Ağsaqqalın ölümü - Musa Çaxarxan Çaxarovskinin hekayəsi
Musa Çaxarxan Çaxorovski: Vroslavda (Polşada) Polşa tatarları ailəsində anadan olub, jurnalist, şair, tərcüməçi, naşir. Polşa Respublikasındakı Müsəlman Dini Birliyinin mətbuat xidmətinin rəhbəri, Rüblük “Tatar Review” jurnalının baş redaktoru (Przeqlad Tatarski), Polşa tatarlarının illik jurnalının aparıcı redaktoru (Roçnik Tatarov Polskiç).
Bir neçə şeir toplularının, tatar nağıllarının tərcümələrinin və tatar və müsəlman mövzularında çoxsaylı nəşrlərin, o cümlədən Quranın tərcüməsi (2018, 2020, 2021 nəşrləri) müəllifidir. "Vurğu", "Avtoqraf", "Format Literatski", "Mədəniyyət", "Odra", "Poeziya", "Vilayət", "Lietuvos Totoriai" (Litva), "AlTaBash" jurnallarında, və bunlarla yanaşı, “İdel” “Kazan almanaxları”, “Kazan utlari” və “Var Ucca Muhely” (Macarıstan), jurnalları ilə əməkdaşlıq edir.
Şeirləri ərəb, xorvat, rus, tatar, türk və macar dillərinə tərcümə olunub. 2023-cü ilin sonunda onun Lenar Şaekin tatar dilinə tərcümə etdiyi “Min bashka dünyadan” (“Mən başqa dünyadanam”) adlı kitabı Kazanda (Tatarıstan) nəşr olunub.
* * *
Uzun, şaxtalı qış günləri başa çatdı. Çöllər yenidən çiçək açmağa başladı. Otlar böyüdü, fıstıqlar, ağcaqayınlar, qovaqlar yaşıllaşdı, çaylar sürətli və şəffaf su ilə doldu. Sürülər doğub-törəməyə başladı, insanların işləmək və yaşamaq həvəsi artdı. Böyük Çöldə hər şey sülh və əminəmanlıq içərisində idi. Bu yer üstündəki bolluğun üzərində əbədi və sonu görünməyən Mavi Göy uzanırdı.
Bütün yaranmışlar, hər şey Ali Tanrıya minnətdarlıq edirdi.
Bu, Böyük Çöldə Boz Qurdun igid oğullarının xatirəsinə xalq arasında “Üç Qardaş” kimi tanınan, üç gözəl və əzəmətli fıstıq ağacı böyüyürdü. Onları neçə illər bundan əvvəl əkildiyini heç kəs bilmirdi. Rəvayətə görə, bu ağaclar dünyanın üçbiryanına yayılaraq çöldə məskunlaşan üç ulusun yaranmasına səbəb olublar. Bu ağaclar öz azman görkəmlər ilə adamları valeh edirdi.
... “Üç qardaş” fıstıq ağacları tərəfdən bir atlı yavaş-yavaş yaxınlaşırdı. O, köhnəlmiş xalat və eyni dərəcədə köhnəlmiş papaq geyinmişdi. Ağarmış saqqalından və qırış-qırış olmuş sir-sifətindən bilmək olurdu ki, onun ömrünün ən gözəl illəri arxada qalmışdır.
Bu atlının kim olduğunu, hansı tayfaya mənsub olduğunu heç kəs bilmirdi. Ona görə ki, o, çox uzun illərdən bəri insanlardan uzaq olan çöllərdə yaşayırdı. Bəziləri onun haqqında əfsanələr də danışırdılar və onun bu ucsuz-bucaqsız çöllərdə əbədi yaşayacağına inanırdılar.
Ona “Parlaq Göz” adı qoymuşdular. Bu adı ona parlaq gözləri olduğuna görə deyil, görmə qabiliyyətinin parlaq olduğuna və baxdığı hər şeyi parlaq gördüyünə görə qoymuşdular.
Parlaq Göz uzaq yerlərdən xəbərlər gətirir, tonqal ətrafında qədim rəvayətlər danışır və keçmiş əcdadlarının nəğmələrini oxuyurdu. Lazım gələndə isə, yaraları sarımağı və insanları zəiflikdən, xəstəliklərdən müalicə etməyi də bacarırdı. Ona görə də, o, yurdlarda və köçəri tayfaların düşərgələrində hörmətli ağsaqqal kimi qarşılanırdı.
Ağsaqqal çölün əzəmətinə valeh olaraq dərindən nəfəs aldı və: - "Belə də davam et, ey Geniş Çöl" - deyə pıçıldadı.
At dayandı. Atlı başını bir anlıq aşağı dikib fikirə getdi. Cilov onun əlindən sürüşdü. O, yəhərdə donmuş vəziyyətdə oturub nə haqdasa fikirləşirdi. Onun xəyalından keçirdi ki, neçə dəfələrlə çaylar daşdı, neçə dəfələrlə ağaclar yarpaq dəyişdi, neçə dəfələrlə dalğalanan otlar böyüdü. Bu qərinələr ərzində nə qədər insan ömrü keçib, nə qədər zaman dəyişibdir.
Odlar sönübdür, ata-babaların nəğmələri susubdur, gənclər qədim adətləri tərk edibdir. Adamlar Parlaq Gözdən üz döndərdiklərinə görə, qaranlıq addım-addım yaxınlaşıbdır. Şərin bu qaranlığı, insanların ürəklərini, bədənlərini yaralamış, ruhlarına nüfuz edərək, onları içindən yemiş, ardından da, qaralmış, yarıölü meyitlər qoyub getmişdir.
Ən dəhşətlisi də bu idi ki, heç kim ağsaqqalın sözünə qulaq asmaq istəmirdi, onun xəbərdarlıqlarına əhəmiyyət verən yox idi. Hamı ona deyirdi: - “Tanrı sənə nə verib: - at, köhnə xalat, bir də başındakı o nimdaş papaq... Yenliyi anlamırsan, ancaq qarğa kimi qarıldayırsan. Bircə, gözlərin parıldayır... Get, get, – uzaqlaş bizdən” sözlərini eşidirdi həmişə.
Həmin vaxtdan sonra ağsaqqal o gedən getdi və Böyük Çöl ona qucaq açıb, qoynuna aldı. O vaxtdan onun məskəni geniş çöllər oldu.
... Ağsaqqal atdan düşüb yəhəri götürdü və uzun müddət taleyini bölüşdüyü sadiq dostunun başına yanağını sürtdü və göz yaşları axıtdı. “Biz ayrılırıq, mənim vəfalı dostum, yol yoldaşım. İndi mənsiz sən öz yolun ilə getməlisən” – dedi və ehmalca ona toxundu.
At şabalıdı quyruğunu bir-iki dəfə yellədi, sonra daha nəsə gözləyirmiş kimi sakitcə kişnədi. O, sahibindən bir söz, bir işarə, gözləyirmiş kimi boynunu büküb ona baxdı. Sahibi isə sakitcə ondan uzaqlaşdı.
At bir neçə dəfə ətrafa baxdı, dırnaqları ilə yeri eşdi və yenidən kişnəmək istədi. Ancaq kişnəməyə həvəsi olmadığından sakitcə fınxırdı.
At harada olduğunu bilmirmiş kimi yerindəcə donub qaldı. Elə bil o, çarəsiz və kimsəsiz idi, sanki heç kimə lazım deyildi. Bir az sonra o, böyrü üstə yerə uzandı, amma qulaqlarını şəkləyərək, sanki çağırıldıqda dərhal ayağa qalxmağa hazır idi.
... Ağsaqqal fıstıq ağaclarının yanına çatdı. - “Bura yaxşı yerdir; - qalın ot, kölgəlik, parlayan günəş və xışıldayan yarpaqlar... Hə... bura yaxşı yerdir” – deyə o, dərindən köks ötürərək, asta-asta başını tərpətdi.
Ağsaqqal kəmərini açdı və papağını çıxarıb yanına qoydu. Əllərini və başını göyə qaldırdı. “Mən günəşə aşiq oldum və hər zaman ona baxmaq istəyirdim. Amma eşqdən canım yandı.” “Mən səmaya aşiq oldum və bunun müqabilində o mənə tənhalıq və daimi sərgərdanlıq təklif etdi. Mən bunlara dözdüm və yaşadım. Ey, Tanrım, indi mən səninəm... Sənə qovuşmaq istəyirəm.”
Ağacın budağında oturan qarğa, bu qoca kişini diqqətlə izləyirdi. Birdən, quş parlaq bir parıltı gördü. Qocanın gözlərində bir şey parladı və tezcə də həmin parıltı söndü. Bu, bəlkə də, bir-iki göz yaşı, bəlkə də yorğun və qırışlı alnından aşağı yuvarlanan bir damla tər idi bu parıltı. Bəlkə də, göz bəbəyindən əks olunan bir işıq idi bu parıltı. Adi bir quş bunu necə başa düşə bilərdi? Qarğa bu mənzərədən bir şey anlamadığı üçün qanadlarını çırpıb uçub getdi.
Qoca əllərini aşağı salıb, xalatının ətəyini yığdı. Sonra bir ah çəkib, dərindən nəfəs aldı. Ciyərlərini Böyük Çölün ot, ağac, su, at iyi verən təmiz havası ilə doldurdu. Sonra yavaş-yavaş nəfəsini buraxdı. Sanki son dəfə aldığı bu gözəl havanın dadına baxırmış kimi, dili ilə dodaqlarını yaladı. Sonra sakitcə göy otların üstünə uzanıb, gözlərini əbədi yumdu. Onun bu cansız vücudu illərin yorğunu kimi Böyük Çölün qoynunda səssizcə uyuyurdu...
Ruscadan tərcümə edən:
Meyxoş Abdullah