Sənsən hər yer - Qulu Ağsəsin şeirləri
MANERA.AZ tanınmış şair Qulu Ağsəsin şeirlərini təqdim edir.
Sənsən hər yer
Ömrümdən neçə gün qalıb,
neçə saat, İlahi?
Çoxdan Səndən nə zəng gəlir,
nə amanat, İlahi!
Kim kəsib Sən olan yerdə,
söylə, yolu-yolağı?
Gedim hansı cəhənnəmə,
hardan gəlir sorağın?..
Nə vaxt çaparam dördnala
mən də əcəl atında?
At altımdan uçub gedə,
mən də sənin altından.
Ha uçsam da, öz üstümə
uçar öz günahım da,
Səhvlərimi deyim, bəlkə,
çıxım söz günahımdan? –
...İki dünya gözəlinə
mehr saldım – yadında?
Nə özgəyə verdim, nə də
özüm aldım – yadında?
Yolda qoydum gözlərini,
gözümü dağlayarsan,
Əllərinə qurban olum,
üstündə saxlayarsan.
Neçə kərə söz göndərdin,
ərindim, yazammadım,
Ürəyimdə ocaq çatdın,
naşükür qızınmadı.
Qadan-balan sızan yerə
şərab süzdüm – bilirsən,
Sənin qurduğun dünyaya
dodaq büzdüm – bilirsən.
Ruhumu da tərpətmədi
min cür nazü-nemətin,
Yamanladım taleyimi –
haqdan gələn qisməti...
...Mərhəmətin, neyləsəm də,
günahımı aşmada,
Çoxdandı ki, içimdə bir
yalvarış dolaşmada: –
Gedib tövbə eləməyə
mənə yer ver, İlahi,
Elə yer ki, baxıb görüm
Sənsən hər yer, İlahi!
Günahımı nəylə desən,
razıyam, yuyum orda,
Əgər gücün çatsa, məni
özündən doyur orda...
* * *
Bu beşgünlük dünyada
ürəyimdən şənbə seyrinə çıxmaq keçdi,
arzu dediyin
can evində ən şuluq kirəkeşdi;
Bütün yanıq ciyərlərin
qərarı qətidi:
ən gözəl xətt -
su xəttidi;
Bəlkə də xırda detaldı:
viran evləri işğaldan
uçuq daxmalar qutardı;
Qadınla qələbə hardasa əkizdi:
yoxsa heç biri belə şəstlə
sinəsin qabağa verməzdi;
...İlk sevgi şeirim
mənə dostluq yollayıb instaqramda
(şəklin də çəkmişəm, telefonda durur),
görün nə yazır:
"ikini ikiyə vurarlar,
amma bir bir(in)ə
özü vurulur..."
Məni günəşə gömərsiz
Mötərizə açılanda ağlayan,
bağlananda gülən...
bəşər -
heç vaxt indiki qədər
sadəlövh olmayıb, mən bilən...
Hələ tezdi,
vaxta var yəni:
əlli yaşdan sonra xəbər tutacaq qadın
əslində onu kimin sevdiyini...
Cin atında gəzmişəm dörd yanı,
ən təmiz yeri
zibil qablarıdı dünyanın...
Xanımlar və cənablar,
baxın,
diqqətlə baxın:
nökərin göz yaşı üzündən yox,
kürəyinin arasından axır...
Qorxudan rəngi ağappaqdı
yuxarıdan özünü atan hər nə var:
istər adam olsun,
istər yağış, qar...
Bir də bu kadrlar -
zəlzələdə
Allahın altından
Allahın üstünə qaçanların nidası,
ovucda partlayan
fişəngin əl vidası,
göy boyda yorğanın
yer boyda mitili,
vayfayla əkilən insan şitili...
Və bir də:
məni Günəşə gömərsiniz,
gözümə yuxu getmir
soyuq yerdə...
O
Mən Onu yaxşı tanıyırdım,
Adam rayonundan idi -
əsli,
Mən Onu yaxşı tanıyırdım,
sözün də açığını sevməzdi -
əsla...
Mən Onu yaxşı tanıyırdım,
düşüncələri təzə şum kimi
alt-üst idi,
Mən Onu yaxşı tanıyırdım,
su da atmazdı arxadan -
o qədər dürüst idi...
Mən Onu yaxşı tanıyırdım,
az yazdı,
amma A-dan Z-yəcən çatardı AZ-ı,
Mən Onu yaxşı tanıyırdım,
Allahdan başqa,
hamıdan qorxurdu yazıq...
Mən Onu yaxşı tanıyırdım,
O, mənim hər şeyimdi...
Mən Onun yarısı,
Mən Onu çoxdan tanıyırdım,
Alın təriylə yazılmışdı
alın yazısı...
İkimizə bir şeir..
Baş açmadım, bu-ömürdü, nağıldı, nədi?
Uzun olsun, gödək olsun, usanır adam.
Bilməm şirin arzuları, acı qisməti
Yaşayanmı ilahidi, yazanmı adam?!
Mən dəliyəm, mən güclüyəm, mən zorakıyam,
Ən alınar qalalar da gücnən alınmır.
Mən sonuncu sonralardan ən sonrakıyam,
Bəhsə düşdüm, zor elədim, heç nə alınmır.
Qırışından ulduz axan bu göyün altda
Biz kimik ki, səsimizi zilə qaldıraq?
Ağzı üstə bir arzum var tək bu həyatda,
İstədiyim sözə çatan qələm qaldıram!
İki əlim saxlayammır hələ başımı,
Günlər uçur başım üstdən tüstüynən hələ.
Doldurmuşam mürəkkəbnən qələm-maşını
Şütüyürəm varaqların üstüynən hələ...
* * *
Əvvəl çeşmə idi gözləri,
indi qara çeşmək,
əvvəl dost gəzirdi onu,
indi düşmən.
Əvvəl ayağına baxardı qarşıdakının,
indi ayaqqabısına,
əvvəl alına sürtərdi əlini,
indi alın yazısına.
Əvvəl ürək qoyardı indiyə -
savaşda,
indi ürək işarəsi qoyur əvvələ -
yavaşdan...
Gündüz ulduzlar bizi görür,
biz onları görmürük,
gecə biz ulduzları görürük,
onlar bizi görmür...
Beləcə, keçir ömür
susuz, dar bir boğazdan.
Hər şey
təzə sətirdən,
köhnə abzasdan...
Tural Adışirinin təqdimatında..