Vüsaltək şirindir iztirabın da - Ağamir Cavadın şeirləri
MANERA.AZ tanınmış şair Ağamir Cavadın şeirlərini təqdim edir.
GƏTİRMİSƏN
İlahi, eşqindən inam vermisən,
Haqqa imanımı sən gətirmisən.
Bütün inanclardan, dinlərdən üstün,
Mənə sevgi adlı din gətirmisən.
Ömrümə, günümə ətir tutmusan,
Könül saflığıma xətir tutmusan.
Buluddan başıma çətir tutmusan,
Yolumun üstünə gün gətirmisən.
Hökmün, ədalətin, haqqın yaraşıq,
Aləm yaratmısan, olmuşuq aşiq.
Göylərdən qəlbimə çəkərək işıq,
Vəhy göndərmisən, ün gətirmisən.
Könlüm qüdrətindən məhəbbət duyub,
Dünyam öz hüsnünü odunla yuyub.
Qəlbimin torpağın eşqlə şumlayıb,
Əkməyə söz adlı dən gətirmisən.
Qurduğun dünyanı necə tutmusan?
Qafiyə açmısan, heca tutmusan.
Bizi də özüntək uca tutmusan,
Yerlərə, göylərə tən gətirmisən.
SU
Böyük Füzuliyə
Aləmi eşqin gücüylə gətiribdir cana su.
Güc, həyat bəxş eyləyib torpağa su, insana su.
Ən gözəl məlhəm sudur, saflıq suyun bətnindədir,
Bənzəyir hər dərdə çarə eyləyən dərmana su.
Od alıb olmuş buxar, göydən baxıb seyr eyləyər,
Dövr edib ərşi-əlanı baş çəkər ümmana su.
Daşsa, öz məcrasına sığmaz, keçər səhraları,
Qurtarar səhra odundan, yol olar karvana su.
Harda çirkab görsə, leysan yağdırıb pak eyləyər,
Aləmi Nuh tufanıyla eyləyib viranə su.
Qəlbimiz haqqın sözüylə paklanıbdır daima,
Andımızla yüksəlir Furqan olan Qurana su.
Donsa, buz bətnində də yandırmağa od saxlayar,
Eşqi söndürməz, yaxıb od yağdırar hicrana su.
Çağlayıb haqqın yolunda Musanı hifz eylədi,
Yol açıb peyğəmbərə, qəhr eylədi firona su.
Harda bir damla su varsa, orda daş da bar verər,
Bir həyatdır hər zaman bağ-bağçaya, bostana su.
Hər mizanı alidir, hər hökmə düz vermiş qərar,
Tanrımız haqqın nuruyla paylayır hər yana su.
Yandım hicran atəşində, od tutub bağrım başı,
Neyləyər həsrətdə yanmış mən kimi büryana su.
Qəvvas oldun sən Füzulitək seçib ləl topladın,
Bil ki, çox lazımdı səntək bir qərib bağbana su.
Baş vurub dürdanə gəzdim hər qəmin qoynunda mən,
Hər sözüm bir abi-zəmzəm , paylanar ehsanə su.
Saflığından məst olub eşq əhlinin arifləri,
Hikmətindən dərs alan düz yol çəkib irfana, su.
Ən müqəddəs bir günahdır, ay Ağamir, düşmüsən,
Od tutub eşqin suçundan od salıbdır qana su.
NƏ GÖZƏL
Qəlbintək gözəldir qısqanclığın da,
Gözəl qısqanırsan, gülüm, nə gözəl!
Gözlərim danışır bu eşq çağında,
Qarşında lal olub dilim, nə gözəl!
Bir təmiz, bir məsum ad bəsləyirəm.
Zamanın ağzında dad bəsləyirəm.
Min ildir qəlbimdə od bəsləyirəm,
Qorumu qoruyur külüm, nə gözəl!
Ruhuna can verən eşq həvəsiyəm,
Cahanı fırladan haqqın səsiyəm.
Ahəngi pozulmaz kənd nəğməsiyəm,
Bəmim nə gözəldir, zilim nə gözəl!
Bişmişik həyatın hər əzabında,
Dözümük həsrətin daş kitabında.
Vüsaltək şirindir iztirabın da,
Yolunda çəkdiyim zülm nə gözəl!
Ürəyim hər kəsə açılan deyil,
Yerin mizanıyla ölçülən deyil.
Sevgimin binası uçulan deyil,
Eşq ilə yoğrulub gilim, nə gözəl!
Üzünün nuruyla ağarıbdı dan,
Sən oldun yenidən məni yaradan.
Ağamir bu eşqlə köçər dünyadan,
Məhəbbət yolunda ölüm nə gözəl!
BULUDUM
Göydə meydan açıb cövlan eyləyən,
Aləmi seyr edən, a xan buludum.
Yağışın yağdıran, qarın ələyən,
Yerə ucalardan baxan buludum.
Yuyub qaraları ağa döndərən,
Susuz səhraları bağa döndərən,
Torpağın eşqini dağa döndərən,
Dağların başında çaxan buludum.
Dünyanın başına sevgi dolayan
Qoymazsan yer üzün şaxta dalaya.
Od olub qəlbində ocaq qalayan,
Su olub göylərdən yağan buludum.
Dərin dəryaların suyunu içən,
Duzunu ayıran, şəkərin seçən.
Bəyaz örpəyini yelləyib keçən,
Üfüqdən üfüqə axan buludum.
Uca zirvələrdə dolandın hər an,
Mənzilin gah dağdır, gah da ki aran.
Şimşək qılıncını odtək sıyıran,
Bətnindən İldırım doğan buludum.
Torpağa aşina, suya aşina,
Bənzərsən xeyirxah Simurq quşuna.
Qarlı zirvələrin dönüb başına,
Dağları ovcunda sıxan buludum.
Qıymazsan dünyanın üzün qəm döyə,
Bəyaz çətirini çəkmisən göyə.
Günəşin odundan qorunum deyə
Kölgəsin üstümə yığan buludum.
DAŞ KEÇİR
Yanırsan yanından nadan keçəndə,
Elə bil insan yox, daş gəlib keçir.
Dərd çəkir dünyanın daş tərəzisi,
Dünyanın dərdini daş bölüb keçir.
Göylərə inamı qara daş çəkir,
İnadın önündə zaman da çökür.
Dağlar haray salır, dağlar daş tökür,
Dərənin sükutun daş dəlib keçir.
Torpaq eşidəndə baharın səsin,
Daş da yaxasının açır düyməsin.
Çalış arzuların daşa dəyməsin,
Ayağa dəyəndə daş gülüb keçir.
Bəsirət gözüylə bu ahıl yaşda
Sevgi axtarırıq hər xırda daşda.
Eşqin atəşindən əriyir daş da,
Daş da muma dönür, daş ölüb keçir.
Qanla yazılıbdır tarix yaddaşa.
Arzular, ümidlər dönübdür daşa.
Min ildir daş atır qardaş qardaşa,
Qardaş da qardaşı daş bilib keçir.
Qəlbi daş olanlar səni daş sanır,
Bətnində eşq yoxsa, daş daşı danır.
Daş daşa dəyəndə alışıb yanır,
Daşın yaddaşını daş silib keçir.
Aylar, illər ötür, yaşa çevrilir,
Fürsət əldən uçan quşa çevrilir.
Torpaq da, insan da daşa çevrilir,
Zamandan-zamana daş qalib keçir.
YƏQİN
Eşq odunda yanmasan, cismində can olmaz yəqin,
Andını dansan əgər eldən aman olmaz yəqin.
Gördüyüm andan bu dilbər sirri olmuş könlümün,
Yaxşı baxsın qəlbimə, eşqim güman olmaz yəqin.
Nur saçır hüsnüm, dağılsın eşq izindən qəm, qubar,
Yollarından keçdiyim dağlar duman olmaz yəqin.
Tanrının eşq aləmindən boylanır haqqın yolu,
Haqqı sev, ömründə heç sevdasız an olmaz yəqin.
Uyma dünya eşqinin göz aldadan xülyasına,
Yaxşılardan yaxşı ol, yaxşın yaman olmaz yəqin.
Eşqin olsun dünyada Məcnunun eşqindən füzun,
Haqq odundan keçməsən eşqin roman olmaz yəqin.
Ay Ağamir, şükr elə, qismət payın haqdan gəlir,
Səcdəni Allaha et, qəddin kaman olmaz yəqin.
GƏLİB
Bu sevdamın divanına bu dağlar ah edib gəlib.
Ötüb keçirmiş illərin könül, günah edib gəlib.
Həyat gül açmış eşq ilə, gülür cəfası bəxtimin,
Yolun tutub həqiqətin, günün sabah edib gəlib.
Ömür qonaqdı, dünyamız açıbdı sevgi süfrəsin,
Bu süfrənin təamına könül tamah edib gəlib.
Bu yerlərin, bu göylərin həqiqətin qələm yazır,
Məhəbbətim ocaq çatıb, odun nikah edib gəlib.
Ötüb keçincə yaş, ömür qərarı verdi illərim,
Çəkib yaraqtək üstümə özün silah edib gəlib.
Ürək sevir, məhəbbətin səfası qəlbə ruh verir,
Zəfər çalıbdı, həsrətin günün siyah edib gəlib.
Seçib könül diyarını İlahi eşqin atəşi,
Ağamir haqq əlin tutub, sözün pənah edib gəlib.
Tural Adışirinin təqdimatında..