Güvəc Alyoşa - Tolstoydan yeni tərcümə

MANERA.AZ Lev Tolstoyun "Güvəc Alyoşa" hekayəsini təqdim edir.
Alyoşa kiçik qardaş idi. Adına o səbəbdən "güvəc" deyirdilər ki, bir dəfə anası saxsı qabdakı südü dyakonun arvadına aparmağı tapşırmışdı, o isə yolda büdrəyib yıxılmış, güvəci əlindən salıb sındırmışdı. Anası Alyoşanı döymüşdü, məhlə uşaqları da "güvəc" deyib onu cırnadırdılar. Güvəc ayaması Alyoşanın adına beləcə yapışıb qalmışdı.
Alyoşa arıq və çəlimsiz uşaq idi; şəlpə qulaqları qanad kimi sallanır, burnu da çox yekəydi. Uşaqlar yazığın burnuna şəbədə də qoşmuşdular: "Burun-burun, nə burun, təpədə bir it durub".
Kənddə məktəb olsa da, dərs Alyoşanın beyninə batmırdı, həm də oxumağa vaxtı nə gəzirdi?! Böyük qardaşı şəhərdə qalırdı, tacir yanında qulluqçuluq edirdi, Alyoşa da erkən yaşlarından atasına əl tuturdu. Altı yaşında balaca bacısıyla birlikdə qoyunu, inəyi otarmağa aparırdı; bir az da böyüyəndən sonra gecə-gündüz atlara keşik çəkməyə başladı. On iki yaşında artıq kotanla yer şumlayırdı. Gücü çatmasa da, işi bacarırdı. Həmişə də şən görünürdü. Uşaqlar onu ələ salıb güləndə Alyoşka susur, ya da gülümsəyirdi. Atası danlayanda dinməyib, kirimişcə qulaq asırdı. Elə ki tənə-danlaq bitdi, gülümsünüb gördüyü işə davam edirdi.
Qardaşı əsgər gedəndə Alyoşanın on doqquz yaşı vardı. Atası onu şəhərə, tacirin yanına apardı, Alyoşanı qardaşının əvəzinə işə götürüb, küçə təmizləyicisi qoydular. Şəhərə yola düşəndə ona qardaşının köhnə çəkmələrini, atasının papağını və alt köynəyini geyindirmişdilər. Alyoşa öz geyimindən razı qalıb sevinsə də, tacir onun görkəmindən xoşlanmadı.
- Elə bilirdim, Semyonun yerinə eynən onun kimisini gətirəcəksən, - tacir Alyoşanı diqqətlə süzüb dedi. - Amma sən mənə hansısa burnu fırtıqlı gətirmisən. Bu gədə nəyə yarayar, nə iş bacarar?
- Elə demə, onun əlindən hər iş gəlir. Qoşqunu da bacarır, hara istəsən, gedə də bilər. Lap ən ağır işin də öhdəsindən gələr. Taxta kimi quruluğuna baxma, canı bərkdir, qayışbaldır oğlandı.
- Nə deyim, baxarıq.
- Əsas da odur ki, üzüyoladır. İşdən qorxan deyil.
- Heç bilmirəm, sənə nə deyim. Yaxşı, qoy qalsın.
Və Alyoşa o gündən tacirin evində yaşamağa başladı.
Tacirin külfəti çox da böyük deyildi: ev sahibəsi və sahibənin qoca anası, bir də tacirin iki oğlu və bir qızı. Evli olan böyük oğul elə atasının yanında işləyirdi, o biri oğlan savadlı idi, gimnaziyanı bitirmişdi, amma universitetdən qovulub evdə oturmuşdu; qız isə gimnaziyada oxuyurdu.
Əvvəlcə Alyoşadan xoşları gəlmədi: kəndçisayaq görkəmi vardı, cındırından cin hürkən yöndəmsizin biri idi; əyin-başı köhnə, davranışı da kobud - ucdantutma hamıya "sən" deyirdi. Amma tezliklə alışdılar. Çünki Alyoşa qardaşından yaxşı çalışırdı. Həqiqətən, çox üzüyola uşaqdı, hər işin dalınca onu göndərirdilər, o da tapşırılan hər işi həvəslə görür, zirək tərpənir, fasilə vermədən bir işi qurtaran kimi o birinə keçirdi. Öz evlərində olduğu kimi, tacirin yanında da bütün işlər Alyoşanın boynuna düşmüşdü.
Nə qədər çox çalışırdısa, işi bir o qədər artır, azalmaq əvəzinə daha da çoxalırdı. Hamı iş dalınca Alyoşanı buyururdu. Ev sahibəsi də, sahibənin qoca anası da, qızı da, oğlu da, prikazçik də, aşpaz da onu gah ora yollayırdı, gah bura; yazığa gah o işi gördürürdülər, gah bu işi. Tifilin bütün gün eşitdiyi yalnız bu sözlər olurdu: "Qaç, qardaş, tez elə", ya da "Alyoşa, gəl bunu düzəlt", - "Bu nədi, Alyoşa, olmaya unutmusan?" - "Bax ha, Alyoşa, birdən yadından çıxar".
Alyoşa da qaçırdı, düzəldirdi, gətirirdi, aparırdı, heç nəyi yaddan çıxarmırdı, hər işi vaxtında görürdü, hamısını çatdırırdı və elə hey gülümsəyir, gülümsəyirdi.
Qardaşının nimdaş çəkmələri tezliklə cırılmışdı, tacir də buna görə onu bərk danlamış, demişdi ki, çəkməni nahaq yerə yalın ayaqla geyinir; sonra da tapşırmışdı bazardan təzəsini alsınlar. Çəkmələr təzə idi və Alyoşa çox sevinirdi, amma ayaqları həminki köhnə ayaqlar olduğundan ora-bura qaçmaqdan göynəyib sızıldayır, Alyoşanın da buna acığı tuturdu. Qorxurdu atası onun aylığını almağa gələndə maaşından təzə çəkmələrin pulunu çıxdığına görə tacirdən inciyər.
Qışda səhər obaşdan durub odun doğrayır, həyət-bacanı süpürür, inəyin, atın otunu-suyunu verir, sobanı qalayır, ağanın çəkməsini silir, paltarlarını təmizləyir, samovarı qaynadırdı; sonra prikazçik onu çağırırdı ki, gəlib malları çıxartsın, ya da aşpaz tapşırırdı ki, xəmiri yoğurub, qazanları təmizləsin. Bu işləri görəndən sonra onu şəhərə - ya kağız-kuğuz dalınca, ya tacirin gimnaziyada oxuyan qızını gətirməyə, ya da ev sahibəsinin anası üçün ucuz zeytun yağı almağa göndərirdilər.
"Harda itib-batmısan, ay filan-filan!" - gah bu danlayırdı, gah o biri. "Niyə özünüz gedirsiniz ki? Alyoşa gedib gətirər. Cum, Alyoşa!" Alyoşa da cumurdu, qaçırdı, gedib qaça-qaça gətirirdi.
Səhər yeməyini ayaqüstü yeyirdi, nahar vaxtı isə süfrədə hamı ilə bir yerdə oturmağa özünü tək-tük hallarda yetirirdi. Cavan aşpaz qız buna görə onu həmişə danlayır, amma axırda ürəyi yumşalırdı; nahardan, şam yeməyindən onun payını saxlayırdı. Ən çox da Pasxa ərəfəsində və bayram günlərində iş başdan aşır, bir hovur dincəlməyə vaxt olmurdu. Amma Alyoşa bayramları çox sevirdi, ən çox da ona görə ki, belə əziz günlərdə ona çaypulu verirdilər, az da olsa, hər halda, bu onun öz pulu idi və həmin pulu kefi istəyən kimi xərcləyə bilərdi. Aylığının isə heç üzünü də görməmişdi. Pulu hər dəfə atası gəlib tacirdən götürürdü, Alyoşanı isə girəvə tapan kimi, qardaşının çəkmələrini tez cırdığına görə danlayırdı.
Çaypulunu yığıb iki manata çatdırandan sonra Alyoşa aşpazın məsləhəti ilə özünə qırmızı rəngli toxunma gödəkcə aldı; gödəkcəni əyninə geyəndə sevincindən ağzı qulağının dibinə getdi.
Alyoşa danışmağı sevməzdi, ağzını açanda da qısa və kəsik-kəsik danışırdı. Ona bir iş tapşıranda, yaxud soruşanda ki, filan-filan işləri görə bilərmi? - tərəddüd etmədən belə cavab verərdi: "Hamısını edərəm". Və dərhal işə başlayıb, tapşırılan bütün işləri görər, hamısını da vaxtında çatdırardı.
Heç bir dua bilmirdi; anası öyrədənlərin hamısını unutmuşdu, bununla belə hər səhər və hər axşam əlləriylə xaç çevirib, ürəyində nəsə pıçıldayırdı.
Bu minvalla il yarım keçdi və məhz bu zaman - ikinci ilin ikinci yarısında - Alyoşanın həyatında qeyri-adi bir hadisə baş verdi. Hadisə ondan ibarət idi ki, xeyli təəccüblənsə də, qəfildən öyrəndi ki, heç demə, insanların bir-birinə olan ehtiyacından başqa, onların arasında son dərəcə özəl münasibətlər də var: adam adama təkcə çəkmə təmizləmək, yaxud alınan şeyləri evə aparmaq, atı arabaya qoşmaq üçün lazım deyil; adam başqasına həm də ona görə lazımdır ki, onu sevib-əzizləsin, qayğısını çəksin, qulluğunda dursun və o, yəni Alyoşanın özü də həmin adamlardan biridir. Bunu o, aşpazdan - Ustinyadan öyrəndi.
Ustyuşa yetimçiliklə böyümüş cavan bir qızdı, özü də Alyoşa kimi işlək və üzüyola idi. Qızın Alyoşaya rəhmi gəlməyə başlamışdı və Alyoşa ömründə ilk dəfə hiss edirdi ki, yad adama onun özü - xidməti deyil, məhz özü lazımdır. Doğma anası oğlunun halına acıyanda Alyoşa bunu hiss etməmişdi, ona elə gəlmişdi ki, bu belə də olmalıdır; bu elə özünün-özünə acıması kimi bir şeydir. Amma indi birdən-birə fərqinə vardı ki, tamamilə yad olmasına baxmayaraq, Ustinya ona acıyır, qazançada həmişə sıyıq və yağ saxlayır; Alyoşa yeyəndə isə, qız yumru əllərini çənəsinə dayayıb ona şəfqətlə, nəvazişlə baxır. O da baxanda qız gülürdü və qıza baxıb Alyoşa da gülürdü.
Bu, nəsə yeni şey idi və elə qəribə idi ki, əvvəlcə Alyoşa qorxuya düşdü. O, anlayırdı ki, bu onun işinə, əvvəlki kimi can-başla xidmət göstərməsinə mane ola bilər. Amma hər necə olsa, yeni münasibət xoşuna gəlirdi, buna sevinirdi və Ustinyanın yamadığı şalvarına baxanda, başını tərpədib gülümsəyirdi. İş görəndə, ya da yol gedəndə tez-tez Ustinyanı yada salıb deyirdi: "Ay səni, Ustinya!" Qız imkan düşən kimi Alyoşaya kömək edirdi, o da qıza bacardığı işdə yardımçı olurdu. Qız ona öz əvvəlki həyatından, yetim qalmasından, xalasının onu necə böyütməsindən, sonra şəhərə göndərilməsindən, tacir oğlunun onu bişirib pis yola çəkmək istəməsindən və qızın onu necə rədd edib yerində oturtmasından danışırdı.
Qız danışmağı xoşlayırdı, Alyoşaya da qulaq asmaq xoş idi. O eşitmişdi ki, belə şeylər şəhərlərdə tez-tez baş verir: hansısa xidmətçi kişilər aşpaz qadınlarla evlənir. Və bir dəfə qız ondan soruşanda ki, atası onu haçan evləndirəcək, Alyoşa cavab vermişdi ki, bilmir və kənddən qız almağa həvəsi yoxdur.
- Hə, onda de görüm, şəhərdə kimi gözaltı eləmisən?
- Mən səni alardım. Mənə ərə gələrsən?
- Ay səni, qorşok ki qorşok, gör necə girəvə tapıb sözünü dedin, - Ustinya onun kürəyinə şappıldadıb gülmüşdü. - Niyə gəlmirəm, gələrəm.
Pasxa ərəfəsində Alyoşanın atası aylığı götürmək üçün şəhərə gəldi. Tacirin arvadı Alekseyin Ustinya ilə evlənmək istədiyindən xəbər tutmuşdu və bu məsələ xoşuna gəlməmişdi. "Qız hamilə qalacaq, körpə uşaqla heç bir işə yaramayacaq".
Arvad əlüstü gedib ərini işdən xəbərdar eləmişdi.
Tacir həmişəki kimi pulu Alekseyin atasına verdi.
- Hə, işlər necədir, mənimki burda necə dolanır? - Alekseyin atası soruşdu. - Sənə demişdim axı, çox üzüyola uşaqdır.
- Üzüyola olmağına üzüyoladır, - tacir dedi, - amma beyninə sarsaq fikirlər girib. Oğlun bizim aşpazla evlənmək xəyalına düşüb. Mən evimdə ailəli adama yer verə bilmərəm. Beləsini saxlamaram. Bu bizə sərf eləmir.
- Axmaq ki axmaq, gör nə haydadır?!. - Alyoşanın atası dedi. - Qələt eləyir, sən ona fikir vermə. Tapşıraram, bu axmaq fikri beynindən çıxarıb atsın.
Sonra durub mətbəxə keçdi, masa arxasında oturub Alyoşanın gəlməsini gözlədi. Alyoşa iş dalınca qaçmışdı, elə qaranəfəs halda da qayıdıb gəldi.
- Elə bilirdim fərli oğulsan, heç demə, gic fikirlər girib beyninə, - atası dedi.
- Elə bir şey olmayıb.
- Necə olmayıb? Eşitdim eşqə düşmüsən, evlənmək istəyirsən. Ağlını başına yığ. Vaxtı çatanda özüm evləndirəcəm səni. Özü də şəhər qəhbəsiylə yox, lazım bildiyim qanacaqlı qızla.
Atası çox danışdı, Alyoşa isə dinməzcə dayanıb köks ötürürdü. Handan-hana atası sözünü bitirəndə Alyoşa gülümsədi.
- Hə, neynək, bu işi saxlamaq da olar.
- Bax, elə mən də onu deyirəm.
Atası gedəndən sonra Ustinya ilə təklikdə qalanda (qız qapı arxasından ata ilə oğulun söhbətinə qulaq asmışdı) Alyoşa dedi:
- Bizim işimizdən bir şey çıxmadı. Eşitdin? Qəzəblənib, icazə vermir.
Qız kirimişcə ağlayıb üzünü önlüyünə sıxdı. Alyoşa dilini marçıldatdı.
- Necə qulaq asmayasan? Görünür, bu məsələni qurtarmaq lazımdır.
Axşam tacirin arvadı Alyoşanı pəncərələri bağlamağa çağıranda soruşdu:
- Hə, noldu, atana qulaq asıb gic fikri beynindən çıxartdın?
- Görünür, çıxartmışam, - Alyoşa gülümsədi və həmin anda da ağladı.
O vaxtdan Alyoşa Ustinya ilə evlənmək barədə bircə kəlmə də danışmadı və başladı köhnə qayda ilə yaşamağa.
Bir axşam prikazçik onu çağırıb damın qarını təmizləməyə göndərdi. Alyoşa kürəyi götürüb dama çıxdı, qarı kürüyüb təmizlədi, novların buz bağlamış qarını qazıyıb qoparanda, necə oldusa, ayaqları bir-birinə ilişib sürüşdü, əlindəki kürəklə damdan başıaşağı yerə yıxıldı. Bədbəxtlikdən həyətdəki qar topasının üstünə yox, evin dəmir örtüklü çıxışına düşdü. Ustinya ilə sahibənin qızı tez ora cumdular.
- Alyoşa, zədələnmisən?
- Yox bir, zədə nədi? Heç nə olmaz.
İstədi qalxsın, amma bacarmadı və gülümsədi. Onu qapıçı otağına apardılar. Feldşer gəldi. Alyoşanı müayinə edib soruşdu ki, haran ağrıyır.
- Hər yerim ağrıyır, amma heç nə olmaz, - Alyoşa gülümsədi. - Təki ağa inciməsin. Atama xəbər eləmək lazımdır.
İki gün yataqdan durmadı, üçüncü gün keşişin dalınca adam yolladılar.
- İndən belə nolacaq, öləcəksən? - Ustinya soruşdu.
- Nolacaq ki? Bəyəm, biz hamımız uzun yaşamalıyıq? Əvvəl-axır ölməliyik, - Alyoşa həmişəki kimi tələsik dedi. - Ustyuşa, sağ ol ki, mənə acıyırsan. Elə yaxşı oldu ki, evlənməyimizə icazə vermədilər, yoxsa hər şey pis qurtarardı. İndi isə hər şey yaxşıdır.
Keşişə qoşulub əllərini birləşdirərək ürəyində dua elədi. Dua eləyəndə tək bircə şey düşünürdü: bura necə də gözəldir, bir halda ki qulaq asırsan və heç kəsi incitmirsən, deməli, orada da yaxşı olacaq.
Az danışırdı. Təkcə su istəyir və elə hey nəyəsə təəccüblənirdi.
Nəyəsə təəccübləndi, dartındı və canını tapşırdı.
Dilimizə çevirdi: Mahir N.QARAYEV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.