Saçından bir tel at mənə - Yeni şeirlər
MANERA.AZ Valeh Qocanın yeni şeirlərini təqdim edir.
Ata, uşaqlıq şəklin var? soruşan qızıma ürəyimdə verdiyim cavab
Nə ağır sualdı verirsən yenə,
Ay mənim şəkərim, ay mənim duzum?!
Gördüyün kimiyəm elə o vaxtdan,
Mənim uşaqlığım olmayıb quzum.
Özündən ağırdı verdiyin sual,
Az qalır ahımla ürəyim dola.
Uşaqlıq şəklimi istəmə məndən,
Uşaq olmuşam ki, şəklim də ola.
Ağrım, acılarım canım boydadı,
Ruhum min ocağın odundan çıxıb.
Məni hamı kimi uşaq yaratmaq,
Bəlkə də Allahın yadından çıxıb.
Öz dərdim başımın bəlası olub,
Özüm öz ömrümə xata olmuşam.
Bağışla sən məni, mən səndən əvvəl,
Neçə dərdlərimə ata olmuşam.
Qısılıb yatardım küncdə-bucaqda,
Qarğı daxmaların səs-küyü olmur.
Uşaq olmamışam evciyim olsun,
Evi olmayanın evciyi olmur.
Şəhərdən şəhərə düşəndə köçüm,
Əlindən tutmuşam qarlı dağların.
Yaxşılı, yamanlı gündə anamın,
Göz yaşı olubdu oyuncaqlarım.
İki evin müqayisəsi
Sınağa çəkibdi tanrı bu yurdu,
Hər ev ayrı düşüb doğma kəsindən.
Təzəcə tikilmiş bir evi gördüm,
Dağılmış bir evin pəncərəsindən.
İsti otaqlara düşən mərmilər,
Sanki min ürəyə, min cana düşüb.
Taleyi, qisməti, yazısı ayrı,
Bu yurdda iki ev yan-yana düşüb.
Gördükcə bu şəkli, bu mənzərəni,
Adamın ürəyi çıxır yerindən.
Bir evi qapısız, aynasız görüb,
Yaş axır bir evin şüşələrindən.
Birinin yaz vaxtı, bahar vaxtıdır,
Birinin ömrünün qışıdı burda.
Biri solub gedir, biri cücərir,
Keçmişlə gələcək qonşudu burda.
Təzə otaqlarda ümid parlayır,
Köhnəlmiş divarlar dərdə bürünür.
Birindən baxanda ölmüş ümidlər,
Birindən baxanda həyat görünür.
Dünya gözəlləşir, hələ yağının,
Əzəldən dağıtmaq vərdişi durur.
İlahi fərqə bax, bu iki evdə,
İki ayrı xalqın əl işi durur.
Sənin bəzəyin
Gözlərim gözünü sevər,
Baxışım bəzəyər səni.
Düşər çətirin üstünə,
Yağışım bəzəyər səni.
Dəniz kimi çağlayaram,
Sahilimi dağlayaram,
Su tapmasan ağlayaram,
Göz yaşım bəzəyər səni.
Səsim hopar qulağına,
Qanım çıxar yanağına.
Bəxtim keçər barmağına,
Daş-qaşım bəzəyər səni.
Bilmirəm Günəşsən, qarsan,
Yazda varsan, qışda varsan.
Ölsəm, yanımda durarsan,
Baş daşım bəzəyər səni.
Ay bizim küçədən doğur, Gün sizin küçədən çıxır
Gecələrin zülmətində ağartmışam saçlarımı,
Sən də o səhər gedəndən başım hər gecədən çıxır.
Göy üzündə bir ulduz var, uzaqlığı sən qədərdi,
Bilirəm ki, o ulduz da düz saat neçədən çıxır.
Mən payız olsam da belə, kaş ki məni yaz duyasan,
Həsrətimi əridəsən, dərdlərimi buz duyasan,
Sənki mənim içimdəsən, gərək məni tez duyasan,
Axı mənim öz könlümdə səsim lap ucadan çıxır.
Sökülüb ürəyim gedib, indi nə kənd, nə şəhərdi,
Bu aldığım nəfəs deyil, udduğum qəmdi, qəhərdi,
Hər səhər gecədi bizdə, hər gecə sizdə səhərdi,
Ay bizim küçədən doğur, gün sizin küçədən çıxır.
Dərdini qaldırmaq olmur
Yolda bitən bir məzaram,
Hər keçəndə gül at mənə.
Ruhum bu dəryada batır,
Saçından bir tel at mənə
Yolunda bir dəli qalıb,
Əllərində gülü qalıb.
Sevgi yanıb külü qalıb,
Təsəlli ver, kül at mənə
Yerin boşdu, yerin dolmur,
Həsrətin gül açıb, solmur,
Dərdini qaldırmaq olmur,
Əl at mənə, əl at mənə.
Bulud
Yağış olma, bir az göydə qal bulud,
Ağacların saçın yuyan vaxtı var.
Bulaşıbdı üz-gözünə kir kimi,
Günahkarın suçun yuyan vaxtı var.
Hər damlanın öz vaxtı var bu yerdə,
Kirpikləri gözdən axan nəm yuyar.
O yar gedər, ayağından toz düşər,
Sən olmasan bu yolları kim yuyar?!
Hələ tezdir, bir az dayan, vaxt gələr,
Günəş yerə od ələyər bilirsən.
Torpaq bizə ağız açmaz yansa da,
Göy üzündən su diləyər bilirsən.
Bizim yerin hər tərəfi bulaqdır,
Yananların şəhərinə yağ indi.
Bir damlaya həsrət qalan körpənin,
Sən o yanan ciyərinə yağ indi.
Yağırsansa səngərdəki qəlbə yağ,
Tir-tir əsən cana dəymə amandı.
O bayrağı göy üzündə yusan da,
Üstündəki qana dəymə amandı.
Heykəltaraş
Sən Allahın bir başqa,
Yaratdığı bəndəsən.
Gah sevdiyi, gah da ki,
Unutduğu bəndəsən.
Dahidir barmağının,
Tuşuna gələn adam.
Daş kimi əllərində,
Dirilir ölən adam.
Hər yonduğun daş yerə,
Məzardan da kip keçir.
Sənin nə günahın var.
Hərdən əsərlərinin,
Boğazına ip keçir.
Bir kitab bir qızı yuxuya verir
(Gəncə şəhərində)
Görəsən nə qədər sevgilər bitir,
Neçə sevgi solur bir vaxtın üstə?!
Vaxtında tutmuşam bu vaxtı burda,
Bir parkın içində, bir taxtın üstə,
Bir kitab bir qızı yuxuya verir.
Bu dünya nə gözəl yerdə tikilib,
Hər yana açılan pəncərəsi var.
Burda bir kitabla bir qız sevişir,
Bu yerin nə gözəl mənzərəsi var.
Hələ çatmayıbdı məhəbbət yaşı,
Hələ əllərində xınası yoxdur.
Bir diz də tapmır ki, başını qoya,
Bəlkə də o qızın anası yoxdur.
O kitab Günəşdi, o qız payızdı,
Elə bir gün düşür payızın üstə.
O qız üşüməsin, donmasın deyə,
Örtür vərəqlərin o qızın üstə,.
Adamı ağladır kitabın içi,
Üzü daşdı amma, qayadır amma.
İlahi kitabın sevgisinə bax,
Bir oğlan bir qızı oyadır, amma,
Bir kitab bir qızı yuxuya verir.
Özünü səribdi o qızın üstə,
Kimsə əllərini sərməsin deyə.
Həyatın mürgülü vurmasın başa,
Ömrünü yuxulu sürməsin deyə,
Bir kitab bir qızı yuxuya verir.
Bir anlıq xəyaldır bir çimir yuxu,
Bu qız bu kitabda xəyala dalır.
Bu ana vətəndə, ana dilində,
Hər sətri bu qıza bir layla çalır.
Saçından hər sətrin qoxusu gəlir,
Qoxlasaq kitab da qız qoxuyacaq.
Bu qızın özü də kitabdır elə,
Görəsən axırda kim oxuyacaq?
Bir kitab bir qızı yuxuya verir.
Bağışla
Sən məndən küsəndən Allah da küsüb,
Allah bağışlayar, sən də bağışla.
Bağışla ömründə tək bircə dəfə,
Demirəm, sən məni gündə bağışla.
Bu dünya dəryadır, ümid gəmidir,
Bilmirəm, ömrümün hansı dəmidir,
Həyatım sel döyən şəhər kimidir,
Məni tək qaldığım kəndə bağışla.
Neçə gül yatıbdı bu qışın altda,
Qəlbim nəfəs alar baxışın altda,
Səni ağlatmışdım yağışın altda,
İslanmış suçumu gündə bağışla.
Ümid bir oyundur hər gün baş qatır,
Bu həsrət payıma gözüm yaş qatır,
Sən başqa dünyasan, dinin başqadır,
Məni öz bildiyin dində bağışla.
MANERA.AZ