manera.az
manera.az

Kimdə arayırsan sən məni, kimdə? - Sərvaz Hüseynoğlunun şeirləri

Kimdə arayırsan sən məni, kimdə? - Sərvaz Hüseynoğlunun şeirləri
Sərvaz Hüseynoğlu - 65

Nağıl kimi

Qədim nağıl kimi əzizsən mənə,
Cırtdan olmağın var, Div olmağın var.
Tufana qərq edib dünyamı, yenə
Gəlib də evimdə ev olmağın var.

Bilirsən, bilirsən,
Bilirsən özün,
Mən ölüm qoxusu gəlməyən eşqə,
Və ölüm qorxusu olmayan əhdə,
Vəfaya, ilqara bel bağlamadım...
Bu könül dünyama kim yaxın oldu
Ona qucaq açdım, əl bağlamadım...

Mən ölüm qorxusu gələn sevginin,
Və ölüm qorxusu olan istəyin
Yolunda ərənlər ərəni oldum.
Eşqin daşı altda baş qoyanların
Məcnunu, Fərhadı, Kərəm oldum.

Şamın eşq havası titrətdi məni,
Əridim bu şamın eşq havasında.
Sənə yenilməyim və itaətim
Məni sağ çıxartdı Eşq davasından.

Qədim nağıl kimi əzizsən mənə,
Dünyanın hər üzün səndə aradım.
Tək sənli dünyamda gözüm göz oldu -
Baxanda gördüm ki, hara haradı!.

Hardasan?

Hardasan?
Ruhumda səksəkələr var,
Yenə də can evim mənə dar gəlir.
Sormasam gözümdə dünya qaralar,
Fəqət, soruşmaq da mənə ar gəlir.

Nifrin yağdırıram bu susqunluğa,
Dağ dinsin, daş dinsin, bitsin bu sükut.
Nə ki, qayğılar var - qoy bir kənara,
Nə vacib işlərin varsa da unut...

İnan bugünəcən inanmadığın
Qiyamət gününün dönəcəyinə.
Bir göz qırpımında Ayın, Günəşin,
Ən parlaq ulduzun sönəcəyinə.

Hardasan?
Hardayam?
Haralardayıq?
Bircə meh əsimi cavabın gəlsin.
Dirilik suyutək çəkim başıma,
Ömrümə-günümə savabın gəlsin.

Səndən soraq verib, xəbər gətirən
Min məna gəzirəm hər sarı simdə.
Biləydim, biləydim kimdə itirib,
Kimdə arayırsan sən məni, kimdə?

Hardasan,
Ruhumda səksəkələr var,
Hardasan? Sən mənə səs ver, nəfəs ver!
Dəli qasırğaya, oda, alova,
Tufana dönməyə yeni həvəs ver.

Al yenə əlimdən olan ağlımı,
Al yenə əlimdən azadlığımı;
Mənə özün boyda yeni qəfəs ver.

Bilim ki, ürəyin mənlə döyünür,
Bilim zülmün altda, amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə də sən adlı zamandayam mən.

İtkilər, ayrılıqlar...

Kinolardan izləyirdik ölümləri biz,
Filmlərdən seyr edirdik ayrılıqları.
Necə gəldi ömrümüzə o səhnələr, de,
Kimlər çəkdi bəxtimizə o kadrları?

Ömrümüzdən keçib gedən səhnədi indi
O itkilər, ayrılıqlar, ölümlər daha.
On qəpiyə saatlarla göz atdığımız
Səhnələrin gerçək üzü ömürdən baha.

Göz yaşına eynəyimiz pərdə tutub, bax,
Fona dönüb axşamımız, səhərlərimiz.
Ömrümüzdən keçib gedən günlərin indi
Bir kadrını dəyişməyə çatmır əlimiz.

Kinolardan izləyirdik ayrılıqları,
Filmlərdə seyr edirdik ölümləri biz...
Necə gəldi o səhnələr ömrümüzə ki,
Bircə kadrı saxlamağa yetmir əlimiz?

Qaçqın

Qaçıram ən yaxın xatirələrdən,
Yaddaşım izləyir hər addımımı.
Qorxuram sevdiyim sözlə üzləşəm,
Sevdiyim adamlar çəkə adımı.

Xatirə boylanır cığırdan-izdən,
Dolub xatirəylə ev-eşik tamam.
Adlaya bilmirəm,
Xatirələrlə
Yaman minalanıb yollarım, yaman...

Biləydin nə qədər təhlükəlidir
İndi dörd yanıma göz gəzdirməyim.
Qaçıram bir zaman sevdiklərimdən,
İlahi, puç olub gedir əməyim.

Kiminsə qoyduğu sonuncu hədd yox,
Kimsə istəyəsi elə sənəd yox!..
Qaçıram,
Önümdə sərhəd yox, sədd yox,
Qaçıram ən yaxın xatirələrdən.

Qaçıram,
Axırı nə ola-ola…
Mən öz qıfılıma düşməz açaram.
Heç kəsə qıymaram, mən keçən yollar
O yerə çıxır ki, ordan qaçağam.


***
Biz iki davakar uşaq kimiyik,
Heç nə könlümüzcə deyil dünyada.
Hər qədəmbaşında bizə dar gəlir
Dünya dediyimiz bu qərib ada.

Heç nə könlümüzcə deyil dünyada,
Mən səndən gileyli, sən məndən incik.
- Birinci sən küsdün...
- Sən atdın ilkin...
Bizi yolda qoydu bu birincilik.

Tale yollarıdı, gedir irəli,
Gərək inciməyək bir-birimizdən
Dünyanın biz görən kəsirlərini
Düzəltmək gəlmirsə əllərimizdən.

Güzgü

Baxdığın güzgünü saldın, qırıldı,
Təəssüf oxudum üzündə sənin.
Nə yaman dayandın halsız, pərişan? -
Belə bilməz idim dözümdə səni.

O sınıq güzgünün bir parasını
Özünlə götürdün bilmirəm nəsə.
Arada gördüm ki, xəlvətə salıb
O sınıq güzgüylə güzgülənirsən.

…Mələyə döndərdi, yenə mələyə
Gözümdə o sığal, o düzgü səni.
Yüz yerdən,
Min yerdən sınsa da, yenə
Bütöv göstərirdi o güzgü səni.

Dəniz heykəlidi
ayrılıqların


Ləpələr xatirə yelləncəkləri,
Üstümə gəldilər hey axın - axın.
Pünhan yer qalmadı boylanam Sənə,
Gəldim ki bir az da dənizdən baxım.

Dəniz yuxusudu xatirələrin,
Qoynu ağ libaslı gəlin kimidi.
Dalğalar inadla məni yenidən
Dünənə səsləyən əlin kimidi.

Dəniz heykəlidi ayrılıqların,
Hər dalğa dipdiri xatirələrdi.
Gəldim sahilinə, mavi dalğalar
Önümə xatirə süfrəsi sərdi.

Qəlbimtək yanırdı qızılı sahil,
Yetmirdi su səpə dalğa əllərin.
Qayalar inadla kəsmişdi yolu,
Yadıma salırdı xatirələri...

Aça bilmədiyim dərdin dilini
Açmağı vaxt, zaman, il öyrədirdi.
Dilsiz bir heykələ dönmüşdüm, mənə
Dalğalar yeni bir dil öyrədirdi...

Sənə döndüm...

Bəlkə elə mən sən idim, sən sənə gəldin,
İllər boyu sənsizliyə mən sinə gərdim.
Mən bu yolda qadağalar əksinə gəldim,
Mən bu yolda sənə döndüm, sənə bənzədim.

Arayıram, yoxdu sözün ağla batanı,
Tapammıram söz içində qəlbə yatanı.
Bəlkə səni bir zamanlar Adəm atanı
Cənnətindən perik salan dənə bənzədim?

Necə deyim, ərz edim ki, kim oldun mənə?
Ürəyimdə sızıldayan sim oldun mənə.
Yaranışdan iman oldun, din oldun mənə,
İbadətdə mən yenə də mənə bənzədim.

Qibləm bildim, Məkkəm bildim bil ki, mən səni,
Qəlb evimə çıraq etdim Günəş, Ay təni.
Adın ilə qoşa tutdum mən bu Vətəni,
Özgə daha kimim var ki, kimə bənzədim?

Tural Adışirinin təqdimatında..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI