsinə təyin etdilər. Bu, hər bir jurnalistə, mətbuat işçisinə nadir hallarda nəsib olan yüksək etimad idi.
1965-ci ilin mayından 1970-ci ilin avqustuna qədər rayon qəzetinin məsul katibi vəzifəsində işləyən Yaşar Rzayev qəzetin tərtibatında yeniliklər edilməsinə, yazıların səviyyəcə daha da yaxşılaşmasına, oxucunun maraqlarına cavab verməyən standartlardan uzaqlaşmağa daha çox diqqət yetirirdi.
Bütün bunlarla yanaşı, jurnalist kimi qəzetdə oxunaqlı məqalələr, zarisovkalar, reportajlar, müsahibələr, oçerklərlə də müntəzəm çıxış edirdi. Onun imzası ilə çapdan çıxan yazılar oxucular tərəfindən maraqla qarşılanırdı. Yaşar müəllim redaksiyadakı işinin çoxluğuna baxmayaraq, bədii yaradıcılıqla da məşğul olmağa vaxt tapır, hekayələri yerli qəzetdə, o cümlədən paytaxtda çıxan mətbuat orqanlarında dərc edilirdi. 
Ötən əsrin yetmişinci ilin əvvəlində rayon qəzetinin redaktoru vəzifədən götürüldü. Bir müddət götür-qoydan sonra rayon partiya komitəsi bu vəzifəyə Yaşar Rzayevin namizədliyini irəli sürdü və təqdimatla söhbətdən keçmək üçün Mərkəzi Komitəyə göndərildi. MK-da təbliğat-təşviqat şöbəsi mətbuat bölməsinin müdiri Rəşid Mahmudov və şöbə müdiri Teymur Əliyev (Teymur Elçin) onunla söhbət apardılar. Onlar söhbətdən razı qaldılar. Sonra MK-nın ideoloji katibi Cəfər Cəfərovun qəbulunda oldu. Cəfər müəllim belə istedadlı gənclərin (onda Yaşar müəllimin 29 yaşı vardı - İ.Ə.) vəzifəyə gəlməsinə sevindiyini və Yaşar Rzayevin redaktor təyin olunmasına etiraz etmədiyini bildirdi.
Həmin günlərdə Mərkəzi Komitə Lənkəranın partiya, sovet və təsərrüfat orqanlarının işindəki ciddi nöqsanlar haqqında qərar verdi, raykomun birinci katibi Məmməd Babayev, rayon icraiyyə komitəsinin sədri Şükür Rəhimov vəzifələrindən azad olundular. Naxçıvanın mədəniyyət naziri İsa Məmmədov Lənkərana birinci katib vəzifəsinə təyin edildi. Vəziyyət dəyişdi. Yaşar müəllim əvvəlki birinci katibin təqdimatı ilə göndərildiyi üçün İsa Məmmədov onun namizədliyini dayandırdı, redaktor vəzifəsinə öz namizədini göndərdi. Belə olduqda Yaşar Rzayev redaksiyada qalmadı, Bakı Ali Partiya Məktəbinə göndərilməsi üçün müraciət etdi. İsa Məmmədov buna da razılıq vermək istəmirdi. MK-nın mətbuat bölməsinin müdiri Rəşid Mahmudovun qətiyyətli təkidindən sonra Yaşar müəllim Ali Partiya Məktəbinin ikiillik şöbəsinə müdavim göndərildi...
O, 1970-1980-ci illərdə Lənkəran Şəhər Partiya Komitəsində təlimatçılıqdan təşkilat şöbəsinin müdirliyinə və ikinci katibliyə (1983-1989) qədər bir yol keçdi. Səksəninci illərin axırlarında (1989) birinci katib seçildi. Müstəqillik illərində isə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini (1993-1995), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1995-2000), Lənkəran ŞİH-nin başçısı (2000-2003) vəzifələrində çalışdı.
Yaşar Rzayev hansı məsul vəzifələrdə işləməsinə, ictimai-siyasi fəaliyyətlə məşğul olmasına baxmayaraq, ona həmişə doğma olan rayon qəzetinə diqqət və qayğısını əsirgəməyib. Yaxşı yadımdadır, o, birinci katib və İcra hakimiyyətinin başçısı işləyərkən 1991-2001-ci illərdə “Lənkəran” qəzetinin 60 və 70 illik yubileyləri təntənəli şəkildə qeyd edildi, jurnalistlərə pul mükafatları, qiymətli hədiyyələr verildi, təsərrüfat hesablı redaksiyanın hesabına xeyli vəsait köçürüldü.
İndiyədək Yaşar müəllimin bədii-elmi kitabları ilə yanaşı, bir neçə publisistik kitabı da işıq üzü görmüşdür. “Lənkəran: doxsan üçüncü ilin yayı” (Bakı, “Siyasət”, 1998), “Ömürdən səslər” (publisistika, ədəbi düşüncələr, Milli Məclisdə çıxışlar. Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2001) və “Yaddaşa qayıdış” (Bakı, “OL” MMC, 2021) kitablarına müəllifin publisistikası, məqalələri, müsahibələri, ədəbi-bədii qeydləri, müxtəlif çıxışlarının mətnləri daxil edilmişdir. Bu yazılarda Yaşar müəllimin bir vətəndaş və ictimai xadim kimi mövqeyi, həyata baxışı, ictimai-siyasi, ədəbi-bədii, sosial-fəlsəfi görüşləri öz əksini tapmışdır.
Hazırda ömrünün kamillik çağlarını yaşayan, 85 yaşlı Yaşar Rzayev bu gün də sıradadır. Ona, ilk növbədə, möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Allah-Təalanın ayırdığı ömür payını bundan sonra da sağlam, ürəyinizin istədiyi kimi, Sizi sevənlərlə, Sizin sevdiklərinizlə birlikdə şad-xürrəm yaşayın, yaradın, əziz Yaşar müəllim!
12 iyul 2025
İltifat ƏHMƏDOV,
AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.