manera.az
manera.az

Bağışlanmaq... - Zakir Məmməd haqda _MANERA


Bağışlanmaq... - Zakir Məmməd haqda _MANERA

Poeziya, söz sənəti milli-mənəvi yaddaşımızın nəsildən nəslə ötürülməsində əvəzedilməz vasitədir. Belə bir vasitəçilik zamanından asılı olmayaraq insan şüurunda gedən proseslərin bir hissəsinə çevrilərək, həm ictimai, həm ədəbi tariximizin formalaşmasına xidmət edir. Sənətkarın ağıl və zəkasından hiss və düşüncələrindən axıb gələn bədii informasiyalar bütövlükdə bir toplumun həqiqətlərinə çevriləndə, bax onda poeziya faktından söz açmaq mümkündür.

Şair Zakir Məmmədin “Bağışla” adlı kitabını oxuyanda məndə yaranan ilk təəssürat belə oldu ki, bu kitabdakı şeirlər fikir və emosiyalarla zəngindir, humanist mahiyyəti, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Xalq şairi Hüseyn Arifin vaxtilə yazdığı “Şeirlə açılan sabahım” adlı məqaləsi ilə başlayan bu kitabdakı əsərlər Hüseyn Arifin təbirincə desək, misraların duruluğu, fikirlərin aydınlığı, məzmun aktuallığı ilə seçilr.

Geniş diapozonlu bədii təxəyyülün məhsulu olan bu şeirlərin hər birinin öz sehri, öz ovsunu var. Bu, yəqin, ona görə belədir ki, çoxlarının qəlbində yer tapan, lakin ifadə edilə bilməyən fikirlər şairin ecazkar misraları, mətnləri ilə, zəngin bədii dil vasitələri ilə oxucuya çatdırılır. Şairin çoxcəhətli obrazlılığı, humanist mündəricəsi, struktur orijinallığı ilə izaha gələn çoxsaylı şeirlərindən birinə nəzər salaq:

“Evimizə işıq gətirəcəkdim
Gündən, ulduzdan qabaq
doğulsaydım.
Bir ev işığı gətirəcəkdim,
ürək işığı.”
Bu şeirə belə ad qoyulub: Çöl işığı.

Zakir Məmməd poeziyasında fəlsəfi lirizm onun dünyaduyumunun, həyat müşahidələrinin məntiqi nəticəsi kimi meydana çıxır. Dünyada gedən proseslərin çölündə yox, içində olanların fantaziyasına hesablanmış bir şeirə də istinad edək:

“Biclik bilməyən bu ağaclara bax.
Bir də biclik bilməyən uşaqlara...
Bir də dünyanın bu bic-bic işlərinə.
Deyirəm, yazıq ağaclar,
yazıq uşaqlar!
Hər yanda siyahı tuturlar,
Gəlib bir gün də sizi
siyahıya alacaqlar”.

Şair üçün insanın taleyində, həyatında bu gün və gələcəkdə baş verənlər maraqlıdır. Daha doğrusu, dünyada cərəyan edən hadisələr onu narahat edir. Bunlar onu həm də vətəndaş kimi narahat edir.

“İllər illərin üstdə qalaq-qalaq dərd çatır.
Adamın harayına adam çatmır, dərd çatır.
Dağıdır yer üzünü ürəklərdə dərd çatı.
Sular yuyub aparır, çəmənim əldən gedir.”

Bu cür şeirlər ictimai məzmunla dolu görünsə də, sənətkarlıq imkanlarını qətiyyən azaltmır. “Bölünən vətən”, “Qiymət”, “Başlan” və s. yazılarda olduğu kimi.
Təbriz həsrəti, paralanmış Azərbaycan leytmotivi də şairin kitabın adında kodlaşdırdığı fərd, cəmiyyət reallıqlarına tamamilə ekvivalent görsənir.
“Təbrizə gedək” şeirində oxuyuruq:

“Şeirimiz dalğa-dalğa
Ruhumuza tutalğa.
Bu xalq ayağa qalxa!
Şərdən gündüzə gedək,
Bir gün Təbrizə gedək.”

Təbrizə xitabən çox yazılıb. Mövzu eyni olsa da, “Təbrizə gedək” şeirində tanış fikrin ifadəsi müəllifin özünəməxsusluğu ilə seçilir. Həmin şeirin bir yeri belədir: “Bu axşam bizə gedək, çıxıb Təbrizə gedək”. Buradakı “biz” kəlməsi, əslində, bütöv Azərbaycanı ifadə edir. Başqa bir şeirdə “nə vaxtdır, gələ bilmirəm mən sənin yanına, qardaş”, – deyən şair daha sonra yazır:

“Uzadıb iki qolumu,
Çox gözləmişəm yolunu.
Ölçdüm sağımı, solumu
Eninə, uzununa, qardaş.”

“İki qol” həsrət deməkdir. Uzanmış iki qol. Son iki misrada Vətənimizin torpaqlarının tarix boyu işğal edilməsi haqqında məlumat verilir. Dünyanın kədəri nə qədər böyük olsa da, kitabdakı şeirlərin mövzusuna çevrilmlş həmin kədər oxucuya bədbinlik gətirmir. Başqa sözlə desək, bu şeirlər oxucusunu daha da ruhlandırır və yaxşı gələcəyi uğrunda mübarizə aparmağa səfərbər edir. Belə bir inam yaranır ki, Təbrizin başı üstündəki “duman”lar bir gün yox olub gedəcək. “El arzuya çatacaq. Könlü təptəzə gedək, burdan Təbrizə gedək”.

Şairin sevgi şeirləri də maraqlıdır. Kitabdakı bu fəslin adı belədir:

Bir sevgi himni oxuyaq,
Nəqarəti sən olarsan.
Bu cür şeirlərin ideyasında klassik ədəbiyyatımızda olduğu kimi sevgi fədakarlığı qabarıq görünsə də, sevmək, sevilmək hissiyyatından yaranan bir ruh yüksəkliyi də oxucu üçün zövq və nəşə mənbəyinə çevrilə bilir. Ən zərif hiss və duyğuları ifadə edən bu şeirlər təsir gücünü uzun müddət saxlayaraq insanda xoş təəssüratlar yaratmağa xidmət edir.
Sevdim səni ,
öldüm, öldüm, əzizim;
Ağladım hey,
güldüm, güldüm, əzizim;
məhəbbətdir,
bildim, bildim, əzizlm...

Başqa bir şeirində “bir gün öldürəcək bu ürək məni” deyən şair lirik qəhrəman üçün adi ölümdən fərqlənən daha mənalı, aşiqə daha xoş olan bir ölümdən söhbət açır. Daha doğrusu, burda ölməkdən yox, ona bərabər, o səviyyədə olan elə kəskin hisslərdən söhbət açılır ki, aşiqin könlünün istəyi olan bu cür pak və zərif hisslər şeiri oxuyanı da ən ülvi duyğuların qoynuna ala bilir.

Zakir Məmmədin yaradıcılığında fərqli düşüncə ilə orijinal ifadə, üslub tərzi diqqəti cəlb edir.

Bu kasıb cibim;
Bu yazıq cibim!
Cib, cib, cücələrim.
Bu cib də sənindir,
bu biri cib də.
Cibimə göz qoyub oturub
nəcib də, nanəcib də.

Bir neçə misrasını misal gətirdiyimiz “Cib” şeiri yeni və orijinal bir üslubda qələmə alınmışdır.Şeirin əvvəlindən axırına kimi misralar c, s, b, r, və sair samitlərin ahəngi ilə müşayiət olunaraq, şeirin mətnini cingiltili bir harmoniyanın içində saxlayır. Kitabın bir fəsli bu tipli şeirlərdən ibarətdir. Z. Məmməd yaradıcılığında bədii təsvir vasitəsi olaraq alliterasiya, asonans xüsusi yer tutur.

Bu kitab haqqında, oradakı bir-birindən maraqlı hər bir şeir haqqında, bəlkə də, hər bir misra haqqında geniş bəhs etmək mümkündür. Lakin sözün də çox qəribə bir xüsusiyyəti var – çözüldükcə çözülür, əsrarını bütövlükdə açıqlamır və ya əksinə, tam xırdalanmağı sevmir.

Müəllifin kitaba daxil etdiyi ədəbi-tənqidi məqalələri də profesionallığı və orijinal dəsti xətti ilə diqqəti cəlb edir. Rəsul Rzanın “Rənglər”i, Ramiz Rövşənin, Ramiz Qusarçaylının yaradıcılığı haqqında yazdıqları ədəbi tənqidimizdə maraq doğura biləcək mülahizələr sayıla bilər.

Z. Məmməd bir şeirində “Mən bu dünyaya gəlməzdim, əmr etdi Yaradan, gəldim” yazır. Yaradanın əmrindən çıxmamaq dünyaya gələndən sonra da hər Allah bəndəsinin üzərinə düşən vəzifədir. Z. Məmmədin şeir yazması da onun Allah qarşısında borcunu yerinə yetirməsi ilə bağlıdır. Zakir müəllimin bu kitabının ideyası da ilahi duyğulardan, səmimi etiraflardan maya tutur, üzlənir. “Quran”da “Allah bağışlayandır” deyilir. Adamlar biri digərini bağışlaya bilməsə də, yəqin ki, Allah bizim hamımızı bağışlayar. Bunun üçün öncə gərək günahımız olsun, sonra da etiraf etməyi bacarmalıyıq. Şair deyən sayaq:

“Bir az günahın olanda
Bir az etirafın olsun.”

Z. Məmməd kitabın əvvəlində söz borcunu yada salır. Hesab edirəm ki, bu fikrində də şair haqlıdır. Həm də ona görə haqlıdır ki, o, “bağışla” deməyi bacarır. Bağışlanmaq üçün günahlar və etiraflar olmalıdır. Bu günahlar hamınındır. Şair də elə bundan bəhs edir – günahlardan və etiraflardan və ən səmimi misralarını yaza bilir:

“Ömrünün qoca çağında
Bağışla babanı, bala.

Belə bir kitabı oxuyandan sonra bu qənaətə gəlmək olur ki, dünyada ən ali insan haqlarından biri bağışlanmaqdır.

Dürdanə Hüseynova,
Quba rayoni Əliməmmədoba kənd tam orta məktəbinin
ədəbiyyat müəllimi





Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930