Bütövün hissələri - Nəriman Əbdülrəhmanlı yazır..

MANERA.AZ Nəriman Əbdülrəhmanlının yazısını təqdim edir.
Bir müddət əvvəl sosial şəbəkələrdə məşhur Türkiyə alimi dr. Mehmet Kaplanın bir məqaləsi yayılmışdı.
Dr. M.Kaplan Türkiyədəki təhsilin ən ciddi çatışmazlıqlarından biri kimi, fənnlər arasındakı mütənasibliyin pozulmasını göstərirdi. Yəni, dəqiq elmləri seçənlərə humanitar fənnlər, humanitar eləmlərin arxasınca gedənlərə də dəqiq fənnlər tədris olunmadığından gələcəyin mütəxəssisinin kamilliyindən söhbət açmaq olmaz.
Onun dedikləri müxtəlif münasibətlərin ortaya çıxmasına səbəb oldu. Amma fikrimizcə, dr. M.Kaplan haqlıdır, həmin çatışmazlığı mövcud təhsil sistemimizə də şamil etmək olar.
Dr. M.Kaplan yazır ki, Ərzurum Atatürk Universitetində amerikalı mütəxəssislərlə birgə dərs proqramları yazırlayırdıq. Həmin vaxt məcburi fənnlər kimi, kənd təsərrüfatı ixtisaslarında oxuyanlara ədəbiyyat və mədəniyyət, humanitar ixtisaslarda təhsil alanlara isə dəqiq elmlər tədris edilmədini şərt kimi irəli sürdük. Eyni zamanda bütün tələbələr kompozisiya fənnini öyrənməli idilər. Çünki, kompozisiya fikri açıq və qabarıq ifadə etmək, sözləri və ifadələri yerli-yerində işlətmək üçün son dərəcə vacibdir. Doğrudan da dilə hakim olmadan, fikirlərini səlis ifadə etmədən nə düzgün düşünmək, nə də düşündüklərini başqalarına çatdırmaq mümkündür.
Əlbəttə, ilk baxışda bu mövqeni qəbul etmək çətindir. Dərhal opponentlər tapıla, orta təhsil almış hər bir kəsin həmin fənnləri orta məktəbdə keçdikləri, ali məktəblərdə təkrar tədrisə ehriyac olmadığı barədə dəlil-sübut kimi irəli sürə bilərlər. Amma mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində belə məlum olub ki, ədəbiyyatı və mədəniyyəti öyrənmiş mütəxəssislər adamlarla münasibətlərində daha böyük uğurlar əldə edir, dəqiq elmlərdən birinə və ya bir neçəsinə vaqif olan ədəbiyyat və sənət adamları daha daha səlis və sanbalı düşünürlər.
Onların fikrincə, insan bir-birinə zidd olan iki aləmdə - sarsılmaz, dəyişməz qanunlara əsaslanan fiziki aləmdə, maddədə, dünyada və kainatda, bir də daim dəyişən, qeyri-müəyyən hisslər, duyğular və ehtiraslar aləmində - yaşayırlar. Buna görə də onların bu iki aləmə uyğunlaşmaları, onları dərk etmələri üçün iki mədəniyyətə - dəqiq elmlərə və humanitar elmlərə (əsasən ədəbiyyata və incəsənətə) böyük ehtiyacları var. Dəqiq elmlər bizə maddi aləmin, humanitar elmlər isə mənəvi aləmin qapılarını açır.
Doğrudan da beyinləri yalnız dəqiq elmlərin ciddi qanunları ilə işləyən adamların cəmiyyətdə ünsiyyət sarından nə qədər çətinliklərlə qarçılaşdıqlarının tez-tez şahidi oluruq. Belə adamlar fiziki, yaxud riyazi qanunları insan münasibərlərinə də şamil edir, mənəvi aləmi, hiss və duyğuları gərəksiz sayırlar.
Eləcə də həyatın və kainatın dəyişməz qanunlara əsaslandığından xəbəri olmayan kəslər həddən artıq xəyalpərvər bir varlığa çevrilir, həyat gerçəkliklərindən uzaqlaşırlar. Dr. M.Kaplanın ifadə etdiyi kimi, dünyanı öz xəyallarına görə dəyişdirməyə cəhd edən utopistlər və arzularına uyğun dgəlmədiyinə görə daim həyatdan gileylənən adamlar belə meydana çıxırlar.
Tarixi təcrübə də sübut edir ki, kamil adamlar məhz iki aləmi, iki mədəniyyəti özlərində birləşdirmiş insanlardır…
Əksər qərb ölkələrində artıq bu gerçəyi çoxdan dərk edib, təhsili bu özül üzərində qurublar…
Bəlkə, bu barədə daha geniş düşünməyə dəyər?!.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.