Şair anadan yox, dərddən doğular - Şahverən Cavadın şeirləri

MANERA.AZ Şahverən Cavadın şeirlərini təqdim edir.
Ömür keçir
Dərisi soyulmuş payız kimiyəm,
Elə bil susmaqçün sözlərim laldı.
Çiskində başımı qatıram, daha,
Leysan arzularım uzaqda qaldı.
Əzabla qazandım xoşbəxt günləri,
Gözəldir zülmətdən doğulan səhər.
Bəxtim də kölgəm tək kor doğulubmuş,
Tutub əllərindən gəzdim birtəhər.
Gün keçir, boşalır ömrümün yükü,
Xoşbəxt dağların da öz dərdləri var.
Şəlalənin yolu ölümdən keçər,
Şair anadan yox, dərddən doğular.
Gizlənpaç oynayır günlər mənimlə,
Dərman şüşəsində - div tək canım var.
Hardasa üşüyən məzarım kimi,
Uğur qatarında yerim boş qalar.
28.12 .2025
Ağrı
Ağrıdır, ürəkdən qopan dualar,
Göydən yağış deyil, ağrılar yağır.
Bəlkə, ağrı çəkir zülmət gecələr.
Bütün aydınlıqlar ağrıdan doğur.
Qorxuram sükutun vahiməsindən,
Səbrim ovudacaq məhrəm dərdimi.
Bir ömür vermisən, mənə, İlahi,
Hər günü ödədim cərimə kimi.
Ümidlə yollarda durar ağaclar,
Baxar, gedənləri qayıtmaz geri.
Bəlkə, ayrılığın rəngidir payız,
Naftalin qoxuyar xatirələri.
Buludlar yaşayar qaçqın ömrünü,
Vətənsiz durnanın göylərdir yeri.
Kim ki əzab çəkir fani dünyada,
Sonda mükafatın Yaradan verir.
17.11.2025
Yerin, ürəyimdə boş qalan məzar
Yollar mənim ilə şahmat oynayır,
Döngələr bir qəfil at gedişidir.
Qançır kürəyində izim göynəyir,
Səki ayağımdan sürüşüb düşür.
Sənsiz yuxularım ərşə çəkilib,
Bir dolan buludam, doluxan göyəm.
Sözlərə sığmadı sənin həsrətin,
Çəkib, "vatsapına" göndərəcəyəm.
Orada üşüyən tifil sevgimi,
Ürəyimlə örtdüm, soyuq dəyməsin.
Sevdiyin ağaca, çiçəyə görə,
Yalvardım payıza, xəzan döyməsin.
Qapımdan əskilmir Məcnun küləklər,
Bəlkə də əkizik, bizi qan çəkir.
Yerin - ürəyimdə boş qalan məzar,
Quşsuz yuva kimi hər gün can çəkir.
30.10.2025
Kirayə götürdüm bir parça göyü
Zirvələrə baxıb, sevindiyim qar,
İndi yavaş- yavaş başıma yağır.
Ömür qatarında dərd daşıyıram,
Yoxdur dərdlərimin dayanacağı.
Azır yaddaşımda yollar, çığırlar,
Dağ, yaylaq dostlarım itirlər bir- bir.
Dostluq göndərmişdi neçə il qabaq,
İndi dostluğumdan dağlar da gedir.
Ötdü yaz fəsli tək gənclik mövsümü,
İçimdə boğulan dərdli dəniz var.
Qoca palıdı da yarpaqsız görüb,
Yazda " dillərini " çıxarar kollar.
Yamanca kövrəkdir göylərin damı,
Hər gecə mələklər ruhuma dəyir.
Yerin də düzəni pozulub daha,
Kirayə götürdüm bir parça göyü.
20.10.2025
Başımın üstündə adın yaşayır
Sənsiz bir saatsız zaman kimiyəm,
Qarışqa günlərim ruzi daşıyır.
Torpağı əyninə geydiyin gündən,
Başımın üstündə adın yaşayır.
Sevgin ürəyimdən böyükdür, ata,
Yerin nəvələrin toyunda qaldı.
Sığalına möhtac nar ağacımız,
Böyümür, əvvəlki boyunda qaldı.
Atalı günlərim perik düşübdür,
Körpə dodağında sınıq söz kimi.
Üşüyən evimi örtən gecənin,
Örtüyü cırılıb, bəyaz bez kimi.
Adıntək qorudun kişi sözünü,
Sənsiz çox sözlərin dəyəri itdi.
“Bir vaxt İsgəndərin buynuzu varmış,”
Qamış qulaqlarda qurğuşun bitdi.
Yanvar Günəşidir xatirələrin,
Çiçəklər şaxtadan salxım bağlayıb.
Sənin yoxluğuna ehtiram kimi,
Ağaclar bir ovuc payız saxlayıb.
Ayrılığın ad günü
Həsrətimi dəfn etdiyim həyətin,
Hönkürtüsü kəsilmir ki, yuxumdan.
Yazım itib, payız köçüb ömrümə,
Bəlkə elə ömrüm çıxıb oxundan.
Alça ağacları yaşa dolublar,
İndi sərçələrdir könül sirdaşı.
Ata ocağımdan keçən buludlar,
Gecələr yuxuma tökər göz yaşı.
Anasız hər arzum-dərdli bənövşə,
Ömrümün köksündə quzeydə bitdi.
Sevib əzizlədim hər gələn ili,
Vəfasız gözəltək illər də getdi.
Hüzür çadırıymış arxalı göylər,
Neçə əzizimi köçürtdü bir-bir.
Mənimçün anamın köç edən günü,
Bəlkə ayrılığın ilk ad günüdür.
Bu dünya yəhərsiz, yüyənsiz atdır,
Dost bilməz, tərkindən salar hər kəsi.
Kəfən geyindirdi Əzrayıl qışa,
Bahara çatmamış yolunu kəsdi.
Günəş anaların xətrinə doğar,
Dünyanın məhəbbət tacıdır onlar.
Hər məzar başında başdaşı kimi,
Övladına keşik çəkər analar.
Sənli xatirələr
Əzəldən ruhuma məhrəmdir bu qış,
Göydən lopa-lopa xatirəm yağır.
Tanrıya çatmayan dualarım da,
Dərdli buludlartək üzümə baxır.
Saçıma qarını ələyib dosttək,
Başımda yuvası qalıb bu qışın.
Qar düşüb üstünə ilk məhəbbətin,
Üşüyür utancaq iyirmi yaşım.
Bir eşqin səhv düşmüş ünvanı ilə,
İndi qapı-qapı düşən bir yolam.
Nakam sevdaların ahı tutubmuş,
Yazda açan güllər payızda solar.
Don vurmuş çıçəkdir nakam sevgilər,
Sevgisiz ömürlər bənzəyir qışa.
Xatirən bakirə qar dənəsitək,
İllərdir gözümün ağında yaşar.
Sənli arzulara bir ev olmadım,
Verdim ürəyimə, kirayə qaldı.
İmkanım olsaydı bu Yer üzünü,
Təkcə sevənlərə bağışlayardım.
Ömrüm
Ömrün ocağında sönən kösövtək,
Yaşanmış illəri sanki qor basıb.
Yuyub, qarasını apardı illər,
Ömrümə süzüldü saçın qarası.
Sözümü yarpaqlar yığdı ovcuna,
Bulaqlar çəkdilər gənclik şəklimi.
Bir vaxt yerə düşən sözümdür, bəlkə,
Bitib boynubükük bənövşə kimi.
Hər günü yarpaqtək dərirəm, sanki,
Ömrün bağçasına payız gəlibdir.
Vaxtın dənizində dalğa günlərim,
Ölməkçün sahilə tələsir bir-bir.
Vaxtını gözləyən durna köçüyəm,
Yollarım keçilməz səbrə dirənib.
Ömrüm yeni ilin şam ağacıtək,
Bərbəzək bitirir barın yerinə.
Bu dünya bir sözün çiynində durur,
Xoş sözdür ruhumu isidən ocaq.
Yollar keçiləndə, gül dəriləndə,
Bulaq içiləndə yaşayır ancaq.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.