manera.az
manera.az

Qoca kişi nə edirsə... – Andersenin hekayəsi

Qoca kişi nə edirsə... – Andersenin hekayəsi
Manera.az Hans Xristian Andersenin "Qoca kişi nə edirsə düz edir" hekayəsini təqdim edir:

Sizə danışacağım bu hekayəni uşaq vaxtı eşitmişdim. Hər dəfə bu hekayəni yadıma salanda o mənə daha maraqlı görünüb. Hekayələr də insanlar kimidir, insanlar qocalanda daha müdrik olduğu kimi hekayələr də illər sonra daha maraqlı olur.

Heç şübhəsiz, hər biriniz ən azı bir dəfə kənddə olmusunuz və köhnə kənd evi görmüsünüz: damı palçıq, saman qarışığından olan, damında mamır və başqa balaca bitkilər bitən bir kənd evi. Evin arxasındakı hündür ağacın başında mütləq hacileylək yuvası olur. Belə evin divarları bir az aşağı əyilir, pəncərələri alçaq olur. Arxa tərəfdə tüstü bacası görünür. Qamış çəpərdən kəndəlaş budaqları sallanır. Kəndəlaşın yaxınlığında balaca gölməçə var, orda ördəklər üzür. Həyətdə it var, insan səsi eşidən kimi hürür. Bəli, məhz belə bir ev vardı kənddə. Bu evdə bir qoca cütlük yaşayırdı, kəndli və onun arvadı. Onlar çox kasıb idi, çox az şeyə sahib idilər. Onlar üçün ən qiymətlisi at idi. Onlar atsız keçinə bilməzdilər. At yol kənarındakı otdan yeyib başını saxlayırdı. Qoca kişi şəhərə bu atla gedərdi, hərdən qonşular da bu atı minib harasa gedir, əvəzində qoca ər-arvada kömək edir, onların ehtiyac duyduğu bir şey verirdilər.

Bir gün bu qoca ər–arvad atı ya satmaq, ya da onlara faydalı olan bir şeylə dəyişmək qərarına gəldilər. Ancaq onlar dəqiq bilmirdilər atı nə ilə dəyişsinlər.

– Qoca, sən bilirsən atı nəylə dəyişmək lazımdır, – bir gün kəndlinin arvadı dedi.– Bu gün bazar günüdür. Atı min get şəhərə, onu sat pul gətir evə, ya da yaxşı bir şeylə dəyiş. Nəylə dəyişsən mənə xoşdur, indi isə dur get bazara.

Sonra qarı ərinin boynuna şərf doladı. O, bu işi ərindən yaxşı bacarırdı. Ərinin papağını da hamarlayıb onun üzündən öpdü. Kişi atına minib bazara yola düşdü, atı ya satacaq, ya da nəyləsə dəyişəcəkdi. Bəli, qoca kişi nə edəcəyini çox yaxşı bilirdi. Səhər yenicə açılsa da hava isti idi, səmada bir dənə də olsun qara bulud yox idi. Yol tozlu idi, çünki həmin gün bazara gedənlərin sayı çox idi. Kimisi maşınla, kimisi atla, eşşəklə, kimisi də piyada üzü bazara tərəf gedirdi. İsti günəş şüalarından qorunmaq üçün bir dənə də olsa kölgəlik yox idi. Bazara gedənlər arasında bir kişi də vardı, inəyini bazara aparırdı. Bütün inəklər kimi bu inək də çox qəşəng idi. Qoca kəndli inəyi görən kimi öz-özünə dedi.

–Tam əminəm ki, bu inək çox yaxşı süd verir. Atımı inəklə dəyişsəm əla olar!
Qoca kəndli inəyin sahibini səslədi:
–Ey! İnək aparan kişi! Səninləyəm, bir dayan! Bir gör sənə nə deyirəm! Tam əminliklə deyirəm ki, at inəkdən dəyərli heyvandır. Ancaq bu mənim vecimə deyil. Mənə atdansa inək sərfəlidir. Əgər razısansa gəl dəyişək!
–Əlbəttə. razıyam, – inəyin sahibi dedi.– Niyə də razı olmayım?

Beləcə, qoca kəndli atını inəyə dəyişdi. Normal halda bundan sonra o geriyə – evinə qayıtmalı idi, çünki bazara elə bu niyyətlə gedirdi. Ancaq o evinə qayıtmadı. Qərara gəldi ki, evdən bazara getmək fikri ilə çıxıbsa gərək bazara baş çəksin, görsün nə var, nə yox. Qoca kəndli inəyini qabağına qatıb şəhərə, bazara üz tutdu. O inəyin arxasınca çox sürətlə gedirdi, bir az gedəndən sonra bazara qoyun aparan bir kişiyə çatdı. Qoyun çox qəşəng idi, çox gözəl yunu vardı. Qoca kəndli qoyuna baxa-baxa öz-özünə dedi.

– Bu qoyunu çox bəyəndim. Bizim çəpərin yanında çoxlu ot var, bu da qoyuna kifayət edər. Qışda isə onu özümüzlə birgə otaqda saxlaya bilərik. Məncə, inəkdənsə qoyun faydalıdır. Görəsən dəyişimmi?

Qoyun sahibi düşünmədən bu sövdələşməyə razı oldu. Bizim kəndli atını qoyunla dəyişib yenə də yoluna davam etdi. Bu dəfə başqa bir kəndliyə rast gəldi. Kəndlinin qoltuğunda bir qaz vardı. Qoca kişi qaz sahibinə dedi:

– Ah, nə yaxşı qazdır! Gör nə qəşəng tükləri var! Həyətimizdəki gölməçədə üzə bilər. Mənim qoca qarım bu qazı görsə sevinər. O bu qazdan müxtəlif məqsədlə istifadə edər. İndi yadıma düşdü, o həmişə mənə deyirdi ki, kaş bir qazımız olaydı! Budur, arvadımı sevindirmək şansım var! Əgər imkan olsa bu qazı ona aparacam. Dəyiş-düyüş edəkmi? Mən qoyunumu sənə verim, sən də də qazını ver mənə!

Qaz sahibi dinməz-söyləməz bu sövdələşməyə razılaşdı. Bizim kəndli qaza sahib oldu. O artıq şəhərə yaxınlaşmışdı. İndi yolda daha çox adam və heyvan vardı. Adamlar kartof tarlasının yanından keçib gedirdilər. Bu vaxt kiminsə əlindən toyuğu qaçıb kartof sahəsinə girdi. Bizim ağıllı kəndli toyuğu gördü. Öz-özünə dedi:

– Hələ bu vaxtacan belə qəşəng toyuq görməmişəm. Bu toyuq bizim pastorun qırt toyuğundan min dəfə yaxşıdır. Çox istərdim belə bir toyuğum olsun. Toyuğu saxlamağa nə var ki! Harda olsa özlərinə dən tapırlar. Məncə qazımı verib bu toyuğu alsam uduzmaram.

O toyuq sahibinə yaxınlaşıb fikrini ona bildirdi.
– Əlbəttə, razıyam! – toyuq sahibi sevindi.– Canla-başla razıyam!

Beləcə, bizim kəndli qazını toyuğa dəyişdi. O, hələ bazara çatmamış işini görmüşdü. Hava isti idi, qoca kişi də çox yorulmuşdu. Həm acmışdı, həm də susamışdı. Yaxınlıqdakı karvansaraya girib pivə içib bir tikə çörək yemək istədi. O karvansaraya girəndə mehtər karvansaraydan çıxırdı. Mehtərin çiynində bir kisə vardı. Bizim kəndli onu görən kimi soruşdu:

– Kisəndəki nədir?
– Nə olacaq? Çürümüş alma! Kisə doludur! Donuzlar üçün yaxşı yemdir! – mehtər dedi.
– Almaları niyə donuza verirsiniz? Çox istərdim bu çürümüş almaları arvadıma aparım. Keçən il bağımızdakı qocaman alma ağacının cəmi bir meyvəsi oldu. Biz onu çürüyənə qədər şkafda saxladıq. Mənim arvadım həmişə deyirdi ki, o çürük alma da sərvətdir. Budur, bir kisə çürümüş alma! Arvadımı sevindirmək istəyirəm.
– Bəs bir kisə çürümüş almanı sizə versəm əvəzində mənə nə verəcəksiniz? – mehtər soruşdu.
– Ah, nə verəcəm? Yaxşı, toyuğumu sizə verə bilərəm.

Qoca kişi toyuğunu verib bir kisə çürümüş alma aldı, kisəni də götürüb karvansaraya daxil oldu. O, ehtiyatla kisəni yerə qoydu, sobaya söykədi və sonra yemək stoluna tərəf getdi. O sobann isti olduğunu bilmirdi, heç bu barədə düşünməmişdi də. Karvasarayda at alverçiləri, çodarlar və iki ingilis vardı. İngilislər çox varlı idi, cibləri pulla dolu idi. Onlar soba tərəfdən fışıltı səsi eşidib bir-birinin üzünə baxdılar. Onlardan biri dedi:
– Görəsən o kisədəki nədir elə?
– Kisədə nə olduğunu bilmək istəyirsiniz? – qoca kişi onlara yaxınlaşıb dedi və sonra evdən çıxıb bazara gedən yolda baş verənləri bir-bir danışdı. Atı inəklə, inəyi qoyunla, qoyunu qazla, qazı toyuqla və nəhayət, toyuğu verib bir kisə çürümüş alma aldığını onlara söylədi. Kişinin söhbətinə maraqla qulaq asan ingilislərdən biri ona dedi:
– Bəs arvadın bilsə ki, evə bir kisə çürük alma ilə qayıdırsan, o hirslənməyəcək? Hay-həşir salmayacaq?
– Nə? Arvadım hay-həşir salacaq? – qoca kəndli dedi.– Arvadım məni görən kimi üzümdən öpüb deyəcək: Qoca kişi nə edirsə düz edir!
– Gəl mərcləşək! – ingilis dedi.– Çoxlu qızıl puldan mərc gəlirəm.
– Bir buşel qəpik kifayətdir! Mən uduzsam sizə bir buşel alma verərəm.
– Razılaşdıq! – dedi və onlar mərcləşdi.

Bundan sonra ingilis mülkədarın faytonu gəldi, iki ingilis və qoca kəndli faytona mindilər. Bir az gedəndən sonra fayton kəndlinin daxması önündə dayandı. Qocanın arvadı qapını açdı:
– Axmaşın xeyir, qarı!
– Axşamın xeyir, – qadın dedi.
– Mən atımı dəyişdim, – qoca kişi dedi.
– Ah, sən nə etdiyini yaxşı bilirsən, – qadın dedi və ərinin üzündən öpdü, o nə əri ilə gələn kişilərə fikir verdi, nə də ərinin gətirdiyi kisəyə.
– Mən atımı inəklə dəyişdim,– qoca kişi sözə başladı.
–Nə yaxşı! Nə yaxşı! Allaha çox şükür! – qarı dedi.– Bundan sonra bolluca südümüz, kərə yağımız, pendirimiz olacaq. Çox yaxşı mübadilə etmisən.
– Düzdür, ancaq mən inəyi qoyunla dəyişdim.
– Nə yaxşı! Lap yaxşı! – arvad sevincək qışqırdı. – Sən hər şeyi yaxşı götür-qoy edib sonra qərar verirsən. Bizim həyətdə qoyun üçün ot var. Qoyun bilirsən nə deməkdir? Süd, qatıq, yun jaket, yun corab! İnək bütün bunları bizə verə bilməzdi. Sən nə yaxşı qərar vermisən, kişi!
– Mən qoyunu qazla dəyişdim!

– Nə yaxşı! – arvad sevincək qışqırdı. – Deməli, bu il biz qaz əti yeyəcəyik. Ah, əziz qocam, sən həmişə məni razı salmağı düşünürsən. Çox gözəl! Qazın ayağına ip bağlayıb həyətə buraxarıq, bir az piylənəndən sonra kəsərik.
– Sevinməyə tələsmə. Mən qazı verib toyuq aldım, – kişi dedi.
– Toyuq? Nə yaxşı, nə yaxşı! – qadın dedi.– Toyuq yumurtalayacaq, sonra kürt yatıb cücə çıxaracaq. Bizim çoxlu cücələrimiz olacaq. Belə getsə bir-iki ilə toyuq fermamız olar. Həmişə bunu arzu etmişəm.
– Yaxşı arzudur. Ancaq mən toyuğu verib bir kisə çürük alma aldım.
– Nə? Doğrudan? Gərək buna görə səni bir də öpüm! – qadın həyəcanla dedi. – Əzizim, əziz qocam, qoy sənə bir söz deyim. Bu gün sən evdən çıxandan sonra düşündüm ki,şam yeməyi üçün nə bişirsən ürəyincə olar. Qərara gəldim ki, qayğanaq və göyərti əla olar. Evdə yumurta vardı, ancaq göyərti yox idi. Ona görə də qonşu müəllimgilə getdim ki, ondan göyərti alam. Bilirdim ki, bu il onlar çoxlu göyərti əkib. Ancaq o müəllim çox xəsisdir, yalandan adamın üzünə gülümsəməkdən başqa heç nə bilmir. Mən ondan göyərti istəyəndə o dedi:

– Lendi, inan mənə. Sənə verməyə göyərtimiz yoxdur. Bağımızda daha heç nə bitmir. Hətta bir çürük almamız da yoxdur. Əziz qonşu, sənə verməyə heç çürük almam da yoxdur. Bir bax, mən indi ona bir kisə çürük alma verə bilərəm. Bundan şad olardım. Bu barədə düşünəndə gülməyim gəlir, – qadın sözünü bitirib yenə də ərinin üzündən öpdü.
– Çox gözəl, hər şey xoşumuza gəldi, – ingilisin ikisi də dedi. – Nə olmasından asılı olmayaraq siz həmişə sevinirsiniz. Bunu gördüyümə görə sizə pul verməyə dəyər.
Beləcə, inglislər qocaya 100 qızıl qəpik verdilər, çünki nə etməyindən asılı olmayaraq arvadı onu danlamamış, əksinə, öpmüşdü.
Qadın həmişə ərinin etdiyi hərəkəti qiymətləndirəndə sonu yaxşı olur.
Mən bu hekayənu uşaq vaxtı eşitmişdim. İndi siz də bu hekayədən xəbərdar oldunuz.../artkaspi.az/

İngiliscədən tərcümə: Sevil Gültən






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31