manera.az
manera.az

Bəxtin bəxtəvər üzü - Şəhla Gündüz Əlabbasdan yazır..

📅 23.11.2025 19:51

Bəxtin bəxtəvər üzü - Şəhla Gündüz Əlabbasdan yazır..
MANERA.AZ şair Şəhla Gündüzün yazıçı Əlabbasın yaradıcılığı haqqında "Bəxtin bəxtəvər üzü və ya Dostun köhnəsi" yazısını təqdim edir.

Onu lap çoxdan, az qala 30 ildir tanıyıram. Əlabbası deyirəm – bizim Əlabbası. Beş il birlikdə ADU-nun filologiya fakültəsində oxuduğum, biz dəcəl qızların öz aramızda zarafatla “Qarabala” adlandırdığımız bəstə boylu, qarayanız, büllur ürəkli oğlanı. İndi isə yazıları ilə neçə-neçə insanın könlündən xəbər verən, çoxunun qovrula-qovrula qalıb, deyə bilmədiklərini birbəbir, cəsarətlə sahibi olduğu qələmə söyləyən Əlabbas Bağırovu.

Qarşımda bir şəkil var, qıvrımsaçlı Əlabbasın son kursda, sadə qara pencəkdə, qalstuksuz-filansız çək-dirdiyi bir şəkil. Arxasında bu sözlər yazılıb: “Aşıq Pəriyə – Şəhlaya Əlabbasdan böyük hörmət və xoş arzularla” Bakı, 25.5.78.

“Aşıq Pəri” hörmətli müəllimimiz, mərhum Qulu Xəlilovun mənə verdiyi ləqəb idi. Kursumuzun tələbə toplumunda mən yeganə dilavər qız idim ki, bizim oğ-lanlarla – sonra tanınmış alimlər olacaq Arif Əmrah-oğlu, Arif Acalov, Məhəmməd Məmmədov, Məmmədəli Novruzov, Nadir Rzayev və elə Əlabbasın özü ilə də dərsdəcə elmi mübahisələrə girişir, müxtəlif ədəbi mövzularda deyişirdim. Bu “söz gülləsi ilə atışmalar”ın çoxu rəhmətlik Qulu müəllimin dərsində düşürdü və elə buna görə də o məni “Aşıq Pəri” deyə çağırırdı.

Bu şəkildə Əlabbasın üzündə uşaq məsumluğu var. Elə indinin özündə belə bu səmimiyyət, bu nur onun qaraşın çöhrəsini tərk etməyib. Çünki bu işıq onun içində, təkcə özünün deyil, özgənin də dərdini, qayğısını çəkməyi bacaran kövrək, həssas qəlbində yanır. “Bir şam ki, haqdan yana, heç bad ilə sönməz”

Sirr quyusu

Mən səninlə qanadlanıb
uça billəm.
Boz boyanın acığına
al-əlvan göy qurşağını
quca billəm.
Sinəmin “sirr süfrəsi”ni
Bircə sənə aça billəm,
sevgilim.

Şəhla Gündüz

Əlabbasın bu yaxınlarda yeni – dördüncü kitabı işıq üzü görüb. O da ilk səhifəsini öz dəsti-xətti ilə ya-zıb həyat yoldaşım Ağamehdiyə və mənə ərmağan edib. Kitabın başlanğıcında oxuyuram: “Dünyanın ən ağıllı, etibarlı və mehriban qadını Arifəyə” Arifəni yaxşı tanıyıram – Əlabbasın ömür parası, İlkinin, Ayselin, Şərqinin nəcib anası, nur topası Arifəni. Canlara dəyən, xanım-xatın bir gəlindir. Qədim nağıllarımızda “sirr quyusu” olub – Böyük İsgəndərin dəlləyinin qu-yusundan fərqli olaraq, ətrafında heç bir qamış bitir-məyən, suyu dərman, özü isə dil qanıb, dərd anlayan “sirr quyusu” Şair, yazıçı xanımı olmaq çox müşkül iş-dir. Əlabbasın əsərlərinin ərsəyə gəlməsində sənin zəhmət payın danılmazdır, yazıçı qardaşımdan, bundan belə muğayat ol, Arifə!

Uçunduran “Uçurum”un içində

“Uçurum” Əlabbasın yeni kitabının adıdır. Düzü, biz universitetdə oxuyanda Əlabbasın yazmağından xəbərim yox idi. Sən demə, bu təvazökar oğlanın hər kəsə ram olmayan dəlisov söz atına minib, onu ədəbi cığırlarda bacarıqla çapmaq məharəti də varmış və “Uçurum”u başdan-başa dolanan bu qələm süvarisi onun dibindən elə dəqiq, dürüst xəbərlər verir ki!...

Əlabbas günəşli-yağışlı, gülüşlü-gözyaşlı, saraylı-çadırlı, harınlı-ac qarınlı, düşmən nifrətli, torpaq xiffətli bu günümüzü, dilənənlərin, sülənənlərin qaynaş-dığı məzarlıqlarda “Küçə”də, “Şəhər”də “Başdaşı”ların boylandığı məzarlıqlarda gördüklərini, “Gecəyarı hadisə”ləri və bu uçunduran uçurumda qarşılaşdığı digər olayları ürəyinin şirəsi ilə mayalayıb, beyninin bətnində yetişdirir, Ulu Tanrıdan xeyir-dua, ilhamından isə güc alıb qələminin köməyi ilə yenidən dünyaya gətirir, onlara hekayə, povest donu geyindirib, oxucuya uzadır. Bəs oxucu kimdir? Mən, sən, o – hərəmiz bir səbəbdən həmin uçurumun dibinə düşüb çapalayanlar və hələ də beləcə qalanlar – çörəksiz, köməksiz, yapışmağa ətəksiz…

Xası qırılan vətən

“Xoşbəxt” sözü adına
zorla sırınan vətən!
Pisi daldada gəzib,
Xası qırılan vətən!
Bağrı yarılan Vətən!
Mənim bu vətənə
yazığım gəlir…

Şəhla Gündüz

Bu vətənin “Küçə”sindən, “Şəhər”indən keçirəm. Bu, tanış küçədir, bəlli şəhərdir və indi küçədə, şəhərdə dilənçilərin, işsizlərin xlor və daha nələri satanların önündən laqeyd-laqeyd ötüb keçmək ən azı arsızlıqdır. Əlabbasın “bax, düşün, çarə tap!” deyə qələmini tuşladığı hadisələr hər gün gördüklərimizdir və bütün bunlara bir əlac qılmaq üçün, vallah, bu millətin bir-birinə canyanğısı lazımdır, yoxsa Türkün böyük Na-zim Hikməti demişkən: “Nasıl çıxar qaranlıqlar aydınlığa?”

İllər öncə yaxın bir qohumu yoluxmaq üçün şəhər xəstəxanalarından birinə getmişdim. Dəhlizdə bir nəfərə rast gəldim. Telefon-avtomatın bərkidildiyi sütunun dibində ömrünün sütül, yaşıl çağında qara, qıvrım saçları bəyazlaşmış cavan bir oğlan əlil arabasında oturub möhtac nəzərlərlə məndən başqa kimsənin olmadığı dəhlizə boylanırdı və məni görən kimi çiçəyi çırtladı: “Bacım, mənim üçün nömrəni yığarsan? Öz əlim çatmır” O bunu deyib, xəcalətlə başını aşağı saldı. Aman allah, onun iki ayağı da dibindən yox idi.

Hönkürməmək üçün yaradana yalvarıb, onun xahişinə əməl et-dim və dəstəyi yenidən yerinə asmaqdan ötrü bir tərəfə çəkilib gözləməyə başladım. Oğlan müalicə üçün kimdənsə borc pul istəyirdi. Kənardan müşahidə etdiyim üzü rəngdən-rəngə düşür, səsi titrəyirdi. Birdən nə eşitdisə, dəstəyi hirslə sütuna çırpdı. “Krısa tılova-ya” – dedi – “sələmlə pul verməçkçün qiymətli girov istəyir. Əşşi, mənim bu müharibədə canımla torpağım gedib e, bundan da qiymətli şey?” Dəstəyi yerinə asa bilmədim, çünki parça-parça olmuşdu və mənə elə gəldi ki, bu onun sınıq, incik ürəyinin tikələridi.

Bu gün mən Əlabbasın nişan verdiyi “Şəhər”də Bəşiri o dəqiqə tanıdım. Aqibətləri əlil arabalarına, qoltuq ağaclarına, çəliklərə müncər olan bu bəşirlər – bir vaxtların yaraşıqlı, canlı-cüssəli oğlanları gör nə qədərdir və onların bəzisi hələ də sadəlövhcəsinə “krısa tılovaya” olan qulaqlara “əriştə asa-asa” göyçək gəlinlərimizə göz dikən biqeyrət səyavuşların insafa gələcəyini verdiyi doduya (söz deməyə dilim gəlmir, sözü kişi verər və yerinə də yetirər) əməl edəcəyini gözləyir. Nahaq! İnanma, qardaş! Uşaq deyilsən ki!

Bəndələrin üzü dönüb,
Pis əmələ qənim deyil.
Vallah, elə dəyişiblər,
Tanımıram, həmin deyil.
Deyilənlər boş, havayı.
Kişi sözü yəmin deyil.
Aləm min üzlü aləmdir.

Şəhla Gündüz

Bu “Şəhər”də bir Narın var və bu Narın küçələrdə, vağzallarda bütün günü “ya haqq!” deyə-deyə evdə mələşən balalarının ac qarnını doydurmaq üçün sübh-dən gecəyədək əlləşən, ömürlərinin ən nazlanmalı, əzizlənməli çağında yaraşıqlı əndamlarında polis zo-pasının zərbəsindən “bənövşələr” açılan, “al”maqdan çox, “ver”məyə məcbur bədbəxt narınlarımızın biridir və Əlabbas bu Narını elə narın-narın, elə incə-incə təsvir edib, oxucuya sevdirir ki…

İntihardan dirilən ölülər

Ürəklər elə bil bir parça buzdur,
Dillər daşı dələn qılınc tiyəsi.
Görən niyə belə sərt, amansızdır,
Bu ürək yiyəsi, bu dil yiyəsi?

Şəhla Gündüz

“Uçurum”da intihardan dirilən ölüləri gördüm. “Mərənd ölüsü” yaşadığı buqələmun cəmiyyətə tüpür-məklə “əlvida” deyib özünü damdan atmaqla, ölümə qorxmadan “salam” verən Talıb ölmək əvəzinə diril-mişdi. Necə? Eləcə, sağ ikən dost-tanış, qohum bir ya-na, doğma qardaşın belə unutduğu, “dəryaca ağlın ol-sa, pulsuz olsan, gülərlər” misalı eyzən boyuna biçilən Talıb intihar edəndən sonra urvata minir, içini murdar şan-şöhrət qurdunun didib-dağıtdığı zatıqırıq qohum-ların, tanışların yadına düşür. Bu Talıb böyük zəhmət bahasına aldıqları ali məktəb diplomlarını, elmi ad sənədlərini toz basan, işsiz qalıb arvad yanında sözü yasaq, övlad qabağında dili qısa olan ağıllı, savadlı, mədəni oğullarımızın, qardaşlarımızın, ərlərimizin biri deyilmi?

Daş qəlbli insanları neylərdin, ilahi?
Bizdə bu soyuq qanları neylərdin, ilahi?

Behiştlik Sabiri ağrıdan bu laqeydlik, bu soyuqqanlılıq o qədər evlər yıxıb ki…

“Uçurum”da bir neçə il öncədən tanıdığım “Gözəl”ə də rast gəldim və bu gözəl də intihardan dirilənlərdəndir. Bu hekayə düşmən əlinə düşməklə gözdən də düşən bəxtsiz qızlarımızın, gəlinlərimizin acı taleyinin güzgüsüdür. Bir vaxtlar sevimli əri, iki gül balası, qurulu bir yuvası olan və birdən-birə hər şeyini, heç bir günahı olmadan təmiz adını belə itirən, cavan, gözəgəlimli gəlin doğmalarının arasında, kənd içində təklənir. Qara yarasaların əhatəsində bəyaz göyərçinin varlığını xatırladan bu cüvənəzəni qardaşı da, vaxtilə divanəsi olmuş Seymur da burunlayır və gəlin düşdüyü bu zülmətdən qurtulmaq üçün oda-işığa pənah aparır, qaranlıqdan qaçır, nuru canını yaxan alovda tapır. Yandırsa belə, alov işıqdır və bu işıq “yarasalar”ın gözünə düşüb, onları diksindirir. Gəlin öz intiharı ilə sanki dirilir, doğma qardaşının buz ürəyi bu alovdan əriyib gilə-gilə gözlərindən səpələnir, lal-dinməz durub fikrə gedən, içində ağrısa da, susan Seymurun bağrının başı isə bu odun saçdığı qığılcımdan alışıb yanır. Yansın da! Sonrakı peşmançılıq ki, fayda vermir.

Bu hekayədə diqqətimi yönəltmək istədiyim vacib bir məqam da var – namus məqamı. Düşmənə əsir düşən, gül kimi canını murdar yağı əlindən qurtarmaq üçün qayadan atılan, ancaq sağ qalıb ayağı şikəst, özü göz dağı olan bir bacı, bir qadın ölsə, yaxşıdır – insanların bu olaya belə zalım münasibəti düzgündürmü? Sonradan canı tonqalın təsirindən qovrulan Seymur və ya başqa birisi o gözələ kişi kimi yiyə durub, onu yenidən bəxtəvər edə bilməzdimi? Axı bu millətin ataları “at mənim altımda büdrəməsin” sözlərini də deyib. Bütün suçu düşmən təcavüzünə uğramış bir vətəndə yaşamaq olan kövrək könlü övlad dağlı bir ana-nın, müqəssir olmadan “gunaha batan” bir el qızının yaralı, niskilli ürəyinə məlhəm olmaq, onu uçurum-dan çıxarmaq, zirvəyə qaldırmaq yalnız ər kişinin işidir və əhvalatı bizə nəql edən qardaşoğlu, vallah, elə düz deyir: “üz-gözü odda işıqlanan, qəmli halda əlində avtomat dayanmış Seymur əmini gördüm və nəyə görəsə mənə elə gəldi ki, bütün təqsirlərin hamısı ondadı”

Bu sətirləri yaza-yaza düşünürəm ki, insanların soyuq qanını qaynatmaq, buz tutmuş içini tərpətmək üçün mütləq bir yanğın və ya zəlzələ lazımdır? Polyak mütəfəkkiri Bruno Yasenskinin məşhur bir kəlamını xatırlayıram: “Düşməndən qorxma! O, uzaqbaşı səni öldürəcək. Dostdan da qorxma. O da uzaqbaşı səndən uzaqlaşacaq. Biganələrdən qorx ki, həyatdakı bütün xəyanətlər və intiharlar onlardan törəyir”

İgidim – Ümidim

Bir igid ki, itiyimi,
Cəng eləyib, geri ala,
Bəlkə, o vaxt şəhidlərin
Ruhu ondan razı qala,
Yoxsa bu igiddən
Küsəcəyəm mən!

Şəhla Gündüz

Əlabbasın “Halal qan” adlı bir hekayəsi də var və həmin hekayənin mahiyyətini müəllifin özü ona yazdığı ön sözdə açıqlayır. Bu, ulu bir xalqın murdarlan-maqdansa, axıb getməsini halal buyurduğu qanın qəmli hekayətidi. Burada bir yol gördüm. Əlabbas bələdçilik edib, öncə bir bacı-qardaşı, ardınca da bizi bu yolla aparır, başları kəsilmiş, qan gölməçələrində boğulmuş meyitləri, ağaca zəncirlənib güllələnmiş kişini, aclığın dəhşətlərini göstərir. Həmin yol mənə, sənə, ona, içlərini yurd həsrəti didənlərə, qəlblərini qəmə qəlib edənlərə yabançı deyil. Ancaq məndən, səndən, ondan başqa, “onlar” da var axı! “Onlar” – isti, Avropasayağı iş otaqlarında lövbər salıb burunlarının ucundan o yana heç nəyi görməyənlər, Vətənin bu ağır günlərində belə dərd əvəzinə, kef çəkənlər.

Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?!

Rəhmətlik Sabir sağ olsaydı, üzünü “onlara” tutub mən bilirəm, daha nələr deyərdi və deyimlə də mənim, sənin, onun lap ürəyindən xəbər verərdi.
Bacı-qardaşa qoşulub getdiyimiz keşməkeşlərlə dolu yol nəhayətdə bizi əli silahlı Azərbaycan əsgərinə qovuşdurur. Bu mənim yozumumda hekayənin gəlişi-gözəl sonluğu deyil, etirafı vacib bir zərurətdir. Azərbaycan əsgəri, qayğılara qaynaq olmuş könlümüzün, Qarabağsız ömrümüzün yeganə ümidi, göydə Allah, yerdə sənsən! Tapındığımız Tanrı qolundan qüvvəti, qanından qeyrəti, canından cəsarəti, başının üstündən isə üç rəngli bayrağımızı əskik etməsin, oğul!

“Köhnə kişi” ilə görüş

Kişilər yaşayar sərt bir adətlə,
Gözündən od çıxar, gözyaşı gəlməz.

Adil Rəsul

“Uçurum”da yenidən “Köhnə kişi” ilə görüşdüm. Onun rüzgarına, güzəranına çoxdan bələdəm. Bu kişini ürəkdən tərifləyənlər də olub, gözünün içinə baxıb, latayır söyləyənlər də… “Köhnə kişi”nin həyatı mənim üçün ayrıca bir yazı mövzusudur – sağlıq olsun, qismətimdə varsa, onu işləyəcəyəm.
“Uçurum” haqqında yazdığımı oxuyanlar deyəcəklər ki, “tərif döşədin, bəsdir! Bəs bu kitabın bir kəm-kəsiri, tərifin tərsi olan tənqidi tərəfi yoxdur, bəyəm?” Var, niyə yoxdur?! Ancaq mənim üçün bu qüsurlar o qədər xırda, əhəmiyyətsizdir ki, bəziləri kimi “milçəkdən fil düzəltmək istəmirəm” Bunları eləcə yazıçı qardaşımın özünə deyəcəyəm və o da əgər lazım bilsə, bir əncam çəkəcək. Vəssalam.

Çatlamağa yol gələn ürək

Şairlər qələm tutandır,
Şeirləri Allah yazır.

Vahid Əlifoğlu

“Uçurum”da qarış-qarış gəzdikcə hiss edirdim ki, varlığım partlamaq təhlükəsindədir. Tikə-tikə olub tökülə, bu qara torpağın gen sinəsində bir gor çuxuruna çəkilə bilərəm. İçimdə zorla dözüləsi bir ağrı vardı və bu ağrını çəkə-çəkə eşitdim ki, Göydəkinin göndərdiyi söz pərisi israrla hey “Yaz!” deyir. Nə karəyəm ki, Onun qasidinin sözündən çıxım və mən də yazdım:

Ürəyim addım-addım,
Çatlamağa yol gəlir
Bu ürək mənimdirsə,
sürtük daşa dönməyib,
əzəlki həmindirsə,
mütləq çatlamalıdır!

Bir gün bezib, dözümü
dizlərinin altına qatlayacaq,
əlbəttə, çatlayacaq!
Bəxtin bəxtəvər üzü


“Mənəvi dəyərlərin gözümüzün önündəcə günü-gündən belə astronomik sürətlə aşındığı bu bic əyyamında, fırıldaq zəmanəsində qadir Tanrıya layiqincə mirzəlik eləmək, gerçəkdən də, hər oğulun işi deyil”
Əlabbas

Hıqqanıb yazanlar deyil, sözlə sənət yaradanlar, əlbəttə ki, Allahın mirzələridir. O, qələmi ancaq öz sevimli, lütfünə layiq gördüyü bəndələrinə verir, əkənindən xəbərsiz biclər kimi gərəksiz doğulmuş, mübtədası və xəbəri bilinməyən, adı, guya, “cümlə” olan məntiqsiz söz yığınından zibillik yaradanlara yox. Tanrının öz yaratdığına qələm sahibi olmaq imtiyazı verib, hər kəsə yar olmayan ilham pərisi göndərməyi bəxtəvərlik deyilmi? Bu bəxtəvərlik Əlabbasa da qismət olub və elə əsərlərindən bilinir ki, bəxtin bəxtəvər üzü ona sarıdı.

Tanrıya mirzəlik eləyən, oğlan, böyük Mirzə Cəlil demişkən: “müqəddəs vəzifəsi millətə xidmət etmək olan qələm”in ömrün boyu əlindən düşməsin! Bəxtin bəxtəvər üzü səndən dönməsin, qardaş!

“Ədalət”
28.12.2001


Baxış sayı - 300 | Yüklənmə tarixi: 23.11.2025 19:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031