manera.az
manera.az

Keçmişin kölgəsində - HEKAYƏ |MANERA.AZ

📅 26.01.2016 14:46

Keçmişin kölgəsində  - HEKAYƏ |MANERA.AZ

Fərid Ağalarov

Kaş bilinməzliyə sürüklənsə zaman
Unutunca bir başqa olur, gəl sən yarə inan.
Sızlamaz daha vicdan
Dünən doğru, bu gün yalan.


Sizə nədən danışım, bir şeyləri unutmaqda üstümə yoxdur məsələn. Amma qəribə bir şəkildə o cümlə ağlımdan çıxmırdı ki, çıxmırdı. "Bir yerdə kiçik insanların böyük kögələri varsa o yerdə Günəş batır". Nitsşe belə demişdi. Bilmirəm, bəlkə də yox. Ola bilsin ki bu Konfutsi idi. Əslində çox da bir mənası yox. Kimsə-kim. Yeri gəlmişkən, Altsaymer deyə ikinci bir ruh halimin olduğunu bilməyində fayda var. Qısa özət keçməyim gərəksə, Altsaymer nevroloji bir xəstəlik olub, incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Ən azından həkimlərin mənə dediyi bu idi. Başlanğıcda demək ehtiyacı belə hiss etməmişdilər. Çünki hər şey kimi bunu da unutmağım an məsələsi idi. O zamanlar bunun nə mənaya gəldiyini başa düşməmişdim. Yox ki axmaq, küt beyinin təki idim. Başa düşməmişdim - Çünki nə qədər pis ola biləcəyi haqqında tək bir fikrim belə yox idi. Bunu da "unud"ardım. İşimə gəlməyən hər şey kimi. Amma bu dəfə çıxmaz yola girmişdim və o qədər asan olmayacaqdı. Bunu başa düşmək üçün çox da gözləməyimə ehtiyac qalmamışdı. Və bir gün :

Günlərdən Şənbə. Şər qarışanda işığa gözlərimi yummuş və mışıl-mışıl sükuta yatmışdım. Ehtiyac gərəyi gecənin bir yarısı oyandığımı xatırlayıram da, ayaqlarımı boşluğa atdığım an yataqdan düşmüş və soyuq zəminə yatmışdım. Mənimki bir az da şizofrenik bir hal. Və hələ də səbəbi bilinməzdir, niyə.
İlk təcrübəm ilk kabusum olmuşdu bir anda. Ən dəhşətlisi isə bunun sadəcə başlanğıc olduğu həqiqəti.

Nahar etməyi belə unutduğum olmuşdu məsələn. Yəqin edərsən günortanı ac qalmaq çox da xoş bir şey olmasa gərək. Amma öhdəsindən gəlinməyəcək bir şey də deyil.

Bir də nahar etdiyin halda bunu unutduğunu düşün. Bəli, kiçik bir şey sadəcə. Təəssüf ki ilkini unutduğu üçün zorla tıxa-basa ikinci naharı etməyə çalışdığında eynisini düşünmür insan.

Hıçqırıqlarım boğazıma tıxandığında nitqim düyünlənib məni içimə boğmuşdur da, ya unutqanlıq? Onun bu qədər nəfəs kəsici ola biləciyini kim deyərdi?!

Doğru yalan deyə kölgələndi.

Unutduğum keçmiş adətən canıma qəsd edirdi. İnsanları qırmışdım. Nəfsimə peş-keş çəkdiyim onca insan bir anda qarşıma keçmiş, cavab verməyimi istəmişdi. Xatırlamadığım bir şeyin acısını çəkirdim və bu mənə heç olmadığı qədər yad bir hiss idi. Vicdan dedikləri şey bu olsa gərək. Bəzən bir fahişə çoxumuzdan daha bakirədi və mən "bakir" olduğumu düşünmürəm. Etdiklərimdən sonra daha yox, olmaz!

“Ruhumu səhifələrə möhürləməyi öyrəndiyim an dəyişmişdi həyat. Çərçivəyə alınmış hislər hüdudları aşmışdı məgər”. Bəli, heysiyyətsiz yazıçının təki idim, amma artıq yazılacaq sözlər də yox. Daha doğrusu xəstəliyim gərəyi xatırlamıram. Sözdən yoxsun bir yazar. Artıq nə qədər vahiməli səsləndiyinin hesabını sən et.
Özümü bildim-biləli intihar qorxaqlara görə bir şey idi. Amma bir də içində olduğum vəziyyət var. Özümü nə qədər bilir, nə qədər xatırlayırdım? Bəli, intihar qızıl nimçədə təqdim olunmuşdu mənə. O an heç nə bu qədər cazibədar görünməmişdi. Edəcəkdim! Amma alınmadı ki, alınmadı. Yox ki bəxtim gətirmədi. Alınmadı, çünki düşündüyümün əksinə içimdəki uşaq hələ də həyata iki əlli tutunurdu . İlk dəfə o gün başa düşmüşdüm. Cəsarətsizlik belə şükr ediləcək bir şey idi. Çünki cəsarəti çatmadı deyə intihar edə bilməyən insanlar var. Olandan ziyadə olmayan üçün şükr etməli insan. Daha mənim kimi naşükür, bivec yox.
Və beləcə illər bir-birini izləyər. Xəstəliyimin son mərhəsində olduğumu deyir həkimlər. Sanki bir əhəmiyyəti varmış kimi üstünə bir də tənbehləyirlər. Daha çox diqqət edəcəkmişəm. Və nələr, nələr.

Son günlər gözlədiyimin əksinə daha sakit keçirdi. Fırtına qabağı səssizlik dedikləri bu olsa gərək. Bu isə məni qorxutmaya bilməzdi.
Və bir gün şosedə gözlərimi açdım. Yarıçılpaq idim və təəssüf ki tək problemim bu deyildi. Gözlərimi piyada üçün nəzərdə tutulmuş işıqfordan ala bilmirdim. Qırmızının sehrinə düşdüyümdən olsa gərək maşın filan demədən yolun ortasına qədər gəlmişdim. Son sürət üzərimə gələn yük maşını təkidlə onca verdiyi siqnaldan sonra artıq diqqətimi çəkməyi bacarmışdı. Amma bunun nə mənaya gəldiyi haqqında kiçik bir fikrim belə yox idi. Çünki Mən Unutmuşdum.

II

Soyuq zəmində yatan cansız bədənimi bir kənardan izləyirdim. Qəbul etməsi asan deyil, amma bunun bir açıqlaması var idi. Mən ölmüşdüm. Unutduğum nə varsa bir anda geri gəlmişdi. Xatırladığım gün dünyaların mənə bağışlandığı gün olacaqdı, amma onca xatirə bərabərində göz yaşı da gətirmişdi. Xatırlayırdım. Məgər nə qədər də bərbad biri idim sağlığımda. Saymağa başlasam həftələrimi alacaq qədər insan qırmışdım. Onca insan - onca dünya. Dünyalara bədəl olmuşdu varlığım.
Altsaymer. Adını belə sevməmişdim bu illətin. Niyə mən?! İlk dəfə o gün Allaha üsyan etmişdim. Xatırladığım hər gün ayrı bir üsyan. Bəli, bunu haqq etmişdim, amma indi daha yaxşı başa düşürəm. Bəzən unutmaq daha az acı verici ola bilir. Fələk son kartını oynamış, mən isə faciəvi şəkildə məğlub olmuşdum. Dərsimi almışdım, amma bu son deyildi.

Hər şeyə rəğmən inanclı biri idim. Ölüm haqqında bir-iki şey oxuduğum olmuşdu məsələn. Bəzilərinə görə ölüm bir evdən digərinə köçmək idi. Mən də ölmüşdüm. Amma ruhum hələ də iki dünya arasında sıxışıb qalmışdı. Olanlara bir məna verməyə çalışırdım ki, bir anda ətrafa qaranlıq çökdü. Üfüqdə ağ bir işıq göründü . O an dünyaya yenidən gözlərimi açdığım an idi. Bir körpənin bətnində doğulmuş, yenidən həyat tapmışdım. Dünyaya qayıtmışdım, amma onun mən olmadığımı başa düşməyim çox zamanımı almadı. Körpənin bir ruhu var və o ruhun mən olmadığıma əmin idim. Bəs mən nə idim? Reenkarnasiya haqqında oxumuşdum, amma bu oxuduqlarımın əksinə yeni bir şey idi. Bəli, yenidən doğulmuşdum, amma maddi deyildim. Bilmirdim, amma mənimlə nə baş verdiyini başa düşmək üçün körpənin yeriyəcək yaşa çatmasını gözləməli olacaqdım.

16 ay ötürdü. İlk addımlarını atacağı gün nəhayətində gəlmişdi. İlklər həmişə çətin olmuşdur. Nəysə ki onun yanında biricik atası və anası var idi. Minik əlindən tutmuş, yeriməsinə kömək etmişdilər. Sonuncu addımı atdığında isə əlindən tutan kimsə yox idi. Daha öz ayaqları üstünə sərbəst basırdı bizim balaca. Amma kölgəsini ilk gördüyündə duruxsundu. Hara getsə onu izləyirdi sanki. Bu onu çox qorxutmuş, valideyinlərinə sığınmışdı. Onları maşın qəzasında itirdiyində isə 5 yaşında belə deyildi. Daha təhlüklələrdən sığınacaq kimsəsi yox. Tək sirdaşı kölgəsi olmuşdu bir anda. Ona danışar, bildiyi nə varsa onunla bölüşərdi.
5 yaşında idi. Balaca idi. Günəşin batışını isə izləməyi sevərdi. Çünki balaca insanların da kölgələri böyük olurdu günəş batdığında. Bəlkə də böyük bir kölgə ona özünü daha az təhlükədə hiss etdirirdi.

- Bəli, bir kölgə idim. Bir uşağın ayaqlarına zəncirlənmiş, dünyaya sürgün edilmişdim. Amma düşündüyümün əksinə bu vəziyyətdən şikayətçi deyildim. Çünki valideyinlərini itirmişdi və onlara ən çox ehtiyacı olduğu anında ona arxa çıxmış, sirdaşlıq etmişdim .
Amma günəş batdığında hər kögə kimi mən də qaranlığa bürünərdim. Bəlkə məni görmürdü, amma orda, yanında olduğumu bilirdi.
Bir gün yenə günəşin batmağnı izləyirdik. Bir neçə dəqiqə sonra artıq hər yer zülmət qaranlığa qərq olmuşdu. Uzun illərdən sonra üfüqdə yenə bir işıq göründü.

III

Gözlərimi xəstəxanada açmışdım. Bura necə gəldiyimi, nə baş verdiyini başa düşməyə çalışırdım ki, sağ başımın üstündə yuxuya getmiş atamı gördükdə təəccübümü gizlədə bilmədim. Axı bu necə ola bilərdi?! Mən ki ölmüşdüm..

Atam oyandığında bütün suallarımı bir-bir cavablandırmışdı. Məgər ki o qəzada ölməmişdim. Beş il komada idim və həkimlər ayılacağıma belə ümid etmirdilər. Atam isə mənə inanmaqdan bir saniyə belə imtina etməmişdi. Öldüyüm və sonrasında kölgə deyə yaşadığım onca şey isə yuxudan başqa bir şey deyildi.
Oyandığıma görə artıq evə yol almağın zamanı gəlmişdi. Paltarlarımı yığırdım ki Ailə Albomu diqqətimi çəkdi. Tibb bacısının dediyinə görə komada olduğum müddətdə atam uşaqlıq şəkillərimə baxar, köks ötürərdi . Bu illərin məni necə böyütdüyünü izləmək xoşuna gəlirdi. Gözlərim yaşardı, səhifələri vərəqləməyə başladım. Bir şəkil məni dayanmağa məcbur etdi. İnana bilməmişdim. Yuxularımda kölgə deyə ayaqlarına zəncirləndiyim uşaq məndən başqası deyildi.

MANERA.AZ


Baxış sayı - 1 757 | Yüklənmə tarixi: 26.01.2016 14:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031